19 Sentyabr 2026 10:30
473
CƏMİYYƏT
A- A+
Atadan oğula ötürülən Vətən əmanəti

Atadan oğula ötürülən Vətən əmanəti


Bəzi ailələrin tarixini bir evin divarları arasında deyil, Vətənin taleyində oxumaq mümkündür. Belə ailələrdə ata ömrünün ağrısını, yarımçıq qalmış arzusunu oğluna danışır, oğul isə həmin arzunu həyatının amalına çevirir. Nəcəfovlar ailəsinin hekayəsi də belə bir taledir. Bu hekayədə ata Qarabağ uğrunda vuruşub, illər sonra oğlu həmin torpaqların azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, igid döyüşçü Taleh Soltan oğlu Nəcəfov illərlə Qarabağ həsrətini ürəyində yaşadan qəhrəmanlardandır. O, müharibədə göstərdiyi şücaətə görə 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdu. Taleh Nəcəfov üçün Qarabağın hər qarışında döyüş yoldaşlarının xatirəsi, itkilərin ağrısı və bir gün qələbə ilə geri dönmək ümidi vardı...

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda ata ilə oğul arasında baş tutan söhbət sanki iki müharibəni, iki nəsli və bir Vətən amalını birləşdirdi. Taleh Nəcəfov müharibənin başlanma xəbərini eşidəndə oğluna qətiyyətlə demişdi: "Fuad, get, torpaqlarımızı erməni işğalçılarından azad et. Mən buna tam əminəm ki, torpaqlarımız azad olacaq. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil". Bu sözlər bir atanın oğluna verdiyi adi məsləhət deyildi, həm də illər boyu Qarabağ ağrısını ürəyində daşımış bir döyüşçünün oğluna etimadı idi. Ata bilirdi ki, Azərbaycan  əvvəlki Azərbaycan deyil, xalqın iradəsi, ordunun gücü və Vətənə bağlı minlərlə igidin cəsarəti illərlə həsrətində olduğumuz torpaqları geri qaytarmağa qadirdir.

F.Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan Vətənə bağlı bir ailədə böyümüş, Vətən dərsini də ailədə almışdı. Həyatında atasının keçdiyi döyüş yolu xüsusi yer tuturdu. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Taleh Nəcəfovun yaşadığı hadisələr, Qarabağ haqqında söhbətləri, itirilmiş torpaqların ağrısı Fuadın yaddaşında dərin iz salmışdı. Buna görə Fuad üçün əsgərlik, sadəcə, bir xidmət yox, həyat yolu idi.

2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi sahədə xidmətini davam etdirən Fuad əvvəlcə gizirlik yolu keçmiş, xüsusi təyinatlıların hazırlığı üzrə kurslarda iştirak etmiş, özünü peşəkar hərbçi kimi yetişdirmişdi. İntizamı, cəsarəti, fiziki hazırlığı və döyüş bacarığı ilə seçilən Fuad qarşısına qoyduğu vəzifənin məsuliyyətini dərindən dərk edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı Vətən müharibəsi Fuadın illər boyu hazırlaşdığı sınaq idi. Fuad müharibənin ilk günlərindən döyüşlərə atılmış, xüsusi təyinatlı qüvvələrin tərkibində müxtəlif istiqamətlərdə gedən ağır əməliyyatlarda iştirak etmişdi. Döyüş yoldaşlarının xatirəsində peşəkar, cəsur və tapşırığı sonadək yerinə yetirməyə çalışan hərbçi obrazı canlanır.

Onların dediyinə görə, düşmənin xeyli tankının ələ keçirilməsində, 30-dan çox texnikasının məhv edilməsində Fuadın xüsusi xidməti olub. Fuadın göstərdiyi cəsarət və peşəkarlıq o qədər yüksək qiymətləndirilib ki, azad olunan Suqovuşan qəsəbəsində Azərbaycan bayrağının qaldırılması kimi şərəfli və məsuliyyətli vəzifə məhz ona həvalə olunmuşdu. Bu mənzərəni təsəvvür etmək belə insanda qürur hissi yaradır - illər əvvəl Qarabağ uğrunda döyüşmüş bir atanın oğlu indi işğaldan azad edilmiş torpaqda Azərbaycanın bayrağını ucaldır.

Fuad Nəcəfov Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak edərək ön cəbhədə özünü əsl Vətən əsgəri kimi göstərmişdi. Hər yeni azad edilən ərazi onun üçün qələbənin növbəti addımı, illərlə həsrətində olduğumuz Qarabağa qayıdışın müjdəsi idi. Müharibənin öz qanunu var. Qələbəyə aparan yol ən ağır itkilərdən keçir. 2020-ci il oktyabrın 7-də Fuad Nəcəfov da döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu, həyatı 30 yaşında yarımçıq qaldı...

Fuadın şəhid olması Nəcəfovlar ailəsinə ağır sarsıntı gətirdi. Anası Qərənfil xanım oğul itkisini, atası Taleh isə bir ata üçün təsəvvür edilməsi çətin olan ən böyük ağrını yaşadı. Amma bu ağrının içində qürur da vardı. Taleh Nəcəfov oğlunun döyüş yolu haqqında danışarkən deyib: "O, Vətən müharibəsində qəhrəman kimi döyüşüb. Qarabağımızın azad olunması üçün igidliklə vuruşub. Hələ müharibənin ilk günlərində Fuadla danışarkən "əmin ol, Ermənistan ordusu torpaqlarımızdan tezliklə qovulacaq" deyirdi.

Bu sözlər Fuadın özünə, döyüşə və qələbəyə olan inamını göstərirdi. O, qələbəyə, atası isə oğlunun sözlərinə inanırdı. Həmin qələbə gəldi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Bu, böyük Qələbənin qazanılmasında minlərlə Vətən övladı kimi Fuadın da payı var, həm də bu pay həyatından, gəncliyindən, ailəsindən, gələcəyindən, nəhayət, canından keçərək qazanılmışdı.

Fuadın Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fuad Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi qəhrəmanlığa və hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.

Bu, canını Vətən yolunda qurban vermis bir şəhidin ailəsi üçün böyük təsəllidir. Heç bir medal bir övladın, bir qardaşın, bir atanın və bir ailə başçısının yoxluğunu doldura bilməz.

Rəmziyyə Mətləb qızı üçün Fuad ilk növbədə həyat yoldaşı, ailəsinin dayağı, qızları Nazlının atası idi. Onun yaddaşında Fuadın yalnız hərbi geyimli şəkilləri deyil, ailəsi ilə keçirdiyi günlər, danışığı, davranışı, həyat yoldaşına və övladına münasibəti yaşayır. Bu gün Fuadın qızı Nazlı onun ən qiymətli yadigarıdır. Nazlı böyüdükcə atasının kim olduğunu daha yaxşı anlayacaq. Ona atasının döyüş yoldaşlarının xatirələrini danışacaqlar, atasının aldığı orden və medalları göstərəcəklər. Ancaq bütün bunlardan daha qiymətlisi atasının sonadək Vətəninə sədaqətli olduğu söylənəcək. Nazlı üçün "ata" sözü bir gün yalnız ailə xatirəsi olmayacaq, həm də atasının adının Vətən tarixində yazıldığını biləcək.

Fuadın bacısı Leyla üçün də qardaşının adı yalnız "şəhid", "qəhrəman" sözü ilə bitmir, ailənin içindəki Fuad, doğmalarının sevdiyi Fuad, gülüşü, danışığı və xatirələri ilə yaddaşlarda yaşayan Fuad...

Şəhidlər haqqında yazarkən onların yalnız döyüş meydanındakı qəhrəmanlıqlarından danışmaq bəzən kifayət etmir. Çünki onlar əvvəlcə insan, övlad, qardaş, həyat yoldaşı və ata olublar. Onların həyatını bütövlükdə tanımaq üçün doğmalarının xatirələri də yaşadılmalıdır. Fuad Nəcəfov da belə bir ömür yaşadı. Onun  atası Taleh Nəcəfov, anası Qərənfil Nəcəfova, bacısı Leyla İsmayılova, qardaşları Valeh və Qiyas Soltanzadə, həyat yoldaşı Rəmziyyə Nəcəfova və qızı Nazlıdan ibarət xatirələrində Fuad adlı doğmalarını əzizləyərək yaşadırlar. Bu ailənin hər bir üzvü Fuad haqqında fərqli xatirə daşıyır. Amma onları birləşdirən bir həqiqət var - Fuad Vətən uğrunda şəhid olub və onun adı ailəsinin qüruruna çevrilib. 

Fuad Nəcəfovun həyatına nəzər salanda bir həqiqət aydın görünür - Vətən sevgisi nəsildən-nəslə ötürülən mənəvi mirasdır. Taleh Nəcəfov həmin sevgini döyüş yolu ilə yaşatmış, Fuad isə atasından aldığı Vətən əmanətini canı ilə qorumuşdu. Bəlkə də buna görə bu hekayənin ən yaddaqalan cümləsi elə bir atanın oğluna söylədiyi həmin sözlərdir: "Fuad, get, torpaqlarımızı erməni işğalçılarından azad et. Mən buna tam əminəm. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil".

Bu gün Fuad Nəcəfov həyatda deyil, amma adı atasının qürurunda, anasının ürəyində, bacı-qardaşlarının xatirəsində, həyat yoldaşının yaddaşında, qızı Nazlının gələcəyində, ən əsası isə azad Qarabağın səmasında dalğalanan Azərbaycan bayrağında yaşayır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!