Uzun illərin həsrəti o gün bitdi. Qürurumuzu əzən kədəri, qəmi könlümüzdən atdıq.
O gün ki Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik".
Azərbaycan xalqının qəlbində xüsusi yeri olan şəhər
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gün bir daha diqqətə çatdırdı ki, otuz ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Otuz ilə yaxın işğal altında qalan əzəli tarixi torpaqlarımız əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına azadlığına qovuşdu. Şuşa fatehləri dünyada görünməmiş, yazılmamış bir qəhrəmanlıq nümunəsi göstərdilər. Qala şəhəri müasir silahların qüdrəti ilə deyil, hərbçilərimizin qeyrəti, vətən sevgisinin gücü ilə düşməndən geri alındı.
O əsgər və zabitlər ki Vətən müharibəsinin ilk günlərindən düşməni vəlvələyə saldılar. Sentyabrın 27-dən noyabrın 8-dək 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. Azərbaycan oğulları Vətənin dar günündə qəhrəman olduqlarını dünyaya yenidən xatırlatdılar. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına Şuşanın azad olunması müjdəsini verəndə fəxrlə dedi: "Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!"
O igidlər döyüş meydanında Ermənistan silahlı qüvvələrini məğlub edə-edə otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın hər qarışını - hər kəndini, qəsəbəsini, rayonunu, şəhərini, dağını, dərəsini, təpəsini, yamacını azad etdikcə könlümüz həsrətlə gözlədiyi sevincə bələndi. Şadlandıq, qürurlandıq, kövrəldik...
Ancaq Zəfərimiz Şuşa ilə taclanmalı idi. Vətən müharibəsinin davam etdiyi günlərdə Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
Alınmaz qala sayılan bu şəhər işğaldan azad olunduqdan sonra mənfur düşmənin Vətən müharibəsində məğlub olduğunu etiraf etməkdən başqa çarəsi qalmadı.
İşğalçıların tarixini saxtalaşdırmağa güclərinin yetmədiyi şəhər
İyirmi səkkiz il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var. Bu qədim və gözəl şəhərin hər daşı, bənzərsiz memarlıq nümunəsi olan hər tikilisi tariximizin bir hissəsidir. Odur ki, riyakar ermənilərin Şuşanın tarixini saxtalaşdırmaq, onu erməniləşdirmək cəhdləri hər zaman nəticəsiz qalıb. Bu qala şəhərin təməlinin 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulduğunu, bu səbəbdən ilk çağlarda Şuşa ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırıldığını unutdura bilməyiblər. 1992-ci il mayın 8-də - erməni işğalına məruz qalanadək də Şuşa başdan-başa tarixi bir Azərbaycan şəhəri idi. Şəhərin Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə adlandırılan 17 məhəlləsi vardı.
Şəhərin adının mənşəyi barədə ayrı-ayrı mənbələrdə müxtəlif fikirlər irəli sürülüb. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Əfsanəyə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar. "Şuşa" sözünün Azərbaycanda skiflərə məxsusluğunun ehtimal olunduğu mənbələr də mövcuddur.
Şəhər şiş qayalarla əhatələndiyinə görə, bəzən "Şişə" də adlandırılıb. Bəzi tədqiqatlarda isə Şuşa sözü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edilib. Tədqiqatçılar arasında Şuşa adının Makedoniyalı İsgəndərlə vuruşan qədim türk sərkərdəsi Şunun (e. ə. 344-334) tikdirdiyi "Su" qalası ilə eyniliyini, Şumer (şu+er) adı ilə səsləşdiyini qeyd edənlər də olub. Tarixi mənbələr müxtəlif olsa da, onların hər birində Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə əlaqələndirilib.
Bu əsrarəngiz şəhərin başı tarixin müxtəlif dönəmlərində çox bəlalar çəkib. Hələ feodal ara müharibələri dövründə qala dəfələrlə ağır sınaqlarla üzləşməli olub. Qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməyiblər.
Şuşa XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Şəhər böyük, güclü sədlə əhatə edilib. Sənətkar məhəllələri salınıb. Şuşalı tacirlər İran və Rusiya şəhərləri ilə ticarət əlaqələri yaradıblar. Burada Pənahabadi adlanan gümüş sikkə də zərb olunub.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzi sayılıb. Şuşanı "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Kiçik Paris", "Zaqafqaziyanın konservatoriyası" adlandırıblar. Burada XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib. Şöhrətli şəhərin XX yüzillikdə də başı çox müsibətlər çəkib. Qarabağın göz bəbəyi Şuşa şəhəri 1905-ci, 1920-ci və 1992-ci illərdə üç dəfə yandırılıb. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalıb. Qəddar ermənilər tərəfindən şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə məlumat yoxdur. 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamalı olub.
Azərbaycanlıların tarixi izlərini silmək üçün hər vasitəyə əl atan erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini dağıtdılar. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini yerləyeksan etdilər. İşğalçı ermənilər nadir sənət incilərini taladılar. Şəhərin tarixi muzeyinin 5 minədək eksponatını, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin minədək əşyasını, xatirə muzeylərinin fondlarını qarət etdilər.
Bu qədər vəhşiliklər törətməklə, şəhərin əsl tarixini saxtalaşdırmağa cəhd göstərməklə həqiqətləri unutdura bilməyəcəklərinin hər zaman fərqində olan təcavüzkar ermənilər işğal etdikləri Şərqi Zəngəzur və Qarabağın digər əraziləri kimi, Şuşada da kök salmağa müvəffəq olmadılar. Ermənilər bu torpaqların əzəli və əbədi sahiblərinin bir gün geri dönəcəyi qorxusunu, xofunu ürəklərindən ata bilmədilər.
Müzəffər ordumuz Azərbaycanın tarixi ərazilərindən Ermənistan silahlı qüvvələrini qovdu. Düşmənlərin otuz ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın qurtuluş günü 8 noyabr 2020-ci il oldu. Azərbaycan Silahlı Qüvvələri şəhəri işğaldan azad etdi. Zəfər Günündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqını müjdələdi: "Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır".
Şərəfimiz, şanımız, qürurumuz olan üçrəngli, ay-ulduzlu müqəddəs Azərbaycan bayrağı Şuşanın başı üzərində əbədi dalğalanacaq.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"