28 Aprel 2022 01:10
3282
Mədəniyyət
A- A+
Xatirələrdə yaşayan Zərifə xanım

Xatirələrdə yaşayan Zərifə xanım

 

Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur...

Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur.

Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə  anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu.

Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı.

O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi...

Ömrünü başdan-başa sənətinə, ailəsinə, xalqına, vətəninə sevgiyə həsr edən böyük oftalmoloq, Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevadan danışırıq...

Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Nə mənsub olduğu tanınmış ziyalı ailəsinin şan-şöhrətinin, nə də həyat yoldaşı böyük dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin kölgəsində daldalanmayan Zərifə xanım güclü xarakteri, əzmkarlığı, zəhmətsevərliyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində sağlığında  ikən özünə canlı abidə ucaltmağı bacarıb. 

Elə buna görədir ki, Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi doğma xalqının qəlbində əbədi yaşayır və hər zaman böyük hörmətlə, ehtiramla anılır...

- Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

HEYDƏR ƏLİYEV

***

- Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.

Mənim anamın ailəsi ovaxtkı cəmiyyətin ən ziyalı hissəsinə mənsub olub. Uşaqların yanında çox vaxt cəmiyyətin mənəvi həyatının bir çox sahəsini əhatə edən söhbətlər olurdu. Bu ailədə uşaqların tərbiyəsinə böyük əhəmiyyət verilirdi və musiqi dərslərindən başqa, onlara öz biliklərini inkişaf etdirmələri də aşılanırdı.

Atasının - Əziz Əliyevin həyatı Zərifə xanım üçün doğma xalqının tarixinin ayrılmaz hissəsi idi. Zərifə xanım həkim etikasına həsr olunmuş kitabının fəsillərindən birini belə adlandırıb: "Fədakarlara günəş kimi ehtiyacımız var". Bu fikrə müraciəti, onun rus mədəniyyətinə münasibətilə bağlıdır. Bütün həyatı boyu o, Çexova və Raxmaninova dərin hörmət bəsləyib. Əgər Çexov ona həkim kimi, insan kimi cəmiyyətin problemlərini başa düşməkdə yaxın idisə, Raxmaninovun musiqisi ona daxili sakitlik verirdi, onu təlaşdan, qərarsızlıqdan azad edirdi, onun daxili harmoniyasını qaytarırdı.

Ailədə mənim nənəmin, Leyla xanımın təsiri güclü olub. Zərifə xanım ondan çox şey öyrənmişdi. O hər şeyi bacarırdı: əla aşpaz kimi xörək hazırlayır, elmi işlə məşğul olurdu; qəlblərə təsir edən oxumağı vardı; zərif və sadə olmağı bacarırdı…

Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar - siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların "şəxsi sirri"dir.

Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.

Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bunula bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.

İLHAM ƏLİYEV

***

- Mənim anam şərqşünas alim idi. Lakin o, həkim olmaq istəyirdi. Orta məktəbi qurtardıqdan sonra sənədlərini Tibb İnstitutuna vermişdi. Amma hansı səbəbə görəsə valideynləri bunun əleyhinə olublar və anamı fikrindən daşındıra biliblər. Sonralar o, filoloq oldu. Məhz anamın baş tutmayan bu arzusu mənim seçimimi müəyyənləşdirdi. Habelə gələcək peşəmi seçməkdə mənə o vaxt İlhamın anası da - oftalmoloq həkim Zərifə xanım da böyük təsir göstərdi. Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır.

MEHRİBAN ƏLİYEVA

***

- Anam uşaqlara, ailəyə çox bağlı idi. Bu onun üçün həmişə birinci yerdə dururdu. Atam bilirdi ki, anamın böyük elmi potensialı, qabiliyyəti var. Buna görə də, onun irəli getməsinə çalışırdı. Yadımdadır, gecə biz hamımız yatandan sonra anam öz elmi işini, məqalələrini, monoqrafiyalarını yazmaq üçün oturardı.

Biz Moskvaya gedəndə o, həmişə həmkarları ilə - oftalmoloqlarla görüşərdi. O, təbrik nitqlərinə meyilli deyildi, məşhurlaşmaq, başqalarından seçilmək arzusu yox idi. Nail olduğu hər şey gərgin elmi axtarışların və böyük zəhmətin nəticəsidir. Onun imkanlarını bilən atam icazə verə bilməzdi ki, bu potensial gerçəkləşməmiş, istifadəsiz qalsın. Siz fikir ayrılıqları, mübahisələr haqqında bilmək istəyirsiniz. Onların mübahisələri məhz bundan ötrü idi: atam deyirdi ki, dayanmaq olmaz, tədqiqatları davam etdirmək lazımdır. O, anamı həmişə buna ruhlandırırdı.

SEVİL ƏLİYEVA

***

- Onun ailə üzvlərinə - Sevilə, İlhama, nəvələrinə qarşı çox həssas, son dərəcə incə münasibəti var idi. Xəstəliyinin şiddətləndiyi o ağır günlər kino lenti kimi gözümün qabağından keçir. Hamını sakitləşdirirdi: "Mən yaxşıyam özümü lap yaxşı hiss edirəm, narahat olmayın. İlham, Sevil, Mahmud gedin, işinizlə məşğul olun, işinizdən qalmayın. Mənə görə ürəyinizi sıxmayın…"

Yaxınları, qohumları baş çəkməyə gələndə onları sağlam olduğuna inandırmağa çalışırdı, yatağından qalxır, otururdu. Bir həkim kimi, mən bilirəm ki bu, onun üçün nə demək idi. Heç vaxt yadımdan çıxmaz… bacımın zəif, sakit, amma əvvəlki mehribanlığını itirməmiş səslə dediyi son sözləri indiyə qədər qulaqlarımdadır…

O, günü-gündən göz qabağında şam kimi, sakit ulduz kimi əriyirdi. Mənim bacım Zərifə sönürdü. O, yazda dünyaya gəlmişdi və doğum gününə bir az qalmış sonsuz dərəcədə çox sevdiyi insanlardan ayrılaraq gözlərini əbədi olaraq yumdu…

Hamımız hiss edirdik ki, dünyada onun üçün ayrılmış vaxt başa çatmaq üzrədir, o, son günlərini, saatlarını yaşayır. Yazda dünyaya gəlmiş bacım sevdiyi çiçəklərin əhatəsində idi… Mənə elə gəlir ki, o özü də bu dünyaya haradansa, güllərlə, nərgizlərin ətri ilə dolu, son dərəcə gözəl və təsvirə sığışmayan bir aləmdən gəlmişdi… Və o yaz günü - 15 aprel 1985-ci ildə bacım, Azərbaycan güllərinin əhatəsində Moskva qəbiristanlığında əbədi olaraq həmin güllər və çiçəklər səltənətinə geri döndü…

CƏMİL ƏLİYEV,

akademik

***

- Biz Tamara ilə həm Bakıda, həm də Moskvada qonaqsevər Əliyevlər ailəsində olmuşuq. Biz xüsusilə Zərifə Əzizovna ilə sıx ünsiyyətdə olmuşuq. Həmişə söhbət eləməyə bir mövzu tapırdıq. Əsasən, o bizə zəng edirdi, biz özümüzü yada salmağı artıq sayırdıq, utanırdıq. Artıq Zərifə Əzizovna həyatda yoxdur…

Biz Əliyevlərdə, Zərifə xanım həyatdan getməmişdən az müddət əvvəl olmuşduq. Heydər Əliyeviç masa arxasında onun şərəfinə tost dedi. Heydər Əliyeviç həmişə həyat yoldaşı haqqında hərarətlə, lakin qısa danışardı, hisslərini saxlaya bilirdi. Görünür, ona həyat yoldaşı haqqında başqalarının danışması daha xoş gəlirdi. Burada isə birdən özü, Zərifə Əzizovna haqqında, onların həyatı haqqında müfəssəl danışmağa başladı… Heydər Əlirza oğlunun məhəbbətdən danışmasına baxmayaraq, mən onun sözlərində nə isə bir kədər hiss etdim. Nitqinin tonu da mənə nə isə qeyri-adi göründü; bu vida nitqinə oxşayırdı, baxmayaraq ki, o, Zərifə Əzizovnanın səhhəti haqqında ağzından bircə kəlmə də söz qaçırmamışdı. Sonra Zərifə xanım ona cavab olaraq xoş sözlər söylədi və göz yaşlarını saxlaya bilmədi…

Sonra biz Tamara ilə həmin gecəni yada salanda başa düşdük ki, o vaxt ikimiz də nəyinsə yaxınlaşdığını hiss etmişik. İkimiz də bu yaxınlaşan şeyin Zərifə Əzizovna ilə bağlı olduğunu hiss etmişdik. Ancaq o, bizə tez-tez zəng edirdi və danışığında qeyri-adi heç nə yox idi. İki ay belə keçdi. Axırıncı dəfə o, bizə ölümündən bir həftə əvvəl zəng etmişdi, adəti üzrə mehribanlıqla danışmadı. Və birdən - elə bir zərbə aldıq!

Zərifə xanımla vida mərasimində mən ilk dəfə Heydər Əlirza oğlunun gözünü yaşlı gördüm. Mən onu güclü, igid, dözümlü insan kimi tanıyırdım. Burada isə… Biz ona yaxınlaşanda tamamilə başqa şey gördük - elə bil o, atılmış böyük uşaq idi… Bu mənzərə adamın ürəyini sıxırdı. O ayağa qalxdı, bizi öpdü və dedi: "Siz təsəvvür edə bilməzsiniz ki, o, sizi necə sevirdi. Öz uşaqları kimi…"

Zərifə xanımın həyatdan getməsinin bir ilini qeyd edəndə biz qəbir üstünə getdik. Heydər Əlirza oğlu məndən, onun qəbrinin üstündə oxumağı xahiş etdi. Mən Zərifə xanımın çox sevdiyi, Üzeyir bəy Hacıbəylinin "Sənsiz"ini astadan oxudum. Beləliklə biz onunla bir daha vidalaşdıq (Sonralar Heydər Əlirza oğlu onun nəşini Azərbaycana gətirdi, burada dəfn elədi).

Nikolay Dobronravovun sözlərinə yazdığım "Elegiya" adlı mahnımı mən Zərifə Əzizovnaya həsr etmişəm. Yadımdadır, mən bu mahnını ilk dəfə televiziyada ifa edəndə Heydər Əlirza oğlu mənə zəng etdi: "Sən necə mahnı oxudun! Mən bu mahnını eşidəndə ağladım!" - "Mən bu mahnını Zərifə Əzizovnanın vəfatından təsirlənərək yazmışam…

MÜSLÜM MAQOMAYEV,

SSRİ Xalq artisti

***

- Zərifə Əziz qızı Əliyeva haqqında keçmiş zamanda danışmaq, yazmaq, hətta düşünmək belə olduqca ağırdır. Axı bu yaxınlara kimi biz onu tribunada natiq kimi görür, qeyri-rəsmi şəraitdə işgüzar, məişət söhbətləri edir, incəsənətdən danışırdıq.

Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə oftalmoloqmu?! O eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik, yüksək təşkilatçılıq bacarığı da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi.

Həyat yoldaşı, iki uşaq anası, sonradan nənə olan Zərifə xanım özünü elmi, pedaqoji, ictimai həyatdan kənarda təsəvvür etmirdi. Görmə orqanına müxtəlif zərərli amillərin təsirini araşdırmaq məqsədilə respublikanın istehsal sahələrində (yod və şin zavodlarının sexlərində, digər sənaye müəssisələrində) elmi tədqiqatlar aparmaq üçün çox vaxt sərf etmək lazım gəlirdi.

...1976-cı ildə Helmqolts adına İnstitutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün etdiyi dissertasiya müdafiəsini indi də məmnuniyyətlə xatırlayıram.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir.

...Mən xoşbəxtəm ki, uzun müddət Zərifə Əziz qızı ilə işgüzar, habelə ailəvi dostluq şəraitində görüşmək səadəti mənə nəsib olub. Mənim mərhum ərim İvan İvanoviç Şerbatov Əliyevlər ailəsi ilə məndən qabaq tanış olmuşdu. İlk dəfə ondan Zərifə xanımın, Heydər Əliyevin, övladları - İlham və Sevilin haqqında səmimi sözlər eşitmişəm.

Zərifə xanımla bu cür işgüzar, bir az da cəsarətlə deyə bilərəm ki, dostluq münasibətləri haqqında onun vaxtsız ölümündən sonra fikirləşmək doğrudan da ağırdır. Mənim qəlbimdə Zərifə xanım gözəl alim və insan kimi həmişəlik qalacaq.

K.V.TRUTNEVA,

Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru

***

- 1948-ci ili xatırlayıram. Gənc həkim bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında dosent, professor və kafedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əməkdaşlığı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu illər ərzində o, gözəl diaqnostik, klinik və cərrah-oftalmoloq kimi təşəkkül tapır, əsl pedaqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloqlar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi səviyyədə mühazirələr oxuyur. Heyrətləndirici bir faktı misal çəkmək istəyirəm. Belə ki, Zərifə xanımın rus dilində həm şifahi danışığı, həm də elmi kürsülərdən yüksələn çıxışları dəqiq və aydın tələffüzü ilə diqqəti cəlb edirdi. O, tribunada özünəməxsus danışıq manerası ilə fərqlənir, möhkəm yaddaşına güvənərək bir qayda olaraq yazılı mətnə baxmadan əhatə etdiyi mövzunu rəngli slaydlar və cədvəllərlə əsaslandıra bilirdi.

Mən dəfələrlə professor Z.Ə.Əliyevanın bir neçə həkimlə birlikdə xəstələri müayinə etməsinin şahidi olmuşam. Zərifə xanım xəstəyə təcili diaqnoz qoymağa, necə deyərlər, "ilk baxışdan diaqnoz qoymağa" tələsmirdi. Bir növ xəstənin daxili aləmini öyrənməyə çalışırdı. Bu həkim xəstənin yaşayış tərzini, vərdişlərini, şikayətini və xəstəliyin baş vermə səbəblərini aydınlaşdırmağa səy göstərirdi. Onun fikrincə, yalnız belə olduqda obyektiv klinik müayinə əsasında düzgün müalicə təyin etmək mümkündür.

Həkimləri təkmilləşdirmə kurslarının müdavimləri əbəs yerə demirdilər ki, professor Z. Ə. Əliyevanın həkimlik mədəniyyəti olduqca universaldır. Professor təkcə dərmanlara və cərrahiyyə alətlərinə üstünlük vermir, sözlə müalicə etməyə çalışır, xəstəni ümidsizliyə qapılmağa qoymurdu...

N.B.ŞULPİNA,

professor, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, Əməkdar elm xadimi

***

- Zərifə Əziz qızı Əliyeva ömrünün son günlərinədək mənim yaddaşımda məhz həyatda olduğu kimi qeyri-adi insan olaraq qalacaq. Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır.

Zənnimcə, Zərifə xanımın xeyirxahlığı, onunla görüşmək səadəti kimə nəsib olubsa, hamıya yaxşı məlumdur. Mən isə onu qeyd etməyi özümə borc bilirəm ki, həyatda rastlaşdığım insanlar arasında onun qədər təmasda olduğu hər kəsə, hər şeyə qeyri-adi diqqət və xeyirxahlıq göstərən ikinci bir insana rast gəlməmişəm. O, elə bir insan idi ki, həmişə xeyirxah olmağa çalışırdı.

Zərifə Əziz qızının sadəliyi də təkrarolunmazdır. Akademik, Əməkdar elm xadimi, professor, müxtəlif mükafatlar laureatı olmasına baxmayaraq, istənilən adam ona üz tuta bilirdi və ciddi məşğul olsa belə, Zərifə xanım istənilən adama kömək əlini uzadırdı. O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, "Bilik" Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi böyük ictimai işi aparırdı.

Əziz və unudulmaz Zərifə xanımla ünsiyyətdə olarkən biz müxtəlif məsələlərə, həm ixtisasımızla, həm də adi həyatla bağlı məsələlərə toxunurduq və o, hər şeyə ürək yanğısı ilə maraq göstərirdi. O, ailədə qeyri-adi həyat yoldaşı, qayğıkeş ana, sevimli nənə idi, həmişə onun sevgisi, xeyirxahlığı, qayğıkeşliyi hiss olunurdu. Üstəlik, hər şeyə onun vaxtı çatırdı.

...Ölüm qeyri-adi bir insanı əlimizdən aldı. Bir dost kimi bu mənim üçün çox ağır itki idi. Bir daha belə bir insana həyatda rast gələcəyimə artıq inanmıram. Bir insan kimi Zərifə xanım haqqında xatirələri qələmə alarkən başa düşdüm ki, ötəri olaraq onun elmi fəaliyyəti ilə kifayətlənmək mümkün deyil. Həm insan, həm də alim kimi Zərifə xanımın ömrünün hər iki tərəfini ahəngdarlıq, uyarlıq təşkil edirdi. O, hər şeydə istedadlı idi.

V.V.ŞMELYEVA,

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafatın laureatı

***

- Rəhmətlik atam - Azərbaycan Tibb İnstitutunun hospital cərrahiyyəsi kafedrasının müdiri və Azərbaycan Elmlər Akademiyasının prezidenti Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımovla respublikanın səhiyyə naziri Əziz Məmmədkərim oğlu Əliyevi qədimi və uzun dostluq münasibətləri birləşdirdiyini yaxşı bildiyimdən Əliyevlər ailəsinə əvvəldən də həmişə dərin hörmət və rəğbətlə yanaşırdım. Biz ailəlikcə Zərifə xanıma sidq-ürəkdən, hərarətli bir münasibət bəsləyirdik. Ancaq işgüzar və məsləhət xarakterli əlaqələrimiz artıb genişləndikcə, mənim ona hörmətim get-gedə artır, ona görə qürur hissi duyur, onunla fəxr edirdim. Onun özünə, başqalarına, xidməti vəzifəsinə bəslədiyi saf, tərtəmiz münasibət, nadir insani məziyyətləri, istənilən mürəkkəb vəziyyətlərdə düzgün nəticələr çıxarmağa, hər hansı informasiyanı ani olaraq təhlil etməyə qadir qeyri-adi dərəcədə iti fəhmi və ağlı, fədakar vətənsevərliyi və bir sıra digər yüksək keyfiyyətləri hamını valeh edirdi. Biz - Zərifə xanımı yaxından tanıyanlar, yer üzündə belə gözəl insanlarla bizi rastlaşdırdığı üçün taleyimizə minnətdar olmalıyıq.

O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. O, ağlagəlməz bir lütfkarlıq və səbirlə həmsöhbətini dinləyərək, söylənənlərin əhəmiyyətsiz tərəflərini nəzakətlə qulaqardına vurar, diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesablamağı bacarırdı.

Digər nadir və seçilən cəhəti də onu başqalarından fərqləndirirdi. Zərifə xanım hər hansı bir məsələyə bütöv təbiətinə xas olan bütün cəhətlər ilə müdaxilə edirdi. Özünün bütün qabiliyyətlərini, ruhunun dərkolunmaz və daxilən tükənməz ehtiyatlarının hamısını bu işə sərf edirdi. O, həmişə insanlara təmənnasız olaraq kömək göstərməyə hazır idi. Özgələrinin qayğılarını özününkü kimi qəbul eləyə bilirdi və apardığı söhbətlər zamanı onun qara, parlaq gözlərinin dərinliklərindən həmsöhbətinin üzünə nur səpilirdi. Bu, iti zəkanın, ruhlandırıcı xeyirxahlığın həmsöhbətinə yeni nikbinlik bəxş edən, enerji verən nuru, işığı idi.

Onu xalqımızın fəxri olan görkəmli, məşhur Azərbaycan qadınlarının simvolu hesab edirəm. Bu, ən gözəl, ən parlaq və ən böyük insan obrazıdır.

A.M.MİRQASIMOV,

Azərbaycanın Xalq rəssamı

***

- Mən Zərifə xanımı cavan vaxtlarından tanıyırdım. Biz onun rəhmətlik anası ilə 1 nömrəli xəstəxanada müalicə olunurduq və qonşu palatalarda yatırdıq. Mən tez-tez onun anasına baş çəkirdim, onunla söhbət edirdim. Gözəl qızı Zərifə daim ona qulluq edirdi.  Bir dəfə xəstəxanaya gözəl cavan adam gəldi. Zərifənin anası onu təqdim elədi: "Zərifənin əri". Bu, Heydər Əliyev idi.

…Bəzən el arasında deyirlər: "yaxşı adamdır". Bu, kiminsə tək bir adamın fikri deyil, çoxlarının, olsun ki, yüzlərlə, minlərlə adamın bu şəxs haqqındakı fikirlərindən əmələ gələn rəydir.

Zərifə xanım haqqında mən həmişə gənclərdən eşitmişəm: "O, ana kimi bizim dərdimizə qalır". Yetişdirmələrindən biri mənə dedi ki, o, qeyri-adi insandır; o, sadəcə, qeyri-adi insan deyil, o - mələkdir…    

MİRVARİD DİLBAZİ,

Azərbaycanın Xalq şairi

***

- Zərifə xanım həmkarlarının kiçik uğurlarına belə ürəkdən sevinərdi. Bunu mən şəxsən doktorluq dissertasiyamı müdafiə edərkən hiss elədim. O, laboratoriyada çay süfrəsi təşkil edirdi. Evdən çay, konfet, şirniyyat gətirirdi. Belə stol arxasında, sərbəst bir şəkildə, görülən işləri yekunlaşdırır və görüləcək işləri planlaşdırırdıq.

Zərifə xanım həmkarlarının yaddaşında əzəmətli, nəzakətli insan kimi qalıb. O, heç vaxt, heç kimi səhvə, diqqətsizliyə görə məzəmmət etməzdi, bircə kəlmə də acı söz işlətməyi özünə rəva görməzdi. Lakin adamları yaxşı tanıyırdı və kadrları seçməkdə əvəzedilməz idi.

MƏMMƏD SULTANOV,

tibb elmləri doktoru, professor

***

- İnsan sevinci ilə aşıb-daşan Bakı Qələbə gününü bayram edirdi. Şəhəri hay-küy, sevinc nidaları başına götürmüşdü. Hamı bəxtiyarlıq içində idi. "Zina, Zina, (uşaqlıqda çağırıldığı ad) - eyvandan Zərifənin gur və şən səsi eşidildi, - gedək bulvara. Qələbə çaldıq, təsəvvür edirsənmi, biz qələbə çaldıq!" Əl-ələ verib bulvara qaçdıq. Sanki bütün Bakı sahilə yığışmışdı. Bir-birini tanımayan adamlar da qucaqlaşır, bayramlaşır, doğmalarını, əzizlərini yada salıb ağlaşırdılar. Biz o vaxtlar çox sevdiyimiz ağaca çatdıq (o ağac indi də Kukla teatrının yanındadır). Orada başdan-ayağa qara geyinmiş, ağ saçlarına qara kəlağayı bağlamış bir qadın dayanmışdı. Sanki yıxılmamaqdan ötrü bir əli ilə ağacdan yapışmışdı, o biri əlində yaylıq tutmuşdu. Zərifə, adətən, tanımadığı adamlardan utanardı, ancaq bu dəfə cəsarətlə həmin qadına yaxınlaşdı, onu qucaqlayıb sakit səslə dedi: "Anacan, qara yaylığını başından götür, bu gün bayramdır". Qadın hönkürdü. Zərifə onu daha bərk qucaqlayıb sinəsinə sıxdı: "Əriniz?" Qadın hıçqırığını güclə boğub dedi: "Yox, oğlum… Üç oğlum…" O gün biz evə qayıdanda Zərifə yumruqlarını düyüb deyirdi: "Nifrət eləyirəm müharibəyə, insanların əzab çəkməsinə dözə bilmirəm". Onu tanıdığım bütün bu vaxt ərzində mən ilk dəfə Zərifənin gözlərinin yaşla dolu olduğunu gördüm…

PÜSTƏXANIM ƏZİZBƏYOVA,

akademik

***

- Bilirsiniz, yaxşı həkim olmaq və eyni zamanda yaxşı insan olmaq xüsusi məna daşıyır. Onu tanıyanlar, ona müraciət edən pasiyentlər təsdiq edə bilərlər ki, onun necə böyük ürəyi vardı, o, necə sadə insan idi. Yəqin ki, xəstələrdən çoxu bilmirdi ki, o, respublikanın rəhbəri Heydər Əliyevin arvadıdır. Onun özü də bunu hiss etdirmək, nəzərə çarpdırmaq istəmirdi. Bütün xəstələr onu şəxsiyyət kimi sevirdilər, ona şəxsiyyət kimi hörmət edirdilər. İnanın, ola bilsin ki, o, dünyanın ən təvazökar insanı idi…

ZƏHRA QULİYEVA,

professor

***

- Zərifə xanım heyrət ediləcək dərəcədə ürəyi geniş insan idi. Qətiyyən tərifi sevməzdi. Son dərəcə zərif, nəzakətli idi. Mən bir dəfə də olsa görmədim ki, o, kiməsə acıqlana. Ədəbli, gülümsər, ürəyiaçıq, sadə, xoşrəftar idi. Hətta xoşuna gəlməyən adamlarla da ehtiramla davranardı. Mənə də belə rəftar etməyi məsləhət görərdi. Kiminsə köməyə ehtiyacı olduğunu ona hiss etdirən kimi, sözlə və işlə ona kömək etməyə tələsərdi. Xahiş edənlərdən heç kimi köməksiz və ümidsiz yola salmazdı, adamlar arasında fərq qoymazdı. O, böyük insan məhəbbətiylə birgə doğulmuşdu. Bu məhəbbət ürəyinin genişliyindən, səxavətindən, müdrikliyndən irəli gəlirdi.

ALİMƏ ƏLİYEVA,

M. Mirqasımov adına Respublika Xəstəxanasının həkimi

***

- İşdə heç kim hiss eləməzdi ki, yüksəkvəzifəli şəxsin arvadı ilə yanaşı işləyir. Orada o, "birinci xanım" yox, hər şeydən əvvəl həkim idi. Hamı kimi işə vaxtında gələrdi, iş gününün axırına kimi işləyərdi. Onun yaxın iş yoldaşları Ümnisə Musabəyova, Zəhra xanım və mən idik. O, hamı ilə dostcasına rəftar edər, heç kimə yuxarıdan baxmazdı. Bütün ömrü boyu bir dəfə də olsun peşə borcunu ailəyə qurban vermədi və ailənin maraqları naminə işdən əl çəkmədi…

ƏNTİQƏ ƏLƏKBƏROVA,

oftalmoloq-cərrah

***

- Biz Zərifə Əliyeva ilə iyirmi il bir yerdə işləmişik. O, həkimlikdə, elm sahəsində böyük müvəffəqiyyətlərə nail oldu. İlk dəfə biz 1964-cü ildə görüşmüşük. Mən ordinaturanı qurtarmışdım. Zərifə xanım mənə böyük qayğı göstərirdi. Bir dəfə dedi ki, bu yolu seçən adam həssas, diqqətli və məsuliyyətli olmalıdır. Lap kiçik bir ehtiyatsızlıq xəstəni ömür boyu ümidsiz qoya bilər. Laboratoriya təcrübələrinə o özü rəhbərlik edərdi. Texniki personalın, tibb bacılarının olmasına baxmayaraq, sınaq şüşələrini özü yuyurdu. Bəlkə də dünyada belə sadə insan olmayıb…

HƏYAT ƏFƏNDİYEVA,

Oftalmologiya ETİ-nin Uşaq şöbəsinin həkimi

***

- 1973-cü ilin payızı idi. Mənim on doqquz yaşım vardı. Hələ uşaq ikən mən ağır sətəlcəm keçirmiş, çətinliklə sağalmışdım, ancaq onun təsiri sonralar mənim gözlərimdə özünü göstərdi. Azacıq bir gərginlikdən gözlərim qızarır, sancı məni incidirdi. Mən özümü insanlar arasında pis hiss edirdim… Mənə Oftalmologiya İnstitutuna müraciət etməyi məsləhət gördülər. Günlərin birində mən ora getdim. Qapıda yaşlı kişi - qarovulçu durmuşdu. Ona öz dərdimi danışdım, vəziyyətimi izah elədim, sonra içəri keçdim. Gördüm ki, bir xanım pilləkənlə asta-asta aşağı düşür. Mənə gülümsədi, sonra iltihabdan qızarmış gözlərimə baxaraq nə baş verdiyi ilə maraqlandı. İş vaxtının qurtarmış olmasına və evə getməyə hazırlaşdığına baxmayaraq, mənimlə birlikdə geri qayıtdı. Gözlərimi diqqətlə müayinə etdi, keçirdiyim xəstəlikləri soruşdu, sözümü kəsmədən məni diqqətlə dinlədi. Onun xoş rəftarı, sadəliyi və şəfqəti məni mütəəssir etmişdi. Haradan olduğumu soruşdu və biləndə ki, Qubadanam, Quba əhalisinə böyük hörmət bəslədiyini dedi. Söhbət zamanı atası Əziz Əliyevi xatırlayaraq kədərlə ah çəkdi, səsi titrədi. Yenidən mənim dərdimlə kədərləndi və dərman üçün resept yazdı, təkidlə məsləhət verdi: 

- Əgər gözlərin səni təngə gətirməsə, əgər ağrılara dözmək mümkün olsa, çalış, dərmandan istifadə etməyəsən.

Habelə, məsləhət verdi ki, tünd müdafiə eynəyi taxım. Və təbəssümlə əlavə etdi:

- Toya qədər sağalar…

Həqiqətən, otuz yaşıma qədər görmə ilə əlaqədar bütün problemlərim aradan qalxdı. O vaxtdan çox illər keçib, ancaq mən indi də eynəksiz gəzirəm, xırda şriftləri yaxşı ayırd edirəm və həmişə o qayğıkeş insanı və gözəl həkimi minnətdarlıq hissi ilə xatırlayıram…

FƏRHAD MƏMMƏDOV

 

Zərifə Əziz qızı Əliyeva...

Tanrının bu dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri...

Nəcib, zərif xüsusiyyətli bu azərbaycanlı qadın bütün ömrünü insanları sevməyə, onların xoşbəxt, sağlam olması yolunda fədakarlıqla pərvanəyə çevrilməyə həsr etdi. Yaşadığı qısa, lakin şərəfli həyat yolunda humanizm, mərhəmət, şəfqət, qayğı daim bələdçisi oldu. Zərifə xanım, sözün əsl mənasında, insanlara nur bəxş etmək kimi müqəddəs missiyanı uğurla icra edərək neçə-neçə zülmət dünyalara işıq bəxş etdi. Xalqının xoşbəxtliyini, tələbələrinin razılığını, pasiyentlərinin təşəkkürünü özünün tükənməz sərvəti sandı.

Eləcə də bütün insanların, iş yoldaşlarından tutmuş, alimlərə, mütəxəssislərə və sadə zəhmətkeşlərə qədər hər kəsin xoş sözlərlə, minnətdarlıq hissi ilə xatırladığı sevimli bəndəyə, Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətlərindən birinə çevrildi.

Ruhun şad olsun, böyük insan, Zərifə Əziz qızı Əliyeva!

Doğma Azərbaycan xalqın səninlə qürur duyur, fəxr edir, hər zaman minnətdarlıqla anır.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub YENİLƏNƏCƏK  

11:45
17 Dekabr

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

11:43
17 Dekabr

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!