30 Yanvar 2024 10:20
13417
İQTİSADİYYAT
A- A+

Xəzərin nəhəngi

 

"Zərifə Əliyeva" gəmisi dünyanın ən böyük gölünün ən müasir yük bərəsidir 

 

Diqqət!
Bütün heyət üzvləri mövqelərə!
Yoxlamaları tamamlayın!
Arxa kəndirləri yığın! 
Dəmir yolu körpüsünü qaldırın!
Ön kəndirləri alın!
Hərəkətə başlayırıq...
Teleqrafların hər ikisi 20 irəli! 
Körpünü keçdik, kanala giriş...
Sükan 5 sağa, kurs 200 dərəcə...
Yolumuz açıq, səfərimiz uğurlu olsun...
...Dünyanın ən böyük gölünün nəhəng gəmi-bərəsi, mərhum akademik Zərifə xanım Əliyevanın adını daşıyan gəmimiz Ələt Beynəlxalq Dəniz Ticarəti Limanından Qazaxıstanın Kurık limanına doğru növbəti səfərinə çıxır... 
Gəmi ilə uzaq səyahətimiz başlayır. Qarşıda mavi Xəzərdə Kurık limanınadək dənizçilərin təbirincə desək, 250 mil, yəni 463 kilometrlik yolumuz var.  
Bərə ay işığının dənizin sinəsində açdığı qızılı rəngli çığırla yavaş-yavaş Xəzərin dərinliklərinə doğru hərəkət edir. Kənardan baxan insana elə gəlir ki, nəhəng gəmi sadəcə aram-aram sahildən uzaqlaşır. Əslində isə hər şey göründüyü kimi deyil...
 Gəmi limandan təhlükəsiz ərazilərə çıxana qədər bir çox müxtəlif manevrləri yerinə yetirir. Öncə dayazlıqda süni qazılmış dərin kanalla yalnız onun üçün ayrılmış marşrut xətti ilə hərəkət edir, ardınca "təhlükəli rayonlar"dan (su altında kiçik və iri təpəciklər, batmış gəmilər, onların qalıqları olan ərazilər) dəqiqliklə keçib, digər gəmilərlə arasındakı məsafə fərqini saxlamaqla təhlükəsiz sulara çıxır. Bütün bu proseslər isə gəmi kapitanının verdiyi komanda və tapşırıqlar əsasında reallaşır. 
Asan görünsə də, bu bir o qədər çətin və məsuliyyət, dəqiqlik tələb edən prosesdir. Əgər limandan təhlükəsiz sulara çıxış təxminən 7 saat çəkirsə, təsəvvür edin ki, gəmi hansı çətin prosedurlardan keçir.    

 

Azərbaycanın istehsal etdiyi ilk "Ro-Pax" tipli  gəmi-bərə

 

Gəminin "beyin mərkəzi" - kapitan körpüsündəyik. Bura komandaların verildiyi məkandır. Bütün avadanlıq müasir texnologiyalar əsasında qurulub. 
Kənarda dayanıb həm naviqasiya sistemlərinin necə işləməsini, həm də kapitanın verdiyi qərarların matroslar tərəfindən necə yerinə yetirilməsini müşahidə edirik. Mərkəzdə kapitan, onun baş köməkçisi, eləcə də kapitanın növbə köməkçiləri və komandaları icra edən matroslar çalışır. 
Yəqin ki, çoxlarınız ya canlı, ya da bədii və sənədli flimlərdə əvvəlki dövrlərin gəmilərinin kapitan körpüsünü görmüsünüz. Orada diqqəti ilk çəkən şturval (gəminin dairəvi böyük sükanı) olurdu. Artıq yeni əsrin modern gəmisində həmin şturval gözə dəymir. Əvvəlki gəmilərdə iki əl ilə idarə edilən şturvalı, indi cəmi 3 barmaqla hərəkət etdirilə bilən kiçik avtomat mühərrik əvəzləyir. Gəminin bütün naviqasiya sistemi elektronlaşdırılıb. Onların hər biri müxtəlif funksiyanı yerinə yetirir. 
Gəminin kapitanı ömrünün 30 ilini mavi sularda keçirən Əbuzar Həsənovdur. O, gəminin "təhlükəli rayondan"dan təhlükəsiz keçidi üçün matroslara komandalarını çatdırır. 
Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zərifə Əliyeva" gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 28-də istismara verilib. Dəniz Nəqliyyatı Donanmasına məxsus bu gəmi-bərəyə Zərifə Əliyevanın adının verilməsi Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.
Yəni bu gəmi Azərbaycanın özünün istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərədir. "Ro-Pax" tipli gəmilər həm sərnişin, həm də təkərli yüklərin (dəmir yolu sisternləri, avtomobillər, digər göyərtə yükləri) daşınmasını həyata keçirir. 
 Daimi heyəti 30 nəfərdən ibarət 5 mərtəbəli unikal bərənin uzunluğu 154 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, suya oturumu isə 4,5 metrdir. 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 46 yarımvaqon, həmçinin 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Sürəti 14 uzl (yəni saatda 14 dəniz mili) olan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin stabilləşdirilməsi sistemi, dartıcı lokomotivlər mövcuddur. Nadir dizayna malik gəmi yüksək texniki göstəricilərinə görə fərqlənir. Ən müasir naviqasiya sistemi ilə təchiz edilmiş gəmi yükgötürmə qabiliyyətinə (4950 ton) görə hazırda Xəzərdə mövcud bərələrdən böyükdür. 

 

3 ay suda, 3 ay quruda

 

Gəmi Neft Daşlarını keçib açıq dənizə çıxır. Kapitan yenə iş başındadır. Amma təhlükəsiz sularda olduğumuz üçün kapitan söhbətləşməyə də vaxt ayırır. 
Kapitan Əbuzar Həsənov indiyədək Azərbaycanın müxtəlif təyinatlı gəmilərində çalışıb - matrosluqdan tutmuş kapitan vəzifəsinədək işləyib. 55 illik ömrünün 30 ilini mavi sularda xidmətə fəda edib. İşinin vurğunu, həm də peşəkarıdır. O deyir ki, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - ADDA) məzunudur: "Bu günədək ölkəmizin müxtəlif gəmilərində xidmət etmişəm. İşimi, peşəmi sevirəm və hər gün daha həvəslə çalışıram. 3 ay dənizdə, 3 ay quruda oluruq. Açığını deyim, gəmidən ayrıldıqdan sonra qurudakı həyata çətinliklə adaptasiya oluram. Gəmiyə dönəndə sanki həyata yenidən qayıdıram. Uşaq vaxtından dənizə çox marağım vardı. Matros kimi fəaliyyətə başlayanda arzuma çatmışdım. Bu gün Azərbaycanın özünün istehsal etdiyi nəhəng gəminin kapitanıyam. İndi məsuliyyətim daha böyükdür. Çünki gəminin heyətinin, daşınan yüklərin məsuliyyəti üzərimdədir. Həm də mən Azərbaycan xalqının mərhəmət, şəfqət ünvanı kimi qəbul etdiyi mərhum akademikimiz Zərifə xanım Əliyevanın adını daşıyan gəminin kapitanıyam. Bu, həm şərəf, qürur, həm də böyük məsuliyyətli işdir. 
Onu da deyim ki, bütün gəmilərimizin şəxsi heyətinin fəaliyyəti, sosial-psixoloji durumu hər zaman diqqətdə saxlanılır. Bizlərə istənilən zaman hər cür dəstək göstərilir. Bu da bizi təbii ki, ruhlandırır və daha yaxşı, daha məsuliyyətli işləməyimiz üçün stimul yaradır".
Kapitan deyir ki, əvvəlki gəmilərlə müasir gəmilər arasında çox böyük fərq var. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sifarişi ilə istehsal edilən "Ro-Pax" tipli iki gəmi - "Zərifə Əliyeva" və "Azərbaycan" bərələri tam müasir standartlara uyğun elektron naviqasiya sistemləri ilə təchiz olunublar. Gəmidə bütün cihazlar elektronlaşdırılıb. Burada ən mühüm olan Gerokompas (gəminin təyin olunmuş hərəkət kursunu göstərən cihazdır), GPS (bərənin bütün koordinatlarının yazıldığı sistemdir), Naftex (gəmiyə gələn hava haqqında məlumatı qəbul edir), Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi olan QDFƏRS var. Yəni bu sistemin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fəlakətə uğrayanda digər gəmilərə məlumatı ötürmək olur. 
GPS sistemi ilə gəmiyə Bakıdan nəzarət edilir. Yəni gəmi Xəzərin harasında olur olsun hərəkəti, manevri Bakıdan izlənilir. 
QDFƏRS ilə dünyanın bütün sularında olan gəmilərlə rabitə əlaqəsi yaratmaq mümkündür. Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı bərədir. Yəni Şimal Buzlu okeandan (bu okeanda üzən gəmilər A4 kateqoriyalıdır) başqa istənilən su sahəsində üzmək qabiliyyətinə malikdir.  
Gəminin təyyarələrdə olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalar, alınan telefonoqrammalar, yəni yazılı göndərilən və qəbul edilən, şifahi səsləndirilən bütün komandalar qeydə alınır. 
Əgər buradakı elektron avadanlıqlarda hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz idarəetmə otağına keçərək gəmini oradan da idarə edə bilər.
Kapitan körpüsündə gəminin idarə edilməsi üçün 3 sükan var. Onların biri mərkəzdə - əsas sükan, digərləri isə köməkçi sükan kimi sağ və sol bortlarda quraşdırılıb. Gəmi limana hansı istiqamət üzrə yan alırsa, kapitan həmin bortda dayanıb komanda verir.

 

25 metrlik lift, ayrı kayutalar, gündə 4 dəfə qidalanma

 

Gəminin yüklənməsi, boşaldılması, göyərtə komandasının iş prosesinə, onların və digər sərnişinlərin qidalanmasına, eləcə də digər məsələlərə kapitan  köməkçisi nəzarət edir. Biz də gəminin "beyin mərkəzi"ndə digər məsuliyyətli şəxs olan kapitanın böyük  köməkçisi - Elnur Yaftumovla söhbətləşirik. 
41 yaşlı dənizçi Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. 1999-cu ildən mavi sulardadır. 25 illik dənizçilik təcrübəsinə sahib olan kapitanın böyük köməkçisi öncə gəminin yüklənmə və boşaldılma prosesindən söz açır. Gəmi limana çatan kimi göyərtə komandası vəzifəsini yerinə yetirməyə başlayır. Gəminin yüklənib, boşaldılması təxminən 6-8 saat çəkir. Əsas vaxt aparan sənədlərin düzgün yoxlanma prosesidir. 
Yüklərin aşağı göyərtəyə endirilməsi üçün uzunluğu 25 metr,  qaldırma ağırlığı 188 ton olan liftdən istifadə edilir. Lift bir dəfəyə 2 cüt təkərli yükü/TİR götürə bilir. Aşağı göyərtəyə 16, yuxarı göyərtəyə isə 46 vaqon yerləşir. 
Budəfəki səfərdə gəminin yükü 36 TIR, 9 minik avtomobili, 12 ədəd göyərtə yükü, 2 ədəd qoşqudan ibarətdir. Yükün ümumi həcmi 1118 tondur. 
Gəmidə heyət üzvlərindən əlavə 39 sərnişin də var. Hər bir heyət üzvü üçün bir nəfərlik ayrıca kayuta mövcuddur. 100 nəfər sərnişin üçün isə 2 və 4 çaypayılı otaqlar var. Heyət üzvlərinin asudə vaxt keçirməsi və idmanla məşğul olmaları üçün otaqlar da mövcuddur. Bundan başqa, gəmidə həkim, müayinə otaqları, pilot otağı, heyət və sərnişinlər üçün ayrıca yeməkxanalar var. 
Gün ərzində həm heyətə, həm də sərnişinlərə 4 dəfə yemək verilir. Kapitan köməkçisi deyir ki, gəmi səfərə çıxarkən 10 günlük ərzaq tədarükü görülür. Çünki  küləkdən asılı olaraq  səfər 7-10 gün də çəkə bilir. 

 

Zərifə Əliyeva guşəsi, helikopter meydanı, xilasedici qayıqlar

 

Gəmidə 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizi əks etdirən Zəfər guşəsi və akademik Zərifə xanım Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibəti, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb. Sərnişinlər hər iki guşəni maraqla izləyirlər. 
Göyərtəyə çıxırıq. Burada bir neçə xilasedici qayıq və helikopter meydanı mövcuddur. Əgər təsadüfən heyət üzvlərindən kimsə xəsarət alarsa və ya sərnişinlərdən zədələnən, qəflətən halı pisləşən olarsa, dərhal ona ilkin tibbi yardım göstərilir. Əgər xəstənin vəziyyəti ağır olarsa, kapitan bu barədə baş idarəyə məlumat verir və helikopter yardıma gəlir. Xilasedici qayıqlar, sallar isə gəmidəki bütün şəxsi heyyəti təxliyə etmək imkanlarına malikdir.  Gəmi tam sərnişinlə dolu olarsa, heyət üzvləri ilə birlikdə bərədə 130 nəfər olur. "Təxliyə xilasedici salı" adlandırılan 2 qayığın isə hər biri 101 nəfər tutur.  Bu, həm də onun üçündür ki, gəmi hər hansısa qəzaya uğramış başqa bir bərənin, tankerin də şəxsi heyətinin təxliyəsinə yardım edə bilsin.  Bundan əlavə, gəmidə hər biri 12 nəfər tutan 2 ədəd kiçik "Təxliyə xilasedici salı" mövcuddur.  Bundan əlavə, gəmidə 2 ədəd sürətli kiçik xilasedici qayıq da var. 
Kapitan körpüsünə geri dönürük. Əbuzar Həsənov bu illər ərzində mavi sularda rastlaşdığı ən maraqlı və həyəcanlı anlardan danışır... 

(Ardı var) 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Bakı-Qazaxıstan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video