Məlum olduğu kimi, bu il fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib. Ölkəmizin Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həmin iclasda iştirak edib.Bu hadisənin özü də Azərbaycanın və dövlətimizin başçısının dünyada sayılıb-seçildiyindən, hörmət və söz sahibi olduğundan xəbər verir.
Son dövrdə Azərbaycan-ABŞ münasibətləri öz dinamik inkişafı baxımından diqqət mərkəzindədir. Doğrudur, ABŞ Azərbaycanın müstəqilliyini 1991-ci ildən tanıyıb və həmin vaxtdan ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Ötən illərdə əlaqələr siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlığa çevrilib. Konkret olaraq iqtisadi münasibətlərə gəldikdə, ABŞ Azərbaycanın mühüm tərəfdaşlarından biri hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,56 milyard dollar təşkil edib.
ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən, enerji, investisiya və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq səviyyəsindədir. ABŞ ölkəmizin ən böyük xarici investorlarından biri və Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bu ölkə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ndən üzübəri neft-qaz sektoruna, həmçinin Orta dəhliz, rəqəmsallaşma və bərpaolunan enerji layihələrinə dəstək verir.
Belə ki, ABŞ "Azəri-Çıraq-Günəşli" və "Cənub qaz dəhlizi" layihələrində yaxından iştirak edərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu dəstəkləyir. Bu ölkənin şirkətləri Azərbaycanda 250-dən çox layihədə, xüsusən neft-qaz və qeyri-neft sektorlarında fəal investor kimi çıxış edirlər. İmzalanan "Strateji Tərəfdaşlıq Xartiyası" iqtisadiyyat, investisiya, texnologiya, süni intellekt, nəqliyyat və logistika sahələrində əməkdaşlığı yeni mərhələyə qaldırıb. İkitərəfli ticarət dövriyyəsinin genişləndirilməsi və Orta dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı əsas prioritetlərdir.
Xatırladaq ki, keçən il avqustun 7-də Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının inkişaf perspektivlərindən xəbər verir.
Onu da qeyd edək ki, ABŞ-nin "ExxonMobil" şirkəti ölkəmizdə xeyli vaxtdır yaxşı tanınır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinin iştirakçısıdır. Başqa sözlə, o, "Əsrin müqaviləsi"nin irəliyə doğru addımladığı, nailiyyətlər əldə etdiyi illərdə Azərbaycanda olub.
"ExxonMobil" bu gün də AÇG-nin səkkiz iştirakçısından biridir və layihədə sanballı, yəni 6,79 faizlik paya malikdir. Bu şirkət eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir. Əslində, bunlar şərhə ehtiyacı olmayan faktlardır. Çünki istər AÇG, istərsə də BTC ölkəmizin yaratdığı etibarlı əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşdirilən önəmli layihələrdir.
Bu yaxınlarda Azərbaycana səfər ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizlə sıx əməkdaşlıq qurmuş dünyaşöhrətli şirkətlərin rəhbər şəxsləri də vardı. Onlar enerji, texnologiya, qida məhsulları, nəqliyyat və digər sahələri təmsil edirdilər. Ümumilikdə, Azərbaycana səfərə 31 şirkətdən 60 nəfər nümayəndə gəlmişdi. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes" "Boeing Global", "Honeywell", "J.P.Morgan" və digər şirkətlərin rəhbər şəxsləri daxil idi.
Sözügedən nümayəndə heyətini qəbul edərkən dövlətimizin başçısının dedikləri əməkdaşlığın böyük perspektivlərindən xəbər verir: "Keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında "Strateji Tərəfdaşlıq Xartiyası"nın hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur .Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən, siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu, bizim üçün prioritet məsələlərdən biridir".
ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı getdikcə daha çox sahəni və daha çox şirkəti əhatə edir. Məsələn, "Visa" şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros artıq 30 ildir ki yerli banklarla səmərəli əməkdaşlıq həyata keçirdiklərini bildirib. O vurğulayıb ki, təmsil etdiyi şirkət Azərbaycanda qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sisteminin inkişafı ilə bağlı layihələr həyata keçirir. Kristina Doros "Azərbaycan 2030" Strategiyası çərçivəsində milli prioritetlər üzərində işlə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq və tərəfdaşlığa görə minnətdarlığını ifadə edib.
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin Bakıda dövlətimizin başçısı ilə görüş zamanı dediyi bu sözlər də iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına inam yaradır: "Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq".
Flora SADIQLI,
"Azərbaycan"