Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə
iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin
formalaşdığını göstərir. Azərbaycanın bu formatda tamhüquqlu üzv statusu əldə
etməsi ölkəmizin regiondakı siyasi və iqtisadi çəkisinin artmasının mühüm göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri
artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret iqtisadi, investisiya, nəqliyyat
və enerji layihələri ilə strateji məzmun kəsb edir. Azərbaycanla Mərkəzi Asiya
ölkələri arasında ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda
Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın
praktiki nəticələrini nümayiş etdirir. Birgə investisiya fondlarının
yaradılması isə münasibətləri yeni mərhələyə, qarşılıqlı investisiya və birgə
istehsal modelinə keçirmək üçün mühüm imkan yaradır.
Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən
biri Orta Dəhlizdir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa
bazarları ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi ölkənin
tranzit və logistika əhəmiyyətini artırır. Daşımaların artması, liman, dəmir
yolu və avtomobil infrastrukturlarına yatırılan investisiyalar, eləcə də “Rəqəmsal
İpək Yolu” təşəbbüsü Azərbaycanın regional bağlantılarda rolunun uzunmüddətli
xarakter daşıdığını göstərir.
Energetika sahəsində əməkdaşlıq da Azərbaycanın
geoiqtisadi mövqeyini möhkəmləndirir. Türkmənistan və Qazaxıstan enerji
resurslarının Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara çıxarılması, həmçinin
Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması ölkəmizin həm ənənəvi,
həm də bərpaolunan enerji sahəsində regional tranzit və əməkdaşlıq mərkəzi kimi
mövqeyini gücləndirir.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında
Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın iştirakı isə münasibətlərə
xüsusi siyasi və mənəvi məzmun verir. Füzuli və Ağdamda həyata keçirilən layihələr
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın dirçəlişinə
praktiki dəstəyinin ifadəsidir.
Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı
regional inteqrasiyanın yeni modelini formalaşdırır. Siyasi etimadın iqtisadi tərəfdaşlıq,
nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyalarla
tamamlanması Azərbaycanın regionlararası əlaqələrdə strateji rolunu daha da
artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh, təhlükəsizlik və
sabitlik bu əməkdaşlığın davamlı inkişafının əsas şərtidir.
Vasif Qafarov,
Milli Məclisin deputatı