26 Fevral 2026 08:40
200
CƏMİYYƏT
A- A+
Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...


Xocalıda bir ev var. İsti, rahat, işıqlı… Bu evdə Narxanım adlı yaşlı bir ana övladlarını və nəvələrini süfrə başına yığıb ötən günlərdən danışır. Xatirələr cığırına düşüb Xocalının həm xoş, həm də müsibətli günlərini xəyalən bir-bir dolaşan doğmalar gecənin çoxdan keçdiyinin, artıq dan yerinin söküldüyünün fərqində belə olmurlar... Gah üzlərə təbəssüm qonur, gah gözlərdən yaş süzülür...

Danışılan hər söz, üzlərdə yaranan hər gülüş keçmişin acılarını xatırladır, amma onları incitmir - əksinə, bir-birilərinə daha da yaxınlaşdırır. Evdəki hər künc, hər işıq saçan bucaq onların itirilmiş illərini və yenidən dirçələn ruhunu simvolizə edir...


"İtirdiyim doğmalarımın ruhuna burada qovuşacağımı bilirdim"


Həyat yoldaşını və iki oğlunu 34 il əvvəl Xocalı soyqırımında itirən 78 yaşlı Narxanım Məmmədova nə qədər çətin də olsa, özündə mənəvi güc tapıb yenidən Xocalıya dönüb. Hər addımda keçmişin acı xatirələri gözünün önünə gəlir, amma ürəyində bilir ki, doğma yurda qayıdış həm də burada itirdiyi doğmalarının ruhunu şad edib.

Ağbirçək ana o günləri acılarla xatırlayaraq deyir ki, 1992-ci ilin 26 fevral günü ailəsi param-parça olub, ürəyinə sağalmaz dağlar vurulub: 

- Ötən illər ərzində çəkdiyim ağrı-acını sözlərlə izah etmək mümkün deyil. Amma bir ümid məni bu acılar qarşısında ayaqda saxladı. Bir gün mütləq Xocalıya qayıdacağımı, itirdiyim doğmalarımın ruhuna burada qovuşacağımı bilirdim. İllər keçdi. Mən Xocalıya qayıtdım. Ötən ilin yayında Xocalının Təzəbinə kəndində bizə də ev verdilər.  İndi burada hara baxsam həyat yoldaşım Məmmədin, oğlanlarım Sərvərin, Söhbətin, Möhlətin xatirələri gözümdə canlanır. Mənimlə birgə Xocalıya dönən nəvələrimdən onların hənirlərini alıram... Bu balaların əllərindən tutub Xocalını gəzəndə elə bilirəm heç illər keçməyib, mən yenə də əzizlərimlə birlikdə 1992-ci ilin o üzündəki xoşbəxt günlərdəyəm...


Bir ailənin faciəsi


Məmmədovlar ailəsi 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşüb. Onlar erməni zülmündən baş götürüb qaçan zaman ailənin böyük oğlu 1973-cü il təvəllüdlü Sərvər çayda boğularaq şəhid olub. Ailənin digər üzvləri - Məmməd, Narxanım, Söhbət, Möhlət, Mürvət, Əhməd və Ruslan Xocalı şəhərinə pənah gətiriblər. 1992-ci ilin fevralına qədər Xocalı blokadada olanda həm ailənin başçısı Məmməd, həm də evin böyük oğlanları Söhbət və Möhlət Xocalıdakı könüllü batalyonlara qoşularaq ermənilərlə döyüşüblər. 

1992-ci il fevralın 26-da dan üzü ağarmamış Möhlət evə gəlib  vəziyyətin ağır olduğunu, ermənilərin Xocalıya girib evləri yandırdığını deyib və ailə üzvlərinin də tez hazırlaşıb meşədəki camaata qoşularaq qaçmalarını istəyib.  

Bu zaman ermənilər onların evini mühasirəyə alır və hər tərəfdən atəşə tuturlar. Ataları Məmməd qolundan yaralanır. İçəridəkilər də ov tüfənginin və avtomatın mərmiləri bitənə qədər düşmənlə döyüşürlər. Ermənilər evin içinə əl qumbarası atırlar, Mürvət ayağından, anası Narxanım isə kürəyindən yaralanır. Qonşuları Sara və onun Natəvan adlı 3 yaşlı körpəsi dünyasını dəyişirlər. Ermənilər qapını qırıb içəri girirlər və evdə avtomatın qundağı ilə yaralı, qadın, uşaq, körpə bilmədən döyməyə başlayırlar. Sonra onları bir otağa yığırlar və istəyirlər ki, hamısını yandırsınlar. Hətta düşmənlərdən biri gedib maşından benzin gətirib, töküb onları yandırmaq istəyəndə 3 yaşlı Ruslan  düşmənə deyir ki, əmi, qurban olum, məni öldürməyin... 

Həmin vaxt ermənilər tərəfdən döyüşən "366-cı motoatıcı alay"ın kapitan rütbəli rus zabiti deyir ki, hətta faşist belə bu rəftarı etməzdi. Bu körpənin günahı nədir?! O, ailəni yandırmağa qoymur. Evdəki bütün qızıl zinət əşyalarını  aldıqdan sonra onları çöldəki təcili yardım maşınına yığırlar.


Soyqırımın o vaxt 14 yaşı olan şahidi


O faciəvi günü böyük ağrı-acı ilə dilə gətirən və həmin zaman 14 yaşı olan Mürvət Məmmədov danışır ki, 1992-ci il fevralın 26-sı səhər onları Əsgəran rayon polis şöbəsinə gətirirlər:

- Baxdıq ki, burada xeyli insan var. Kimisini meşədə don vurub, kimisinin yanında mərmi partlayıb qolu yoxdur, kimisinin də güllə başına girib beyninin qapağını qaldırıb can verir... İnsan naləsi hər yeri bürümüşdü, qan, irinləmiş yaraların üfunət iyindən baş çatlayırdı... 

Ermənilər içəri girərək başladılar qadınların, qızların boynundan, qulaqlarından qızıl zinət əşyalarını vəhşi kimi dartıb qoparmağa. Buna dözməyən qardaşım Möhlət erməninin birini itələyərək dedi ki, onsuz da özləri nə qır-qızıl varsa, verirlər də, niyə belə vəhşilik edirsən? Bundan sonra onlar atamı, qardaşlarım Söhbət və Möhləti bizdən ayırıb harasa apardılar... 

Sonra əli silah tutanları bir, yaralıları, vəziyyəti pis olanları isə - 80-90 nəfərə yaxın yaralı var idi - digər otağa yığdılar. Onların arasında mənim də ailə üzvlərim var idi. Yaralıların çoxu ölümcül idi. Uşaq idim, anlamırdım, amma görürdüm ki, qadınlar yanlarında kiminsə gözünü bağlayır, sığayır...

Ermənilər açıq nəfəslikdən avtomatı içəri salıb divarlara atəş açırdılar, oradan qopan toz-torpaq yaralarımıza dolur, yandırırdı. Vəhşilər bundan zövq alırdılar. Bir gün biz uşaqları bayıra çıxarıb sıraya düzdülər və dedilər ki, hamınız dik baxın. Xocalıda axısqa türkləri var idi, onlar da qaçqın kimi gəlmişdilər. Onlardan Əhməd adlı döyüşçünü də əsir tutmuşdular və başını kəsmişdilər. Deyirdilər ki, ona baxaq. Torpaq gətirib yedizdirir, məcbur etmək istəyirdilər deyək ki, bu torpaq onlarındır... Bizə bu cür psixoloji işgəncələr verir, mənən sındırmaq istəyirdilər... Amma biz ölsək də, vətənimizi satmadıq. 

Ermənilər bildilər ki, balaca qardaşım, o zaman 11 yaşı olan Əhmədin doğum günüdür. Dedilər ki, silah versək, atarsan? O dedi ki, hə... Avtomatın lüləyini uşağın əlinin içinə qoyub  güllələdilər ki, qoy bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun. Güllə uşağın əlinin üstünü parça-parça elədi. Çay dəmləyib içirdilər, onu götürüb Əhmədin yaralı əlinə tökürdülər ki, o daha da əzab çəksin...

Düz bir həftə Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa xas olmayan işgəncələr gördük... 

Bir həftədən sonra girov saxlandığımız otağın qapısını açdılar, bizi təpikləyərək çölə çıxarıb düzdülər sıraya. Orada Əsgəran rayonunun erməni sakinləri var idi, onlar əllərindəki yaba, bel, daşla bizi vurmağa başladılar... 

Sonra bizi avtobusa mindirib Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Orada rəhmətlik şəhidimiz Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə, ermənilər tərəfdən döyüşərək öldürülən muzdlu qaradərilinin meyiti ilə 80 nəfər azərbaycanlını dəyişdilər. Həmin 80 nəfərin arasında mənim də ailə üzvlərim vardı. 

Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər xəstəxanaya da raket atdılar. 

Atamla iki qardaşımı isə ilk gündən bizdən ayırdıqları üçün talelərinin necə olduğunu bilmirdik... Düz 15 il atamdan, qardaşlarımdan bir xəbər almaq üçün hər yerə müraciət etdik. Qırmızı Aypara Cəmiyyətinin xətti, mətbuat vasitəsilə onları axtardıq, amma heç bir xəbər ala bilmədik. 2007-ci ildə Xocalı şahidlərinin iştirakı ilə televiziya kanallarımızdan biri sənədli film çəkirdi. Bizi də dəvət etmişdilər. O zaman bir Xocalı şahidinin dediklərindən məlum oldu ki, atamı və iki qardaşımı apararaq erməni qəbri üstündə başlarını kəsiblər... Bizim girovlara da deyiblər ki, burada bir xəndək qazın, onların üstünü basdırın...

İllər idi ki, azacıq da olsa, ümidlə atamın, qardaşlarımın yolunu gözləyirdik, amma aldığımız bu dəhşətli xəbərlə dünyamız birdəfəlik qaraldı... 

Hər zaman Allahdan ən böyük arzum atamın, qardaşlarımın gəzdiyi, ruhu dolaşan torpaqları görmək olub. Sonuncu gün bir-birimizə sarılıb necə ayrılmağımız heç zaman gözümün önündən getmir... 


"Xocalıya dönüb atamın söndürülmüş ocağını yenidən yandırmışıq" 


46 yaşlı Mürvət Məmmədov söylədi ki, Xocalıya qayıtması sanki bütün yaralarının üzərinə məlhəm çəkib: 

- Bəli, keçmişi xatırlayıram, amma buraya gəlmək mənim üçün yenidən doğulmaq və ümidlə yaşamaq deməkdir. Biz xocalılılar girovluqda bütün işgəncələrə qatlaşdıq, amma əqidəmizdən dönmədik... Ötən illərdə heç zaman ümidimizi itirmədik, bildik ki, bir gün mütləq torpaqlarımız azad olunacaq. 

Bilirsiniz, torpaqlarımızın azadlığını, şəhidlərimizin qisaslarının alınmasını dünya gözü ilə görmək biz xocalılılara Tanrının bəxş etdiyi xoşbəxtlikdir.  

Xocalı qatillərinin Azərbaycan qanunları ilə öz layiqli cəzalarına çatmaları İlahi ədalətin yerini tapması deməkdir. Xocalı bizim qan yaddaşımızdır və gələcək nəsillər də bunu heç zaman unutmamalıdırlar. 

Allahın bu gününə şükür, biz yenidən Xocalıdayıq. Biz bu torpaqların uğrunda şəhidlər verdik, zülmlər çəkdik. Mən üç qardaşımı, atamı itirdim. Amma dəyanətimizlə, vətən sevgimizlə düşmənə qalib gəldik. Hər nə qədər Xocalı bizdə ömür boyu ağrı-acısını unutmayacağımız xatirələri oyatsa da, eyni zamanda ürəyimizdə bir təskinlik də var ki, itirdiyimiz və qanları yerdə qalmayan doğmalarımızın ruhu dolaşan Xocalıya əbədi dönmüşük...

Allah Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, Azərbaycan Ordusunun qəhrəman döyüşçülərini qorusun, ömür boyu onlara minnətdar olacağıq. Torpaqlarımız uğrunda şəhid olan vətən övladlarımızın ruhları qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm.

Biz - şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman xüsusi diqqət və qayğı göstərir. 

2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Xocalıya ədalət!" kampaniyası aparır, səsimizi dünyaya çatdırır. Allah xalqımıza, dövlətimizə bundan sonra belə faciəvi günlər qismət etməsin. Biz o ağrı-acıları yaşadıq, övladlarımız yaşamasın... 

Dövlətimiz işğaldan azad edilən torpaqlarımızda böyük quruculuq işləri aparır. Xocalıya da həyat qayıdıb. Ailəmiz Təzəbinə kəndində evlə təmin olunub. Biz Xocalıya dönüb atamın söndürülmüş ocağını yenidən yandırmışıq. 


Dirçəliş hekayəsi


Xocalı müsibəti yaşananda Ruslan cəmi 3 yaşında olub. Buna görə də Xocalını, şəhid atasını, qardaşlarını xəyal kimi xatırlayır. Ötən müddətdə Xocalının müsibətli günlərinin dumanlı xatirələri ilə yaşayıb. Ata sevgisi nə olduğunu bilməyən körpə Ruslan anası Narxanımın, qardaşları Mürvətlə Əhmədin göstərdikləri qayğı və dəstəklə böyüyüb. Vətəninə layiqli gənclərdən biri kimi yetişən Ruslan bu gün övladları ilə bərabər Xocalıya dönüb. O, 36 yaşında yurdu ilə yenidən tanış olub, yaddaşının dərinliklərində hələ də yaşayan köhnə Xocalı ilə göz yaşları içərisində salamlaşıb:  "Xocalıya qayıtmaq mənim üçün öz xatirələrimi tapmaq demək idi. Uşaqlıqda Xocalını tərk etmişdim, atam və şəhər haqqında çox az şey xatırlayıram. Amma indi buradayam və hara baxsam sanki itirdiyim xatirələrimi yenidən toplayıram. Övladlarımla birlikdə Xocalını addım-addım gəzir, onun dağlarına, meşələrinə, düzlərinə, çaylarına yenidən bələd oluram. Bu, bizim üçün fiziki yox, mənəvi qayıdışdır".

Məmmədovlar ailəsinin üzvlərinin sözlərində həm keçmişin acısı, həm də indiki həyatın sevinci əks olunub. Bu qayıdış onu göstərir ki, itirilmiş illər və xatirələr geri dönməsə də, onları anlamaq, onlarla barışmaq və öz həyatında yeni səhifə açmaq mümkündür.

Bəli, bu, bir ailənin timsalında Xocalının yenidən doğuluşunun hekayəsidir. Keçmişin ağrı-acısı buradakı hər bir yeni evin həyat hənirində sanki yumşalır, hər eşidilən gülüş, sevinc nidası, paylaşılan xatirə ürəklərdə fərəhli iz qoyur. Burada qurulan isti yuvalar Xocalının taleyində yeni bir səhifə açır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!