Onlar bu sahədən əldə etdikləri qazancdan razıdırlar
Vaxtilə Tərtərdə pambıqçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olub. Kənd adamları bu sahədən əldə edilən gəlir hesabına ailə büdcələrini möhkəmləndirir, güzəranlarını yaxşılaşdırırdılar.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə Tərtərdə bu qiymətli bitkinin əkib-becərilməsi ilə məşğul olan insanların zəhmətini yüksək qiymətləndirmişdir. Respublika rəhbərinin rayona səfərləri zamanı tarlalarda pambıqçılarla görüşür, onların problemləri, arzuları ilə maraqlanırdı. Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları ilə bağlı keçirilən müşavirələrin birində dövlət başçısı demişdir: "1969-cu ildə Heydər Əliyev birinci dəfə katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır".
Lakin müstəqilliyin ilk illərində bu qiymətli bitkinin istehsalı ildən-ilə azalmış, 1991-ci ildə 500 min, 1993-cü ildə 280 min tona düşmüşdür. Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü çox böyük işlərdən biri də məhz pambıqçılığın inkişaf etdirilməsi oldu. Bununla bağlı 2017-2020-ci illəri əhatə edən dövlət proqramı qəbul edildi. Dövlət proqramı sayəsində pambıqçılığın dirçəldilməsində uğurlar qazanıldı və yüksək nəticə əldə edildi. Belə nailiyyətlər əldə edən rayonlardan biri də Tərtər oldu. Təsadüfi deyil ki, dövlət başçısı pambıqçılığa dair keçirdiyi müşavirədə tərtərlilərin təcrübəsini yaymağı tövsiyə etmişdir.
Tərtər pambıqçıları ildən-ilə qabaqcıllığı əldə saxlayır və uğurlarını artırırlar. Burada dövlətin fermerlərə dəstəyi, müasir texnikanın sayının artması ilə yanaşı, həm də Zəfərdən sonra Sərsəng su anbarının da "əsirlik"dən azad edilməsi müstəsna əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra Suqovuşan və Sərsəng su anbarlarından rayonun tarlalarına gələn su torpaqların bərəkətini artırıb.
İndi tərtərli pambıqçılar yaz-tarla işləri ilə məşğuldurlar. Ötən il onlar 2796,7 hektardan 10,5 min tondan çox məhsul götürərək məhsuldarlığı 37,65 sentnerə çatdırmışlar. Rayon ərazisində 2026-cı il üçün 3 şirkət tərəfindən fermerlərlə müqavilələr bağlanmışdır. "Prime Cotton" MMC tərəfindən 276 istehsalçı ilə 1025,57, "Azərpambıq ASK" MMC tərəfindən 158 istehsalçı ilə 800, "Elakoton" MMC tərəfindən 2 istehsalçı ilə 316 hektar ərazi üçün müqavilələr bağlanaraq əkin aparılmışdır. Ümumilikdə cari il rayon ərazisində 436 istehsalçı 2141,57 hektar sahədə çiyid səpəcək.
Tərtərdə məhsuldarlığa görə rayon səviyyəsindən yüksək göstəricilər əldə edən fermerlər çoxdur. Onlardan İlham Ağayev 6,5 hektarın hər hektarından 58, Qamədin Əliyev 9 hektarın hər hektarından 47, Gülbəyaz Tanrıverdiyeva hektardan 50, Elnur Xıdırov isə 43 sentner məhsul əldə etmişlər.
Bəs hazırda çiyid səpiləcək sahələrin vəziyyəti necədir? Bu suala Qazyan kəndinin sakini Qaməddin Əliyev cavab verdi:
- Cari mövsümdə 11,5 hektar sahədə pambıq əkib-becərəcəm. Səpinə qədər tələb olunan aqrotexniki tədbirlərin hamısını yüksək keyfiyyətlə görmüşük. Lakin bu mövsümün özəllikləri var - aprel ayının əvvəllərindən yağan aramsız yağışlar nəticəsində sahələrdə xeyli alaq otları bitib. Bu vəziyyətdə səpin aparılsa, çiyid çətin cücərəcək. Ona görə də yağışlar imkan verən kimi, alağa görə dərmanlama aparıb mala çəkəcəyik.
Fermerdən pambıq becərilməsinin onun ailə büdcəsinə nə qədər xeyir verdiyini də soruşduq. Söylədi ki, şirkətin xərcləri çıxılandan sonra ötən il subsidiya ilə birlikdə 20 min manata yaxın pul alıb.
Elnur Xıdırov isə müqavilə bağladığı şirkətlə əlaqədən danışdı. Bildirdi ki, artıq ilk günlərdən başlayaraq, bütün işlər həmin şirkətin nəzarəti və köməyi ilə həyata keçirilir. Fermerlər texnika, gübrələrlə təmin olunurlar, mütəxəssislər vaxtaşırı pambıq tarlalarına gəlib məsləhətlərini verirlər. Yəni bütün bu proseslər, əvvəlki dövrdə olduğu kimi, kortəbii aparılmır, ona görə də nəticələr də yaxşıdır.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüşdük. Bildirdi ki, hazırda Tərtərdə pambıqçılıq diqqətdə saxlanılır: "Pambıqçılıq hesabına rayonda xeyli insanın məşğulluğu təmin edilir. Bu isə işsizlik probleminin həllinə kömək edir, insanların maddi vəziyyətini yaxşılaşdırır".
Tərtərdə taxılçılıq da inkişaf edən sahələrdəndir. 2026-cı il üçün 2025-ci ilin payızında 4217,9 hektara arpa, 2997,4 hektara buğda əkilib. Hazırda taxıl zəmilərində alaq otlarına və zərərvericilərə qarşı dərmanlanma işləri aparılır.
Rayonda günəbaxan səpininə də başlanılıb. Arpa biçinindən sonra isə təkrar əkin olaraq darı, sorqo və digər bitkilərin əkini nəzərdə tutulur. Qeyd edək ki, təkrar əkin artıq rayonda geniş yayılıb və yaxşı səmərə verir. Belə ki, eyni sahədən bir ildə iki dəfə məhsul götürmək torpaq sahələri üçün çox faydalıdır.
Bu gün Tərtər başdan-başa yamyaşıl rəngə boyanıb. Bu, həm göz oxşayır, həm də gələcək ruzi-bərəkətdən xəbər verir. Bol ruzi-bərəkət isə tərtərlilərin ürəyinin təpərinə, zəhmətsevərliyinə, vətənpərvərliyinə ana təbiətin mükafatıdır.
Lazım QULİYEV,
"Azərbaycan"