Zərgər dəqiqliyi ilə yazılan tarixi qələbədə ədalət
və suverenlik tam bərpa olundu
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan
Ordusunun Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən
3 il ötür. Bu tarixi hadisə Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb salnaməsinə
müstəsna önəm daşıyan, milli suverenliyimizi tam və qətiyyətlə bərpa edən şanlı
zəfər günü kimi həkk olunub. Cəmi 23 saat davam edən və misilsiz hərbi dəqiqliklə
yekunlaşan bu əməliyyat ölkəmizin ərazi bütövlüyünün və Konstitusiya
quruluşunun bütün ərazimizdə bərqərar olunması ilə nəticələnib.
Bu
tarixi uğur Prezident, Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli diplomatik,
siyasi və hərbi strategiyasının parlaq təntənəsi, Azərbaycan xalqının polad
iradəsinin və ordumuzun yenilməz gücünün göstəricisidir.
Antiterror əməliyyatına aparan yol 2020-ci ilin 44 günlük Vətən müharibəsində
qazanılmış möhtəşəm Qələbə ilə təməli qoyulmuş mürəkkəb və şərəfli bir mərhələni
əhatə edir. İkinci Qarabağ müharibəsində düşmən ordusunun darmadağın edilməsinə
baxmayaraq, Ermənistan tərəfi 10 noyabr üçtərəfli Bəyanatının öhdəliklərinə
zidd olaraq Qarabağdakı qanunsuz hərbi birləşmələrini ərazidən çıxarmadı. Əksinə,
sonrakı üç il ərzində revanşist xəyalpərəstliklə hərbi təxribatları davam
etdirdi. Təmas xəttində və yollarda mina terrorunu genişləndirdi, regionda
dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasına hər vəchlə mane oldu.
Azərbaycan
dövləti bu dövr ərzində böyük təmkinlə diplomatik kanallar vasitəsilə hüquqi tələblərini
irəli sürdü, həmçinin addım-addım strateji üstünlüyü təmin edən lokal hərbi əməliyyatlarla
bütün hakim yüksəklikləri nəzarətə götürdü. Lakin qanunsuz xunta rejiminin və
Ermənistan silahlı qüvvələrinin qalıqlarının davamlı təxribatçı əməlləri,
xüsusilə dinc əhalinin və hərbçilərimizin həyatına son qoyan xain mina
partlayışları bölqədə dözülməz vəziyyət yaratdı.
2023-cü il sentyabrın 19-da Ali Baş Komandan İlham Əliyevin qəti əmri ilə
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə
start verildi. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müasir texniki təchizatı
və zərgər dəqiqliyi ilə həyata keçirdiyi sürətli həmlələr dünya hərb tarixinə
unikal bir əməliyyat kimi daxil oldu.
Əməliyyatın
gedişində düşmənin illər boyu qurduğu müdafiə xətləri göz açmağa imkan verilmədən
yarıldı, strateji komanda məntəqələri, raket-artilleriya vasitələri, hərbi
texnikası və sığınacaqları dəqiq zərbələrlə məhv edildi. Təxminən 15-18 minlik
qanunsuz hərbi qruplaşma tam mühasirəyə alınaraq tamamilə fəaliyyətsiz vəziyyətə
gətirildi.
Bu
hədəfli və unikal əməliyyatın ən mühüm və qürurverici tərəflərindən biri Azərbaycan
dövlətinin nümayiş etdirdiyi yüksək humanizm və beynəlxalq hüquq normalarına
mütləq riayət olunması idi. Silahlı Qüvvələrimiz əməliyyat zamanı mülki əhalini,
yaşayış binalarını və mülki infrastrukturu tamamilə hədəfdən kənar saxladı,
yalnız legitim hərbi obyektləri və separatçıların mövqelərini sıradan çıxardı.
Heç bir dinc sakinin və ya mülki obyektin zərər görmədiyi bu əməliyyat Azərbaycan
Ordusunun nə qədər güclü, intizamlı və peşəkar olduğunu, məsələləri qısa
zamanda ən yüksək səviyyədə həll etmək qüdrətini növbəti dəfə bütün dünyaya
sübut etdi. Tam mühasirədə və çətin vəziyyətdə qalan erməni separatçıları ağ
bayraq qaldıraraq təslim olduqlarını bəyan etməyə məcbur oldular.
Antiterror tədbirlərinin qanunauyğun nəticəsi olaraq Qarabağdakı
qanunsuz xunta rejimi özünü buraxdı, separatçıların rəhbərləri saxlanılaraq ədalət
qarşısına çıxarıldı, Ermənistan silahlı qüvvələrinin qalıqları tam tərk-silah
edilərək ərazilərimizdən təmizləndi. Bu tarixi zəfərlə Xankəndi, Xocalı, Ağdərə,
Xocavənd və Əsgəranda Azərbaycan bayrağı dalğalandı, ölkəmizin suverenliyi və ərazi
bütövlüyü tam bərpa edildi.
Bu
gün tam suverenliyinə qovuşmuş azad Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm
inkişaf və dirçəliş dövrü yaşanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə
regionda "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır, müasir infrastruktur layihələri gerçəkləşdirilir, ağıllı kəndlər
və şəhərlər salınır. Doğma yurdlarından onilliklər boyu ayrı düşmüş keçmiş məcburi
köçkünlər böyük fərəh və qürur hissi ilə öz baba ocaqlarına qayıdırlar.
19-20 sentyabr antiterror tədbirləri Azərbaycanın hərbi, diplomatik və
siyasi gücünün zirvəsi olaraq tariximizdə əbədi yaşayacaq, gələcək nəsillər
üçün milli qürur, qüdrət və zəfər simvolu kimi qalacaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"