2026-cı ilin ilk 9 ayında dövlət büdcəsinin vergi gəlirlərində artım qeydə alınıb. Yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 630,4 milyon manat vergi daxil olub. Bu rəqəm proqnozlaşdırılandan 913,4 milyon manat çoxdur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 174,6 milyon manat, yaxud 9,4 faiz artıb. Artımın əsas hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu sektordan büdcəyə 10 milyard 332,6 milyon manat vergi ödənilib. Nəticədə proqnoza əlavə olaraq 292,6 milyon manat vəsait toplanıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
Vergi ilə yanaşı, sosial ödənişlər üzrə də büdcəyə daxilolmalar artıb. Belə ki, ilin ilk 9 ayında məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 59,7 milyon manat vəsait daxil olub. Bu istiqamətdə də proqnoz üstələnib. Büdcəyə əlavə olaraq 267,2 milyon manat ödənilib. Qeyri-büdcə təşkilatlarının ödəmələri isə 3 milyard 401,6 milyon manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatı, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 758,8 milyon manatı ötüb. İşsizlikdən sığorta üzrə proqnozdan əlavə 8 milyon manat, icbari tibbi sığorta üzrə isə 18 milyon manat vəsait toplanıb. Qeyri-büdcə təşkilatlarının payı müvafiq olaraq 139,5 milyon manata və 507 milyon manata yaxın olub.
Beləliklə, 2026-cı ilin yanvar-sentyabr aylarının göstəriciləri həm vergi, həm də sosial sığorta ödənişləri üzrə büdcəyə daxilolmaların proqnozları üstələdiyini göstərir.
“Azərbaycan"