03 Oktyabr 2026 08:45
222
Mədəniyyət
A- A+
Tibb elmi və səhiyyəsinin unudulmaz siması

Tibb elmi və səhiyyəsinin unudulmaz siması


Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor, ən əsası isə nəcib və xeyirxah insan Tamerlan Əziz oğlu Əliyevin Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olub. Mənalı bir alim, həkim, pedaqoq ömrü yaşayıb, yüksəkixtisaslı kadrlar hazırlayıb və bütün həyatını Azərbaycan səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda tədqiqatları ilə elmimizə misilsiz töhfələr verib. Onun ümdə amalı işinin uğuru və xəstələrinin sevinci idi. Həkimliyi, alimliyi və bütün qəlbi ilə xalqına xidmət edirdi. Bu gün görkəmli alimin anadan olmasından 105 il ötür.

Görkəmli alimin ömrü Azərbaycanda tibb elminin inkişafı tarixinin bütöv bir dövrünü əks etdirir. Tamerlan Əliyevin fəaliyyətində alim dəqiqliyi, klinisist məsuliyyəti, müəllim qayğısı və səhiyyə təşkilatçısına xas uzaqgörənlik birləşirdi. Bu mənada böyük həkimin irsi yalnız yazdığı elmi əsərlərlə məhdudlaşmır: yaratdığı məktəb, yetişdirdiyi mütəxəssislər, təşəbbüsü ilə qurulan klinik və elmi strukturlar həmin irsin bu gün də yaşayan hissəsidir. 


Ziyalı ocağından başlanan yol


Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, həkim və səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya gəlib. Dövrünün parlaq şəxsiyyətlərindən olan Əziz Əliyevin ocağında elmə, təhsilə xüsusi münasibət vardı. Burada formalaşan mühit, təbii ki, ailədə böyüyən uşaqların da dünyagörüşünə sirayət edirdi. Təsadüfi deyil ki, sonralar həmin ailədən Azərbaycan elminin, səhiyyəsinin və mədəniyyətinin bir sıra görkəmli nümayəndələri yetişdi. Tamerlan Əliyevlə yanaşı, onun bacısı, məşhur oftalmoloq-alim, akademik Zərifə Əliyeva, qardaşı, görkəmli onkoloq-alim, akademik Cəmil Əliyev, bacıları Ləzifə, Dilbər və tanınmış musiqiçi Gülarə Əliyeva da ölkənin ictimai və mədəni həyatında iz qoydular. Tamerlan Əliyevin şəxsiyyətinin formalaşmasında isə atasının şəxsi nümunəsinin oynadığı əhəmiyyətli rol da danılmazdır. Əziz Əliyev həm həkim, həm alim, həm də böyük təşkilatçı kimi Azərbaycan səhiyyəsinin inkişafında mühüm xidmətlər göstərmişdi. 

Tamerlan Əliyev 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun - bugünkü Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ağır müharibə illərinə təsadüf edən tələbəlik dövründə hərbi hospitalda çalışaraq yaralı hərbçilərin müalicəsində yaxından iştirak etmişdir. 1945-ci ildə ali tibb təhsilini başa vurduqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər istiqamətində fəaliyyət göstərən kafedrasında əmək fəaliyyətinə başlamış, sonrakı elmi-pedaqoji həyatını da əsasən bu təhsil ocağı ilə bağlamışdır. Assistent, dosent, professor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 1971-1990-cı illərdə isə universitetin II daxili xəstəliklər kafedrasına rəhbərlik etmişdir.

Bir fakt xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda müasir endokrinologiyanın və kardiologiyanın banilərindən biri hesab olunan Tamerlan Əliyev yalnız fundamental elmi araşdırmaları ilə deyil, həm də minlərlə insanın sağlamlığını bərpa edən xilaskar bir həkim, böyük bir həkimlər nəslini yetişdirən fədakar pedaqoq kimi tanınmışdır. Ölkəmizdə tibb infrastrukturunun müasirləşdirilməsi, xüsusilə ürək-damar xəstəlikləri və şəkərli diabetlə mübarizədə ilk innovativ sistemlərin tətbiqi birbaşa onun adı ilə bağlıdır. Dünyaya göz açdığı Naxçıvanın qədim Şahtaxtı kəndindən başlanan ömür yolu onu ölkənin ən mötəbər elm məbədlərinə və xalqın böyük sevgisinə ucaltmışdır.


O, böyük məktəb yaratmışdı


Tamerlan Əliyevin elmi maraqları olduqca geniş idi. Onun tədqiqatları Azərbaycanın təbii müalicə amillərinin orqanizmə təsirindən tutmuş endokrin sistem xəstəliklərinə, şəkərli diabet zamanı damar və metabolik dəyişikliklərə, qanın laxtalanma sisteminə, ürəyin işemik xəstəliyinə və miokard infarktının müalicəsinə qədər müxtəlif istiqamətləri əhatə edirdi.

Alimin ilk böyük tədqiqat sahələrindən biri Naftalan neftinin orqanizmə təsiri olmuşdur. Bu araşdırmaların nəticəsində o, 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1969-cu ildə isə şəkərli diabetin müxtəlif formalarında periferik damarların vəziyyəti, metabolik proseslər və qanın laxtalanma göstəricilərinin öyrənilməsinə həsr edilmiş doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 

Onun şəkərli diabetin yalnız endokrin xəstəlik kimi deyil, bütün orqanizmə, xüsusən damar sisteminə təsir göstərən mürəkkəb patologiya kimi araşdırılması istiqamətində apardığı tədqiqatlar sonralar da professorun əsas elmi fəaliyyət istiqamətlərindən birinə çevrilmişdi. Bu məsələlər sonralar yazdığı monoqrafiya və dərsliklərdə də sistemli şəkildə əksini tapırdı. 

Tamerlan Əliyevin "Klinik-diaqnostik laborator tədqiqat üsulları", "Şəkərli diabet haqqında ətraflı məlumat", "Biokimyəvi tədqiqat üsulları", "Şəkərli diabet", "Prediabet" və digər əsərləri gərgin həkim və alim əməyinin məhsuludur. Elmi işlərinin yalnız adını çəkmək kifayətdir ki, onun mövzu və tədqiqat dairəsinin nə qədər geniş olduğunu göstərə biləsən. Məsələn, "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi", "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi", "Endokrinologiya" və s. Bu əsərlərin hər biri öz aktuallığını, dəyərini indi də qoruyub saxlayır. Adıçəkilən əsərlərdən biri - "Endokrinologiya" bu sahədə Azərbaycan dilində yazılmış ilk irihəcmli, geniş mövzu dairəsinə malik idi ki, ondan dərslik kimi istifadə olunur. Bu da təsadüfi deyil. Çünki dərslikdə Tamerlan Əliyevin həm həkim, həm də alim kimi qazandığı təcrübə, topladığı biliklər öz əksini tapmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, professor Tamerlan Əliyevin  alim qələmindən 250-dən çox elmi əsər çıxmışdır. Buraya alimin 12 monoqrafiyası, dərslik və dərs vəsaitləri, metodiki tövsiyələri də daxildir. Professor Tamerlan Əliyev həmçinin bir çox səmərələşdirici təklif və ixtiranın, elmi-kütləvi məqalənin müəllifidir. Alim eləcə də tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. A.V.Sumarokov və A.A.Mixaylovun "EKO üzrə vəsait" adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.

Tamerlan Əliyevin elmi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri nəzəri tədqiqatı klinik praktikadan ayırmaması idi. Onun üçün elmi nəticənin son ünvanı xəstə və həkim praktikası olmalı idi. Məhz buna görə professorun adı Azərbaycanda yeni klinik xidmətlərin təşkili ilə də sıx bağlıdır.


Endokrinologiya və kardiologiyada yeni mərhələ: novator alim və səhiyyə təşkilatçısı


1975-ci ildə Tamerlan Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində Bakıdakı 4 nömrəli Klinik Xəstəxananın bazasında 90 çarpayılıq endokrinologiya şöbəsi yaradıldı. Bu şöbə şəkərli diabet və digər endokrin patologiyalarının mərkəzləşdirilmiş şəkildə öyrənilməsi, müalicəsi və profilaktikasının inkişafında mühüm baza rolunu oynadı. Azərbaycan Tibb Universitetinin məlumatına görə, həmin illərdə müxtəlif regionlardan, hətta xarici ölkələrdən həkimlər endokrinologiya sahəsində təkmilləşmə məqsədilə Tamerlan Əliyevin rəhbərlik etdiyi kafedraya ezam olunur, burada bilik və bacarıqlarını artırırdılar. 

Görkəmli alimin adı həm də Azərbaycanda müasir kardioloji yardım sisteminin formalaşdırılması ilə də bağlıdır. Məhz Tamerlan Əliyevin təşəbbüsü ilə Daxili xəstəliklər kafedrasının klinik bazasında intensiv kardioloji yardım, reanimasiya və intensiv terapiya, funksional diaqnostika istiqamətləri inkişaf etdirildi. Professorun təşəbbüsü ilə miokard infarktı və şəkərli diabeti olan xəstələrə distansion diaqnostika və təxirəsalınmaz yardım imkanlarının tətbiq edilməsi də həmin dövr üçün yenilikçi addımlardan idi. 

Görkəmli alimin Azərbaycan səhiyyəsi qarşısındakı mühüm xidmətlərindən biri də elmi-tədqiqat kardiologiyasının institusional bazasının yaradılmasında iştirakı idi. Onun təşəbbüskarlığı və təşkilatçılığı ilə sonradan akademik C.Abdullayevin adını daşıyan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yaradılması Azərbaycan kardiologiyasının ayrıca elmi istiqamət kimi inkişafına ciddi təkan verdi. Bütün bunlar Tamerlan Əliyevin elmə yalnız laboratoriya və ya kafedra çərçivəsindən baxmadığını göstərirdi. O, elmi bilikləri səhiyyənin praktik strukturuna çevirməyi bacaran alim-təşkilatçı idi.

Tamerlan Əliyevin həyatında pedaqoji fəaliyyət xüsusi yer tuturdu. Onun rəhbərlik etdiyi kafedra uzun illər yalnız tədris mərkəzi deyil, həm də Azərbaycanın terapevt, endokrinoloq və kardioloqlarının formalaşdığı elmi məktəblərdən biri kimi tanınmışdı. Professorun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 25 namizədlik, 5 doktorluq dissertasiyası hazırlanıb. Yetirmələrinin bir çoxu sonradan müxtəlif tibb müəssisələrində və universitet kafedralarında rəhbər vəzifələr tutub, endokrinologiya və kardiologiyanın aparıcı simalarına çevriliblər. 

O, uzun müddət Azərbaycan Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, Azərbaycan Dövlət Tibb İnstitutunun elmi işlər üzrə ictimai əsaslarla prorektoru kimi fəaliyyət göstərib. Eyni zamanda "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvü, terapiya ixtisası üzrə dissertasiya müdafiəsi şurasının sədri kimi çalışıb. Bu vəzifələr Tamerlan Əliyevə ölkə miqyasında elmi kadrların hazırlanmasına mühüm təsir imkanları verirdi. Onun elmi məktəbinin əsas xüsusiyyəti  tələbkarlıqla humanizmin bir arada olması idi. Alimin sadəliyi, təvazökarlığı, gənclərə qayğısı, insanları səbirlə dinləməsi və gənc mütəxəssisləri elmə həvəsləndirməsi parlaq nümunə idi. 

Tamerlan Əliyevin elmi irsinin miqyası da onun fəaliyyətinin nə qədər məhsuldar olduğunu göstərir. Professorun "Klinik laborator-diaqnostik tədqiqat üsulları" əsəri də ən çox qiymətləndirilən elmi işlərindəndir. Tamerlan Əliyev bu monoqrafiyaya görə 1981-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Alimin fəaliyyəti Azərbaycanın sərhədləri ilə məhdudlaşmırdı. O, müxtəlif beynəlxalq və ümumittifaq elmi tədbirlərində iştirak edir, Azərbaycan tibb elmini xarici elmi dairələrdə təmsil edirdi. 1983-cü ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olması da onun elmi nüfuzunun göstəricilərindən biri idi. O, mənsub olduğu ailədən gələn həkimlik və ziyalılıq ənənəsini öz elmi məktəbi ilə davam etdirmiş, həmin ailənin Azərbaycan elmi tarixindəki mövqeyinə müstəqil və əhəmiyyətli töhfə vermişdi.


Ziyalılıq nümunəsi


Bu böyük ziyalı üçün ad-san, şan-şöhrət, yüksək vəzifə və mükafatlardan öndə dayanan digər önəmlər və məqsədlər vardı. Bunlar onun gördüyü işlərin uğuru, insanlara gətirdiyi fayda idi. Belə idi Tamerlan Əliyevin həkim və vətəndaş mövqeyi! Ona etibar edilmiş bütün vəzifələrə eyni məsuliyyətlə yanaşmaq, hər işdə etimadı doğrultmaq da professor Tamerlan Əliyevə məxsus ümdə xüsusiyyətlərdən idi.

Ümummilli Lider Heydər Əliyev unudulmaz alimi belə xatırlayırdı: "Tamerlan çox gözəl xüsusiyyətlərə malik bir insan, yüksək mədəniyyətli, sözün əsl mənasında ziyalı, deyə bilərəm ki, Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, bir Azərbaycan ziyalısı kimi əsl nümunə olmuşdur. O, həddindən artıq təvəzökar bir adam idi. Bəlkə də onun təvəzökarlığı bəzən ifrat dərəcəyə gəlib çatırdı, o qədər təvəzökar idi. Sadə, çox sadə bir insan idi. O, daim insanlar arasında xoş münasibətlər yaranmasına çalışırdı, daim xeyirxahlıq edirdi, insanları bir-birinə yaxınlaşdırmağa çalışırdı. …Alicənablılığı, yüksək mədəniyyəti, ziyalılığı, fədakarlığı, sadəliyi, insanpərvərliyi ilə həqiqətən o, atasının - mərhum Əziz Əliyevin xüsusiyyətlərinin əksəriyyətini özündə əks etdirirdi. …Mənim üçün isə onun bütün bu xüsusiyyətlərindən başqa ən dəyərlisi dostluğa sədaqətli olması idi. Sədaqətli insan idi. Bilirsiniz ki, insanlar cürbəcür vaxtlarda sınanırlar, hətta yaxın qohumlar, dostlar da sınanırlar. Mənim həyatımda da əlli il müddətində bu sınaq dövrləri olubdur. Tamerlan bütün mərhələlərdə mərd, sədaqətli dost olubdur. Hesab edirəm ki, insan mənəviyyatının ən yüksək keyfiyyəti, ən yüksək göstəricisi səmimilikdir, sədaqətlilikdir. Tamerlan bu keyfiyyətlərə malik bir adam idi. Hətta deyə bilərəm ki, bu keyfiyyətlərə görə yüksək nümunə idi".

Tamerlan Əliyevin elmimizə, təhsilimizə, insan sağlamlığına, həkim kadrların yetişdirilməsinə təmənnasız xidmətləri daim yüksək qiymətləndirilmiş, o, müxtəlif orden və medallarla təltif olunmuş, "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. Görkəmli alim dünyasını 76 yaşında - 1997-ci il aprel ayının 7-də dəyişsə də, xatirəsi yenə bizimlədir. Çünki əsl alim ömrünün ölçüsü yalnız yaşadığı illərlə müəyyənləşmir. Tamerlan Əliyevin elmi irsi onun ölümündən onilliklər sonra da Azərbaycan tibb ictimaiyyəti tərəfindən ehtiramla xatırlanır. Parlaq zəkası, yüksək daxili mədəniyyəti, humanist prinsipləri və xalqına olan sonsuz sevgisi ilə o, təkcə xilaskar bir həkim deyil, həm də əsl ziyalı kimi yaddaşlara həkk olunmuşdur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dövlətinin tarixində şanlı gün - 3 oktyabr 1993  

10:03
03 Oktyabr

Bilmək istəyirəm

09:25
03 Oktyabr

Misir və Efiopiya arasında gərginlik güclənir

09:15
03 Oktyabr

Müəllimlər dövlət qayğısı ilə əhatə olunur

09:05
03 Oktyabr

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

08:55
03 Oktyabr

Tibb elmi və səhiyyəsinin unudulmaz siması

08:45
03 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
03 Oktyabr

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

08:35
03 Oktyabr

"Taleyimiz öz əlimizdədir"

08:30
03 Oktyabr

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

08:25
03 Oktyabr

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

08:20
03 Oktyabr

Heydər Əliyev - Xalq birliyinin qələbəsi

08:15
03 Oktyabr

Naxçıvandan türk dünyasına uzanan böyük yol

08:10
03 Oktyabr

Uzaqgörən siyasətdəntarixi Zəfərə uzanan yol

08:05
03 Oktyabr

Qüdrətli Azərbaycan dövlətinin memarı

08:00
03 Oktyabr

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:19
03 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

01:18
03 Oktyabr

M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:17
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:16
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:15
03 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:11
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!