26 Iyul 2024 09:23
104
CƏMİYYƏT
A- A+

Yaddaşlarda cəsur əsgər kimi qaldı

 

Rəşad İlham oğlu Mikayılzadə 1995-ci il sentyabrın 30-da Lerik rayonunun Camaşəir kəndində dünyaya göz açıb. Bakı şəhərindəki 240 nömrəli tam orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib.

2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunlarının könüllüsü olub. Üzərinə düşən vəzifələri vaxtında və layiqincə yerinə yetirib. Avropa Oyunları zamanı göstərdiyi nümunəvi könüllü xidmətə görə mükafatlandırılıb.

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində Vətən müharibəsi başlayanda Rəşad Mikayılzadə tay-tuşlarından geri qalmadı. Könüllü olaraq döyüşə yollandı. Torpaqların azadlığı naminə yenidən əyninə hərbi forma geyindi. Onun erməni qəsbkarlarına qarşı ilk döyüşü Füzuli rayonu uğrunda oldu. Daim ön sıralarda vuruşan Rəşad silah yoldaşları ilə dəqiq atəşlə erməni işğalçılarına zərbələr endirməkdə fərqləndilər. Füzuli rayonu qəsbkarlardan azad olunandan sonra onları Xocavənd istiqamətinə göndərdilər. Qarabağ işğalçılardan addım-addım azad olunduqca Rəşad sevinir, ürəyi açılırdı. Bir vaxtlar o, işğalda qalmış torpaqlar uğrunda vuruşmağı arzulamışdı. İndi arzusuna çatmışdı, Qarabağı erməni qəsbkarlarından azad edənlərin ön sırasındaydı.

Xocavənddən sonra Rəşadgili Şuşa uğrunda gedən döyüşlərə cəlb etdilər. 2020-ci il noyabrın 8-də ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın musiqi beşiyi Şuşa işğaldan azad olundu. Şuşanın yağı caynağından xilas olunmasına Rəşad da çox sevindi. Bunda xidməti olduğu üçün qürurlandı, ömrünün ən gözəl anlarını yaşadı.

Noyabrın 9-u idi. Döyüşlər daha çox işğaldan yenicə azad olunmuş Şuşa ətrafında gedirdi. Əsgər Rəşad Mikayılzadə həmişəki kimi yenə də ön sıralarda vuruşurdu. Ötəngünkü döyüşdə ağır itkilər verib geri çəkilən yağılar olub-qalan gücünü toplayıb əks-hücuma keçmişdilər. Düşmən onların komandirini vurmağa çalışırdı. Həmin an Rəşad böyük qəhrəmanlıq göstərərək özünü komandirin qarşısına atıb onu xilas etdi. Amma özü şəhid oldu.

Əsgər Mikayılzadə bir payız günündə dağlar qoynunda dünyaya gəlmişdi. Elə bir payız günündə də dağlar qoynunda  - 2020-ci il noyabrın 9-da Şuşa ətrafında gedən döyüşlərdə canından keçdi. Cəsarəti, hünəri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazdı.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi igidliyə və cəsarətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Mikayılzadə Rəşad İlham oğlu ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Rəşad Mikayılzadə də yaddaşlarda cəsur əsgər kimi qalacaq. Daim hörmətlə anılacaq, böyük ehtiramla xatırlanacaq.

 

V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video