15 Sentyabr 2024 04:36
1820
CƏMİYYƏT
A- A+
106 ilin 19 ayı... Və 443 nömrə

106 ilin 19 ayı... Və 443 nömrə


ADA Universitetinin transliterasiya ilə yenidən həyat verdiyi Xalq Cümhuriyyətinin  "Azərbaycan"ı bugünkü müstəqil respublikamızın "Azərbaycan"ında şərəfli ömrünü davam etdirir


Hər yazısı bir tarixdir. Həcmi, janrı, mövzusu, müəlliflərinin adı dəyişir. Ancaq səhifələrində dərc olunmuş silsilə məqalələrdən tutmuş kiçik xəbərlərədək... hər sətirdən zamanının səsi gəlir. Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlərdən, Azərbaycanın müstəqilliyini təhdid edən siyasi hadisələrdən, hələ də bir sıra ərazisində bitməmiş erməni münaqişəsindən, nəinki qonşu ölkələrdə, eləcə də uzaq Amerikada, Almaniyada, Fransada, Hindistanda, Çində... baş verənlərdən bəhs edilir. Hətta o günlər kimlər üçünsə çox vacib olmuş, bu gün isə bizə adi görünən elanların əksəriyyəti belə indi əhəmiyyətsiz sayıla bilməz. Həmin elanlar da XX yüzilliyin ikinci onilliyində yaşamış Azərbaycan əhalisinin məişətini, nələrə dəyər verdiklərini öyrənmək baxımından olduqca maraqlıdır.

Bu qəzet elə bu cür əhatəli, məzmunlu yazılar dərc etməli idi. "Azərbaycan" qəzeti dövrünün çox dəqiq və ən cəfakeş salnaməçisi olmalı idi. Çünki üzərinə düşən vəzifə olduqca böyük və məsuliyyətli idi.


Qələbə xəbəri ilə nəşrə başlayan qəzet 


Təhlükələrlə dolu, qanlı-qadalı günlərdə mətbuat aləminə qədəm qoyması da asan olmadı. "Azərbaycan" qəzetinin nəşrinə hazırlıq görüləndə Azərbaycan Xalq Cümhuriyyətinin bir çox ərazisi kimi, paytaxtı Bakı da bolşeviklərin və erməni daşnaklarının əlində idi. İşğala son qoymaq üçün Azərbaycanın qeyrətli, vətənsevər övladları düşmənə qarşı döyüşürdülər. Və Qafqaz İslam Ordusu qardaş ölkənin harayına gəlmişdi.

Bu qədər gərgin bir zamanda nəşrə hazırlanan "Azərbaycan" qəzeti ilk nömrəsində xoş xəbərlər verdi. 1918-ci il sentyabrın 15-i idi. Bakı işğaldan azad edilmişdi. Böyük qələbə münasibətilə təbrik teleqramları dərc olundu. Heyəti-Vükəla Rəisi Fətəli xanın teleqramı bu məzmunda idi: "Qafqaz İslam Ordusu Komandanı səadətli Nuri paşa həzrətlərinə:

Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim".

Həmin gün saat 1 radələrində alınmış teleqramı isə "Yavərani-həzrəti-şəhriyaridən fəriq Nuri" "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Aliyyəsinə" göndərmişdi: "Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim". 

İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə, son nömrəsi isə 1920-ci il aprelin 27-də Bakıda iki dildə - Azərbaycan və rus dillərində işıq üzü görən  bu qəzet bütün fəaliyyəti ilə bizə milli kimliyimiz, dövlət müstəqilliyimiz, bu yolda çəkilən əziyyətlər və tökülən qanlardan bəhs edir. Odur ki, Sovet hökuməti tərəfindən 70 il barəsində susmağa üstünlük verildi. "Azərbaycan" qəzeti, onun istedadlı, millətpərvər, vətənsevər yazarları elmi araşdırmalardan uzaq tutuldu, bəzən də yanlış tanıdılmasına səy göstərildi. 

1990-cı illərdə Azərbaycan xalqı yenidən dövlət müstəqilliyinə qovuşdu, lakin elə bir maneələr yaradılmışdı ki, onları aşaraq mənəvi xəzinəmizə bələd olmağımız, gerçək tariximizi öyrənməyimiz asan olmayacaqdı. Çünki ötən yüzillik ərzində xalqımız ayrı-ayrı illərdə 4 dəfə əlifba dəyişikliyinə məruz qalmışdı. XX əsrin ilk onilliklərində nəşr edilmiş mətbuat orqanlarının, eləcə də "Azərbaycan" qəzetinin Azərbaycan versiyasının ərəb qrafikasında olması onların müasir oxucular tərəfindən oxunmasını müşkülə çevirdi. Lakin bu, yeganə problem deyildi. Həmin nəşrlərin əksəriyyəti arxivlərdə, kitabxanalarda dağınıq və komplektləri tamamlanmamış vəziyyətdədir. Aradan ötüb keçən onilliklər, saxlanma şəraitlərinin tələblərə cavab verməməsi səbəblərindən həmin qəzet və jurnalların bəzi səhifələri ya çətin oxunur, ya da oxunmaz haldadır.


Xalqımızın tarixi mirasını qorumağın və gələcək nəsillərə ötürməyin qüruru 


Tarix isə ardıcıl şəkildə, dəqiqliklə və diqqətlə öyrənilməlidir. Bunun üçün böyük zəhmət, səbir tələb olunsa belə... Təqdirəlayiqdir ki, "Azərbaycan" qəzetinin transliterasiya edilərək bu günün oxucularına çatdırılması kimi olduqca əhəmiyyətli və məsuliyyətli işi ADA Universiteti öz üzərinə götürdü. ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan "Azərbaycan" qəzetinin (1918-1920) tam külliyyatı ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşrə hazırlanmaqdadır. Kitaba "Ön söz"də ADA Universitetinin rektoru Hafiz Paşayev yazır: "Təəssüflə qeyd etmək lazımdır ki, bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da (mərhum professor Şirməmməd Hüseynovun çalışmaları xüsusilə yada salınmalıdır), "Azərbaycan" qəzeti kimi mühüm bir nəşrin müasir oxucu üçün əlçatan olmasını təmin edəcək bu səviyyədə bir iş 30 illik müstəqillik dövründə həyata keçirilməmişdir. "Azərbaycan" qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunub".  Hafiz Paşayev bildirir: "Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə verməkdən ADA Universiteti qürur duyur". 

Diqqətə çatdıraq ki, "Azərbaycan" qəzetini transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu, elmi redaktoru akademik Teymur Kərimlidir.

"Azərbaycan" qəzetini transliterasiya edənlərdən biri - Azad Ağaoğlu da bildirir ki, bu layihə ADA Universitetinin təşəbbüsüdür. Universitetin rektoru Hafiz Paşayevin ideyası və iradəsi ilə reallaşır: "Ümumiyyətlə, ADA Universiteti bütün sahələrdə həyata keçirdiyi işlərdə keyfiyyətə xüsusi diqqət yetirir. Universitetin rektoru Hafiz Paşayevlə görüşümüzdə, bizimlə edilən söhbətlərdə buna tam əmin olduq. Və bu əminliklə işə başladıq. İki ildən çoxdur ki, Mehdi müəllim və mən "Azərbaycan" qəzetinin transliterasiyası üzərində işləyirik. Bizim indeksi düzənləmə və başqa texniki işlərdə yardımçılarımız var. Hətta onlar - texniki işlərdə bizə kömək edənlər də magistratura, doktorantura tələbələri, ya da doktoranturanı tamamlamış şəxslərdir. Dediyim kimi, onların bizə yardımı yalnız texniki məsələlərdədir. Qəzetin transliterasiyasını biz qətiyyən və heç bir halda onlara etibar edə bilmərik. Çünki asan deyil, çox fərqli üslublar var. Bəzi nömrələr bərbad haldadır, biz özümüz güclə oxuyuruq".

Qəzetin tam komplektini əldə etmək layihənin həyata keçirilməsində ilk mühüm addımlardan biri olub. Ancaq bu da asan olmayıb. "Azərbaycan" qəzetinin nömrələri pərakəndə halda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Azərbaycan Milli Kitabxanasında saxlanılır: "Bilirsiniz ki, bəzi proseslər uzundur. Tam kolleksiyanı toplamağımızda ADA Universitetinin yanımızda olması, nüfuzu bizə çox kömək etdi. Müraciət etdiyimiz arxivlərdən, kitabxanalardan dedilər ki, gəlin axtarın, qəzetin nömrələri varsa, nüsxələrini çıxarın. Bütün bunlara baxmayaraq, biz hələ də qəzetin üç nömrəsini tapa bilməmişik".

Transliterasiya olunmaq üçün niyə məhz "Azərbaycan" qəzetinin seçildiyini soruşuruq. Azad Ağaoğlu bildirir ki, doğrudur, müasir Azərbaycan xalqının necə formalaşmağa başladığını, milli oyanışını "Azərbaycan"dan əvvəlki mətbu orqanlarda görürük. Yəni bu qəzetə qədər artıq müəyyən yol keçilmişdi. Lakin xalqımız və dövlətimiz üçün bir çox əhəmiyyətli məqamlar nəzərə alınaraq, "Azərbaycan"dan başladıq. Bu qəzet böyük bir tarixi hadisəyə - müstəqil Xalq Cümhuriyyəti hökumətinin formalaşmasına, fəaliyyətinə və nəhayət, süquta uğradılmasına şahidlik etdi. Əslində, yalnız şahid də olmadı. Bu böyük mübarizədə iştirak etdi. Onun səhifələrindəki yazıların hər birində yaşanan tarixin əksi var. O dövrdə Bakının özündə rusların və ermənilərin qəzetləri nəşr olunurdu. Demək olar ki, onların qarşısında dayanan "Azərbaycan" qəzeti idi. "Açıq söz" qəzetini ermənilər yandırmışdılar. Sonra Məhəmməd Əmin Rəsulzadə "İstiqlal" qəzetini nəşr etdi. "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin var olduğu 23 ayın 19 ayı ərzində fasiləsiz fəaliyyət göstərdi". 

Azad Ağaoğlu "Azərbaycan" qəzetinin transliterasiyası ilə bağlı işləri necə həyata keçirdikləri barədə məlumat verir: "Mehdi Gəncəli ilə tələbəliyimiz bir yerdə keçib. Hər ikimiz 1990-cı illərdə İstanbulda təhsil almışıq. Bir yerdə çox çalışmışıq. Bir-birimizin iş prinsiplərinə yaxşı bələdik. Mehdi müəllim hazırda Türkiyədə Mərmərə Universitetinin müəllimidir, dosentdir. O, Azərbaycan və Osmanlı mətbuatı tarixinə, ötən əsrin əvvəllərində nəşr olunmuş mətbuat orqanlarına bələddir. Bu sahədə araşdırmalar aparır. Mən isə universitet illərimdən klassik ədəbiyyatı, xüsusilə də Azərbaycanın fars və ərəb dilləri ilə yanaşı, ana dilində də yazıb-yaratmış şairlərinin yaradıcılığını böyük maraqla öyrənirəm. "Azərbaycan" qəzetinin transliterasiyası zamanı qarşılaşdığımız problemlər müzakirələrlə həllini tapır. Bəzən hansısa bir sözün, yaxud ifadənin üzərində saatlarla, hətta bir neçə gün müzakirəmiz davam edir. Mətnləri tamamilə latın əlifbasına çevirdikdən, şəxs və yer adlarını dəqiqləşdirdikdən sonra elmi redaktorumuz, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə göndəririk. O, bəzi düzəlişlər edir, xüsusilə farsca ifadələrdə bizə kömək göstərir".

Çətin anlaşılan söz və ifadələr üçün hər cildin sonuna lüğət əlavə etmək münasib görülməyib: "Əvvəla, hər dəfə mütaliəni kəsərək lüğətə baxmaq oxucu üçün çətindir. İkincisi, bəzi sözlərin bir deyil, bir neçə mənası var. Materialın içində məhz hansının nəzərdə tutulduğunu təyin etməkdə oxucu tərəddüddə qala bilər. Odur ki, çətin anlaşılan söz və ifadələrin necə başa düşülməli olduğunu mətnin içində kvadrat mötərizədə göstəririk. Fərqləndirmək üçün kvadrat mötərizədəki sözlər normal mətndən daha kiçik şriftlə verilir", - Azad Ağaoğlu bildirir.

Müsahibimiz "Azərbaycan" qəzetini transliterasiya edərkən mətnin orijinallığını qorumaqla bərabər, materialların müasir oxucu üçün mümkün qədər anlaşılan olmasına çalışdıqlarını vurğulayır: "Ən bəsitini deyim. Biz bu işə başlayanda soruşurdular ki, Baku yazacaqsınız, yoxsa Bakı? Hafiz müəllimin 20 cildliyə "Ön söz"ündə belə bir ifadə var: "Qəzetin müasir oxucu üçün əlçatan olması". Yəni bizim məqsədimiz tam olaraq bu olub. Müasir oxucu oxuyanda mümkün qədər başqa qaynaqlara baxma ehtiyacı hiss etməsin. Bu səbəbdən, Baku deyil, Bakı yazdıq. Bu qayda ilə bəzi sözlərin imlasını müasirləşdirməli olduq. Qəzetdə olduğu kimi, "yox", yerinə "yoq", "çox" yerinə "çoq", "etmək" yerinə "etməg", "kimi" yerinə "kibi"... yazmaqla müasir oxucunun işini çətinləşdirməməyi qərara aldıq. Bununla yanaşı, "qəzetə", "teatro", "böylə" kimi bir sıra sözlərə toxunmadıq. Əvvəla, bu sözlər qəzetdə həmişə eyni cür yazılıb. İkincisi, mütaliəni çətinləşdirmədən dövrün ab-havasını saxlamaq mümkündür. Osmanlı türkcəsində və müasir Türkiyə türkcəsində indiki zaman şəkilçisi olan "-yor" qəzetdə qaydasız və pərakəndə bir şəkildə, eyni cümlədə həm "-yor", həm də "-ır, -ir, -ur, -ür" şəkilçisindən istifadə edilməklə işlənidyi üçün mətndən çıxarıldı. Lakin bəzi istisnalar etməli olduq. Məsələn, şeir parçalarında vəznin pozulmasına yol verməmək üçün "-yor" şəkilçisini saxladıq. Eləcə də "-of", "-yef" kimi soyad sonluqlarını da müasirləşdirməyi, "-ov", "-yev" yazmağı məqsədəuyğun hesab etdik. Bəziləri bizə dedilər ki, axı bunların üzərində alimlər araşdırmalar aparacaq, dilçilər tədqiqat əsərləri yazacaqlar. Onlara cavabımız belə oldu ki, əvvəla, məqsədimiz odur ki, mümkün qədər çox insan bu qəzeti oxusun və tam başa düşsün. İkincisi, dövrün dilini, üslubunu, əlifbasını, tarixini, ədəbiyyatını araşdırmaq istəyən ərəb qrafikasını öyrənməli və orijinal qaynaqlardan oxumalıdır".

Qəzetin hər nömrəsinin sonunda verilmiş "Qeyd və şərhlər"də xüsusilə əhəmiyyətli olan mürəttib xətaları göstərilib. Hər cildin axırındakı "Adlar göstəricisi"nə şəxs adları daxil edilib.

Transliterasiya olunmuş "Azərbaycan" qəzetinin oxucu kütləsinə çatdırılmasından söz düşmüşkən soruşuruq: "Bəs niyə 20 cildliyin indiyədək işıq üzü görmüş 11 cildinin hər biri 300 tirajdan çox deyil?"

Azad Ağaoğlu bu məsələdə də ADA Universitetinin haqlı olduğu və tədbirli davrandığı qənaətindədir: "Əvvəla deyim ki, bu günədək çapdan çıxmış cildlərə maraq yüksəkdir. Bunu həm görüşdüyüm insanlarla söhbətlərimdən bilirəm, həm də sosial şəbəkələrdəki paylaşımlarda görürəm. Hətta elələri var ki, kitabın səhifələrini printerdən çıxartdırır, eyni şəkildə cildlətdirir ki, onun da kitabxanasında olsun. Amma bəlkə də belələrinin əhatəsində olduğumuzdan bizə elə gəlir ki, bu kitabları almaq istəyənlərin sayı çoxdur. Əvvəla, bu kitablar satılmır, nəşrini həyata keçirənlər onlardan maddi gəlir güdmürlər. İkincisi, kitabların rəflərdə qalmasını istəmirlər. Oxumaq, istifadə etmək istəyənlər üçün isə ADA Universiteti tərəfindən PDF formatı qoyulub".


Tarixi paralelliklər 


1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatının 20 cilddə nəşri nəzərdə tutulub. 11-ci cild bu günlərdə çapdan çıxıb. Azad Ağaoğlu məlumat verir: "Artıq 12-ci cildi hazırlayacağıq. Əslində, 19 cilddə tamamlanır. 20-ci cild yekun olacaq. Bildirdiyimiz kimi, qəzetin üç nömrəsini tapa bilməmişik. Həmin nömrələrdən ikisi 11-ci cildə düşür. Ümidimiz var ki, biz işi tamamlayana qədər həmin nömrələr tapılacaq. 

Sona ümumi indeks qoymağı, haradasa səhv buraxmışıqsa, bəzi imzaların kimliyini müəyyən edə bilməmişiksə, onları düzəlmək istəyirik. Həm də bizimlə bu prossesdə əməkdaşlıq etmiş insanlara bir təşəkkür yazımız olacaq. Qəzetin transliterasiyasına necə başladıq, işləri necə gördük... Bir sözlə, 20-ci cildi özümüzə ehtiyat cild kimi saxlamışıq".

Azad Ağaoğlu ümid edir ki, ADA Universiteti bu əhəmiyyətli layihəsini "Azərbaycan"ın transliterasiyası başa çatdıqdan sonra da davam etdirəcək, ölkəmizin yalnız mətbuat tarixində deyil, xalqımızın mübarizə əzminin, milli duyğularının güclənməsində, dövlət quruculuğunda xidmətlər göstərmiş digər qəzet və jurnallarımız da ərəb qrafikasında latın əlifbasına keçirilərək, kitab şəklində çap edilərək geniş oxucu kütləsinə çatdırılacaq.

"Azərbaycan" qəzetinin ilk nömrələrində redaktorların adları qeyd olunmayıb, "Heyəti-təhririyyə" yazılıb. Sonra qoşa imza var: Ceyhun bəy Hacıbəyli. Şəfi bəy Rüstəmbəyov. Birincisi qəzetin Azərbaycan, ikincisi isə rusdilli versiyasının ilk redaktoru olub. Ceyhun bəy Hacıbəyli Parisə Sülh konfransına gedəndən sonra qəzetə redaktorluğu Üzeyir bəy Hacıbəyli davam edib. Azad Ağaoğlu qeyd edir ki, sonra Üzeyir bəy səhhəti ilə bağlı işlərdən bir az uzaqlaşır. Xəlil İbrahim redaktorluq edir. Bir müddət sonra Üzeyir bəy redaktor kimi fəaliyyətini davam etdirir: "Bir neçə ay bundan qabaq Xəlil İbrahimin yubileyi keçirildi. Orda da onun rus dilində "Azərbaycan" qəzetinin redaktoru olduğunu dedilər. Yəqin ki, onları yanıldan Xəlil İbrahimin rus dili müəllimi olmasıdır. O, heç vaxt rus dilində "Azərbaycan" qəzetinin redaktoru olmayıb. Əvvəldən axıra qədər bu vəzifəni Şəfi bəy Rüstəmbəyov yerinə yetirib. O, həm də çox dəyərli qələm sahiblərimizdən biri idi. Redaktoru olduğu qəzetin demək olar ki, hər nömrəsində Şəfi bəyin bir baş yazısı var. Bu yazıların xüsusi adı yoxdur. Günün tarixi və şəhər adı ilə verilir. Məsələn, 15 sentyabr, Bakı. Yaxud Gəncədə çıxıbsa Gəncə yazılıb. Şəfi bəyin yazılarını mən əvvəlcə maraq üçün oxudum. Üslubu o qədər gözəldir ki, oxuduqca istər-istəməz Azərbaycan dilində tərcüməsi beynimdə səslənir. Düşünürəm ki, bu gözəl ifadəni belə tərcümə edib yazmaq olar. Hətta bu qədər işimin-gücümün arasında onlardan 30-a qədərini Azərbaycan dilinə tərcümə etdim. Dörd yüzdən artıq yazıdır. Şəfi bəy öz bənzərsiz üslubu ilə Azərbaycanın milli ideyalarını və dövlətçilik mənafeyini müdafiə edir. Həm də hay-küy salaraq yox, tam əsaslandıraraq, çox savadlı bir şəkildə. Mən istəyərdim ki, onlar, əvvəla, rus dilində kitab şəklində çap edilsin və Azərbaycanın xaricində də yayılsın. Şəfi bəy Rüstəmbəyovun vətən sevgisi müqayisəyəgəlməzdir. Digər tərəfdən, XX əsrin əvvəllərindəki siyasi məsələlərin bəziləri bu gün də aktualdır. Fikrimcə, həmin məsələlərdə heç kəs bizi Şəfi bəy Rüstəmbəyovdan yaxşı müdafiə edə biməz. Eyni zamanda həmin məqalələr Azərbaycan dilinə tərcümə edilərək nəşr olunsa, çox gözəl olar".

Şəfi bəy Rüstəmbəyovun redaktoru olduğu "Azərbaycan" qəzetinin rus versiyasından danışırıq. Azad müəllim bildirir ki, rus dilində olan qəzet tamam başqadır. Daxili və beynəlxalq xəbərlər eyni olsa da, hətta onların bəzilərində də təfərrüatlar müxtəlifdir. Parlament xəbərləri belə birə-bir tərcüməsi deyil, fərqli şəkildə xülasələnib: "Azərbaycan" qəzetinin rus versiyası ilə Azərbaycan versiyasını oxuyanda iki ayrı qəzet görürük. Hətta yan-yana qoyub baxanlar bunların hər ikisinin eyni ölkənin qəzeti belə olmadığını düşünə bilərlər".

Azərbaycan dilində olan "Azərbaycan"da, əsasən, Hacıbəyli qardaşlarının teatrosundan, o dövrdə Bakıya gəlib, uzun müddət burada fəaliyyət göstərən böyük sirkin çıxışlarından, pəhləvanların güləşlərindən yazılıb. Qəzetin rus dilindəki versiyasında isə saysız-hesabsız rus teatr elanları verilib. Onların bəziləri kiçik, bəziləri daha böyük teatr truppaları olub. Azad Ağaoğlu qeyd edir ki, ümumiyyətlə, "Azərbaycan" qəzetinin rus versiyası sanki daha əyləncəli bir şəhərin qəzeti imiş kimi görünür.

"1918-1920-ci illərdə işıq üzü görmüş "Azərbaycan" qəzetinin rus versiyasını tərcümə etmək bizim planımızda yoxdur, - Azad Ağaoğlu deyir. - Əlbəttə, bu da vacibdir. Mən özümün əski əlifbayla olan qəzetlərin üzərində işləməkdə faydalı olduğumu düşünürəm. Həqiqətən də, əski əlifba ilə oxuya bilənlərin sayı kifayət qədər deyil. Amma nəzərə almaq lazımdır ki, indi rus dilini mükəmməl bilənlərin də sayı çox deyil. Buna təəssüf etmək bəlkə də doğru deyil, xalq öz dilinə qayıtmalıdır. Amma tariximizi öyənmək baxımından müxtəlif dilləri mükəmməl öyrənməliyik".

"Azərbaycan" qəzetinin fəaliyyət göstərdiyi 1918-1920-ci illərlə indiki dövrdə baş verən hadisələri müqayisə edir, tarixi paralellikləri diqqətimizə çatdırır müsahibimiz: "Biri ssenari kimi yazsa, inanmarıq ki, necə bu qədər bənzərlik ola bilər. Hətta biz layihəni başlayanda pandemiya oldu. 1918-ci ildə də dünyada ispanyol nəzləsi (qripi) tüğyan edirmiş. O zaman da Azərbaycana gəlib çatıb. Onunla mübarizə aparıblar. Yəni orda belə paralellik vardı".

Zəngəzur dəhlizi bu gün dövlətimizin gündəmində olan əsas məsələlərdən biridir. Birinci Dünya müharibəsindən sonrakı Qarabağın mandatını Azərbaycana verirlər, amma Zəngəzur və Naxçıvanı müvəqqəti idarə üçün ermənilərə vermək istəyirlər. Azərbaycan xalqı ermənilərin Zəngəzurda və Naxçıvanda törətdikləri zülmlərə qarşı dirənir və onların hakimiyyətini qəbul etmək istəmir. Sonra Amerikanın xüsusi nümayəndəsi general-leytenant Vilyam Haskell gəlir. 1919-cu ilin avqustunda Tiflisdə, İrəvanda, sonra da Bakıda olur. Nəsib bəy Yusifbəyli ilə 4 saata yaxın görüşərək sərhəd məsələsi, Ermənistanla münasibətlər, Denikin təhlükəsi, bolşeviklərin fəaliyyəti kimi bir çox mövzuları müzakirə edirlər. Nəsib bəyin Haskelldən tələbləri olur. Deyir ki, Şərur, Naxçıvan və Dərələyəz müvəqqəti olaraq bitərəf məntəqə kimi qəbul ediləcək və buraları yerli əhalinin özü tərəfindən seçiləcək bir hökumət idarə edəcək. Yəni erməni hakimiyyətinə verilməsin. Burada Azərbaycan pulu tədavül olunacaq, bu yerlərin xərcləri də Azərbaycan xəzinəsi tərəfindən ödəniləcək. "Azərbaycan" qəzetində Ələt-Culfa dəmir yolunun tamamlanmasının labüdlüyündən bəhs olunur. Bildirilir ki, bəzi erməni kəndləri bu yola təhlükə törətdikləri üçün oradan köçürülməli və bu yol təhlükəsiz bir şəkildə işləməlidir. 

Azad Ağaoğlu xatırladır ki, qəzetdə İrəvan quberniyası müsəlmanlarının həyatı barədə çox maraqlı məsələlər var. Ermənistanın sülh danışıqlarındakı bugünkü mövqeyi eyni ilə o dövrdə də olub. Dəfələrlə Zaqafqaziya konfransı çağırmağa çalışıblar. Azərbaycan, Gürcüstan, Dağıstan və Ermənistanı bura daxil etmək istəyiblər. Xüsusilə şimal - Denikin və bolşevik təhlükəsinə qarşı birləşməyə çalışıblar. Hər dəfə Ermənistan konfransdan boyun qaçırıb. Axırda Ermənistansız toplanıblar. Sonra Dağıstan Denikin tərəfindən işğal edilib. Azərbaycanla Gürcüstan arasında müdafiə anlaşması imzalanıb. Ermənistan yenə qatılmayıb. Sonra açıqlama verib ki, sərhədlərinin təhlükəsizliyini özünün təmin etməyi çətindir, ona görə şimalın köməyinə müraciət edə bilər. Yəni Zaqafqaziyada birliyi pozan və hər zaman da Rusiyanın köməyinə müraciət edən Ermənistan olub.


Xalq Cümhuriyyətinin "Azərbaycan"ı bugünkü "Azərbaycan"da


Sonda XX əsrin əvvəllərində nəşr olunmuş "Azərbaycan" qəzetinin transliterasiyasının cildlər halında nəşrindən əlavə, müasir "Azərbaycan" qəzetinin səhifələrində də təkrar dərc olunmasını vurğulayırıq. Azad Ağaoğlu qeyd edir ki, bugünkü "Azərbaycan" qəzeti 106 il əvvəlki "Azərbaycan" qəzetinin davamıdır: "Əlbəttə, bu transliterasiya olunmuş qəzet materillarının oxunaqlığını artırır. Xalq Cümhuriyyətinin "Azərbaycan"ı bugünkü müstəqil respublikamızın "Azərbaycan"ındadır. Bu gözəl addımı da, əlbəttə, alqışlayırıq". 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!