25 Fevral 2024 08:00
8293
SİYASƏT
A- A+
Xocalıda dalğalanan şanlı bayrağımız

Xocalıda dalğalanan şanlı bayrağımız

 

Artıq qisası alınmış şəhidlərimizin ruhları şaddır

 

Dünyanı sarsıdan Xocalı faciəsinin baş verdiyi gündən nə qədər zaman keçsə də, Azərbaycan xalqı bu ağrı-acını heç vaxt unutmayacaq. Həmişə kədər hissi ilə xatırlayacaq. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikasının və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhəri üzərinə hücuma keçdilər. Erməni qəsbkarları bu qanlı hücumdan əvvəl, fevralın 25-də axşam şəhəri toplardan və "Qrad" qurğularından güclü atəşə tutdular. Az sonra isə işğalçılıq planlarını reallaşdırmaq üçün vəhşicəsinə bir neçə istiqamətdən Xocalı üzərinə yeridilər.
Hücum güclü olduğuna görə ermənilər şəhəri yerlə yeksan etdilər. Bir gecənin içində dəhşətli faciə baş verdi. Evlər yandırıldı, Xocalı camaatı amansızcasına qətlə yetirildi. Faciə baş verən günə qədər şəhəri yalnız yurd təəssübü çəkən  oğullardan təşkil olunmuş könüllülər qoruyurdu. Hücum qəfil və güclü olduğuna görə yağıların qarşısını almaq mümkün olmadı. İyirmi beş min əhalisi olan Xocalı mühüm strateji əhəmiyyətə malik coğrafi məkanda yerləşirdi. Buna görə də xeyli müddət idi ki, düşmən nəyin bahasına olursa-olsun, şəhəri işğal etməyə çalışırdı.
Hadisənin gedişinə nəzər yetirəndə görürük ki, əslində, Xocalı erməni silahlı dəstələri tərəfindən 1991-ci ilin payızından mühasirəyə alınmışdı, onun işğalı üçün hazırlıqlar görülmüşdü. Düşmən Xocalını ələ keçirmək üçün ciddi həmlələr edir, qanlı işğalçılıq planını həyata keçirməyə can atırdı. 
1992-ci ilin yanvarından Xocalıya verilən elektrik enerjisi kəsilmişdi. Şəhər qaranlığa qərq olmuşdu. Əhalinin bir hissəsi bu cür ağır şəraitdə yaşaya bilmədiyinə görə yavaş-yavaş doğma ocaqlarını tərk etməyə başlamışdı. Bir müddətdən sonra erməni qaniçənləri şəhərə gedən avtomobil yollarını da nəzarətə götürmüşdülər. Yollar bağlanandan sonra ümid yalnız vertolyotlara qalmışdı. Həmin çətin günlərdə Xocalı şəhəri yalnız sakinlərinin qəhrəmanlığı və cəsurluğu sayəsində müdafiə olunurdu. Təbiidir ki, bu da uzun müddət davam edə bilməzdi. Çünki Ermənistandan Xocalı istiqamətinə qan qoxulu işğalçılıq küləkləri əsirdi.

 

"Məxfi arayış"da yazılanlar 

 

Artıq şəhəri ələ keçirmək üçün əlverişli şəraitin yarandığını görən erməni qəsbkarları qanla yoğrulmuş işğalçılıq planlarını soyuq bir qış gecəsində həyata keçirdilər. Yağıların hücumdan əvvəl şəhəri artilleriya atəşinə tutması ağır itkilərə gətirib çıxardı. Çaşqınlıq içində qalmış əhali nə edəcəyini, hara gedəcəyini bilmirdi. Bundan istifadə edən ermənilər şəhərə qoşun yeritdilər. Düşmən piyadaları şəhərə fevralın 25-dən 26-na keçən gecə girdi. Qəsbkarlar könüllülərin sonuncu müdafiə postuna səhər saat 7-də girdilər. O vaxta qədər silaha sarılmış şəhər sakinləri Xocalını ermənilərdən  müdafiə etməyə çalışırdılar. Amma böyük qüvvə qarşısında köməksiz qalaraq istəklərini həyata keçirə bilmirdilər. Son nəticədə  Xocalı qəsbkarların əlinə keçdi...     
Xocalıda 1 şəhər, 2 qəsəbə, 50 kənd, 1 məktəbəqədər, 12 ümumtəhsil və 1 texniki peşə məktəbi, 54 mədəniyyət və 1 səhiyyə ocağı var idi. 
Doğma yurdumuz Xocalıya hücum planı Robert Koçaryanın rəhbərliyi ilə hazırlanmış və Xankəndi şəhərinin baş memarı V.Stepanyan tərəfindən tərtib olunmuşdu. Şəhərə basqın 1992-ci il fevralın 25-də axşam keçmiş ittifaqın 366-cı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamışdı. Hücum beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor və lobbiçilərinin birgə hazırladıqları "böyük Ermənistan" planı əsasında  "Haydad" və "Asala" terror təşkilatlarıyla birgə icra olunmuşdu. 
Xocalıya hücum üç istiqamətdən olduğuna görə əhali sağ qalmaq ümidi ilə Əsgəran və Ağdam tərəfə  qaçmışdı. Təəssüf ki, onlar hara üz tutsalar da, xilas ola bilməmişdilər. Dağlarda və meşələrdə erməni silahlı dəstələri tərəfindən qarşıları kəsilərək gülləbaran edilmişdi. 
Qəlbləri dağlayan Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik Vladimir Savelyev özünün "məxfi arayış"ında erməni terror təşkilatlarıyla 366-cı alayın qoşun birləşmələrinin Qarabağda həyata keçirdikləri əməliyyatları izləyərək real faktları sənədlərdə belə etiraf etmişdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Görün biz rusların zabit şərəfi necə ləkələndi". 
Bundan sonra bu yüksək çinli zabit həmin "məxfi arayış"a 366-cı motoatıcı alayın komandiri Zaviqorov Yuri Yuriyeviç də daxil olmaqla 55 rus hərbçisinin adı olan siyahını əlavə edib. Digər məlumatlarda da göstərilir ki, 366-cı alayın hərbi qulluqçuları azərbaycanlıların yaşayış məntəqəsinə bir top atəşinə görə ermənilərdən 1300 rubl, BTR-in bir gecəlik icarəsinə 5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının göstərişlərinə 3-4 min rubl alırdılar. Çoxlu pul verdiklərinə görə, həmin gecə 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik Fransadan göndərilən 142 avatomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronijilet, 11 ton konservləşdirilmiş yemək, 1200 cüt ayaqqabı, 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerika istehsalı olan 149 ədəd rabitə vasitəsi Xocalıya hücumdan əvvəl ermənilərə paylanmışdı. Məhz elə yüksək hazırlığa görə qəsbkarlar qısa müddət ərzində şəhəri işğal etmişdilər. 

 

Humanitar "dəhliz", yoxsa ölüm tələsi

 

Ermənilər beynəlxalq təşkilatların gözünə kül üfürərək, özlərini müdafiə etmək məqsədilə həmişə həyasızcasına bildirirlər ki, guya onlar dinc əhalinin şəhərdən təhlükəsiz şəraitdə, sağ-salamat çıxması üçün humanitar dəhliz açmışdılar. Əsl həqiqətdə isə sakinlərin Xocalıdan sağ-salamat çıxmaları üçün yol qoyulmamışdı. Ermənilərin dedikləri "dəhliz" sakinlər üçün təhlükəsiz çıxış yolu yox, əslində, bir tələ olmuşdu. 60 nəfərdən bu barədə soruşulanda onlardan yalnız biri deyib ki, dəhliz barədə əvvəldən məlumatı var imiş. Amma camaat sağ qalmaq üçün həmin yerə yaxınlaşanda ermənilər tərəfindən atəşə tutulmuş, vəhşicəsinə öldürülmüşdü. Xilas üçün ermənilərin "dəhliz" dedikləri yerə yaxınlaşanlar güllələrlə qarşılanmışdı.
Ermənilər Xocalıya hücum zamanı 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlı insanlar olmuşdu. 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq hər iki valideynini,  130 nəfər valideynlərdən birini itirmişdi. Qanlı hadisələrdə 487 nəfər şəhər sakini yaralanmışdı ki, onlardan 76-sı uşaq idi. 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir aparılmışdı. Təsadüf nəticəsində ermənilərin əsir düşərgəsindən dönən xocalılılarla söhbət edərkən onlar daşnakların əsirlərə olmazın işgəncə verdiklərini deyirdilər. Neçə-neçə Xocalı sakini əzablar içində düşmən əsirliyində həlak olmuşdu. Əsir aparılanlardan 150 nəfərin taleyi bu günə qədər də məlum deyil. 
O qanlı gecədə doğma ocaqlarından qaçqın düşən Xocalı sakinləri hətta həyatları üçün ən zəruri əşyalarını belə götürə bilməmişdilər. Şəhər sakinlərinin evlərində qalmış əmlakları Xankəndidə, həmçinin yaxınlıqdakı qəsəbə və kəndlərdə yaşayan erməni əhalisi tərəfindən daşınıb aparılmışdı. Evlər yağmalanmış, yandırılmış və viran edilmişdi. 
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı zorakılıq hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyənnaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir. 
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin ümidi ilə yaşayırdılar. Onlar müntəzəm olaraq dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə, soyqırımı faktlarını pisləmək barədə müraciətlər edirdilər. Təəssüflər olsun ki, illərdən bəri bu müraciətlərə beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən heç bir müsbət cavab verilmirdi.  
1994-cü il fevral ayının 24-də Milli Məclisin qərarı ilə fevralın 26-sının "Xocalı soyqırımı günü" kimi qeyd olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat göndərilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən hüquqi qiymətini aldı. 1995-ci il fevral ayının 24-də Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı tarixi müraciət etdi. 
Xocalı soyqırımının dünyada tanıdılması, ermənilərin ifşa edilməsi  üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir "Xocalıya ədalət!"  kampaniyası aparılır. Bu məqsədlə Xocalı faciəsindən bəhs edən kitablar ingilis, fransız, rus və dünyanın başqa dillərinə tərcümə edilir, sənədli filmlər çəkilərək xarici ölkələrin ictimaiyyətinə təqdim olunur. Aparılan uğurlu işlər müsbət nəticələr verir. Bu gün Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, ABŞ-nin 13 ştatı və başqa ölkələr  Xocalı soyqırımını tanıyıblar. Dünya açıq-aydın görür ki, Xocalı faciəsi ermənilərin və erməniçiliyin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin bariz ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq terrorizmin ən qəddar örnəklərindən biri, insanlığa qarşı indiyədək törədilmiş cinayətlərin ən dəhşətlisi və ağrılısıdır.
Xocalıda axıdılan göz yaşları uzun illər idi ki, qurumaq bilmirdi. Bu göz yaşları hamımızın içini göynədir, qəlbimizi yandırırdı. Uzun illər idi ki, xalqımız ermənilərdən intiqam almaq hissi ilə yaşayırdı. Xocalı faciəsini özündə əks etdirən dəhşətli, tükürpədici faktlar gecə-gündüz "qisas, intiqam" hayqırırdı. 
Xalqımızın əli silah tutan vətənpərvər oğulları möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə düşmən üzərində Qələbə çalmağa hazır idi. Vətənin müdafiəsini və işğal altında olan torpaqlarımızın azad olunmasını hamı özünün vətəndaşlıq borcu hesab edirdi. İgidlərimiz Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirməyə hazır və qadir idi. Bir qalırdı ki, Ali Baş Komandan döyüş əmri versin. İşğal altında olan torpaqlarımızı azad etməyə hazır və qadir olduğunu ordumuz Vətən müharibəsində bir daha göstərdi. 
Hələ İkinci Qarabağ müharibəsindən əvvəl inanırdıq ki, gün gələcək, Xocalı soyqırımının günahkarları, təşkilatçıları, icraçıları, başda Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və başqaları olmaqla layiqli cəzalarına çatacaqlar. Belə dəhşətli bir cinayət, soyqırımı cəzasız qalmayacaq. Yeri gəlmişkən, erməni canilərinin bir qismi artıq Bakıda mühakimə olunurlar. Ümid edirdik ki, yaxın vaxtlarda bu qanlı faciəni törədən digər cinayətkarlar da layiqli cəzalarını alacaqlar. 
İllər keçdikcə artıq dünya yavaş-yavaş erməni yalanlarına inanmırdı. Çünki zaman ötüb arxada qaldıqca deyilənlərin və yazılanların yalan olduğu üzə çıxırdı. Sanki qaranlıqlara işıq düşürdü. Ümidimizi heç vaxt üzmürdük. İnanırdıq ki, gec-tez ədalət zəfər çalacaq. Artıq yavaş-yavaş dünyada haqqın, ədalətin səsi eşidilməyə başlamışdı. 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının qubernatoru Tim Voiz fevral ayının 26-sının Azərbaycan Günü elan olunması ilə bağlı bəyənat imzalamışdı. Onu da xatırladaq ki, bu ştatın Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdi. Göründüyü kimi, hər şeyə hakim olan zaman erməni yalanlarının və saxtakarlığının üstündən qalın pərdəni götürdükcə həqiqət açıq-aydın görünürdü. Bundan sonra dünya ictimaiyyəti ermənilərin əsl işğalçı simasını yaxından görür və tanıyırdı.  
Xocalı soyqırımının baş verməsinin səbəblərindən biri də həmin dövrdə ordumuzun bugünkü kimi güclü və qüdrətli olmaması idi. Əgər o günlərdə  ordumuz güclü, qüdrətli olsaydı, təbiidir ki, xalqımız belə dəhşətli faciə yaşamazdı. Ordumuz erməni işğalçılarının hücumlarının qarşısını alar, Xocalını, onun sakinlərini düşmənlərdən müdafiə edərdi.
Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində bu gün ordumuz dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə yanaşı addımlayır. 

 

Erməni işğalına son qoyuldu, şəhidlərin qisası alındı

 

Dünya ictimaiyyəti Azərbaycan Ordusunun güc və qüdrətini İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsində zabit və əsgərlərimiz Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə  böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Bu qəhrəmanlıq və igidlik sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, şəhidlərin qisası alındı. Torpaqlarımız, şəhər və kəndlərimiz erməni işğalından azad olundu. Qəhrəmanlıq tariximizə yeni şərəfli səhifələr yazıldı. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ermənistan ordusu darmadağın edildi. 44 günlük Vətən müharibəsində başqa ərazilərimiz kimi, Xocalı şəhərinin on səkkiz kəndi də erməni işğalçılarından azad olundu. Çox qürurverici hal idi ki, artıq üçrəngli bayrağımız Xocalı şəhərinin ərazisində də dalğalanırdı. 
İkinci Qarabağ müharibəsi zamanı Xocalı faciəsində iştirak etmiş bir neçə erməni qulduru öldürüldü. Faciədə əli xalqımızın qanına batmış daşnaklardan bir neçəsi həbs edildi. Gec də olsa, haqq-ədalət öz yerini tapdı. Nəhayət, məğlubiyyətə uğrayan ermənilər Azərbaycan Ordusunun gücünü, qüdrətini gördülər. 
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda təxribatlar törədən Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı lokal xarakterli antiterror tədbiri həyata keçirdi. 24 saata qədər davam edən əməliyyat nəticəsində 30 ilə yaxın Qarabağda davam edən erməni faşizminə, erməni separatizminə son qoyuldu. Qarabağdakı erməni separatizminin quldur yuvası darmadağın olundu. Ağ bayraq qaldıran düşmən silahı yerə qoyub təslim oldu, könüllü olaraq Qarabağı tərk etdi. 
Uğurla başa çatan antiterror əməliyyatından sonra  Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və nəhayət, uzun illər gözüyaşlı, ürəyi dağlı qalmış Xocalı erməni işğalçılarından azad edildi.    
2023-cü il oktyabr ayının 15-də Qarabağa səfər edən Prezident İlham Əliyev Xocavənddə, Ağdərədə, Xocalıda, Xankəndidə və işğaldan azad olunmuş başqa ərazilərmizdə Azərbaycan bayrağını dalğalandırdı. Noyabr ayının 8-də - Zəfər Günündə isə Xankəndidə Zəfər paradı keçirildi. Bütün bunlar düşmənə gözdağı oldu. Getdikcə güclənən Azərbaycan Ordusu qələbələri ilə Azərbaycan xalqına sevinc dolu günlər bəxş etdi.    
Bu gün Azərbaycan xalqı həyatının ən gözəl günlərini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Yaxın zamanlarda sakinlər böyük sevinclə 1992-ci ilin fevralında qan içində qoyub gəldikləri Xocalıya qayıdacaqlar. Onda insanların da, torpağın da üzü güləcək. Bir daha bu yerlərdə atəş səsləri eşidilməyəcək. Çünki daim inkişafda olan, güclü, qüdrətli  Azərbaycan Silahlı Qüvvələri sərhədlərimizin keşiyində ayıq-sayıq dayanır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:21
03 Dekabr

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib  

13:20
03 Dekabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

13:19
03 Dekabr

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib  

13:12
03 Dekabr

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

13:11
03 Dekabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib  

13:10
03 Dekabr

Sumqayıtda yaşayış binasındakı partlayış zamanı xəsarət alan 6 nəfər tibb müəssisələrinə təxliyə olunub  

12:49
03 Dekabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib  

12:48
03 Dekabr

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB

11:49
03 Dekabr

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:06
03 Dekabr

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:04
03 Dekabr

Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

11:01
03 Dekabr

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

10:59
03 Dekabr

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

10:54
03 Dekabr

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır  

10:49
03 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  

10:49
03 Dekabr

Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub  

10:48
03 Dekabr

DİN: Ötən gün 20 cinayətin üstü açılıb

10:42
03 Dekabr

Azərbaycan-BƏƏ strateji tərfdaşlığı artıq öz bəhrəsini verir  

10:17
03 Dekabr

Abbas Abbasov BMT-də Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak edib  

09:46
03 Dekabr

Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün çalışırlar

09:43
03 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!