Böyük güclərin beynəlxalq hüquqa hörmət etməməsi nəticəsində beynəlxalq təşkilatlar qlobal və regional məsələlərdə ciddi rol oynaya bilmirlər. Onlara illik üzvlük haqqı ödənilməsi belə faydasız görünür. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında yerli televiziya kanallarına müsahibəsi zamanı demişdi: "Beynəlxalq hüquq artıq əvvəlki kimi qüvvədə deyil və bir çox ölkələr ona sadəcə məhəl qoymur. Beləliklə, yeni dünya nizamının və ya dövlətlərarası münasibətlərin yeni sisteminin formalaşması artıq qaçılmaz idi. Məsələ ondaydı ki, bu istiqamətdə ilk addımı atmaq məsuliyyətini kim öz üzərinə götürəcək. Prezident Tramp Sülh Şurasının təşəbbüsü ilə çox yaxşı iş gördü - bu, böyük gələcəyi olan bir institutdur".
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğal altında olan zaman beynəlxalq hüququn işləməməsi ucbatından problemlərlə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, işğala son qoyulmayıb. ATƏT-in Minsk qrupu uğursuz olub, BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb: "Getdikcə daha çox ölkə anlayır ki, dövlətlərarası münasibətlərə, təhlükəsizlik məsələlərinə və beynəlxalq institutların fəaliyyətinə yanaşmanı yenidən nəzərdən keçirmək lazımdır. Görürük ki, Birləşmiş Millətlər Təşkilatı tamamilə iflic vəziyyətindədir və heç bir məsələyə təsir göstərə bilmir, üstəlik, alternativ də yoxdur. Dünya nizamı sivil dünya üçün yeni münasibətlər mexanizmi və beynəlxalq hüququn işlək forması üzərində olmalıdır".
Deputat qeyd edib ki, ABŞ BMT-yə alternativ, dünya ölkələrini xoş amal - "sülh" devizi altında birləşdirən çoxvektorlu şura yaradıb. Dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesini dəstəkləyən beynəlxalq təşkilat - Sülh Şurasına Azərbaycan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə təsisçi dövlət olaraq qəbul edilib.
P.Vəliyeva bildirib ki, bu, Azərbaycanın güclü beynəlxalq nüfuzunu və qlobal güclər tərəfindən ona etimad edildiyini sübut edir: "Bu, həm də Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda dialoqun və tənzimlənmənin aparıcı tərəflərindən birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri, Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan-ABŞ münasibətlərində yeni etimad mərhələsi, birinci şəxslərin dostluq münasibətləri bu əlaqələri möhkəmləndirir".
Deputat diqqətə çatdırıb ki, Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Azərbaycan islam dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz Suriya və Fələstin xalqına dəfələrlə humanitar dəstək göstərib. Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Gələcəkdə Qəzzanın bərpası yönündə də layihələrin icrasında iştirak istisna edilmir.
"Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayını da artırıb. İndi dünyada tərəfdaşlıqlar, güclü müttəfiqliklər, qarşılıqlı inam və iqtisadi fayda dövlətlərarası münasibətlərdə mühüm rol oynayır. Azərbaycan isə dəyişən dünya düzənində yürütdüyü unikal, balanslı, müstəqil xarici siyasət sayəsində öz maraqlarını qorumağı, mürəkkəb geosiyasi proseslərdən qalib çıxmağı bacarıb", - deyə deputat qeyd edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"