Azərbaycanın xarici siyasət strategiyasında Avropa istiqaməti
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Tirana şəhərindəki sammitində iştirakı və bu çərçivədə keçirdiyi çoxsaylı görüşlər bir daha göstərdi ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları qəbul edir və həmin siyasi reallıqlardan irəli gələn əməkdaşlıq imkanlarına xüsusi əhəmiyyət verirlər. Azərbaycanın regionda 30 illik işğala son qoymaqla yaratdığı yeni status-kvonun üstünlüklərinə fokuslanan əməkdaşlıqda yer almaq istəyirlər. Bu əməkdaşlıq çoxşaxəlidir və regionda, onun sərhədlərini aşan bölgələrdə sabitliyə və rifaha xidmət edir. Bu, nəqliyyat-logistika, iqtisadiyyat, enerji, iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlığı, eyni zamanda siyasi münasibətlər, təhlükəsizliklə bağlı məsələləri əhatə edir.
Milli maraqlara əsaslanan şaxələndirilmiş siyasi kurs
İndiyə qədər belə bir fikir tirajlanırdı ki, Avropa İttifaqının regionla münasibətlərində öndə Ermənistan dayanır və orada bəziləri bölücü xətlər yaratmaq, nifaq üçün zəmin hazırlamaq istəyirdilər. Amma Azərbaycan malik olduğu potensial əməkdaşlıq imkanları ilə bunun heç də belə olmadığını göstərdi və regionda öz söz sahibliyini bir daha təsdiq elədi.
Bu, onu göstərir ki, Azərbaycan öz xarici siyasətində milli maraqlara əsaslanan şaxələndirilmiş kurs həyata keçirir. Həmin kurs sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir və Avropa siyasi liderlərinin Azərbaycan Prezidenti ilə təmaslara marağının əsasında da məhz bu sahədə Azərbaycanın qazandığı təcrübə mübadiləsi dayanır.
Aktual bir misal, bütün Avropa, ümumilikdə Qərb aylardır xüsusi intensivliklə çalışır, amma Rusiya-Ukrayna münaqişəsində atəşkəsə belə nail ola bilmir. Azərbaycan öz potensialı ilə otuzillik işğala son qoydu, regionda sülh və sabitlik yaratdı. Regionda yaranmış bu sülh və sabitlik beynəlxalq sülhün və təhlükəsizliyin tərkib hissəsidir və bununla da əməkdaşlıq üçün yeni imkanların yaranmasına töhfə verdi.
Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğrultmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası, həmin xarici siyasətdə iqtisadiyyat və enerji sahəsində əməkdaşlıqdan təkcə region dövlətləri deyil, daha geniş coğrafi məkanda yer alan dövlətlər də bəhrələnir. Belə ki, Azərbaycan Avropa Siyasi Birliyində təmsil olunan on dövlətin enerji təhlükəsizliyinin və beləliklə, milli təhlükəsizliyinin təmin olunmasında rol oynayır.
Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə 2028-ci ildə evsahibliyi edəcək
İkinci Dünya müharibəsindən az sonra, 1949-cu ildə Avropada hökumətlərarası regional təşkilat kimi Avropa Şurası, soyuq müharibənin kəskin dövründə siyasi dialoq platforması kimi 1975-ci ildə ATƏT-in sələfi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi - ATƏM təsis olundu. Həmin dövrlərdə bölünmüş Avropa, Varşava Müqaviləsi Təşkilatı və NATO kimi hərbi siyasi blokların qarşıdurması, Almaniyanın ikiyə parçalanmasından irəli gələn çağırışlarla üz-üzə idi. Bu gün isə Avropa Rusiya-Ukryana müharibəsi ilə bağlı təhlükəsizlik və siyasi çağırışlarla qarşılaşıb. Bu çağırışların həlli üçün nə Avropa Şurasının, nə də ATƏT-in potensiala və müvafiq mexnizmlərə malik olmadığı reallıqdır.
Avropa siyasi təhlükəsizliklə bağlı strateji dialoqun gücləndirilməsi və yeni qərarların verilməsi ərəfəsindədir. Bu məqsədlə siyasi dialoq və müzakirələrin təşkili üçün hökumətlərarası platforma kimi Avropa Siyasi Birliyi yaradıldı. 2022-ci ilin oktyabrında Praqada baş tutan ilk sammit göstərdi ki, Avropa Siyasi Birliyi aktual regional məsələlərin müzakirəsi, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələrin təşkili məqsədilə təsis olunub. Burada Avropa İttifaqına üzv olan 27 dövlətlə yanaşı, digər 20 Avropa dövləti dövlət və hökumət başçıları səviyyəsində bir araya gəlir. Bu səbəbdən də ildə iki dəfə Zirvə görüşü keçirilən Avropa Siyasi Birliyi bunlardan birini Avropa İttifaqına sədrlik edən üzv dövlətdə, digərini isə qeyri - Aİ üzvü dövlətdə təşkil edir. Bu mötəbər toplantı ASB-nin yeni geosiyasi reallıqlar fonunda böyük Avropa ailəsi dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir və gedikcə beynəlxalq nüfuzunu artırır. Azərbaycan Respublikasının ASB-də iştirak edən 47 dövlətdən 16 iştirakçı dövlətlə strateji tərəfdaşlıq münasibətləri var, onlardan 10-nu Avropa İttifaqına üzv olan dövlətlərdir.
2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi İkinci Qarabağ müharibəsi və 2023-cü il aniterror tədbirlərinin siyasi və hüquqi nəticələrinin qəbulunun daha bir təsdiqidir. Xüsusi ilə nəzərə alsaq ki, Zirvə toplantılarının keçirilməsi barədə qərarlar konsensus əsasında, yəni məhz 47 iştirakçı dövlətin yekdil razılığı ilə qərara alınır, bu həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik strategiyasına verilən dəyərdir. Regionda yeni yaranmış siyasi reallıqlar fonunda dayanıqlı inkişafa nail olmaq siyasətinin təqdir edilməsidir. Yeni status-kvonun üstünlüklərinə fokuslanan əməkdaşlıqdan regionun sərhədlərini aşan bölgələrdə, o cümlədən Avropa siyasi, iqtisadi və enerji məkanında faydalanmaq üçün unikal imkanlar mövcuddur. Bu kontekstdə ölkəmiz çoxvektorlu xarici siyasət kursunda milli maraqları və qarşılıqlı faydalı əməkdaşlığı önə qoyduğu inkarolunmazdır.
Şanlı Zəfərimizdən sonra da Prezident İlham Əliyev bütün beynəlxalq və regional platformalarda Azərbaycanın əməkdaşlığa və tərəfdaşlığa sarsılmaz sadiqliyini nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ildə Şuşada keçirilməsi, 10 dövləti öz sıralarında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin cari ilin iyul ayında Xankəndidə keçirilməsi, 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin 2026-cı ildə ölkəmizdə keçirilməsi barədə qərarlar Azərbaycan Prezidentinin xarici siyasət kursunda çoxşaxəliliyin təzahürüdür.
Ölkəmiz qazandığı təcrübədən çıxış edərək xüsusilə mürəkkəb geosiyasi çağırışlar kontekstində dövlətlər arasında əməkdaşlığa, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsində öz nümunəsini bölüşür. Avropada dəyişməkdə olan geosiyasi landşaft fonunda və formalaşdırılması niyyət edilən yeni təhlükəsizlik arxitekturasına gedən yolda ASB müəyyən yeni siyasi dialoq və fikir mübadiləsi platforması kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respblikasının 2028-ci il Avropa Siyasi Birliyinin Zirvə Görüşü üçün formalaşdıracağı siyasi gündəliyin tərəfdaşlığa və nəticəyönümlü əməkdaşlığa verəcəyi töhfə xüsusi çəkiyə malikdir. Azərbaycanın əsas hədəfi həm Avropa Siyasi Birliyi çərçivəsində, həm də qlobal miqyasda həmrəyliyin, siyasi dialoqun gücləndirilməsinə dəstək verməkdir.
Azərbaycan Avropa İttifaqının regionda mühüm tərəfdaşıdır
"Azərbaycan regionda mühüm tərəfdaşdır və Avropa İttifaqının münasibətlərin möhkəmlənməsinə ümidləri var". Bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas cari ilin aprelin sonunda Bakıda Xarici İşlər Nazirliyində mətbuat qarşısında açıqladı.
Kaya Kallasın Bakıya səfəri illərlə məhz Avropa İttifaqının ikili və qərəzli yanaşması ucbatından yığılıb qalmış məsələlərin həlli yolunda müsbət addım idi. Belə ki, Avropa İttifaqı - Azərbaycan münasibətlərini xarakterizə edən bir neçə mühüm faktor var ki, bu hər iki tərəfin münasibətlərin inkişafında istifadə edə biləcəyi geniş potensialı özündə ehtiva edir. Birincisi, Azərbaycanın 30 illik işğala son qoymaqla regionda yaratdığı yeni siyasi reallıqlar və bu yeni status-kvonun əməkdaşlıq üçün təklif etdiyi imkanlar - bu təkcə Avropa İttifaqı - Azərbaycan üçün deyil, həm də Avropa İttifaqının digər region dövlətləri ilə sabit əsasda münasibətlərinin inkişafı və mövcud potensialın açılması naminə geniş imkanlar təklif edir.
Digər vacib bir məqam Azərbaycanın malik olduğu coğrafi mövqenin yeni siyasi reallıqlar şəraitində əməkdaşlıq üçün gətirdiyi üstünlüklərdir. Ölkəmizin yaratdığı logistika-nəqliyyat infrastrukturu və etibarlı tranzit ölkə olması Avropa İttifaqının Çinlə, Çinin Avropa İttifaqı ilə münasibətlərində və Avropa İttifaqının Orta Asiya dövlətləri ilə münasibətlərində xüsusilə önəmlidir.
Nəzərə alsaq ki, Avropa İttifaqı Orta Asiyaya yönəlik və 2030-cu ilədək olan dövrü əhatə edən investisiya, iqtisadi və ticarət sahələrində yeni strategiya həyata keçirməkdədir. Bu strategiyanın reallaşdırılması Şərq-Qərb Orta dəhlizdən, konkret Azərbaycanın yaratdığı çoxşaxəli infrastrukturdan istifadə zərurətini daha da artırır. Beləliklə, Avropa İttifaqının Orta Asiya və Çinlə münasibətlərində Azərbaycanın malik olduğu infrastrukturdan logistika-nəqliyyat sahəsində əməkdaşlıq üçün də istifadə intensivləşəcəkdir. Cari il aprel ayının əvvəllərində Səmərqənddə keçirilən Avropa İttifaqı-Orta Asiya sammitində bu məsələnin əhəmiyyəti bir daha vurğulandı və qəbul edilən yekun sənəddə də öz əksini tapdı.
Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar həm Avropa ölkələrinə münasibətdə, həm də Şərqə doğru münasibətlərin inkişafında geniş potensialın olduğunu ortaya qoydu. Avropa İttifaqının Orta Asiya ilə, Çinlə münasibətlərində Azərbaycanın malik olduğu vacib coğrafi mövqe və nəqliyyat infrastrukturunun əhəmiyyəti bir daha artır. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə Bəyanatda belə bir müddəa yer almışdır: Çin-Avropa-Çin Trans-Xəzər ekspres marşrutunun yaradılması, həmin marşrut boyunca birgə müəssisələrin qurulması və marşrut boyu dövlətlərlə əməkdaşlıq imkanları.
Yeni ABŞ administrasiyasının Çinə və Avropa İttifaqına tətbiq etdiyi yeni tariflər dalğasında Avropa İttifaqı və Çin arasında qarşılıqlı olaraq iqtisadi-ticari münasibətləri daha da intensivləşdirmək istəyi və bazar kimi bir-birilərinə olan tələbatın artması da Orta dəhlizin əhəmiyyətini gücləndirir. Azərbaycan yaratdığı infrastrukturla Orta dəhlizin iqtisadi imkanlarını genişləndirməkdədir. Azərbaycanın Çinlə aprelin 23-də imzaladığı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı birgə bəyanatda belə bir məqam yer alır: Çin-Avropa-Çin Trans-Xəzər ekspres marşrutların yaradılması və marşrut boyunca dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi. Bu məsələ Avropa İttifaqının həm Çin, həm də Orta Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin intensivləşməsində Azərbaycanın logistika-nəqliyyat imkanlarından indi olduğundan daha çox istifadəni labüd edir. Nəzərə alaq ki, Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 730 milyard ABŞ dollarından çoxdur və burada müsbət saldo 300 milyarddan artıq ABŞ dolları olmaqla Çinin xeyrinədir.
Digər bir vacib məqam isə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıqdır. Azərbaycan Avropa İttifaqının 8, ümumilikdə isə Avropanın 10 dövlətini qazla təchiz edir. Hətta Azərbaycan Avropa ölkələrinin qazla təchizatının coğrafi şəbəkələşməsinə görə birinci yerdədir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm komponenti olmasını nəzərə alsaq, bu məsələdə də Azərbaycanın etibarlı tərəfdaş kimi vacibliyi önə gəlir.
Təbii ki, Azərbaycana münasibətdə illərlə yığılıb qalmış ikili standartlardan irəli gələn stereotiplər var ki, onlardan artıq qurtulmaq zamanıdır. İşğal dövründən qalan Avropa İttifaqı yanaşmasının Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara və əməkdaşlıq imkanlarına fokuslanan yeni strategiya ilə əvəzlənməsinin tam zamanıdır. Avropa Komissiyasının vitse-prezident Kaya Kallasın səfəri də bütün bunlara hesablanmış məsələdir: Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqların qəbulu və yeni status-kvonun yaratdığı üstünlüklərə fokuslanan əməkdaşlığın inkişafı.
Perspektivlər
Avropa İttifaqının yeni siyasi rəhbərliyinin, Enerji məsələləri üzrə komissarın, Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndənin müvafiq olaraq cari ilin mart və aprel aylarında Bakıya səfərləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin, Avropa Şurasının prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə Tiranada keçirdikləri görüşlər Azərbaycanın artan siyasi və iqtisadi nüfuzunun təsdiqi və ölkəmizlə əməkdaşlığa verilən dəyərin göstəricisidir.
Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, ümum-Avropa məkanındakı dövlətləri də bir araya gətirir. Bu dövlətlərlə Azərbaycan həm ikitərəfli çərçivədə, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirir. Bununla belə, həmin dövlətlər arasında zaman-zaman Azərbaycana qarşı çıxan, Azərbaycanın uğurlarını qəbul etməyən dövlətlər də var idi. Amma indi aydın görünür ki, artıq həmin dövlətlər də Azərbaycanın yaratdığı yeni əməkdaşlıq imkanlarının üstünlüklərini qəbul edirlər. Onlar həmçinin Azərbaycanın təkcə regionda deyil, həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərdə, eləcə də Yaxın Şərqdə Türkiyə ilə tandem çərçivəsində sabitliyə xidmət edən siyasətini dəyərləndirirlər.
Bütün bunların ümumi analizi onu deməyə əsas verir ki, Azərbaycan bu gün "orta güc" kimi özünü təsdiqləyir; malik olduğu siyasi-iqtisadi resurslar, coğrafi mövqe və ondan irəli gələn üstünlüklər, yaratdığı yeni siyasi reallıqların faydaları ilə sülhə, əməkdaşlığa, sabitliyə töhfə verir.
Rizvan NƏBİYEV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru