20 Sentyabr Azərbaycan dövlətçiliyinin müasir
tarixində müstəsna əhəmiyyət daşıyan günlərdən biridir. Dövlət Suverenliyi Günü
kimi qeyd olunan bu əlamətdar tarix Azərbaycanın öz ərazisi üzərində tam
hakimiyyətini bərpa etməsinin, dövlət suverenliyini bütün ölkə ərazisində təmin
etməsinin və uzun illər davam edən separatizmə son qoymasının rəmzidir. Bu
tarix Azərbaycan xalqının milli qürurunu daha da yüksəldən, dövlətimizin gücünü
və müstəqilliyinin sarsılmazlığını nümayiş etdirən böyük Zəfərin mühüm səhifəsidir.
Dövlət suverenliyi anlayışı müstəqil dövlətin
siyasi-hüquqi mahiyyətini müəyyən edən fundamental prinsiplərdəndir. Öz ərazisi
üzərində tam hakimiyyətə malik olmaq, dövlət sərhədlərinin toxunulmazlığını təmin
etmək, ölkənin bütün ərazisində konstitusion quruluşun və qanunvericiliyin qüvvəsini
bərqərar etmək suveren dövlətçiliyin başlıca şərtlərindəndir. Azərbaycan xalqı
uzun illər bu prinsipin pozulmasının ağrısını yaşayıb. Ermənistanın hərbi təcavüzü
nəticəsində torpaqlarımızın işğal olunması, həmin ərazilərdə separatçı rejimin
yaradılması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid törədib.
Lakin Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə
barışmayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik
strategiyası əsasında ölkəmizin iqtisadi, siyasi və hərbi potensialının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atılıb. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu siyasət yeni mərhələdə daha böyük əzm və qətiyyətlə davam etdirilib.
Güclü iqtisadiyyatın yaradılması, ordu quruculuğunun prioritet istiqamətə
çevrilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli
maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin qarşısında duran
tarixi məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaradıb.
Cənab Prezident İlham Əliyevin siyasi iradəsi
və prinsipial mövqeyi bütün bu proseslərin əsas istiqamətverici amili olub.
Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edəcək. Bu siyasi mövqe yalnız bəyanat səviyyəsində
qalmayıb, konkret dövlət strategiyası ilə müşayiət olunub. Azərbaycanın
iqtisadi qüdrətinin artırılması, müasir və peşəkar ordunun formalaşdırılması,
müdafiə qabiliyyətinin yüksəldilməsi və beynəlxalq aləmdə ölkəmizin haqq
mövqeyinin ardıcıl şəkildə müdafiəsi vahid strategiyanın tərkib hissələrinə
çevrilib.
2020-ci ilin 44 günlük Vətən müharibəsi bu
strategiyanın tarixi nəticəsini nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın
böyük hissəsini azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin,
Şuşanın və yüzlərlə yaşayış məntəqəsinin azad olunması Azərbaycan tarixinin ən
şanlı səhifələrindən birini yazdı. Şuşanın azad edilməsi isə hərbi Qələbənin
taleyini müəyyənləşdirən mühüm hadisə olmaqla yanaşı, xalqımızın milli ruhunun
və dövlətçilik iradəsinin təntənəsinə çevrildi.
Lakin 2020-ci ilin Zəfərindən sonra da Azərbaycanın
qarşısında mühüm vəzifələr qalmaqda idi. Qarabağın bir hissəsində separatçı
rejimin mövcudluğunu davam etdirməsi ölkəmizin ərazi bütövlüyünün və dövlət
suverenliyinin tam təmin olunmasına imkan vermirdi. Azərbaycan dövləti öz ərazisində
belə bir vəziyyətin uzun müddət davam etməsinə yol verə bilməzdi.
2023-cü ilin sentyabrında həyata keçirilən
lokal xarakterli antiterror tədbirləri məhz bu tarixi mərhələnin başa çatmasını
təmin etdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, çeviklik və döyüş hazırlığı
nümayiş etdirərək qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi.
Bununla Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın
bütün ərazisində dövlət hakimiyyətinin bərpası təmin edildi.
Beləliklə, Azərbaycan öz dövlət suverenliyini
tam bərpa etdi. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması da məhz
bu tarixi hadisənin mahiyyətindən irəli gəlir. Bu tarix Azərbaycan dövlətinin
öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunmasının, ölkənin bütün ərazisində
Konstitusiyanın və qanunların qüvvəsinin bərqərar edilməsinin rəmzidir.
20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə şəhərləri günü ilə eyni tarixdə qeyd olunması isə xüsusi rəmzi məna
daşıyır. Bu şəhərlərin Azərbaycanın siyasi və hüquqi məkanına qayıdışı dövlət
suverenliyimizin bərpasının ən mühüm nəticələrindəndir. Uzun illər ərzində
işğal və separatizm şəraitində qalan bu şəhərlərdə bu gün Azərbaycan bayrağı
dalğalanır, dövlət idarəçiliyi həyata keçirilir və yeni inkişaf mərhələsinin əsası
qoyulur.
Bu şəhərlərin timsalında Azərbaycanın Zəfərinin
mahiyyəti daha aydın görünür. Çünki torpağın azad edilməsi tarixi missiyanın
yalnız bir hissəsidir. Əsl məqsəd həmin ərazilərdə dövlət həyatının tam bərpa
olunması, insanların təhlükəsiz və firavan yaşayışının təmin edilməsi,
sosial-iqtisadi inkişafın sürətləndirilməsi və doğma torpaqlarından didərgin
düşmüş soydaşlarımızın geri qayıtmasıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri məhz bu məqsədə xidmət edir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramı ardıcıl
şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri
salınır, şəhərlər yenidən qurulur, yollar və digər nəqliyyat infrastrukturu
yaradılır, enerji təminatı və kommunal xidmətlər bərpa edilir, məktəblər, tibb
müəssisələri və sosial obyektlər inşa olunur.
Bütün bunlar sadəcə fiziki quruculuq prosesi
deyil. Söhbət uzun illər ərzində doğma yurdlarından ayrı düşmüş insanların öz
torpaqlarına qayıdışının təmin edilməsindən, həmin ərazilərdə normal həyatın
yenidən qurulmasından və Qarabağın Azərbaycanın ümumi sosial-iqtisadi məkanına
tam inteqrasiyasından gedir. Bu baxımdan Böyük Qayıdış Azərbaycan dövlətinin Zəfərdən
sonrakı siyasətinin ən mühüm istiqamətlərindən biridir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin
gələcək inkişafı da bu strategiyanın ayrılmaz hissəsidir. Bu şəhərlərin bərpası
və inkişaf etdirilməsi Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu
daha da gücləndirir. Çünki suverenlik yalnız dövlət bayrağının dalğalanması və
dövlət idarəçiliyinin bərpası ilə məhdudlaşmır. Suverenliyin tam mahiyyəti
insanların öz doğma torpaqlarında təhlükəsiz və layiqli həyat şəraitinə
qovuşması, həmin ərazilərin iqtisadi və sosial potensialının reallaşdırılması ilə
tamamlanır.
Xocalının timsalında bu proses xüsusi mənəvi məna
daşıyır. Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz buraxıb. Bu şəhərdə
Azərbaycan dövlətinin suverenliyinin bərpa olunması, yeni həyatın qurulması və
gələcək inkişaf üçün geniş imkanların yaradılması tarixi ədalətin bərpasının
mühüm ifadəsidir. Xocalının dirçəldilməsi həm də şəhidlərin xatirəsinə
ehtiramın, onların yarımçıq qalan arzularının həyata keçirilməsinin rəmzidir.
Xankəndidə dövlət idarəçiliyinin tam bərpa
olunması da Azərbaycanın yaratdığı yeni reallığın mühüm göstəricisidir. Şəhərin
ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına inteqrasiyası, burada müxtəlif
dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi, yeni infrastrukturun yaradılması
Xankəndinin Azərbaycan dövlətinin inkişaf məkanında öz layiqli yerini tutduğunu
göstərir.
Eyni proses Xocavənd və Ağdərədə də həyata
keçirilir. Bu ərazilərdə bərpa-quruculuq işlərinin genişləndirilməsi,
infrastruktur layihələrinin reallaşdırılması və Böyük Qayıdışın mərhələli şəkildə
təmin edilməsi Qarabağın gələcək inkişafının əsas istiqamətlərindəndir.
Təbii ki, bu böyük quruculuq prosesinin
qarşısında müəyyən çətinliklər də var. Onların sırasında işğal dövründə ərazilərin
minalarla çirkləndirilməsi xüsusi yer tutur. Azərbaycan dövlətinin qarşıya
qoyduğu əsas vəzifələrdən biri azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin
olunmasıdır. Minatəmizləmə işlərinin genişləndirilməsi insanların həyat və
sağlamlığının qorunması ilə yanaşı, bərpa prosesinin sürətləndirilməsi və
iqtisadi fəaliyyət üçün əlverişli şəraitin yaradılması baxımından da mühüm əhəmiyyət
daşıyır.
Bütün bu proseslər bir-biri ilə üzvi şəkildə
bağlıdır. Ərazi bütövlüyünün bərpası hərbi Zəfəri, dövlət suverenliyinin tam təmin
olunması siyasi-hüquqi Zəfəri, Böyük Qayıdış isə bu tarixi nəticələrin sosial və
iqtisadi məzmununu ifadə edir. Bu baxımdan Azərbaycan bu gün Zəfərin yeni mərhələsini
– quruculuq və inkişaf mərhələsini yaşayır.
Əldə olunan nəticələr bir daha göstərir ki, cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti
ardıcıl və məqsədyönlü xarakter daşıyır. Azərbaycan əvvəlcə iqtisadi və hərbi
gücünü artırdı, sonra ərazi bütövlüyünü bərpa etdi, ardınca dövlət
suverenliyini tam təmin etdi və indi azad edilmiş ərazilərdə yeni həyat qurur.
Bu, müasir Azərbaycan dövlətçiliyinin inkişaf məntiqini və milli strategiyanın
ardıcıllığını əks etdirən mühüm tarixi prosesdir.
20 Sentyabrın dövlət təqvimində xüsusi yer
tutması da məhz bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqına
dövlət suverenliyinin nə qədər mühüm dəyər olduğunu bir daha xatırladır. Eyni
zamanda, bu tarix şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını,
Azərbaycan əsgərinin peşəkarlığını və xalqımızın dövlətçilik ətrafında
birliyini ehtiramla yad etmək üçün mühüm mənəvi əsas yaradır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda müşahidə
olunan mənzərə Azərbaycanın tarixi Zəfərinin ən real nəticəsidir. Dünən işğal
altında olan torpaqlarda bu gün yeni şəhərlər, kəndlər, yollar, məktəblər,
sosial obyektlər yaradılır. Doğma torpaqlarından ayrı düşmüş insanlar öz
yurdlarına qayıdır. Azərbaycan bayrağı altında yeni həyat qurulur.
Bu mənzərə 20 Sentyabrın mahiyyətini də aydın
şəkildə ifadə edir. Dövlət Suverenliyi Günü Azərbaycanın öz torpaqlarına sahib
çıxmasının, dövlət hakimiyyətini bütün ərazisində bərpa etməsinin və Zəfəri
quruculuqla möhkəmləndirməsinin rəmzidir.
Bu gün Azərbaycan Zəfərin verdiyi imkanlarla gələcəyini
quran, Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf modeli formalaşdıran, Böyük
Qayıdışı reallaşdıran qalib dövlətdir. 20 Sentyabr isə bu tarixi yolun mühüm
simvollarından biri kimi xalqımızın yaddaşında daim yaşayacaq.
Səbinə SALMANOVA,
Milli Məclisin deputatı