İranın Təbriz şəhərində fəaliyyət göstərən “Nəsr” və “Asanews” agentliklərinin saytında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “İstiqlal çağı – 107” sərlövhəli geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Ölkəmizin Təbrizdəki baş konsulluğunun dəstəyi ilə dərc olunan məqalədə qeyd olunub: “İstiqlal çağı qısa bir tarix yaşasa da, bir müstəqil dövlətin şərəfli, ləyaqətli, qürurlu və ən əsası fəxarət dolu tarixini yazaraq, həm də bu şanlı tarixi gələcək müstəqil Azərbaycana miras qoydu. Gələcək Azərbaycan Respublikası da əmanətə sahib çıxdı. Bu gün Azərbaycan suveren və müstəqildir. Qürurla qeyd edirik ki, 28 May Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Müstəqilliyimiz əbədi və sarsılmazdır”.
Məqalədə vurğulanır ki, 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək ölkənin müstəqilliyini elan etdi. Bəyannaməyə görə, Müəssislər Məclisi çağrılanadək Milli Şura ölkədə Ali Qanunverici, Müvəqqəti Hökumət isə Ali İcraedici orqan kimi təsdiq edildi. Milli Şuranın sədrliyinə Məmmədəmin Rəsulzadə seçildi. Müvəqqəti hökumətin ilk rəhbəri isə Fətəli Xan Xoyski oldu. O dövrdə Bakı bolşevik-erməni silahlı dəstələrinin işğalı altında olduğundan, müvəqqəti hökumət bir müddət Gəncə şəhərində fəaliyyət göstərdi. 1918-ci ilin 15 sentyabrında Bakı azad edildikdən sonra paytaxt bu şəhərə köçürülüb. Həmin il dekabrın 7-də isə AXC Parlamentinin təntənəli açılışı olub. Görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov bu quruma sədr seçilib.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət modeli kimi meydana çıxıb. Əfsuslar olsun ki, 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını pozan XI qırmızı ordunun hərbi müdaxiləsi nəticəsində Cümhuriyyət süqut etdi. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ölkə Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) daxil edildi. Mövcud olduğu dövrün həddindən artıq mürəkkəb tarixi-siyasi şəraitində cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi, 23 aylıq dövlətçilik tarixində ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları da formalaşdırıldı. Ölkənin sərhədləri müəyyənləşdirilməklə nizami ordu yaradıldı. Həmin dövrdə milli pul vahidi dövriyyəyə buraxıldı. Dövlət Bayrağı, Himn və gerb qəbul edildi. Ana dilinin dövlət dili elan olunması maarifin və mədəniyyətin inkişafına xüsusi imkan yaratdı. Xalqın, milli dövlətçiliyin sağlam bünövrəli gələcəyi üçün həlledici qərarlar qəbul edildi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabər hüquqa malik oldu. Cumhuriyyət dövründə ölkəmizdə bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququ verildi.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələrindən də ətraflı bəhs olunub.
Təbriz oxucularının diqqətinə çatdırılıb ki, tarixdə üçrəngli Bayrağın dövlət rəmzi kimi bərpası və yenidən yüksəldilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında o vaxt Naxçıvana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Beləliklə, Azərbaycanın yenidən müstəqilliyə gedən yolu həmin müdrik qərardan başladı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli Bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında Qanun qəbul etdi.
Məqalədə Ulu Öndərin rəhbərliyi ilə müstəqilliyini bərpa etmiş Azərbaycanın keçdiyi quruculuq, sürətli inkişaf yolundan bəhs edilib, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığı qeyd olunub. “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bütün elementləri 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi. Prezident İlham Əliyevin liderliyində dövlət-xalq vəhdəti Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında təxminən 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələri tam olaraq diz çökdürüldü. Uzun illər separatçı fəaliyyəti ilə beynəlxalq hüququn bütün aspektlərinə qarşı həqarət edən qanunsuz rejimin terrorçu başbilənləri ağ bayraq qaldıraraq təslim oldular. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq növbəti dəfə regionda hamı üçün əhəmiyyətli olan sülh, sabitlik və ortaq inkişaf mesajı verdi. Azərbaycanın şanlı zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkənin həyatında yeni quruculuq mərhələsi başladı və 30 illik həsrətdən sonra əhalinin öz doğma torpaqlarına qayıdışı davam edir”, -deyə yazıda vurğulanır.