26 Fevral 2026 09:05
203
SİYASƏT
A- A+
Sülh Şurası və Azərbaycanın xarici siyasəti

Sülh Şurası və Azərbaycanın xarici siyasəti


Yaxın Şərqdə baş verən proseslər təkcə regional deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Xüsusilə, Qəzza zolağı ətrafında formalaşan yeni siyasi-hərbi konfiqurasiya beynəlxalq ictimaiyyətin kollektiv qərarvermə mexanizmlərinin yenidən aktivləşdirilməsinə olan ehtiyacı kəskin şəkildə gündəmə gətirib.

Bu ehtiyac hazırda dünyada davam edən müharibələr və silahlı qarşıdurmalar fonunda özünü daha açıq göstərir. Rusiya ilə Ukrayna arasında müharibə və Qəzzada baş verən son hadisələr bir daha sübut etdi ki, mövcud beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətin üzləşdiyi təhlükəsizlik və humanitar böhranları çözmək üçün kifayət qədər səmərəli fəaliyyət göstərə bilmir. Bu isə qlobal miqyasda siyasi, humanitar, iqtisadi və ekoloji çağırışlara adekvat cavab verə bilməyən mövcud beynəlxalq nizamın dərin institusional problemlərini üzə çıxarır.

Müharibələr, silahlı münaqişələr və onların yaratdığı çoxşaxəli fəsadlar fonunda hazırda qlobal miqyasda artmaqda olan problemlər dünyanın müxtəlif ölkələrinin siyasətçiləri tərəfindən BMT-də islahatların zəruriliyinə dair bəyanatların sayını əhəmiyyətli dərəcədə artırıb. BMT-nin mövcud çağırışlara operativ və təsirli cavab verə bilməməsi, beynəlxalq təhlükəsizlik sistemində yaranmış boşluqların dərinləşməsi fonunda yeni və daha çevik həll mexanizmlərinin formalaşdırılmasına ehtiyac açıq şəkildə ortaya çıxır. Məhz bu fonda, alternativ sülh və təhlükəsizlik platformasının yaradılması məqsədilə Sülh Şurası təşəbbüsü ötən ilin sonunda -  Donald Trump Administrasiyası tərəfindən irəli sürülmüşdü. 

Sülh Şurası konsepsiyasının praktik reallaşdırılmasına yönəlmiş ilk mühüm addım Şarm əl-Şeyx şəhərində keçirilmiş sammit çərçivəsində atılmışdı. Həmin toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi qaydada dəvət olunmuşdu. Bu dəvət təkcə diplomatik jest deyil, həm də ölkəmizin artan beynəlxalq nüfuzunun təsdiqi kimi qiymətləndirilməlidir. Sözügedən sammitə Prezident İlham Əliyevin şəxsən çağırılması Azərbaycan dövlətinin qlobal təhlükəsizlik və sülh gündəliyində etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir və bu baxımdan həm dövlətimiz, həm də xalqımız üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Sülh Şurasına yaradıcı, yəni təsisçi üzv statusu ilə qoşulması isə xüsusi vurğulanmalı bir məqamdır. Bu status ölkəmizin təşkilatın ideya əsaslarının formalaşmasında, onun missiya və məqsədlərinin müəyyənləşdirilməsində aktiv rol oynadığını nümayiş etdirir. Təsisçi üzv qismində çıxış edən Azərbaycan yalnız iştirakçı deyil, həm də qlobal sülh təşəbbüslərinin konturlarını müəyyən edən subyekt kimi çıxış edir. Nəticə etibarilə Azərbaycanın Sülh Şurası çərçivəsində fəal iştirakı ölkəmizin beynəlxalq müstəvidə sülhün, dayanıqlılığın və qlobal həmrəyliyin təşviqinə yönəlik strateji xəttinin ardıcıl davamı olmaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş və sülhün təşviqində aparıcı aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Fevralın 19-u Sülh Şurası sammitinin gündəliyində olan əsas məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, eləcə də bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi idi. Bundan başqa, müzakirə mövzularından digəri, Qəzzada Sabitləşdirmə Qüvvələrinin tərkibi ilə bağlı idi. Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilən sabitləşdirici qüvvələrlə bağlı qərar  Şarm əl-Şeyx konfransı zamanı verilmişdi. 

Yeni təhlükəsizlik mexanizminin mahiyyəti yalnız hərbi kontingentin yerləşdirilməsi ilə məhdudlaşmır. Bu model daha çox postmünaqişə dövründə sabitləşdirmə, humanitar təhlükəsizlik və inzibati idarəetmənin bərpasına yönəlmiş kompleks yanaşmanı ehtiva edir. Belə bir yanaşma beynəlxalq hüququn əsas prinsipləri ilə yanaşı, iştirakçı dövlətlərin milli təhlükəsizlik prioritetləri ilə də uzlaşdırılmalıdır.

Azərbaycan Respublikasının  adı Qəzzaya hərbi qüvvə göndərə biləcək ölkələr sırasında mütəmadi olaraq hallansa da, Prezident İlham Əliyev tərəfindən səsləndirilən prinsipial mövqe məsələyə  aydınlıq gətirmişdir. Dövlət başçısının "biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik" bəyanatı yalnız cari situasiyaya operativ reaksiya deyil, həm də Azərbaycanın təhlükəsizlik siyasətinin əsas fəlsəfəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Bu yanaşma ölkənin xarici siyasətində praqmatik realizm və milli maraqların prioritetliyi prinsipinə əsaslanır.

Azərbaycanın indiki mərhələdə Qəzzada hərbi kontingentlə iştirak etməməsi strateji baxımdan rasional qərar kimi dəyərləndirilə bilər. Birincisi, Qəzzada mürəkkəb hərbi-siyasi vəziyyət və  təhlükəsizliklə bağlı ciddi çağırışlar.  İkincisi, Azərbaycan postmünaqişə reallığında öz təhlükəsizlik gündəliyini, xüsusilə regional sabitlik və suverenlik məsələlərini prioritet saxlayan dövlətdir.  Bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, daxili ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır.

Bununla yanaşı, Azərbaycan Respublikası yeni yaradılan və artıq beynəlxalq təşkilata çevrilən  Sülh Şurasının qurucularından biri kimi bu platformada aktiv şəkildə iştirak etməkdədir. Bu, Bakının ənənəvi olaraq üstünlük verdiyi "siyasi praqmatizm" yanaşmasına uyğun gəlir. Diplomatik təmsilçilik vasitəsilə sülh təşəbbüslərində iştirak etmək, humanitar və siyasi dəstək mexanizmlərini gücləndirmək Azərbaycanın məsuliyyətli aktor kimi beynəlxalq imicini möhkəmləndirir.

Sülh Şurasının qurulmasından sonra Vaşinqtonda baş tutan ilk sammitdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində artan rolunu bir daha nümayiş etdirmişdir. Sammit çərçivəsində ABŞ siyasi elitasının, o cümlədən Donald Tramp və Æ.D.Vens tərəfindən Azərbaycan Prezidentinə yönəlik müsbət fikirlərin səsləndirilməsi Bakının beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisi kimi interpretasiya oluna bilər. Bu, həm də Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun praktiki nəticəsidir.

Nəticə etibarilə, Azərbaycanın istər Yaxın Şərq, istər Cənubi Qafqaz ətrafında baş verən proseslərdə atdığı addımlar uzunmüddətli milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Sülh Şurasında təmsilçilik ölkənin qlobal proseslərdəki mövqeyini gücləndirir. Mövcud reallıqlar fonunda Bakı həm regional, həm də beynəlxalq müstəvidə balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan siyasət yürütməklə yeni təhlükəsizlik arxitekturasında təkcə öz yerini möhkəmləndirmir, eyni zamanda Cənubi Qafqaz - Mərkəzi Asiya regionunda geosiyasi arxitekturanı özü formalaşdırır.

Sülh Şurasının tədbirində Azərbaycan ilə bağlı verilən bəyanatlar, ölkəmizə olan xüsusi yanaşma bu dəfə də beynəlxalq aləmin diqqətindən yayınmadı. ABŞ Prezidenti D.Trampın beynəlxalq tədbirlər zamanı Prezident İlham Əliyevə olan xüsusi diqqəti və münasibəti təsadüfi deyil, məhz ölkəmizin liderinin apardığı siyasətin nəticəsidir.

Azərbaycan rəhbərliyinin ABŞ-də seçki prosesi hələ başlanmamışdan əvvəl səsləndirdiyi siyasi mesajlar, xüsusilə, Donald Trampın mümkün qələbəsi ilə bağlı ifadə olunan gözləntilər Bakının Vaşinqtonla münasibətlərdə uzunmüddətli strateji perspektivi nəzərə alan yanaşmasını ortaya qoyurdu. Bu,  qlobal siyasi reallıqları düzgün qiymətləndirən uzaqgörən siyasi xəttin göstəricisi idi.

Vaşinqton sazişindən sonra ABŞ vitse-prezidenti C.D.Vensin Bakıya səfəri zamanı imzalanan sazişlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərdi. Bu səfər diplomatik protokol xarakteri daşımırdı,  siyasi dialoqun dərinləşdirilməsi baxımından əhəmiyyətli geosiyasi hadisə kimi dəyərləndirilə bilər. Tramp administrasiyası ilə formalaşan siyasi dialoq, Sülh Şurası çərçivəsində əməkdaşlıq Azərbaycan üçün təkcə diplomatik uğur deyil, həm də milli təhlükəsizlik və suverenlik baxımından önəmlidir. 

Beləliklə, son dövrlər kifayət qədər həssas olan beynəlxalq proseslər fonunda    Prezident İlham Əliyevin apardığı çoxvektorlu və milli maraqlara əsaslanan siyasət qlobal güc mərkəzləri ilə münasibətlərdə qarşılıqlı etimada əsaslanan yeni mərhələnin formalaşmasına şərait yaratmış, Azərbaycanın beynəlxalq sistemdə mövqeyini daha da möhkəmləndirmişdir.


Zaur MƏMMƏDOV,

Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!