İlham Əliyev böyük zəhmət və fədakarlıqla
ölkə paytaxtını yenidən tikib-qurur, gözəlləşdirir
Azərbaycanlı adını daşıyıb Bakını sevməyən
varmı?
Yəqin ki, yox!
Azərbaycanda doğulan hər bir insanın ağlı
kəsəndən ən böyük arzusu Bakıya gəlmək, Bakını görmək olur!
Bakıda doğulmaq isə Tanrının insana qismət
etdiyi xoşbəxtliklərdən biri sayılır.
Bakı arzular şəhəridir!
Bakı şəhərlərin gözəlidir!
Bakı hamımızın qürur, iftixar ünvanımızdır!
Bakı iqtisadi, siyasi, mədəni, mənəvi, intellektual
mərkəzimizdir!
Ən nəhayət, Bakı hamımızındır!
Çünki hamıya eyni məhəbbətlə qucaq açır!
Çünki heç kəsə fərq qoymadan hamıya eyni
nəzərlərlə baxır!
Çünki hamıya eyni qonaqpərvərliyi, mehribanlığı
göstərir!
Çünki heç kimdən heç nəyini əsirgəmir!
Həm də təmənnasızdır, böyükdür, əzəmətlidir,
qədimdir, eyni zamanda yenidir, müasirdir, gəncdir!
Biz hamımız Bakını sevsək də, onun inkişafına,
böyüməsinə və gözəlləşməsinə, tanınmasına və məşhurlaşmasına eyni dərəcədə töhfə
vermirik.
Bəlkə də verdiyimizdən çox tələb edirik,
umuruq!
Amma Bakının bugünkü səviyyəyə çatmasında
misilsiz xidmətlər göstərənlər də var!
***
Deyirlər keçmişini unudan gələcəyini qura
bilməz!
Müdrik deyimdir!
Həm də təkcə keçmişimizi yox, vətənin, xalqın,
dövlətin naminə görülən işləri də unutmamalıyıq, üstəlik obyektiv qiymətləndirməyi
də bacarmalıyıq!
Yaşlı nəslin nümayəndələri köhnə Bakını yaxşı
xatırlayırlar: əyri-üyrü küçələr, yastı-yapalaq evlər, neft və qaz qoxulu hava,
günlərlə cövlan edən xəzri və gilavar, yad dildə danışan şəhər...
Hamı buraya çörək dalınca, neft mədənlərində
işləməyə gələrdi...
Böyük Vətən müharibəsi dövründə isə şəhər
tamamən sönmüş, yoxsullaşmışdı...
Bakı ilk intibahını ulu öndər Heydər Əliyevin
dövründə yaşadı:
* Neft sənayesində
böyük canlanma yarandı;
* Yeni fabrik
və zavodlar tikildi;
* Çoxsaylı
yaşayış binaları inşa olundu, bir-birinin ardınca mikrorayonlar meydana gəldi;
* Şəhər böyüdü,
yeni küçələr yarandı, yeni metro stansiyaları tikildi, park və xiyabanlar, yaşıllıqlar
salındı;
* Çoxsaylı
ali məktəblər, texnikumlar açıldı, yeni teatrlar yaradıldı, elm, mədəniyyət inkişaf
etdi...
Bütün bunların
sayəsində Bakıya çoxsaylı insanlar gəldi, gənclər təhsil aldı, dünyagörüşləri genişləndi,
insanlar iş tapdılar, təzə mənzillərdə yaşadılar, yeni filmlər çəkildi, tamaşalar
qoyuldu...
Əlbəttə, on
beş respublikadan biri olan Azərbaycan İttifaq büdcəsindən asılı idi, qazandığı
vəsaitin çoxu özünə qalmırdı, istədiyinin hamısını reallaşdıra bilmirdi...
Bütün bunlara
baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanı Sovetlər İttifaqının ən qabaqcıl
respublikalarından birinə, Bakını isə inkişaf etmiş ölkə paytaxtına çevirdi!
Və böyük müdrikliklə
bildirdi ki, zaman gələcək, Qara şəhər (o zamanlar Bakının Zığ səmti "Çyornı qorod”
(Qara şəhər) adlanırdı) Ağ şəhərə çevriləcək, burada güllər-çiçəklər əkiləcəkdir!
Bəli, artıq
Qara şəhərdən əsər-əlamət qalmayıb!
Ağ günlərə
çıxan müstəqil Azərbaycanın paytaxtı qədim Bakı isə artıq ikinci intibahını yaşayır.
Bu dəyişikliyin
və yeniləşmənin müəllifi dövlət başçısı İlham Əliyevdir!
Yeni Bakının
qurucusu, hər cür yeniliyin və dəyişikliyin baş müəllifi olan cənab İlham Əliyev!
***
Müasir Bakının
xarakterik xüsusiyyətləri və fərqli cizgiləri hansılardır?
Bakı qədim
Şərq şəhəridir!
Şərq memarlığının
bütün nümunələrinə burada rast gəlmək mümkündür.
Həm də təkcə
İçərişəhərdə yox, XX əsrin neft bumundan sonra neftxudaların ətrafda tikdirdikləri
yeni binalarda da!
Bakı həm də
Avropa tipli şəhərdir!
Burada Qərb
memarlığı üslubunda tikilmiş bütün memarlıq nümunələri mövcuddur!
Bakı eyni
zamanda müasir meqapolisdir!
Çünki müasir
şəhərsalmanın bütün tələb və prinsipləri gözlənilir, ən yeni tikinti materiallarından,
ən unikal layihələrdən istifadə olunur.
İlham Əliyev
Bakının yenidən qurulmasında ənənə və müasirliyin vəhdətinin qorunub saxlanılması,
Şərq memarlığının mühüm elementlərinin yaşadılması ilə bərabər, memarlığın yeni
üslublarının tətbiqinə, onlardan yerində və düzgün bəhrələnməyə də nail olmuşdur!
Gəlin xəyalən
Bakını səyahət edərək onun unikal memarlıq abidələrinin seyrinə birlikdə çıxaq.
***
İçərişəhər
qədim Bakının simvoludur. Burada Şərq mədəniyyətinin və memarlığının nümunələri
ilə yanaşı, dəniz kənarında, küləkli ərazidə yerləşən yaşayış məntəqəsinin özünəməxsus
xüsusiyyətləri də mövcuddur. Dar, labirint məhəllələrin həm güclü küləkdən qorunması,
həm də havalanması təmin olunub. Bu qədim şəhərdə Şirvanşahlar sarayından tutmuş
qədim bazara, məscidə, hətta hamama qədər hər bir tikili vardır. Təsadüfi deyil
ki, turistlərin də ən çox maraq göstərdikləri yer məhz buradır.
Sovet dövründə
İçərişəhər öz problemləri ilə əlləşən unudulmuş bir məkan sayılırdı. Buradakı tarixi
abidələrin qorunmasına, bərpa və abadlaşdırma işlərinə kifayət qədər vəsait ayrılmırdı.
Dövlət müstəqilliyinin
bərpası İşərişəhərin də bəxtini açdı!
Xalqımızın
qədim ənənələrindən olan Novruz bayramının burada keçirilməsi isə dönüşün başlanğıcı
oldu.
Hazırda İçərişəhər
yeni növrağını yaşayır!
Buradakı bütün
tarixi-memarlıq abidələri - Şirvanşahlar sarayı, məscid, bazar, hamam və binalar
milliliyi və qədimliyi saxlanılmaqla bərpa edilmiş, Qız qalası isə restavrasiya
olunmuşdur.
İl boyu turistlər
əskik olmur.
"Qədim mağaza”larda
milli suvenirlər satılır.
Azərbaycan
mətbəxinin ləziz nümunələri gələn qonaqlara təqdim olunur.
Fiziki cəhətdən
qüsurlu insanların hazırladıqları milli sənət nümunələrinin daimi satışı həm də
onların yaşayışına müsbət təsir göstərməkdədir.
İçərişəhərdə
aparılan təmir, bərpa və yenidənqurma nəticəsində bu tarixi qoruq-şəhər UNESCO-nun
qeyri-maddi mədəni irs Siyahısına salınmışdır.
***
Bakı bulvarı
isə bir özgə aləmdir!
Cənab İlham
Əliyevin diqqət və qayğısı sayəsində paytaxt sakinlərinin ən sevimli yerinə çevrilən
bu məkan təkcə forma və məzmunca yox, həm də əhatə dairəsinə görə qısa müddətdə
böyük inkişaf yolu keçmişdir.
Mavi Xəzərin
sahili ilə 16 kilometr uzanan bulvarın ümumi sahəsi 200 hektardır.
Torpağı şoran,
yayı isti, küləyi güclü olan Abşeronda ağac böyütmək, yaşıllıq salıb qorumaq çox
çətindir!
Bürkülü yay
günlərində dəniz kənarında ağac kölgəsi taparaq dincəlmək də asan deyil! Yaxın zamanlara
qədər yayın qızmar çağlarında burada nəinki oturacaq, hətta gəzməyə yer tapmaq belə
müşkülə çevrilmişdi.
Bu gün isə
Dənizkənarı Milli Park arzu edən hər kəsi öz qoynuna ala bilir:
* sevənlər
ilk görüşlərini bura təyin edirlər;
* pensiyaçılar
həmsöhbətləri ilə vaxtlarını burada keçirirlər;
* uşaqlar
burada cürbəcür attraksionlardan istifadə edirlər;
* təmiz havada
dincəlmək istəyənlər buraya üz tuturlar;
* piyada gəzmək
həvəskarlarına, velosiped sürənlərə burada lazımi şərait yaradılıb;
* burada idman
qurğularından hər kəs pulsuz istifadə edə bilir;
* burada müxtəlif
yarmarka və sərgilər təşkil olunur, bayram tədbirlərinin bir qismi burada baş tutur;
nən yüksək
və növbənöv gül, ağac "sərgi”ləri də buradadır!
Bir ucu Zığa,
bir ucu Bayıladək uzanan, milli park statusu daşıyan Dənizkənarı bulvar əcnəbilərin
rahat və sərbəst gəzdikləri, paytaxt sakinləri ilə ən çox təmas qurduqları guşələrdəndir!
***
Bayraq meydanı
da burada yerləşir!
Üçrəngli ay-ulduzlu
bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarındandır.
Həm də müstəqilliyimizin
simvolu, atributlarındandır!
Sovet dövründə
onu qadağan etdilər!
Gizlincə üzə
çıxaranları tapıb ciddi cəzalandırdılar!
17 noyabr
1990-cı ildə ulu öndər Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində Naxçıvanda
ona yenidən dövlət bayrağı statusu verildi!
18 oktyabr
1991-ci ildə Azərbaycanda da dövlət bayrağı kimi tanındı!
1 sentyabr
2010-cu ildə isə Prezident İlham Əliyev Dövlət Bayrağı meydanını, habelə Dövlət
Bayrağı Muzeyini Azərbaycan xalqına hədiyyə etdi!
Həm də bayraq
dirəyinin hündürlüyünə görə dünya birincisi hesab edilərək Ginnesin rekordlar kitabına
salındı, xüsusi sertifikat aldı!
***
Təbiətən qurucu
və yaradıcı insan olan cənab İlham Əliyev həm də yüksək zövq sahibidir!
Azərbaycanda
nə yaradıbsa, hansı layihəni seçibsə, ən yaxşısına, ən unikalına üstünlük verib!
İndiyədək
Bakıda görünməmiş memarlıq nümunələrinə həyat vəsiqəsi bəxş edib!
Onun fəaliyyətinin
bu xüsusiyyəti yenidən tikilib qurulan, genişləndirilən paytaxtımızda daha qabarıq,
daha parlaq şəkildə görünür!
Ötən əsrin
əvvəllərindəki Bakıda memarlığın bütün üslublarında - milli, klassik, roman, qotik,
barokko və s. binalar tikilmişdi.
Cənab İlham
Əliyev isə memarlığın qədim və milli ənənələrini qorumaq və davam etdirməklə bərabər,
ən yeni üslublara, habelə müasir materialların tətbiqinə də xüsusi önəm vermişdir.
Heydər Əliyev
Fondunun binası milli memarlığın naxış və ornamentləri ilə gözəl və əzəmətlidir.
Heydər Əliyev
Mərkəzinin binası isə heyrətdoğuracaq qədər yeni, müasir və möhtəşəmdir!
Dünya memarlıq
incilərinin ilk yüzlüyünə salınan bu bina sanki elə Bakı üçün layihələndirilib!
Coşqun Xəzərin
sahilində yerləşən, ilin 300 günü külək əsən, dalğaları daim şahə qalxan bir şəhərdə
həmin dalğaları əks etdirən memarlıq nümunəsinin olmaması natamamlıq doğurardı!
İlham Əliyev
bu nadir layihəni gerçəkləşdirməklə təbiətlə memarlığı uyğunlaşdırıb, harmoniyaya
çevirib!
Bəyazlığı
ilə göz qamaşdıran bu nadir incinin yeni mənəvi təyinatı da qürurvericidir.
Onun ətrafındakı
yaşıllıq gənclərin və ailələrin birgə istirahət məkanı, konsert və idman tədbirlərinin,
açıq havada sərgilərin keçirildiyi sevimli bir ünvan funksiyasını daşıyır.
***
Ulu babalarımız
atəşpərəst olublar!
Təsadüfi deyil
ki, Azərbaycanın bir rəmzi adı Odlar Yurdudur!
Bu gün də
Məhəmmədi kəndində təbii şəkildə yerin altından çıxaraq gecə-gündüz şölə saçan qaz
alovu təbiətin nadir nümunələrindən sayılır.
Qədim Bakının
simvolu olan üç alov isə bəzən poçt markalarında, hərdən isə paytaxt haqqında buraxılan
bukletlərin üzərində qorxa-qorxa göstərilərdi.
İlham Əliyev
Odlar Yurdunun Bakı emblemini möhtəşəm, 32 mərtəbəli binaya çevirdi!
"Alov qüllələri”
adlanan bu bina Bakının bolşevik işğalının rəmzi sayılan S.M.Kirovun Dağüstü parkdakı
heykəlini əvəz edib!
Həm də daha
yüksəkdə, daha müasir, daha möhtəşəm şəkildə!
Axşamlar üçrəngli
bayrağımızı yüz dəfələrlə böyük və rəngli formada dalğalandıran bu "müstəqillik
nişanəsi” şəhərin hər yerindən görünür, heyrət və razılıq doğurur!
***
Xəzər sahilində
yerləşən daha bir memarlıq nümunəsi isə "Büllur saray”dır ("Kristal holl”).
Dənizin içərisinə
burun kimi daxil olmuş bu adada vaxtilə SSRİ Silahlı Qüvvələrinin sursat anbarı
yerləşirdi.
İndi həmin
adacığın təkcə xarici görünüşü yox, mahiyyəti də dəyişib!
Daha burada
ölümsaçan məhsullar saxlanılmır!
Yeni, ən müasir
quruluşa, idarəetməyə, işıqlandırma sisteminə əsaslanan bu sarayda böyük tamaşaçı
auditoriyasına malik konsert və idman tədbirləri keçirilir, insanlar nağılvarı aləmə
"səyahətə çıxırlar”.
"Kristal holl”
Bayraq meydanı ilə bir ansambl yaradır, görkəmləri ilə göz oxşayırlar, Bakının hüsnünə
sığal çəkirlər!
Mehriban xanım
Əliyevanın qayğısı sayəsində Azərbaycan muğamı öz inkişafının yeni mərhələsinə qədəm
qoydu!
Həm də dünyada
tanındı, muğama gənclərin axını başladı, yeni həvəs və nəfəs gəldi!
Ölkəmizdə
keçirilən müxtəlif muğam müsabiqələri bütün dünyada maraqla izlənir, dünyanın istənilən
ölkəsində keçirilən yarışlarda isə Azərbaycan muğam ifaçıları iştirak edərək daim
yüksək yerləri tuturlar.
Öz orijinallığı
ilə seçilən Beynəlxalq Muğam Mərkəzi bu qədim musiqini sevənlərə dövlət başçısının
dəyərli hədiyyəsidir!
Dənizkənarı
bulvarda onunla yanaşı dayanan Xalça muzeyi də adına uyğun görünüşü ilə fərqlənir.
Hər iki ünvan
qədimliklə müasirliyi üzvi şəkildə birləşdirərək Bakıya təşrif gətirən qonaqların
yaddaşından uzun müddət silinmir.
***
Qədim İçərişəhər
nə qədər darısqal və maraqlıdırsa, Ağ şəhər bir o qədər geniş, rahat və müasirdir.
O həm də Azərbaycanda
şəhərsalma mədəniyyətinin yüksək səviyyədə olmasının göstəricisidir!
Eyni zamanda,
şəhərin baş müəllifinin incə, müasir zövq sahibi olduğunu təsdiqləyir!
İşıqlı və
yaraşıqlı binalar, yaşıl xiyabanlar, insanların hər cür tələbatını ödəyən müasir
infrastruktur, uşaq əyləncə meydançaları, nəqliyyatın normal hərəkətinə yaradılan
münasib şərait - bir sözlə, hər şey yenilikdən, rahatlıqdan, insan amilinin yüksəkdə
tutulmasından xəbər verir!
Bəli, Qara
şəhər təmizlənə bilərmiş!
Qara şəhər
Ağ şəhərə çevrilərmiş!
İnsanlar Xəzərin
ləpədöyənində neft və qaz iyi qoxumayan hava ilə nəfəs alaraq ağ günlərə çıxa bilərmişlər!
Bunu da İlham
Əliyev edib!
***
Bakı mehriban
şəhərdir!
Bakı qonaqpərvər
şəhərdir!
Bakı çörəkli
şəhərdir!
Bunu Bakıya
qonaq, yaxud daimi, ya da müvəqqəti işləməyə gələn hər kəs təsdiq edir.
Şəhərin qonaqpərvərliyinin
bir göstəricisi də orada çoxsaylı, müasir və müxtəlif ulduz saylı hotellərin olmasıdır.
Bakı bu cəhətdən
də nümunəvidir!
Dünyanın ən
məşhur brendləri Bakıda beşulduzlu hotellər tikərək qonaqların ehtiyacını qarşılayırlar.
Bakıda son
dövrlərdə hotelçilik sürətlə inkişaf edib, müasir tələblərə cavab verən xeyli sayda
hotellər istifadəyə verilib.
Bütün bunlar
təkcə qonaqlara rahatlıq yox, şəhərimizə də bir yaraşıq və müasirlik bəxş edir.
Həm də onun
görkəmini xeyli dəyişdirir.
***
Azərbaycanın
iqtisadi cəhətdən inkişafının, əhalinin rifahının yüksəlməsinin bir göstəricisi
də fərdi avtomobillərin sayının artmasıdır.
Maşınlar ailələrə
sevinc və rahatlıq, şəhərlərə isə çoxsaylı problemlər gətirir!
Parklanma,
ekoloji çirklənmə, ən əsası tıxaclar dünyanın hər yerində həlli çətin problemlərdən
sayılır.
Sovet dövründə
uzun illər növbədə durmaqla belə avtomobil sahibi ola bilməyənlər həm maddi imkanları
artdığından, həm də avtomobil əldə etməyin asanlığından istifadə edərək qısa müddətdə
xeyli sayda xarici maşın sahibinə çevrildilər.
Artıq ailələr
bir maşınla kifayətlənmirlər!
Urbanizasiya
nəticəsində şəhərdə yaşamaq istəyənlərin sayı da kəskin şəkildə artıb!
Daha "pasport
qeydiyyatı” səbəbi ilə Bakıya köçənlərə maneələr yaradılmır!
Bütün bunlar
- çoxsaylı maşınlar, küçələrdə maşınların parklanması, xüsusən səhər və axşam çağlarında
hədsiz çoxalan maşınları aşıracaq geniş küçələrin azlığı - təxirəsalınmaz tədbirlər
tələb edirdi.
İlham Əliyevin
xüsusi diqqəti sayəsində qısa müddətdə xeyli işlərin görülməsi - mövcud küçələrin
aşırma qabiliyyətinin artırılması, yeni, geniş küçələrin salınması, yeraltı və yerüstü
dayanacaqların sayının çoxaldılması, yeni yol aşırımlarının, körpülərin və tunellərin
tikintisi - vəziyyətin əsaslı şəkildə dəyişməsinə imkan yaratdı!
Doğrudur,
hələ də tıxac və parklanma problemləri qalmaqdadır.
Çünki Azərbaycan
hələ də sürətlə inkişaf edir, hələ də əhalinin rifahı ilbəil yaxşılaşır.
Hələ də maşın
alanların sayı artır!
Üstəlik əhalinin
də sayı çoxalmaqdadır!
İndi görün
bu işlər görülməsəydi, onda vəziyyət necə olardı?!
Bütövlükdə
bunlar firavanlıqdan doğan problemlərdir!
Onların mərhələli
həlli isə daim diqqət mərkəzindədir!
***
İlham Əliyev
Milli Olimpiya Komitəsinin prezidenti seçiləndə Azərbaycanda idman sönüb getmişdi.
Nə məşqçilərə
pul verilirdi, nə də idmançıları yarışlara göndərməyə vəsait tapılırdı...
İdman qurğularının
bir qismi dağıdılaraq sıradan çıxarılmış, stadionlar "tolkuçka”ya çevrilmiş, zallar
uçub yararsız hala düşmüşdü...
Hər şeyə təzədən
başlamaq lazım gəlirdi...
Qısa müddətdə
gedənlər geriyə çağırıldı, dağılanlar bərpa olundu, stadionlar əvvəlki təyinatına
qaytarıldı...
Lakin Azərbaycanı
həm də idman dövlətinə çevirmək üçün çox işlər görülməli idi!
Ən əsası,
idmanın maddi-texniki bazasının yaradılmasına və yenilənməsinə ciddi ehtiyac duyulurdu!
Dövlət başçısı
seçildikdən sonra İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycan
idmanının inkişafı oldu.
Az vaxtda
ölkə üzrə 40-dan çox olimpiya idman kompleksi tikildi.
I Avropa və
IV İslam Həmrəyliyi oyunlarının keçirilməsinə hazırlıq isə həm də Bakının memarlıq
simasına yeni naxışların vurulması ilə əlamətdar oldu.
Olimpiya stadionu
möhtəşəmliyi və müasirliyi ilə diqqət çəkir!
Böyükşor gölünün
qurudulan hissəsində qısa müddətdə inşa edilən bu yeni idman qurğusu şəhərin həmin
guşəsinə yeni görkəm vermiş, idmançıların və tamaşaçıların rahatlığını da təmin
etmişdir.
Yaxınlıqda
yerləşən Milli Gimnastika Arenası da memarlıq baxımından yeni və gözoxşayandır.
Bakı Su İdmanı
Sarayı, Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları Parkı, Velopark, Basketbol Arenası
ən yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün beynəlxalq norma və tələbləri
ödəyir. Üstəlik yerləşdikləri məkana uyğun arxitektura həlli də uğurlu və cazibədar
alınmışdır.
Əslində idman
qurğuları funksiyası ilə bərabər, şəhərimizə yeni görkəm və yaraşıq verməklə nəzərləri
oxşayırlar.
Əl Oyunları
İdman Sarayı, habelə Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə əsaslı yenidənqurmadan
sonra ikinci həyatlarını yaşayırlar.
Mahiyyətcə
ölkənin gənclər və idman siyasətinə xidmət edən bu yeni qurğu və komplekslər zahirən
qədim Bakını cavanlaşdırmış, daha gözəl və yaraşıqlı etmişdir.
***
Son dövrün
memarlıq abidələri sırasında dini məbədlər xüsusi qeyd olunmalıdır.
Azərbaycan
tolerant ölkədir. Müxtəlif dinlərə sitayiş edən insanlar burada mehribanlıq şəraitində
yaşayır və işləyir.
Multikultural
ənənələrimiz, dini modelimiz bütün dünyaya nümunədir.
Müstəqillik
dövründə dinə münasibətdə də köklü dəyişikliklər baş vermişdir. Ötən dövrlərdən
qalma məscidlər, kilsələr, sinaqoqlar, məbədlər və ziyarətgahlar təmir edilmiş,
yeniləri tikilmişdir.
Heydər məscidi
və Bibiheybət məscidi isə bənzərsiz milli-dini memarlıq abidəsi kimi keçmişi və
bugünü üzvi şəkildə özündə birləşdirir. Eyni zamanda, xalqın milli-mənəvi və dini
dəyərlərinə hörmət və ehtiramının simvoluna çevrilib.
İkinci nəfəs
verilmiş köhnə binalar, müxtəlif üslublarda tikilmiş yeni bina, kompleks və qurğular,
habelə park və xiyabanlarla yaşayış məhəllələrinin uyğunlaşdırılması, gecə işıqlandırma
effektləri köhnə Bakıya yeni görkəm və xüsusi cazibədarlıq gətirmişdir.
Təkcə şəhərin
sakinləri deyil, gələn qonaqlar, turistlər, uzun müddət şəhərdən ayrılaraq yenidən
geriyə dönənlər bu valehedici gözəlliyə dönə-dönə heyranlıqlarını bildirirdilər.
Əslində "Köhnə
Bakı” ifadəsi yerinə düşmür və görünür, arxivlərə verilməlidir.
Yeni Bakı
isə həm qədim, həm də müasir, möcüzə qədər gözəldir!
Bu gözəlliyin
müəllifi isə dövlət başçısı cənab İlham Əliyevdir!
Yeni Bakının
yenilənməsinin baş müəllifi!
Bəxtiyar SADIQOV