Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız keçirildiyi dövrlə məhdudlaşmır. Belə hadisələr həm ötən dövrün siyasi yekunlarını ortaya qoyur, əldə edilmiş nəticələri qiymətləndirir, həm də qarşıdakı mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Bu mənada Yeni Azərbaycan Partiyasının VIII Qurultayı belə mühüm siyasi hadisələrdən biri oldu.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində keçirildi. Qurultayın xüsusi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra ilk dəfə keçirilir. Bu baxımdan, VIII Qurultay, ilk növbədə, Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli tarixi yolun nəticələrinə nəzər salmaq, əldə olunan nailiyyətləri qorumaq və yeni dövrün qarşıya qoyduğu vəzifələri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. "Partiyanın sədri, Prezident İlham Əliyevin qurultayın açılış mərasimində etdiyi geniş nitq də məhz bu baxımdan diqqəti cəlb edir. Dövlət başçısının çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi yol, qarşıya qoyulan strateji məqsədlər, onların reallaşdırılması istiqamətində görülən işlər və yeni mərhələdə qarşıda dayanan vəzifələr geniş şəkildə ifadə olundu. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlət müstəqilliyinin ilk illərinin mürəkkəb siyasi şəraitinə təsadüf etmişdi. Ölkə ağır sosial-iqtisadi böhranla, siyasi qarşıdurma və idarəçilik problemləri ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir tarixi mərhələdə Yeni Azərbaycan Partiyasının yaranması cəmiyyətdə sabitlik, dövlətçilik və milli birlik tələbinin siyasi ifadələrindən biri kimi meydana çıxmışdı", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkənin qarşısında duran əsas məsələlər dövlət idarəçiliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsaslarının yaradılması idi. 1993-2003-cü illər ərzində görülən işlər sonrakı inkişaf üçün mühüm siyasi, iqtisadi və institusional baza formalaşdırdı. Atəşkəsin əldə olunması, "Əsrin müqaviləsi"nin imzalanması, Konstitusiyanın qəbul edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğu və iqtisadi müstəqilliyin əsaslarının yaradılması Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı.
A.Badamov bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin iqtisadi və hərbi potensialı daha da gücləndirildi. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, enerji və nəqliyyat layihələri ölkənin geoiqtisadi əhəmiyyətini artırdı, ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görüldü: "Bütün bunlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoydu. Bu baxımdan, VIII Qurultayın siyasi mahiyyəti daha aydın görünür. Əgər əvvəlki qurultaylarda qarşıya qoyulan əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idisə, bu gün həmin strateji hədəf artıq reallığa çevrilib. İndi qarşıda yeni vəzifələr dayanır. Azərbaycanın əldə etdiyi tarixi nəticələr yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Ərazi bütövlüyünün və suverenliyin bərpası böyük tarixi nailiyyətdir. Lakin bu nailiyyətlərin qorunması və möhkəmləndirilməsi bundan sonrakı mərhələnin başlıca vəzifələrindən biridir. Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi bunu xüsusilə zəruri edir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etdiyi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı bir vaxtda dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması mühüm amildir".
Deputat deyib ki, Azərbaycanın son illərdə formalaşdırdığı hərbi potensialın daha da gücləndirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Güclü ordu dövlətin müstəqilliyinin və suverenliyinin mühüm təminatlarından biridir. Azərbaycan öz təhlükəsizliyini təmin etməklə yanaşı, regionda sülhün və sabitliyin qorunmasına da töhfə verməyə çalışır. Bu gün ölkəmizin əsas məqsədlərindən biri güc amilindən istifadə etməklə, qarşıdurmanı dərinləşdirmək deyil, əksinə, güclü dövlət olaraq sülh və əməkdaşlıq üçün daha əlverişli şərait yaratmaqdır. Yeni dövrün çağırışları yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmır. Rəqəmsal texnologiyaların inkişafı informasiya məkanını da dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən birinə çevirib. Sosial şəbəkələr və rəqəmsal platformalar insanların informasiya əldə etmək imkanlarını genişləndirir. Eyni zamanda həmin imkanlardan dezinformasiya, manipulyasiya və cəmiyyət daxilində qarşıdurma yaratmaq məqsədilə istifadə edilməsi də mümkündür. Belə şəraitdə Azərbaycanın qarşısında mühüm vəzifələrdən biri informasiya təhlükəsizliyinin gücləndirilməsidir. Cəmiyyətin informasiya savadlılığının artırılması, insanların saxta məlumatı həqiqətdən ayırmaq bacarığının formalaşdırılması və milli maraqlara əsaslanan informasiya siyasətinin gücləndirilməsi günün vacib tələbidir. Bunun yolu isə ilk növbədə təhsildən keçir. Bilikli və savadlı cəmiyyət istənilən informasiya təsirinə daha dayanıqlı olur. Deməli, insan kapitalına qoyulan sərmayə həm də dövlətin uzunmüddətli təhlükəsizliyinə hesablanır.
A.Badamov qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurların təməlində iqtisadi müstəqillik mühüm yer tutur: "Güclü iqtisadi baza olmadan müstəqil siyasi kurs həyata keçirmək, müdafiə qabiliyyətini artırmaq, sosial proqramları genişləndirmək və işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirmək çətindir. Odur ki, ötən illər ərzində ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırıldı, enerji və nəqliyyat layihələri həyata keçirildi, qeyri-neft sektoru inkişaf etdirildi. Nəticədə Azərbaycanın iqtisadi imkanları genişləndi. Bu gün isə qarşıda duran əsas vəzifələrdən biri həmin iqtisadi potensialı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirməkdir. "Yaşıl enerji", rəqəmsal iqtisadiyyat, süni intellekt, aqrobiznes, turizm, nəqliyyat-logistika və digər sahələr Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətləri sırasında yer alır. Xarici investisiyaların cəlb edilməsi də bu prosesdə mühüm rol oynayır. İnvestor üçün siyasi sabitlik, təhlükəsizlik, iqtisadi dayanıqlılıq və etibarlı tərəfdaşlıq mühiti əsas şərtlərdəndir. Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi və siyasi sabitlik bu baxımdan ölkənin investisiya imkanlarını genişləndirir".
Deputatın sözlərinə görə, iqtisadi inkişafın mühüm nəticələrindən biri də əhalinin sosial rifahının yüksəldilməsidir. Son illərdə həyata keçirilən sosial paketlər, əməkhaqlarının və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Lakin sosial siyasətin davamlı olması üçün güclü iqtisadi baza lazımdır. Bu baxımdan, iqtisadi inkişafla sosial rifah bir-birini tamamlayan proseslərdir. İqtisadiyyat böyüdükcə dövlətin sosial imkanları da genişlənir. Qarşıdakı dövrdə də əsas məqsəd yalnız iqtisadi göstəriciləri artırmaq deyil, bu artımın vətəndaşların gündəlik həyatında hiss olunmasını təmin etməkdir.
A.Badamov vurğulayıb ki, Azərbaycanın yeni mərhələsinin ən mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpasıdır: "Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Bu proses Azərbaycanın əldə etdiyi zəfərin mahiyyətini daha aydın göstərir. Müharibədən sonra əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, eyni zamanda müasir və dayanıqlı yaşayış mühiti yaratmaqdır. Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə ölkənin iqtisadi inkişafının yeni mərkəzlərindən birinə çevrilə bilər. Bu ərazilərdə kənd təsərrüfatı, turizm, energetika, logistika və digər sahələrin inkişafı üçün böyük imkanlar mövcuddur".
Deputat bildirib ki, Azərbaycanın davamlı inkişafının təmin edilməsi qarşıda duran əsas vəzifələr sırasındadır. Bu vəzifələr yalnız bir siyasi təşkilatın və ya dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşür. Dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, ordunun daha da gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və informasiya təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. "VIII Qurultay bu mənada yalnız hakim partiyanın növbəti qurultayı deyil, Azərbaycanın yeni tarixi mərhələsinin əsas çağırışlarının müzakirə edildiyi platforma kimi diqqəti cəlb edir. Azərbaycan zəfər qazanmış ölkədir. İndi vəzifə həmin zəfərin nəticələrini qorumaq, suverenliyi daha da möhkəmləndirmək, iqtisadi gücü artırmaq və insanların rifahını yüksəltməkdir. Tarixin bir mərhələsi başa çatıb. Yeni mərhələ isə daha böyük məsuliyyət tələb edir. Bu mərhələnin əsas hədəfi güclü dövlət, dayanıqlı iqtisadiyyat, təhlükəsiz cəmiyyət və firavan vətəndaş konsepsiyasını daha da möhkəmləndirməkdir", - deyə A.Badamov əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"