Hüquqi müstəvidə barışın təsdiqlənməsi üçün Ermənistan öz konstitusiyasını dəyişdirməli və revanşizmin kökünü kəsməlidir
Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində müzakirələr davam edir. İki ölkə arasında mütəmadi reallaşan təmaslar, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası ilə bağlı görülən işlər regionun gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyır. Lakin prosesin uğurla yekunlaşması üçün İrəvandan praktiki və hüquqi müstəvidə konkret addımlar tələb olunur. Bu çərçivədə Ermənistan rəhbərliyinin son günlərdə verdiyi bəyanatlar və Azərbaycan tərəfinin münasibəti sülh gündəliyinin əsas xəttini təşkil edir.
Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları İrəvanın sülh prosesinə baxışında və daxili auditoriyaya verdiyi mesajlarda bəzi məqamları ortaya çıxarır. Baş nazir vurğulayıb ki, Ermənistan hökuməti insanların sülhə olan inamını yekun nəticəyə, sülh sazişinin imzalanmasına və ratifikasiyasına çatdırmalıdır. Paşinyanın sözlərinə görə, Bakı və İrəvan arasında sülh artıq reallıq olsa da, hələ hüquqi müstəvidə tam şəkildə rəsmiləşdirilməyib. O əlavə edib ki, Ermənistan hökuməti insanların gözləntilərini doğrultmalı və prosesi başa çatdırmalıdır: "Aralıq mərhələyə çatmışıq. Amma bu, yekun mərhələ deyil və yekun mərhələyə doğru hərəkət etməliyik".
İrəvan rəhbərliyinin siyasi xəttində və ideoloji yanaşmasında irəli sürdüyü "Real Ermənistan" konsepsiyası da diqqət çəkir. Nikol Paşinyan birmənalı vurğulayıb ki, "Tanrının vəd etdiyi torpaqlar" Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Onun fikrincə, məhz bu konsepsiya qonşu dövlətlərə, xüsusən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir.
Sülh sazişinin imzalanmasının zəruriliyi kontekstində Nikol Paşinyan TRIPP (Tramp marşrutu) layihəsini, Azərbaycanla sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə normallaşma prosesini, "Şimal-Cənub" yolunu və "Sülh qovşağı" konsepsiyasını da xatırladıb. Eyni zamanda hökumət üzvlərinə siyasi mesajları və strategiyaları bu prioritet ətrafında qurmağı, real problemlərə və praktiki həll yollarına diqqət yetirməyi tövsiyə edib: "Günlük informasiya səs-küyü hökumətin əsas işindən yayınmasına səbəb olmamalıdır".
Paşinyanın bəyanatları göstərir ki, İrəvan rəhbərliyi təhlükəli iddialardan uzaqlaşaraq real şərtləri qəbul etməyin və sülh gündəliyini daxili siyasətin əsas prioritetinə çevirməyin vacibliyini anlayır. Lakin Baş nazirin də vurğuladığı kimi, sülh prosesinin hüquqi müstəvidə və konkret əməli addımlarla təsbit olunması əsas şərtdir. Bunun üçün isə İrəvan üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz icra etməlidir. Xüsusən dayanıqlı sülhün bərqərar olunması üçün Ermənistanda revanşizm cəhdlərinə, gələcəkdə münaqişəni yenidən alovlandıra biləcək təşəbbüslərə heç bir halda imkan verilməməli, şərait yaradılmamalıdır.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 2-də Bakıda keçirilən CAMCA Forumundakı çıxışında bu məqamları gündəmə gətirərək İrəvana konkret çağırışlar edib. Hikmət Hacıyev çıxışında regional təhlükəsizlik arxitekturasının formalaşmasında hüquqi bazanın xüsusi yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, faktiki olaraq bölgədə sülh var, lakin sülh yalnız kağız üzərində qalmamalıdır: "Biz yalnız bir son məsələni gözləyirik: Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişdirilməsindən sonra düşünürəm ki, yekun sülhün imzalanması reallığa çevriləcək". Bu, o deməkdir ki, Ermənistan xalqı Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını öz yekun qərarı ilə təsdiqləməlidir.
Dayanıqlı sülhün qarşısında duran maneələrdən danışan Prezidentin köməkçisi daha bir narahatedici məqam kimi revanşizmin Ermənistan gəncləri arasında qalmasını da göstərib. Qeyd edilib ki, müharibə canisi Robert Koçaryanın və revanşist Samvel Karapetyanın əsas elektoratını erməni gənclər təşkil edir. Bu fakt göstərir ki, Ermənistan cəmiyyətində kök salmış revanş əhvali-ruhiyyəsinin aradan qaldırılması üçün ciddi təbliğata və köklü dəyişikliklərə ehtiyac var. Sülhün yalnız dövlət rəsmiləri arasında deyil, həm də cəmiyyətlər səviyyəsində qəbul olunması vacib şərtdir.
Sülh prosesinin regional iqtisadi inteqrasiya və kommunikasiyaların bərpası ilə dəstəklənməsi mühümdür. Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn regional nəqliyyat dəhlizlərinin, xüsusən Zəngəzur dəhlizinin (TRIPP) açılması və təhlükəsizliyinin təmin olunması bölgənin iqtisadi mənzərəsini kökündən dəyişə bilər. İrəvan rəhbərliyi anlamalıdır ki, kommunikasiyaların blokadadan çıxarılması və Ermənistanın tranzit layihələrə qoşulması Bakının irəli sürdüyü praktiki mexanizmlərə tam riayət etməklə mümkündür.
Ümumən götürsək, Bakı və İrəvan arasında yekun sülh sazişinin imzalanması üçün real imkanlar və unikal şans mövcuddur. Lakin bu imkanların real nəticəyə çevrilməsi üçün şifahi bəyanatlardan daha çox konkret hüquqi-siyasi addımların atılması mütləqdir. Ermənistan cəmiyyəti və rəhbərliyi revanşist meyillərdən tamamilə imtina etməli, konstitusiya səviyyəsində qonşu dövlətlərə qarşı ərazi iddialarına birdəfəlik son qoymalı, üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir. Yalnız bu halda Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik, təhlükəsizlik, eyni zamanda regional əməkdaşlıq mühiti qurula bilər.
İsmayıl QOCAYEV,
"Azərbaycan"