Qardaşlar həmişə dost olmurlar.
Həqiqi və səmimi dostlar isə bir-birilərini qardaşdan da artıq sevirlər!
Qardaş qədər istədiyin, səmimi və etibarlı dostun olması hər kəsə də nəsib olmur.
Bu, Allahın insanlara verdiyi böyük nemət və ərməğan sayılır.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğunu və qardaşlığını bütün dünya görür, bilir.
Türkiyəni və Azərbaycanı sevənlər bu dostluqla sevinir, fəxr edir, qürur duyurlar.
Bədxahlarımız isə uzaqdan həsədlə, paxıllıqla, qibtə ilə baxır, pərişan olurlar.
Prezident İlham Əliyevin təbirincə desək, sevinən qoy sevinsin, sevinməyən isə kor olsun!
Həqiqət budur ki, müasir dünyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan kimi bir-birilərinə, hörmət və ehtiramla yanaşan, dar gündə bir-birinin yanında olan nə dövlət başçıları var, nə də həqiqi və səmimi dostluğun şirin barından bəhrələnən dövlətlər!
***
Hər iki xalqın dostluq və qardaşlıq haqqında çoxlu müdrik sözləri, fikirləri var.
Hətta hamısını bir yerə toplasan, qalın kitab olar.
Onlardan ikisini xatırlatmaq istəyirik:
"Tək əldən səs çıxmaz" və
"Güc birlikdədir!"
Bəli, iki əlin birləşməsindən yaranan səs gur və güclü olur!
Belə səsi hamı eşidir!
Tək adamın gücü çatmadığı yükü isə əl-ələ verərək qaldırmaq mümkün və asan olur!
Bütün bunlar hər birimizin dəfələrlə şahidi olduğu, həyatın və zamanın sınaqlarından çıxmış gerçəkliklərdir.
***
Tarixən Türkiyənin qüdrətli başçıları, iqtisadi cəhətdən güclü dövlətləri olub.
Ötən əsrin son dönəmlərində Turqut Özalın və Süleyman Dəmirəlin rəhbərlik etdikləri dövrü türk qardaşlarımız tez-tez xatırlayırlar.
Azərbaycanda da sovet dövründə və müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyini heç zaman unutmur və daim minnətdarlıqla anırlar!
Türk tarixinin xatırlanan dönəmində və Azərbaycanın sovet zamanında nə qədər uğurları, iqtisadi imkanları olsa da, daxili və xarici siyasət məsələlərində tam sərbəstlikləri, müstəqillikləri olmayıb.
Türkiyə NATO-nun üzvü kimi təkcə öz maraqlarını deyil, alyansın digər dövlətlərinin də maraqlarını nəzərə almalı olub.
Məsələn, Azərbaycanın yenicə müstəqillik qazandığı bir vaxtda Naxçıvanın ən ağır dövründə orada yaşayan Ulu Öndər Heydər Əliyev Türkiyənin ozamankı baş naziri Süleyman Dəmirəldən kömək istədi.
Türk qardaşlarımız blokadada yaşayan naxçıvanlılara yardım göstərmək üçün "Ümid körpüsü" tikdilər, bütün zəruri yardımları göstərdilər.
Xalqımız hər an bu təmənnasız dost yardımını minnətdarlıqla xatırlayır.
Lakin Kəlbəcərin işğalı zamanı mülki vətəndaşların təxliyəsi üçün Süleyman Dəmirəl iki mülki vertolyot ayıra bilmədi.
Bu, NATO-nun hərbi əməliyyatlarda iştirakını təsdiqləyəcək addım olardı...
Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə respublikanı güclü inkişaf yoluna çıxardı, SSRİ-nin qabaqcıl regionlarından birinə çevirdi.
Amma xarici siyasət məsələləri Moskvanın müstəsna səlahiyyətində olduğundan Türkiyə ilə əlaqələr qurmaq, yaxınlaşmaq, açıq-aşkar şəkildə dostluq etmək mümkün deyildi.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan öz rəhbərliyi dövründə Türkiyənin yeni intibahının yaradıcısı oldu:
* Ölkəni iqtisadi cəhətdən qüdrətləndirdi, ən yeni texnologiyaların tətbiqini, çox sahədə dünyada birincilər sırasına çıxmasını təmin etdi;
* "Feto"nun dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş xain və xəyanətkar əməllərinə birdəfəlik son qoydu;
* Türkiyənin yalnız öz maraq və mənafelərini güdən müstəqil daxili və xarici siyasət yürütməsinə birmənalı şəkildə nail oldu;
* Ölkənin müdafiə sənayesini gücləndirdi, yeni texnologiyalara əsaslanan ən müasir PUA-ların, modern silahların hazırlanmasını və istehsalını qaydaya saldı;
* Tarixində ilk dəfə Türkiyəni qaz istehsalçısına çevirdi;
* Türk dövlətlərinin birliyinin yaranmasına, birgə əməkdaşlıqlarına böyük töhfələr verdi!
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun yarımçıq qalmış işlərini uğurla həyata keçirən İlham Əliyev də Azərbaycanın yeni intibahının müəllifi oldu:
* Yalnız xalqın və dövlətin maraqlarına xidmət edən müstəqil daxili və xarici siyasət yeritdi;
* Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevirdi;
* Türkiyə və Azərbaycana böyük faydalar gətirəcək "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə saldı;
* Açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirdi;
* Azərbaycanı Avropanın ən etibarlı tərəfdaşı kimi tanıdaraq ölkənin dostlarının sayını artırdı;
* Dəyərli təşəbbüsləri, qabaqlayıcı addımları və uzaqgörənliyi sayəsində Azərbaycanın dünyada nüfuzunu artırdı, mövqelərini möhkəmləndirdi;
* Otuz il işğal altında qalan torpaqları 44 günlük Vətən müharibəsində azad edərək Azərbaycanı qalib və vüqarlı dövlətə çevirdi.
İyirmi illik rəhbərlikləri dövründə iki qardaş dövlətin yeni intibahlarının yaradıcıları olan xarizmatik dövlət rəhbərlərinin səmimiliyi və mehribanlığı, möhkəm dostluğu və qardaşlığı nə qədər fərəhli, qiymətli və əzizdir!
***
İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın prezidentlikləri dövründə Azərbaycan-Türkiyə əlaqə və əməkdaşlığının pik nöqtəyə çatması da fərəhləndirici haldır.
Vətən müharibəsindəki qələbədən az sonra bu dostluğun, qardaşlığın tarixi təsdiqinə və müqəddəs sənədinə çevrilən Şuşa Bəyannaməsi isə münasibətlərimizin əbədiliyinin mühüm göstəricisidir.
Faktlardan göründüyü kimi, bunadək də Azərbaycan və Türkiyə daim birlikdə hərəkət edib, heç zaman bir-birilərinin maraqlarına xələl gətirməyiblər.
Əksinə, qardaş olaraq tikələrini yarı bölüb, xoş və çətin günlərdə bir-birilərini yaddan çıxarmayıblar.
Bir neçə paralel fakta birlikdə nəzər salaq:
* Rəcəb Tayyib Ərdoğanın iştirak etmədiyi tədbirlərin birində Türkiyənin əleyhinə fikir söylənəndə Azərbaycan Prezidenti "Türkiyə Prezidenti burada yoxdur, amma mən buradayam", - deyə fürsətçinin ağzından vurdu!
İrəvanda keçirilən beynəlxalq ağırlıqqaldırma yarışında erməni dığasının Azərbaycan bayrağını yandırması cavabsız qalmadı. Türkiyə atletləri qızıl medal qazanaraq himnlərini səsləndirdilər, bayraqlarını qaldırarkən qələbələrini Azərbaycana həsr etdiklərini dünyanın diqqətinə çatdırdılar!
* Azərbaycan neft-qaz sərvətlərinin dünya bazarlarına çıxarılmasında, transmilli layihələrinin gerçəkləşdirilməsində qardaş ölkəni unutmayıb, daim maraqlarını təmin edib.
Belə ki, BTC, BTQ və "Cənub qaz dəhlizi" Türkiyənin ərazisi ilə dünya bazarına çıxarılıb, dost ölkənin qaz habına çevrilməsinə Azərbaycan öz töhfələrini verib!
İkinci Qarabağ müharibəsi başlayanda qardaş Türkiyə sözü, özü və silahları ilə daim Azərbaycanın yanında oldu!
* Düşmənlərimizin ciddi narahatlığına səbəb olan "F-16"-lar Azərbaycan ərazisində saxlanıldı, ermənilərin havadarlarına və müdafiəçilərinə ciddi mesaja çevrildi.
Bu gün Qarabağın dirçəldilməsində türk şirkətləri yaxından və həvəslə iştirak edir, prosesin sürətlənməsinə öz töhfələrini verirlər.
* Dəhşətli zəlzələnin gətirdiyi fəlakət və dağıntılara ən çox yanan və ağrıyan azərbaycanlılar oldu. Azərbaycan xalqı təbii fəlakətin ilk günlərindən köməyə gedərək əlindən gələni etdi. İndi zəlzələdən ən çox zərər görən ərazidən biri kimi Kahramanmaraşda Azərbaycan dövlətinin yardımı ilə 1000 ev və sosial obyektləri olan yeni şəhər inşa edilir.
Səmimi qardaşlığa ən sonuncu və bariz nümunə olacaq daha bir fakt:
* Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qüdrətli hərbi dövlətə çevrilən qardaş dövlət yenə də öz uğur və nailiyyətlərini bizimlə səxavətlə bölüşür!
Tezliklə ölkəmizdə "Bayraktar" mərkəzi yaradılacaq, Azərbaycan-Türkiyə birlikdə yeni hərbi məhsullar istehsal edəcəklər!
Türklər və azərbaycanlılar hər iki dövlətin banilərinin müqəddəs vəsiyyət kimi səslənən müdrik kəlamlarını heç zaman unutmurlar!
Mustafa Kamal Atatürk: "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir".
Heydər Əliyev: "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir".
Müdrik rəhbərlərimizin söylədikləri bu qiymətli kəlamlar hər an yadımızdadır və hər dəfə öz təsdiqini əməli işlərimizdə, qarşılıqlı əlaqə və münasibətlərimizdə tapır.
***
Bugünkü dünya neçə illərdir ki, ABŞ-nin və Avropanın timsalında lider böhranı keçirir.
Makron kimilərinin hakimiyyətə gəlməsi nəinki demokratik dəyərlərə dağıdıcı zərbə vurur, ölkə daxilində insanların narazılıq dalğalarının dayanmadan artmasına, ölkələrarası münasibətlərdə gərginliklər yaşanmasına, beynəlxalq hüququn iflicinə, ziddiyyət və qarşıdurmalara səbəb olur.
Uzun illərdir ki, qoca qitədə və ABŞ-də hakimiyyət başında görkəmli dövlət xadimləri görünmür.
Hazırkı böhranlı illərdə türkdilli dövlətlərə xarizmatik, uzaqgörən, dünyada baş verən prosesləri dərindən bilən, hadisələri qabaqlamağı bacaran, mənsub olduqları xalqın və dövlətin maraqlarını məharətlə təmin edən, yüksək diplomatik keyfiyyətlərə malik əsl liderlərin rəhbərlik etməsi hədsiz fərəh və razılıq doğurur.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli, aydın və konkret mövqeli, sözü və əməli bütöv, dünyanın digər dövlət başçıları tərəfindən hörmət və ehtiramla qarşılanan və birmənalı şəkildə qəbul olunan prezidentlərin səmərəli və möhtəşəm fəaliyyətləri sonsuz qürur doğurmaqla yanaşı, dünyaya da böyük fayda gətirir.
Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi fonunda dünyanı taxıl böhranından qurtarması, İlham Əliyevin qaz böhranı dövründə Avropanın dadına çatması, üstəlik, "yaşıl enerji" ilə təminatda atdığı uzaqgörən addımlar hamı tərəfindən təqdir edilir.
Türkiyədə ən yeni texnologiyalara əsaslanan müasir silahların və PUA-ların istehsalı, onların uğurla sınaqdan keçərək özünü doğrultması, müstəqil dövlət kimi ilk dəfə müharibə aparan Azərbaycanın "XXI əsrin ən yeni müharibəsi" kimi dünyaya nümunə olacaq taktika və stategiya nümayiş etdirməsi dövlətə rəhbərlik edən şəxsiyyətlərin qeyri-adiliyindən, intelektual səviyyələrindən və siyasətçi, diplomat kimi yüksək bacarıqlarından xəbər verir!
Rəhbərlərin əl-ələ verib birgə addımlar atmaları, öz dövlətlərinin imkanlarını birləşdirərək əlbir fəaliyyət göstərmələri ölkələrinə də, mənsub olduqları xalqa da fayda və mənfəət gətirir.
***
Adətən, dövlətlər və rəhbərlər kiməsə, nəyəsə qarşı birləşirlər.
Təkcə iki dövlət üçün yox, artıq dünya üçün problemə çevrilən Rusiya-Ukrayna müharibəsi dediklərimizə əyani misaldır.
Türkiyə ilə Azərbaycanın, Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev dostluğu və əməkdaşlığı isə dünyanı müharibə və dağıntılardan, miqrant problemindən, ərzaq və enerji böhranlarından qurtarmağa xidmət edir!
Məhz zəmanəmizin iki müdrik və görkəmli dövlət xadiminin əlbir və əlaqəli fəaliyyəti sayəsində Türkiyə-Azərbaycan bir millət, iki dövlət və bir yumruğa çevrildi!
Getdikcə dünyada bu dostluğun dəyərini anlayanların və faydasını dərk edənlərin də sayı artır.
Tanrı bu sevgini və sarsılmaz dostluğu bizə çox görməsin!
Bəxtiyar SADIQOV