17 Mart 2023 02:22
2194
SİYASƏT
A- A+

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir

 

Hər bir xalq tarixən üzləşdiyi mürəkkəb şəraitdə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürən qətiyyətli liderinin fitri idarəçilik qabiliyyəti sayəsində milli ideallarına qovuşur, istiqlala gedən yolda bütün çətinlikləri dəf edir və özünəməxsus inkişaf yolunu müəyyənləşdirir. Şəxsiyyət amili müasir dövrdə də xalqların qarşıya qoyduqları hədəflərinə doğru inamla irəliləməsi və beynəlxalq arenada layiqli yerini təmin etməsi baxımından xüsusi aktuallığa malikdir.
Xalqların qürur yeri olan belə şəxsiyyətlərin milli intibaha xidmət edən ideya-siyasi irsinin öyrənilməsi və tədqiqi, gələcək nəsillərə çatdırılması, eləcə də xatirəsinin əbədiləşdirilməsi obyektiv sosial tələbat kimi meydana çıxır. XX əsrdə Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi qüdrətli şəxsiyyət, xilaskar və qurucu lider Heydər Əliyevin əziz xatirəsi də bu gün milyonlarla insanın qəlbində yaşayır və ehtiramla yad edilir. Mənalı ömrünü xalqının tərəqqisinə, dünyada layiqli yerini tutmasına həsr edən Ulu Öndərin özünəməxsus dövlət idarəetmə məktəbinin öyrənilməsi, ölməz ideyalarının cəmiyyətə aşılanması və təbliği Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hər zaman diqqətində olub. Dövlət başçısının hələ 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı əsasında ötən əsrin 70-80-ci illərində təşəbbüsü ilə inşa edilmiş bir sıra möhtəşəm memarlıq abidələrinə, təhsil ocaqlarına böyük strateqin adının verilməsi, eləcə də ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması deyilənləri bir daha təsdiqləyir. 
Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncamına əsasən, anadan olmasının 100-cü ildönümünün respublikamızda təntənə ilə qeyd edilməsi Ümummilli Liderin çağdaş tariximizdəki müstəsna rolunun adekvat dəyərləndirilməsidir. Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və milli inkişaf hədəflərinin müəyyənləşməsindəki tarixi xidmətlərini önə çəkən sərəncamda qeyd edilir: "Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir". 
Xalqının gələcək intibahını düşünən əsl siyasi lider milli ideya səviyyəsinə yüksəlmiş məqsədlərin hansısa əlverişli tarixi şəraitdə reallaşması üçün yorulmadan, əzmlə çalışır, ideoloji-siyasi və iqtisadi zəmin formalaşdırır. Bu günün prizmasından yanaşdıqda Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə uzaqgörən lider kimi xalqımızın gələcək müstəqilliyinə zəmin yaradan çoxşaxəli tədbirlər həyata keçirdiyi qabarıq görünür. Məhz Heydər Əliyev dühasının 1969-cu ilin 14 iyulunda rəhbərliyə irəli çəkilməsi ilə Azərbaycan xalqı milli şüurun yetkinləşməsi, milli özünüdərk baxımından keyfiyyətcə yeni və məhsuldar mərhələyə qədəm qoydu, perspektiv müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq imkanı əldə etdi.
Ümummilli Lider Heydər Əliyev keçmiş Sovet İttifaqının rəhbərləri arasında nadir şəxsiyyətlərdən idi ki, bu dövlətin ideoloji-siyasi, mənəvi əsaslarının möhkəm olmadığını bilir, onun nə zamansa süquta uğrayacağını aydın hiss edirdi. Ulu Öndərin ilk günlərdən xalqın maraqlarına əsaslanaraq reallaşdırdığı islahatların qayəsində yer alan başlıca məqsədlərdən biri də ölkə iqtisadiyyatını gələcəkdə baş verəcək əsaslı dönüşə hazırlamaq idi. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaradılan milli gəlirin yalnız 60 faizinin respublikada saxlanıldığını, bu göstəricinin digər ittifaq respublikaları ilə müqayisədə çox aşağı olduğunu narazılıqla bildirən dahi lider vəziyyətin kökündən dəyişməsi üçün prinsipiallıq göstərir, SSRİ rəhbərliyi ilə müntəzəm danışıqlar aparırdı. Həmin dövrdə Azərbaycanda yerləşən sənaye və istehsal müəssisələrinin 90 faizinin ittifaqın tabeliyində olması da respublika rəhbərini ciddi narahat edirdi. 
Ümummilli Lider o dövrdə qətiyyətli və əzmkar fəaliyyəti ilə həmin müəssisələrin böyük əksəriyyətinin respublikamızın tabeliyinə keçməsinə nail oldu. Bunun nəticəsi olaraq Azərbaycanda sənayeləşmə geniş vüsət aldı, aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına, yüksək sənaye sivilizasiyasına keçid uğurla təmin edildi, yüzlərlə zavod, fabrik və digər istehsal sahələri yaradıldı. Ulu Öndərin respublika rəhbərliyinə gəlişinə qədər ümumi sayı 735 təşkil edən sənaye müəssisələri qısa müddətdə artaraq 1048-ə yüksəldi. Ümumilikdə, Heydər Əliyevin birinci rəhbərliyi dövründə aparılan kompleks islahatlar, formalaşdırılan güclü aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı Azərbaycanı nəinki qabaqcıl respublikalardan birinə çevirdi, eyni zamanda onun gələcək müstəqilliyi üçün fundamental əsaslar yaratdı. 
Tarixdən məlumdur ki, müstəqilliyin elan edilməsi dövlətin davamlı inkişafı,  xalqın can atdığı milli ideallara çatması baxımından çox zaman yetərli olmur. Başqa sözlə, insanları ideyaları ətrafında birləşdirə bilən, ölkənin iqtisadi potensialını düzgün realizə edən, milli inkişaf üçün strateji yol xəritəsi müəyyənləşdirən strateq şəxsiyyətlər müstəqilliyi qoruyub saxlaya və dövlətçiliyin sütunlarını möhkəmləndirə bilirlər. Bu mənada Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini xaos və anarxiya, vətəndaş müharibəsi təhlükəsindən hifz edən, iqtisadi tənəzzülün dərinləşməsinin qarşısını alan, həyata keçirdiyi islahatlarla ictimai həyatın bütün sahələrində sabitliyi təmin edən böyük lider kimi çağdaş tariximizə möhürünü vurub. 
Müstəqilliyi haqlı olaraq əvəzsiz milli sərvət kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikanı iqtidarda olmuş naşı qüvvələrin yaratdığı problem və təhlükələrdən, o cümlədən sosial-iqtisadi çətinliklərdən əzmlə xilas etməyi bacardı.  Sarsılmaz özül üzərində bərqərar edilən möhkəm daxili sabitlik, vətəndaş müharibəsinin qarşısının alınması, qanunsiz silahlı qüvvələrin zərərsizləşdirilməsi fonunda qarşıda duran mühüm vəzifələrdən biri də xalqın sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmini, xüsusən də aztəminatlı təbəqəsinin maraqlarının müdafiəsi idi. Bütün bunlar həm də ölkə iqtisadiyyatında idarəetmə və istehsal nizamına yeni yanaşma kontekstində reallaşdırılmalı, təsərrüfatın 
70 il ərzində formalaşmış idarəçilik metodunu tamam fərqli üsullar əvəz etməli idi. Zamanının lideri olan, hadisələrin inkişaf axarını qabaqlayaraq ona pozitiv təsir göstərən Heydər Əliyev bu missiyanın da öhdəsindən uğurla gəldi.  
İnkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da iqtisadi inkişafın bəhrələri zamanla hər bir fərdin maddi, sosial və mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirildi. Sosial sferadakı qanunvericilik aktlarının qabaqcıl tələblərə uyğunlaşdırılması və reallaşdırılan digər addımlar keçid dövründə ölkəmizin sosial transformasiya prosesini uğurla reallaşdırmasına imkan yaratdı. Bu uğurları şərtləndirən  əsas amillərdən biri də Azərbaycanın öz inkişaf hədəflərini düzgün müəyyən etməsi, bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial müstəvidə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyasının mövcudluğu idi. Ulu Öndərin rəhbərliyi ilə 1993-2003-cü illərdə əhalinin sosial problemləri ön plana çəkildi, çoxsaylı yeni iş yerləri yaradıldı, maaşlar, pensiyalar, digər sosial müavinətlər vaxtaşırı artırıldı, əlillər, müharibə veteranları, sənət adamları, alimlər və tələbələr üçün xüsusi təqaüdlər təsis edildi. 
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti üçün unudulmaz tarixi xidmətlərindən biri də milli iqtisadi inkişaf modelini formalaşdırmasıdır. Məhz bunun nəticəsində sosial-iqtisadi inkişafın proqramlaşdırılması mümkün oldu, iqtisadiyyatın idarə edilməsində sahəvi proqramların icrası təmin edildi. İqtisadiyyatın dövlət tənzimlənməsinin incəliklərini dərindən bilən Ulu Öndərin birbaşa iştirakı ilə 30-a yaxın dövlət proqramı qəbul olundu, bu tədbirlər iqtisadi resursların istifadəsinin səmərəliliyini artırmaqla yanaşı, onun icrasına nəzarəti də asanlaşdırdı. Eyni zamanda iqtisadiyyatın liberallaşdırılması və dövlət müdaxiləsinin minimuma endirilməsi həyata keçirildi. Bu islahatlar sayəsində qiymətlər liberallaşdırıldı, nəticədə inflyasiya tempi arzuolunan səviyyəyə endi. İqtisadiyyatı inkişaf etdirmək potensialına malik sahibkarlıq institutu formalaşdırıldı, torpaq onun sahibinə, kəndlilərə qaytarıldı, Azərbaycan MDB-də torpaq islahatlarını uğurla həyata keçirən ilk respublika oldu. 
Həyata keçirilən kompleks tədbirlər sayəsində ölkədə sosial siyasət dərinləşdi, 1993-2003-cü illərdə əməkhaqqı təxminən 5,6 dəfə, orta aylıq pensiya 73 dəfə artdı. Heydər Əliyev iqtisadi strategiyasının reallaşması sayəsində ölkəmizin ümumi inkişaf tempi də ilbəil artmağa başladı. 1996-2003-cü illərdə ümumi daxili məhsul istehsalı 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,5 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulu 25,2 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bu dövrdə iqtisadiyyata yönəldilən investisiyaların ümumi həcmi 20 milyard dolları ötdü. 
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə karbohidrogen ehtiyatlarının mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası, düşünülmüş yeni neft strategiyasının həyata keçirilməsi respublikamızın son 30 ildə yüksək tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaratdı. 1994-cü ildə aparıcı ölkələrin nüfuzlu neft şirkətləri ilə yeni  müqavilənin imzalanması üzrə beynəlxalq səviyyəli müzakirələrə, danışıqlara başlanıldı. Həmin illərdə ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsini tutan cənab İlham Əliyevin də bilavasitə iştirak etdiyi gərgin danışıqlar prosesindən sonra ölkəmizin maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də 8 ölkənin 11 şirkətilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq sazişin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlini qoydu. 1999-cu ilin dekabrında isə Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tankeri dünya bazarlarına çıxarıldı.
Mənalı ömrünü, səmərəli idarəçilik fəaliyyətini dövlətinin tərəqqisinə həsr edən Ümummilli Lider Heydər Əliyevin müdrikliyi həm də ideyalarını özündən sonra yeni əsrin çağırışlarına uyğun davam etdirən, hər bir vətəndaşın layiqli Prezidenti olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən uğurlu siyasi davamçı və lider yetişdirməsində özünü göstərir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev ötən 20 ildə Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumən Avropa geosiyasi arealında qüdrətli, güclü dövlətlərdən birinə çevirib. Ulu Öndərin qurucusu olduğu, cənab İlham Əliyevin liderlik etdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdə ciddi sosial dayaqlara, birləşdirici ideya və proqrama malik olması da qazanılan uğurların daha dayanıqlı və ardıcıl olmasını təmin edib.  
Dövlət başçısının milli maraq və mənafelərə əsaslanan uğurlu diplomatiyası, modern ordu quruculuğu doktrinası, xalqı ətrafında səfərbər etmək bacarığı sayəsində Azərbaycan bu gün dünyada ərazi bütövlüyünü təmin edən və regionda yeni geosiyasi reallıq formalaşdıran qalib ölkə kimi tanınır. İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimiz dövlət başçısı İlham Əliyevin son 20 illik fəaliyyətinin ümumxalq mənafeləri baxımından nəzərdən keçirilməsi və dəyərləndirilməsi üçün ən obyektiv istinad yeridir. Döyüş meydanında qazanılan, xalqın özünə inamını və milli qürur hissini bərpa edən bu tarixi zəfərin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğal faktına son qoyub, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Azərbaycanı son 200 ildə davamlı ərazi itirən dövlətdən torpaqlarını geri qaytaran dövlətə çevirən dövlət başçısı həm də Ulu Öndərin ən böyü arzusunu, ata vəsiyyətini həyata keçirib: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Əminliklə demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri zamanı və sonrakı mərhələdə xalq qarşısında verdiyi bütün vədləri əməli işi ilə reallığa çevirib, rəhbəri olduğu dövləti "Güclü dövlət, yüksək sosial rifah, müstəqil siyasət" konsepti əsasında inkişaf etdirib. Dövlət başçısının praqmatik lider kimi gücü və xarizması həm də qarşıda müəyyənləşdirdiyi milli ideya səviyyəli vəzifələri gerçəkləşdirmək üçün dərin strateji baxışa, yol xəritəsinə və daxili inama malik olmasındadır. Məhz bu iqtisadi siyasət Azərbaycanın bütün sahələrdə inkişafını, müstəqil siyasət yürütməsini, sosial rifah dövlətinə çevrilməsini, idarəetmə sistemində şəffaflıq və hesabatlılığın güclənməsini, ən nəhayət, insan amilinin islahatların fövqündə yer almasını təmin edib. İnqilabi dəyişikliklər mərhələsi kimi səciyyələnə biləcək son 20 il həm də vətəndaş mənafeyini önə çəkən, iqtisadi, siyasi, hüquqi və digər sahələrdə liberallaşmaya xidmət edən, dövlətin beynəlxalq nüfuzunu yüksəldən islahatlarla əlamətdardır. Dövlət idarəetməsinə və cəmiyyətə yeni nəfəs, şəffaflıq, müasirlik gətirən, dünyada Azərbaycan brendi kimi qəbul edilərək diqqətlə öyrənilən "ASAN xidmət", "DOST", "ASAN kommunal", "ABAD" kimi innovativ idarəetmə layihələri vətəndaşların işini asanlaşdırmaqla yanaşı, ictimai məmnunluq səviyyəsini də təmin edib. Bu və digər layihələr dövlət idarəetmə sisteminin müasirləşməsinə, idarəçiliyə yeni dövrün aktual çağırışları, tələb və meyarları prizmasından yanaşılmasına və insanları narahat edən neqativ halların əsaslı şəkildə aradan qaldırılmasına imkan verib. 
Dövlət idarəetmə sistemində aparılan genişmiqyaslı islahatlar çərçivəsində 2016-cı ildə ümumxalq referendumu əsasında Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsinin və vitse-prezidentlik institutunun yaradılmasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Sosial-mədəni və  intellektual yüksəlişə, humanizm ideyalarının genişlənməsinə, milli mədəniyyətin, incəsənətin, habelə ölkə həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən nəcib təşəbbüslərin müəllifi, təşkilatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi isə aparılan islahatların səmərəliliyini yüksəltdi. Birinci vitse-prezidentin xüsusən də cəmiyyətin ən həssas təbəqələrinin problemlərinin həllinə qayğı ilə yanaşması, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının müraciətlərini xüsusi diqqətdə saxlaması ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. 
İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycan hazırda qarşıya qoyduğu böyük hədəflərə doğru inamla addımlayır. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsi olaraq, respublikamız yuxarı gəlirli ölkələr və yüksək insan inkişafı ölkələri qrupuna daxil olmağa iddialıdır. Buna zəmin yaradan əsas amil ölkəmizin böyük iqtisadi potensiala malik olmasıdır - Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi hazırda 56 milyard ABŞ dollarını ötüb və bu göstərici ölkəyə idxalın ən azı 3 il ərzində fasiləsiz maliyyələşdirilməsinə kifayət edir. Xarici borcun ÜDM-də 10 faiz təşkil etməsi isə ölkəmizin borclanma strategiyasının səmərəliliyini, Prezident İlham Əliyevin bununla bağlı qarşıya qoyduğu hədəfin reallaşdığını göstərir. 
Son 20 ildə qəbul olunmuş sahəvi dövlət proqramları, dövlət əsaslı kapital qoyuluşları hesabına reallaşdırılan qlobal infrastruktur layihələri iqtisadi inkişafı sürətləndirməklə yanaşı, insanların həyat keyfiyyətinin yüksəlməsinə, bölgələrlə paytaxt arasındakı fərqin azalmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına əsaslı zəmin formalaşdırıb. Əlbəttə, regionlarda obyektiv səbəblərlə bağlı müəyyən problemlərin mövcudluğu da hökumət tərəfindən qəbul edilir və onların həlli istiqamətində ardıcıl addımlar atılır. 
Azərbaycan dövlətinin inkişaf strategiyasında karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, büdcə gəlirlərinin neft və qaz gəlirlərindən asılılığının azaldılması xüsusi yer tutur. Prezident İlham Əliyev ilk gündən qətiyyətlə bildirib ki, biz gələcək inkişafımızı təmin etmək üçün neft vəsaitlərini qeyri-neft iqtisadiyyatının, insan kapitalının inkişafına yönəldirik və bu siyasət ölkəmizin gələcək tərəqqisini təmin edəcəkdir. Bu istiqamətdə yürüdülən çevik iqtisadi siyasət özəl sektorun inkişafı ilə paralel şəkildə idxaldan asılılığın azaldılması, dünyadakı qeyri-sabitlik, gərginlik şəraitində ərzaq təhlükəsizliyinin gücləndirilməsi tədbirlərini özündə ehtiva edir. Bunun nəticəsi olaraq, son illər ölkənin qeyri-neft-qaz sektorunun ixrac potensialının yüksəlməsi müşahidə edilir. Daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi, ixrac potensialının formalaşdırılması məqsədilə aqrar sektorun ən müxtəlif sahələrinin inkişafına diqqət göstərilir, istehsalçı sahibkarların güzəştli kreditlərə çıxış imkanları genişləndirilir. 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3,05 milyard ABŞ dollarını təşkil edib və bu da ölkə tarixində ən yüksək göstərici hesab edilir. 
Son illərdə rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasət və praqmatik enerji diplomatiyası Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Respublikamızın əlverişli geosiyasi vəziyyəti, Avrasiya nəqliyyat - kommunikasiya qovşaqında yerləşməsi və qlobal layihələri əzmlə reallaşdırması qeyd edilən münasibətlərə təkan verən mühüm amillər sırasındadır. Əvvəllər daha çox "qara qızıl" ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son 10 ildə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Avropa ölkələrinə hasil olunan təbii qazın həcminin ilbəil artırılması ölkəmizin dünya bazarında iri mavi yanacaq tədarükçüsü olduğunu təsdiqləyir. Ukraynadakı müharibə, Rusiya-Qərb münasibətlərinin gərginləşməsi fonunda Avropa ölkələri Azərbaycan qazını almaqda maraqlı olduqlarını açıq bəyan edirlər. Belə bir şəraitdə beynəlxalq miqyasda öhdəliklərinə sadiq, qiymət sabotajlarına yol verməyən və etibarlı neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanla əməkdaşlığı genişləndirmək Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. 
Avropanın enerji təhlükəsizliyində rolu ilbəil artan Azərbaycan qlobal miqyasda aktual olan "yaşıl enerji", karbonsuzlaşdırma, hidrogen istehsalı kimi layihələrin Cənubi Qafqaz regionunda reallaşdırılmasının da əsas təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya gerşəkləşən səfərində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" Azərbaycanın Avropa ölkələri ilə enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Başqa sözlə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təkcə zəngin karbohidrogen ehtiyatları ilə deyil, eyni zamanda bərpaolunan enerji mənbələri hesabına sanballı töhfələr vermək imkanındadır. Hazırda ölkəmizdə ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik və 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik stansiyalarının inşası işləri sürətlə davam etdirilir. 
Ərazilərimizin bərpasında əsas investor qismində çıxış edən Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasına, burada "yaşıl enerji" ilə bağlı mühüm layihələrin reallaşdırılmasına həm də təbliğati-siyasi əhəmiyyətli məsələ kimi yanaşır. Azərbaycan Prezidenti İlham Əliyevin 2002-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyətə malikdir. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasına xidmət edən dövlət proqramında konkret mərhələlər üzrə qarşıya qoyulan məqsədlər, görüləcək işlər, dövlət qurumlarının üzərinə düşən vəzifələr və onlara uyğun hədəf göstəriciləri, maliyyələşmə mənbələri dolğun əksini tapıb. Ümumilikdə, sənəd ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, səhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və dayanıqlı infrastruktur təminatı müasir standartlara uyğun xidmətlərin yaradılması  məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması, sahibkarlıq mühitinin əlverişliliyinin artırılması ətraf mühitin etibarlı mühafizəsi və ekoloji təhlükəsizliyi, təbii resurslardan səmərəli istifadə, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi və digər mühüm hədəfləri özündə ehtiva edir. 
Xüsusi vurğulamaq lazımdır ki, Böyük Qayıdış Konsepsiyasının reallaşmasında, azad edilmiş ərazilərdə tarixi, mədəni və dini abidələrin əsaslı bərpasında, restavrasiyasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.  
Anadan olmasının 100-cü ildönümü respublika səviyyəsində geniş qeyd olunan Ümummilli Lider Heydər Əliyevin ideyaları yaşayır və müstəqil Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə doğru inamla irəliləməsində mayak rolunu oynayır. Ulu Öndərin siyasi kursunun son 20 ildə yeni dövrün reallıqlarına uyğun davam etdirilməsi, yeni çalarlarla zənginləşdirilməsi isə ölkəmizin dayanıqlı inkişafına ən etibarlı təıminatdır.  
Hər bir vətəndaşımızın qürur mənbəyi olan gerçəklik - tarixin ən qüdrətli Azərbaycanı isə birmənalı olaraq məhz Heydər Əliyev ideyalarının şanlı təntənəsidir.

Ağalar VƏLİYEV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video