Azərbaycan bərpaolunan enerji mənbələrinə xüsusi önəm verir və bu istiqamətdə genişmiqyaslı işlər aparır. Bu isə deməyə əsas verir ki, ölkəmizin gələcək inkişaf modelində bərpaolunan enerji mənbələrinin rolu böyük olacaq. Ona görə də indi əsas məqsəd həmin təbii imkanlarımızdan maksimum istifadə etməkdir.
Təbiət günəş işığından yurdumuza bolluca pay verib və insan zəkası indi bunu elektrik enerjisinə çevirir. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Dağlıq bölgələrimizin küləyi də elektrik enerjisi mənbəyidir. Artıq beynəlxalq təşkilatlar bu potensialı dərindən təhlil edib və təsdiqləyib. Ölkəmiz həmin imkanları dünya energetika aləminə təqdim edəndə qarşı tərəfin böyük marağını gördü. Beləliklə, geniş əməkdaşlığa doğru ilk addımlar atıldı və indi artıq həmin əməkdaşlığın bəhrələri göz qabağındadır.
Azərbaycanda "yaşıl enerji" mənbələrinin texniki potensialı quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir.
İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyev cari il yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su-Elektrik Stansiyasının açılışını etdi və beləliklə, Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 40-a çatdı.
Bərpaolunan enerji sahəsində əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətidir. Ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.
230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salınıb. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
"Masdar"la sıx əməkdaşlıq əlaqələri yaranıb və bir sıra yeni layihələr də gerçəkləşməkdədir. Məsələn, 2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və "Abşeron-Qaradağ" Külək-Elektrik Stansiyasının təməlini qoymuşlar. İndi bu layihələr öz icrasının müxtəlif mərhələlərindədir.
Bu il yanvarın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.
Bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon dollar xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin "Power China Group"un törəmə şirkəti olan "Power China Huadong Engineering Co., Ltd."dir.
Artıq Çin şirkətləri də Azərbaycanın bərpaolunan enerji layihələrinə qoşulublar. Prezident İlham Əliyevin keçən ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən çoxsaylı sənədlər imzalanıb. Təkcə "yaşıl enerji"yə aid imzalanan sənədlərin sayı 6 idi. O cümlədən Energetika Nazirliyi, "Power China Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və obyektdə illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.
Ölkəmizdə ən böyük günəş-elektrik stansiyasını isə 30 idən çoxdur qlobal neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti tikir. Bu, 240 meqavat gücündə olan "Şəfəq" Günəş- Elektrik Stansiyasıdır. Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. "Şəfəq"in bir özəlliyi də ondadır ki, o, işğaldan azad edilmiş Cəbrayıl rayonunda tikilir.
Bu il yanvarın 5-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bütün bunların, sadəcə, başlanğıc olduğunu demişdir. Çin və Türkiyə şirkətlərinin də bu sahəyə maraq göstərdiyini, həmçınin yerli şirkətlərin qoşulduğunu bildirmişdir: "Günəş və külək-elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər. Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır".
Flora SADIQLI,
"Azərbaycan"