30 Mart 2023 01:09
974
SİYASƏT
A- A+

Tarixin Heydər Əliyev zirvəsi

 

Bəşər tarixinin hər bir mərhələsində özünün təsdiqini tapan faktorlardan biri siyasi lider amilinin dövlətlərin və xalqların taleyində böyük rol oynamasıdır. İnsanları milli amallar və dövlətçilik idealları ətrafında birləşdirməyi bacaran liderlər tarixin axarı ilə getməmiş, işıqlı əməlləri, yüksək siyasi dünyagörüşləri və vətən sevgiləri ilə öz ölkələrinin qürur salnamələrini yaratmış və təmsil etdikləri xalqların böyük şəxsiyyətlərinə çevrilmişlər. 
Anadan olmasının 100-cü ildönümü ərəfəsində xatirəsini böyük minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin də adı məhz belə cahanşümul insanlar, öz xalqının tarixini yaradan böyük liderlər, əbədiyaşarlıq qazanmış şəxsiyyətlər cərgəsində yer alır. Heydər Əliyevin timsalında Azərbaycan xalqı  bəşər tarixinə öz imzasını həkk edən dahi bir şəxsiyyət yetirmişdir. Doğma xalqının önündə cəsarətlə addımlayan Heydər Əliyev dövlətçiliyimizin banisi, millətin böyük öndəri kimi ali bir zirvəyə ucalmışdır.

 

Milli məfkurəyə sadiqliyin və vətən sevgisinin təcəssümü

 

Heydər Əliyev elə bir dühadır ki, onun fəaliyyətinə nəzər salanda Azərbaycanın böyük bir tarixi epoxası barədə fikir yürütmək olur. Başqa cür desək, Heydər Əliyev elə bir zirvədir ki, onun ucalığından müasir Azərbaycanın yüksəlişi, intibahı, müstəqilliyi, qüdrətli dövlətçiliyi, xalqımızın milli həmrəyliyi, həmçinin böhrandan inkişafa, xaosdan tərəqqiyə keçid aydın görünür. Ulu Öndərin sovet hakimiyyəti dövründə və müstəqillik illərində respublikamıza rəhbərliyi məhz cəmiyyəti narahat edən problemlərə son qoyulması, tənəzzülün, geriləmənin, nöqsanların qarşısının alınması, inkişafın təmin olunması və ən əsası sarsılmaz müstəqilliyimizin, qüdrətli dövlətçiliyimizin etibarlı təməllərinin yaradılması ilə əlamətdar olub. 
Ona görə Heydər Əliyevin həm sovet illərində, həm müstəqillik dövründə Azərbaycana rəhbərliyə başlaması tariximizin dönüş nöqtəsi kimi də nəzərdən keçirilir. Birinci mərhələdə Azərbaycanın  öz iqtisadi göstəricilərinə görə keçmiş ittifaqın geridə qalmış ölkələri sırasından qabaqcılları cərgəsinə çıxmasına nail olan Heydər Əliyev özünün müdrik rəhbərliyi ilə xalqımızı nəinki sovetlər birliyinə, bütün dünyaya tanıtdı.   Sovet dövlətinin sərt ideoloji tələblərinin hakim olduğu bir şəraitdə Heydər Əliyevin həyata keçirdiyi tədbirlər xalqımızın milli oyanışına yol açdı, milli-mənəvi dəyərlərimizin unudularaq itirilməsinin qarşısını aldı.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü həm də respublikamızda qanunçuluğun möhkəmləndirilməsi, hüquqi islahatlar çərçivəsində xalqımızın milli maraqlarının təmin olunması ilə əlamətdardır. İnkişaf hədəflərini düzgün müəyyənləşdirən Ulu Öndər buna uyğun olaraq korrupsiya əməllərinin, o cümlədən rüşvətxorluğun qarşısının alınması üçün sərt tədbirlər həyata keçirdi. Təbii ki, bu tədbirlər respublikamızda inkişafa maneçilik yaradan buxovların qırılıb atılmasına, cəmiyyətimizin mənəvi sağlamlığının təmin olunmasına uğurla xidmət etdi, müsbət nəticələri oldu. 
Hüquqi islahatlar çərçivəsində isə yalnız bir məqamı - 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında yer alan müddəaları misal çəkməklə Ulu Öndərin nümunəsində dövlətə və xalqa layiqli xidmətin ali nümunəsini göstərə bilərik. Sovet dövlətinin xalqları öz keçmişlərindən, ənənələrindən, tarixlərindən uzaqlaşdırmağa yönəlik siyasət yürütdüyü, milli dəyərləri unutdurmağa çalışdığı  bir dövrdə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında yer alan məqamlar milli və mənəvi dəyərlərimizin qorunması üçün hüquqi əsasları daha da gücləndirdi. Bu sırada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin sovet illərində xalqımız qarşısındakı xidmətlərinin ən möhtəşəm nümunələrindən biridir.
Xalqımızın dahi övladının 1982-ci ilin noyabr ayında Sovet İttifaqının siyasi kursunu müəyyənləşdirən ən ali orqana - Siyasi Büroya üzv seçilməsi, həmçinin həmin ərəfədə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması onun Azərbaycana uğurlu rəhbərliyinin nəticəsi idi.  Eyni zamanda Ulu Öndərin SSRİ kimi fövqəldövlətin rəhbərləri sırasında yer alması onun dövlət xadimi kimi səriştəsinin, təcrübəsinin, ən əsası, nüfuzunun ittifaq  miqyasında etiraf olunması idi. Ümummilli Liderin siyasi karyerasının bu yüksəlişi həm də xalqımızın möhtəşəm nailiyyəti idi. Çünki bu vəzifədə Heydər Əliyev bir azərbaycanlı kimi öz xalqını ali zirvədə təmsil edirdi. Bu dövrdə SSRİ kimi böyük bir dövlətin mühüm iqtisadi və sosial sferalarını kurasiya edən Heydər Əliyev doğma vətəninə də yetərincə diqqət ayırırdı.

 

Xilaskar lider

 

Sovet illərində özünün müdrik rəhbərliyi sayəsində Azərbaycanın iqtisadi inkişafına və milli intibahına nail olan, həyata keçirdiyi tədbirlərlə respublikamızın etibarlı gələcəyinin möhkəm təməllərini yaradan Heydər Əliyev sonrakı dövrdə də xalqımızı çətin sınaqlardan, böhranlardan layiqincə çıxarmış, öz əməlləri ilə tariximizin növbəti şərəfli səhifələrini yazmışdır. Bu baxımdan, ilk növbədə, onu qeyd etmək yerinə düşər ki, 1987-ci ilin sonlarına yaxın M.Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək bütün vəzifələrindən istefa verən Heydər Əliyev həmin dövrdə də öz xalqının yanında olmuş, xüsusən Naxçıvanda həyata keçirdiyi siyasi fəaliyyətlə milli-azadlıq hərəkatının daha da güclənməsinə layiqli töhfələrini vermişdir. Bu illərdə Heydər Əliyevin liderliyi və təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağımızın dövlət bayrağı elan olunması, ilk dəfə 20 Yanvar hadisələrinə dəqiq siyasi-hüquqi qiymətin verilməsi, SSRİ-nin saxlanılması ilə bağlı referendumun muxtar respublikada boykot edilməsi Ulu Öndərin qətiyyətinin və vətənpərvərliyinin göstəriciləri kimi tariximizin böyük siyasi hadisələridir. Məhz Heydər Əliyevin bu kimi cəsarətli addımları xalqımızın milli-azadlıq mücadiləsini yeni mərhələyə yüksəltmiş, müstəqilliyimizə gedən yolumuza işıq salmışdır. 
Ağır və gərgin təbəddülatlarla dolu 1993-cü ildə müstəqilliyimizin və dövlətçiliyimizin xilas edilməsi isə Heydər Əliyevin uzaqgörən və  parlaq siyasi zəkasının, vətən sevgisinin növbəti və tarixi təcəssümü oldu. Həmin günləri yaxşı xatırlayırıq: bir tərəfdən torpaqlarımızı işğal edən Ermənistanın genişlənən hücumları, bir tərəfdən də antiazərbaycançı qüvvələrin təhriki ilə separatçılığın baş qaldırması respublikamızı uçuruma, məhvə doğru aparırdı. Ən acınacaqlısı o idi ki, həmin dövrdə hakimiyyətdə olan və yaranmış böhrana görə məsuliyyət daşıyan siyasi qruplar ölkəni xilas etməkdə aciz idilər. 
Amma bütün cəmiyyətə həm birləşdirici, həm də ümidləri itməyə qoymayan güclü  bir hiss də hakim idi. Bu hiss Ulu Öndər Heydər Əliyevə olan inamdan irəli gəlirdi. Bütün xalq, hətta hakimiyyətdə olan siyasi qruplar da bilirdilər ki, respublikamızı düşdüyü dərin böhrandan, üzləşdiyi təhlükələrdən yalnız görkəmli dövlət xadimi Heydər Əliyev xilas edə bilər. Bu mənada həmin gərgin günlərdə Heydər Əliyevə ünvanlanan müraciətlər Ulu Öndərə olan ümumxalq inamının göstəricisi idi. Xalqımızın dahi oğlu o ağır günlərdə öz siyasi təcrübəsinə, uzaqgörənliyinə söykənərək böyük qətiyyətlə özünün xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndərin sayəsində Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması layiqincə təmin edildi, dövlətçiliyimiz qorundu.  
Beləliklə, sovetlər dövründə Azərbaycanın intibahını təmin edən Ulu Öndər Heydər Əliyev müstəqillik illərində müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyevin müəllifliyi ilə ötən əsrin 90-cı illərinin ortalarından etibarən müstəqillik salnaməmizin şərəfli səhifələrinin  yazılmasına başlanıldı. Ulu Öndər özünün zəngin siyasi təcrübəsi ilə müasir dövlətçiliyimizin etibarlı təməllərini yaratdı, respublikamızı beynəlxalq hüququn tamhüquqlu üzvünə çevirdi.  Həyata  keçirilən məqsədyönlü islahatlarla cəmiyyət həyatının bütün sahələrində inkişafın, hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Qısa zaman ərzində Ulu Öndərin həll etdiyi problemlər həm də Azərbaycana beynəlxalq miqyasda olan etimadı gücləndirdi və bunun məntiqi nəticəsi kimi Heydər Əliyevin milli inkişaf strategiyasının əsas sütunlarından olan "Əsrin müqaviləsi" imzalandı.
Hər bir dövlətin uğurlarının təməlində mütərəqqi siyasi kurs və təkmil idarəçiliklə yanaşı, bir sıra müxtəlif amillər, o cümlədən mükəmməl hüquq sisteminin mövcudluğu dayanır.  Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra respublikamızın daxil olduğu inkişaf yoluna bu prizmadan nəzər saldıqda görürük ki, həyata keçirilən dövlət quruculuğunun əsas elementlərindən biri dövrün tələb və çağırışlarından irəli gələrək hüquqi sistemin tamamilə yenilənməsi olmuşdur. Ulu Öndərin bu sahədə həyata keçirdiyi islahatlar isə həm mükəmməl hüquqi bazanın formalaşdırılmasını, həm də bu sahədə müvafiq dövlət qurumlarının fəaliyyətinin yenidən qurulmasını, onların işinin təkmilləşdirilməsini əhatə etmişdir.
Bütövlükdə, Heydər Əliyev hansı siyasi-ictimai və iqtisadi dövrdə respublikamıza rəhbərlik etməsindən asılı olmayaraq hər zaman öz vətəninin və xalqının yüksək rifahı üçün çalışıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında"  29 sentyabr 2022-ci il tarixli sərəncamında Ulu Öndərin respublikamız və xalqımız qarşısındakı tarixi xidmətləri ətraflı təhlil olunur. Sərəncamda qeyd olunduğu kimi,  Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur: "Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir". 

 

Ulu Öndərin siyasi kursu davam edir, ideyaları həyata vəsiqə alır

 

Sərəncamda qeyd olunduğu kimi, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Heydər Əliyev elə bir siyasi kurs, elə bir bir inkişaf strategiyası müəyyənləşdirib ki, onların həyata keçirilməsi Azərbaycana yalnız yüksəliş və güclü dövlətçilik vəd edir. Bununla yanaşı, Heydər Əliyev həm də möhtərəm Prezident İlham Əliyevin timsalında özünün layiqli varisini, müəyyən etdiyi siyasi kursu davam etdirməyə qadir, qətiyyətli və milli dəyərlərə bağlı lider yetişdirmişdir. Təsadüfi deyil ki, 2003-cü ildə xalqımızı qarşıdan gələn prezident seçkilərində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağıran Ulu Öndər inam hissi ilə bildirirdi ki, yekunlaşdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. 
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət, Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, qlobal miqyasda söz sahibinə çevrilməsi bir daha Ulu Öndərin nə qədər müdrik və uzaqgörən olduğunu aydın şəkildə təsdiq edir. Bu illər ərzində cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz inkişaf göstəriciləri ilə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub.  Qürur hissi ilə qeyd etməliyik ki, bu gün respublikamız dünya birliyinin nüfuzlu, etimad göstərilən üzvü, regionun aparıcı dövlətidir. Bütün bunları təmin edən Prezident İlham Əliyevin adı isə dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə çəkilir.
Heydər Əliyev yolunu qətiyyətlə, layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inkişaf göstəricilərinə və hərbi gücünə əsasən tarixinin ən qüdrəti dövləti etməklə, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad olunması üçün də münbit tarixi zəmin yaratdı. Beləliklə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın yüksəlişinin, qüdrətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsi oldu. Bu zəfərlə Prezident İlham Əliyev, həm də ata vəsiyyətini layiqincə yerinə yetirdi, Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi. Ona görə Ulu Öndərin ruhu da rahatdır. Çünki onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri layiqli siyasi davamçısı kimi möhtərəm İlham Əliyev qətiyyətlə həll edir.
Vətən müharibəsindən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, həm də respublikamızda yeni iqtisadi və sosial inkişaf nümunələri yaradılır. Bütün bunlar bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları həyata vəsiqə alır və ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha böyük uğurlara doğru qətiyyətlə addımlayır.
 
Zahid CƏFƏROV,
BDU-nun Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru, YAP ərazi təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video