05 Oktyabr 2024 08:05
479
SİYASƏT
A- A+
Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma

Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma


Hazırda türk dövlətləri arasında bütün sahələrdə təşkilatlanmanın səviyyəsi təqdirəlayiqdir. Bu təşkilatlanmanın zirvəsində dayanan TDT isə qlobal müstəvidə artıq nüfuzlu təşkilatlardan birinə çevrilib. 15 illik tarixi də göstərir ki, TDT türk dövlətləri arasında münasibətlərin genişləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldur, 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən bütün türk dünyasının qlobal nüfuzunun yüksəlməsində böyük rol oynayır. 


"Türk Dünyası-2040"


İndiyədək qarşısındakı bütün strateji vəzifələrin uğurla həyata keçirilməsinin nəticəsi olaraq TDT artıq regional siyasi və iqtisadi güc mərkəzi kimi çıxış edir. Avropa İttifaqının üzvü olan Macarıstanın müşahidəçi statusuna malik olsa belə, TDT-nin bütün tədbirlərində iştirakı da böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Macarıstan Avropa İttifaqı ilə türk dünyası arasında körpü rolunu oynayır.

Hazırda TDT üzv və müşahidəçiləri arasında siyasətdən iqtisadiyyata, nəqliyyatdan gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclik və idmana, rəqəmsallaşmadan ədalət və təhlükəsizliyə, mədəniyyətdən turizm və sağlamlığa qədər 30-dan artıq fərqli sahə üzrə çoxistiqamətli əməkdaşlığı həyata keçirir. TDT-nin dövlət başçılarının türk inteqrasiyasını daim inkişaf etdirmək, möhkəmləndirmək və dərinləşdirmək istiqamətində məqsədyönlü təşəbbüsləri də təqdirəlayiqdir.

Amma bəşəriyyət bu gün elə bir dövrə gəlib çatıb ki, indi türk dövlətləri öz maraq mənafelərini layiqincə təmin etmək üçün əvvəlkindən də güclü əməkdaşlıq və həmrəylik nümayiş etdirməlidirlər və bu tarixi zərurətdir. Çünki aşınmaya məruz qalmış beynəlxalq hüquq bu gün sadəcə güc mərkəzlərinin əlində təzyiq aləti rolu oynayır və heç bir halda digər dövlətlərin mənafelərini qorumur. Bunun nəticəsi kimi  qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilib. Beynəlxalq hüquq isə dünyada sülhü və sabitliyi kataklizmlərdən qorumaq iqtidarında deyil. 

Yeni strateji hədəflərə doğru inamla irəliləyərək beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan türk dövlətləri də qlobal problemlər və kataklizmlər fonunda yeni çağırışlarla üz-üzədirlər. Ona görə də indi türk dünyasının birliyi, türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi xüsusilə vacibdir. Böyük məmnunluqla qeyd edilməlidir ki, TDT və hər bir türk dövləti bu reallığı düzgün qiymətləndirir. Təsadüfi deyil ki, bütün bunlar TDT-ni beynəlxalq və regional müstəvidə strateji baxışa sahib olma zərurətini ortaya qoyur. Bu baxımdan TDT-nin qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru irəliləməsi hələ 2021-ci ilin noyabrında qəbul edilən "Türk Dünyası - 2040" adlı sənədinin də əsas prioritetidir. Hazırda TDT  "Türk Dünyası-2040" baxışı ilə əməkdaşlıqların daha da dərinləşməsinin hədəfləndiyi yeni bir dövrə doğru irəliləməkdədir.  

Bu hədəflərə çatmaq  üçün isə türk dövlətlərində gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl, milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var. TDT-yə üzv ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri bu təşkilatın beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. 


TDT üzvləri arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək üçün potensial böyükdür


"Türk Dünyası-2040" həm də TDT çərçivəsində mövcud iqtisadi potensialdan istifadənin arzuolunan səviyyəyə çatmasını hədəfləyir. Qeyd edək ki, hazırda türk dövlətlərində istehsal olunan ümumi daxili məhsulun həcmi 1,5 trilyon ABŞ dollarından çoxdur. Onların dünya ilə ümumi ticarət dövriyyəsi 1,3 trilyon ABŞ dolları civarındadır. TDT çərçivəsində ticarət dövriyyəsi isə 60 milyard ABŞ dollarına yaxındır.

Düzdür, türk dövlətləri arasında ticarət dövriyyəsi ildən-ilə artır. Mövcud potensialdan effektiv istifadəni təmin etmək məqsədilə son dövrlərdə bir sıra addımlar atılıb, ticarətin asanlaşdırılmasına dair "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" və "Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında" sazişlər imzalanıb. Hesablamalara görə, 2023-cü ilə qədər regionda infrastrukturların yaradılmasına yatırılan investisiyalar üzv dövlətlər arasında ticarət həcmlərinin 15 faiz artmasına səbəb olub. Habelə ötən ilə qədər enerji sahəsində əməkdaşlıq sazişləri üzv dövlətlər arasında enerji ixracının 30 faiz artması ilə nəticələnib. Rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və regionda elektron ticarətin təşviqi təşəbbüsləri üzv dövlətlər arasında onlayn ticarət fəaliyyətlərinin 25 faiz artmasına gətirib çıxarıb.

Lakin 60 milyard ABŞ dolları səviyyəsində olan ticarət dövriyyəsi mövcud potensialdan xeyli aşağıdır. Bu, onların xarici ticarət həcminin yalnız təqribən 4-5 faizini təşkil edir. Bunu daha da artırmaq üçün kifayət qədər böyük potensial və müxtəlif imkanlar var. 

Ondan başlayaq ki, türk coğrafiyasında yerin üstü kimi altı zəngindir. Türk ölkələrinin ərazisində bütün yanacaq növləri olsa da, neft və təbii qaz daha böyük üstünlüyə malikdir. Dünyanın ümumi 45 milyon kvadratmetrlik neftli-qazlı sahəsinin 6,6 faizi türk dünyası ölkələrinin payına düşür. Son illərdə bu ölkələrin ərazisində neft-qaz istehsalı imkanlarının daha da genişlənməsi dünya bazarında onların rolunun artmasına səbəb olmuşdur. Bu isə TDT üzvlərinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətini son dərəcə artırmaqla, onların iqtisadi inkişafını şərtləndirməklə yanaşı, ticarət dövriyyələrini də artıran amil kimi özünü göstərir. Nəinki indi, gələcəkdə də neft və qaz amili türk dünyası ölkələrinin iqtisadi dirçəlişinə güclü təkan verən bir amil kimi çıxış edəcəkdir. Lakin bu ölkələrin ərazisində neft və təbii qaz ehtiyatları qeyri-bərabər paylandığından yanacaq məhsullarına olan tələbatı ödəmək üçün onların qarşılıqlı iqtisadi münasibətlərinin dərinləşdirilməsi vacib şərtdir. 

"Əsrin müqaviləsi"nin həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, "Cənub qaz dəhlizi"nin yaradılması hələ uzun onilliklər bu ölkələrin dünya təsərrüfatında real iştirakını, qlobal və regional problemlərinin həllində onların rolunun güclənməsini təmin edəcək.

Tarix göstərir ki, güclü enerji ehtiyatları olan ölkələr həmişə təzyiqlərə məruz qalmış, mənafelərini qorumaq uğrunda imkanları daxilində mübarizə aparmışlar. Lakin həmin mübarizədə qalib gələn tərəf heç də həmişə onlar olmamışlar. Bu gün müstəqil türk dövlətləri öz sərvətlərinin sahibidirlər. Bu o deməkdir ki, həmin ölkələrin  müstəqilliyinin  möhkəmləndirilməsi, sosial-iqtisadi dirçəlişinin və təhlükəsizliyinin təmin edilməsi üçün neft-qaz amilindən istifadə imkanları son dərəcə artmışdır.

Türk dövlətlərinin ərazilərindən keçən nəqliyyat marşrutunun inkişaf etdirilməsi həm TDT üzvü olan ölkələrin özlərinin inkişafına, həm də onlar arasında ticarət dövriyyəsinin artırılmasına xidmət edə bilər. Qərbdən Uzaq Şərqə qədər uzanan və dünyanın 33 ölkəsini birləşdirən qədim İpək yolu əsasən bu dövlətlərin ərazisindən keçir. Türk dövlətlərinin prezidentləri də çıxışlarında bu nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadənin əhəmiyyətini xüsusi qeyd edirlər. Reallıq da ondan ibarətdir ki, Orta dəhlizin əhəmiyyəti Çindən Avropaya gedən ən sürətli marşrut kimi artmaqdadır. 2040-cı ilə qədər bu dəhliz vasitəsilə tranzit yüklərin həcminin illik 500 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu səbəbdən TDT üzvləri bu sahəni prioritet hesab edir və külli miqdarda investisiyalar yatırırlar. Bu sahədə də aparıcı rollardan biri Azərbaycanın üzərinə düşür. Orta dəhlizin artan çəkisini nəzərə alaraq hazırda Bakı Gəmiqayırma Zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək, Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta dəhlizin inkişafında və türk dövlətləri arasındakı iqtisadi əlaqələrdə rolu nəzərə alınaraq, ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq və bu məqsədlə layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq.

2024-cü ilin iyulunda Şuşada imzalanan Qarabağ Bəyannaməsi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm prinsipləri özündə ehtiva edir. Bəyannamə çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələr arasında ticarət maneələrinin azaldılması, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını nəzərdə tutur.


Türk İnvestisiya Fondunun yaradılması TDT üzvlərinin əməkdaşlığını və iqtisadi əlaqələrini dərinləşdirmək əzminin rəmzidir


Türk dövlətləri dünya üzrə ümumi daxili məhsulun 1,44 faizini, sənaye məhsulunun isə 1,29 faizini istehsal edir. Düzdür, son 10 ildə məlum səbəblərə görə bu dövlətlərin dünya üzrə istehsal olunan ümumi məhsulun həcmində xüsusi çəkisi artmamışdır və hazırkı dinamika qənaətbəxş sayıla bilməz. Digər tərəfdən, türkdilli dövlətlərin iqtisadi inkişaf səviyyəsində böyük fərqlər mövcuddur. Məsələn, Türkiyədə adambaşına ümumi daxili məhsulun həcmi digər türk dövlətlərinə nisbətən 2,5-3 dəfə yuxarıdır.  Bu qrupa daxil olan ölkələrdən Türkiyənin dünya siyasətində və iqtisadiyyatında mühüm rolu vardır. Böyük Atatürk Türkiyənin müstəqil bir dövlət kimi qurulması və inkişafı yolunda əsrlərboyu yaddan çıxmayacaq misilsiz tarixi xidmətlər göstərmişdir.

Bu baxımdan bütün türk dövlətlərinin iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq TDT-nin məqsədlərindən biridir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən Türk İnvestisiya Fondunun yaradılması da bu məqsədə xidmət edir. Fondun yaradılması ideyası 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. 2023-cü il martın 16-da imzalanmış sazişə əsasən, Türk İnvestisiya Fondunun yaradılması ilə bu təşəbbüs həyata vəsiqə aldı.

Türk İnvestisiya Fondunun yaradılması türk dünyasının iqtisadi inkişafının sürətləndirilməsi və TDT üzvləri arasında iqtisadi əlaqələri dərinləşdirmək istiqamətində atılan uğurlu addımdır. Məqsədi türk dövlətləri coğrafiyasının daha firavan gələcəyi üçün onun iqtisadi inkişafını dəstəkləmək və maliyyə davamlılığını qorumaq olan fond onların birliyini əməkdaşlığını və iqtisadi əlaqələrini dərinləşdirmək əzminin rəmzidir. Fondun fəaliyyəti sayəsində regional ticarət və iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxacaq. 500 milyon dollar nizamnamə kapitalına malik  Türk İnvestisiya Fondunun işlək mexanizmlərinin hazırlanmasının bu ilin iyulunda Şuşada imzalanmış bəyannamədə yer alması məhz investisiya imkanlarını genişləndirmək və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıyır. 

Fond həm dövlət, həm də özəl sektor investisiyalarını sürətləndirəcək, bir çox sahələrdə layihələrə texniki dəstək verəcək. İnfrastruktur, bərpaolunan enerji, kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılmasında mühüm rol oynayacaq fond davamlı iqtisadi inkişafa töhfə verəcək. Fond türk ölkələrinin iqtisadiyyatına əhəmiyyətli maliyyə resursları axınını stimullaşdırmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində də fəal iş aparacaq. Bütün bunların yekun məqsədi isə türk dövlətlərinin inteqrasiyasıdır. 

Ümumilikdə isə 2025-ci ilə qədər TDT regionunda ticarət dövriyyəsinin daha 20 faiz artırılması əsas hədəflərdən biridir. Eyni zamanda əsas hədəflərdən biri ondan ibarətdir ki, türk dövlətlərinin iqtisadi inkişaf sürəti dünya üzrə orta göstəricidən yüksək olsun. Bunun üçün isə potensial var. Türk dövlətlərinin hamısı azad iqtisadiyyat prinsipləri əsasında inkişaf edir, ümumi dirçəlişə güclü təsir göstərən islahatlar və bu istiqamətdə konkret proqramlar həyata keçirirlər. 

Bununla belə, onların iqtisadi yüksəlişi üçün hələ də istifadə olunmayan geniş imkanlar var. Böyük Atatürk demişdir: "Ən böyük zəfər ekonomik zəfərdir". Bu zəfəri əldə etmək üçün isə ağılla, düşüncə ilə, elmə arxalanmaqla dünyaya çıxmaq lazımdır. İnanırıq ki, türk dövlətləri iqtisadi inkişafla bağlı qarşıya qoyulan hədəflərə inamla çatacaqlar. Bunun üçün ilk növbədə hər bir türk dövləti güclü iqtisadiyyata sahib olmalıdır.  


Azərbaycanın xarici siyasətində türk birliyinin gücləndirilməsi bundan sonra da prioritet olacaq


Türk dövlətləri qrupuna daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan 4,8 milyon kvadratmetr əraziyə malikdirlər ki, bu da dünyanın quru ərazisinin 3,3 faizini təşkil edir. Bu bir həqiqətdir ki, türk dünyası tarixin bir çox mərhələlərində bəşəriyyətin inkişafına güclü təkan vermiş, dünya siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə böyük  təsir göstərmişdir. XX əsrin sonlarından başlayaraq türk dünyasının qlobal proseslərə təsiri daha konkret xarakter almışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bəşəri problemlərin həllində fəal iştirak edirlər.

Bu dövlətləri bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş etmişdir. Dünyada gedən qloballaşma fonunda isə türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması, siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirmələri, qlobal məsələlərdə hər zaman ortaq mövqedən çıxış etmələri çox vacibdir.

Digər tərəfdən, milli dövlət mənafelərinin bütövlükdə türk dünyasının ümumi maraqları ilə əlaqələndirilməsi, iqtisadi əməkdaşlıq məsələlərində təkcə kommersiya maraqlarının deyil, bütövlükdə türk dünyasının maraqlarının  üstün tutulması daha məqsədəuyğundur.

TDT bu qlobal proseslərdən uğurla və sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. Bu təşkilatda təmsil olunan türk dövlətlərinin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir. 

Əlbəttə, bu məsələdə hər bir türk dövləti fəal olmalı, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verməli, türk dünyasının yüksəlişinə çalışmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi dəqiq və aydındır. Eyni zamanda Azərbaycanın xarici siyasətində türk birliyinin gücləndirilməsi bundan sonra da prioritet olacaq. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın xarici siyasəti ilə bağlı vacib məqamlara toxunaraq, prioritet istiqamətləri elan etdi. Bu xüsusda Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib. 

Prezident İlham Əliyevin diqqət yönəltdiyi məqamlardan biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri ilə bağlı oldu və dövlətimizin başçısı faktiki reallıqlardan çıxış edərək, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyimizi və  bizim ailəmizin türk dünyası olduğunu bəyan etdi:

"Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Bəli, bizim ailəmiz türk dünyasıdır. Bu, tarixən belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Vətən müharibəsi dövründə türk dövlətlərinin demək olar hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər.

Göründüyü kimi, yeni dövrün memarı olaraq Prezident İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq Türk dünyası ilə əlaqələri müəyyən edir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, "böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali" kimi vacib elementləri birləşdirən TDT həm də bir soydan, eyni kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir.

Vətən müharibəsindən keçən 4 ilin mənzərəsi göstərir ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq, sadəcə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz haqqımızı öz gücümüzlə təmin etdik. Ona görə Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə türk dövlətlərinin birliyini daha gücləndirməkdir.

Yekun olaraq qeyd etmək istərdik ki, türk dövlətləri bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, əbədi müttəfiqlər olaraq, bütövlükdə türk dünyası olaraq çıxmalıdırlar. Bunun üçün isə bütün imkanlar var. XXI əsrdə türk dünyasının ardıcıl inkişafı üçün real zəmin yaranmışdır. Ən mühüm nailiyyət ondan ibarət olacaqdır ki, türk dünyası ölkələrinin bir-birinə yaxınlaşması dinamik prosesə çevriləcəkdir. Onlar özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək, bir-birinə arxa olacaqlar. İqtisadi əməkdaşlıqdan başlanan yaxınlıq dostluğa, tərəfdaşlığa və birliyə çevriləcəkdir.


Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!