10 Dekabr 2022 02:38
824
SİYASƏT
A- A+

Sosial-iqtisadi və mədəni yüksəliş xəttinin uğurlu davamı

 

Mürəkkəb tarixi dönəmlərdə xalqa rəhbərlik kimi şərəfli missiyanı üzərinə götürən böyük şəxsiyyətlər milli inkişaf üçün mövcud potensialdan səmərəli bəhrələnməklə inkişaf potensialını hərəkətə gətiriblər. Ümummilli liderlik zirvəsinə yüksəlmiş belə şəxsiyyətlərin uzaqgörənliklə irəli sürdüyü ideyalar onların təmsil etdikləri xalqların gələcək inkişaf yolunun müəyyənləşməsində də mühüm rol oynayıb. 
Azərbaycan üçün məhz belə fenomen şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması da mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə imzaladığı fərmanla Ulu Öndərin adının əbədiləşdirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, 1970-80-ci illərdə tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə onun adı verilib. 
Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncamı da Ümummilli Liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin adekvat qiymətləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamda qeyd olunduğu kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir: "Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur".
Bugünkü müasir və qüdrətli Azərbaycanın ötən 30 ildə möhtəşəm uğur və nailiyyətlərə imza atmasının əsasında məhz ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılmış möhkəm iqtisadi təməl dayanır. İctimai-iqtisadi həyatın yeniləşdirilməsi üçün ən müxtəlif sahələrdə kardinal islahatları təmin edən Ulu Öndər bir sıra iqtisadi göstəricilərinə görə keçmiş ittifaq miqyasında son sıralarda dayanan Azərbaycanı qısa müddətdə öncül mövqelərə çıxarmağa müvəffəq olmuşdu. Həmin dövrdə sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılır, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görülürdü. 
Böyük strateq yaxşı bilirdi ki, respublikamızın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirilmişdi. Həmin dövrdə Sumqayıt şəhərinin respublikanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması da məhz Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Sumqayıtda ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşdular. 
Ümummilli Lider Heydər Əliyev "Kiçik Azərbaycan" adlandırdığı Sumqayıta mütəmadi olaraq səfərə gəlir, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanır, yeni müəssisələrin açılış mərasimində iştirak edirdi. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynayırdı.
Ötən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatında tənəzzül və böhran prosesləri genişlənir, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi dövlətçiliyin sarsılmasına səbəb olurdu. Belə ağır durumda xalqın təkidli tələbilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin edərək, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail oldu. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı. 
1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənədə çevrilərək Azərbaycanda demokratik inkişaf proseslərinin başlanmasına böyük təkan verdi. 
Azərbaycanın qazandığı uğurlarda neft strategiyasının müstəsna əhəmiyyətini Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdəki çıxışı zamanı deyib: "Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur "Əsrin kontraktı" və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək".
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdı. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdı. 
Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən milli sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu Öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra Ulu Öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. 
1998-ci ilin prezident seçkilərində Ulu Öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə, rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirirdi. Bu da təsadüfi deyildir - bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, hər bir fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları özündə ehtiva edir.
Ulu Öndər Heydər Əliyevin böyük müdriklə əsasını qoyduğu milli inkişaf modelinin son 19 ildəki möhtəşəm uğurları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların məntiqi nəticəsidir. Ötən illərdə Azərbaycan "təqibedici artım" modelini uğurla həyata keçirərək keçid dövrünü başa vurub, ölkə modern inkişaf mərhələsinə adlayıb. Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində milli iqtisadiyyatın həcmi son 19 ildə 3,4 dəfə artıb. 
Həyata keçirilən islahatların və əldə olunan uğurların nəticəsi olaraq, Azərbaycan ümumən Avropada müstəqil siyasət yürüdən ölkəyə çevrilib. Dövlət başçısı İlham Əliyev noyabrın 21-də YAP-ın 30 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı respublikamızın müstəqil siyasət yürütməsini, milli maraq və mənafelərini təmin etməsini, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsini ölkəmizin güclü iqtisadi-maliyyə potensialı ilə əlaqələndirib: "O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir".
Prezident İlham Əliyev "güclünün haqlı sayıldığı" dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclənməyin vacibliyini dəfələrlə vurğulayıb. Azərbaycan üzləşdiyi ədalətsiz münaqişənin beynəlxalq hüquqa və milli maraqlarına uyğun həlli üçün uzun illər ərzində iqtisadi cəhətdən güclənməyə, hərbi qüdrətini artırmağa, eyni zamanda Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına üstünlük verib. Bu strateji hədəflər dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılmasını, iqtisadiyyatın davamlı inkişafını, ölkəmizin beynəlxalq arenada tanıdılmasını da praktiki məqsədlərə çevirib. 
2003-cü ildən etibarən ölkədə sahibkarlığın inkişafına mane olan süni amillərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, regional disbalansın aradan qaldırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar praktik nəticələrini verib. Qlobal neqativ proseslərin, xüsusilə koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı son 3 ildə dayanıqlılığını qoruyub saxlayıb. Yürüdülən iqtisadi siyasət ölkəmizin neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyasını da təmin edib. 
Ötən illərdə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi" kimi layihələr Azərbaycanın təkcə iqtisadi deyil, siyasi müstəqilliyini də gücləndirib. Azərbaycanın məqsədyönlü investisiya siyasəti yürütməsi, Avropanın enerji təhlükəsizliyində sözünü deməsi ümumən bütün dünyada ölkəmizin etibarlı tərəfdaş imicini formalaşdırıb, onu beynəlxalq münasibətlərin fəal aktoruna çevirib. Bütün bu amillər İkinci Qarabağ müharibəsi zamanı rəsmi Bakını müəyyən ədalətsiz təzyiq və təhdid cəhdlərindən qoruyub. İqtisadi resursları və maliyyə imkanları ölkəmizə həm də Cənubi Qafqazda beşinci nəsil texnika ilə təchiz olunmuş modern ordu yaratmağa imkan verib. Güclü ordu, güclü iqtisadiyyat amilləri, eləcə də sağlam düşüncəli, vətənpərvər, mübariz gəncliyin yetişdirilməsi xalqımızın Vətən müharibəsindəki qələbəsini təmin edən əsas amillərdəndir. 
2022-ci il ərzində əldə olunmuş iqtisadi uğurlar rəsmi Bakıya, eyni zamanda xarici siyasət sahəsində də qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı yaradıb. Ermənistanın müharibə cinayətlərinin ifşasına nail olmaq, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətin prioritet məqsədləri olaraq qalıb. Rəsmi Bakı regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük verərək sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirib. 
Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti istənilən geosiyasi təhdidə çevik müqaviməti təmin edir. Azərbaycan Xarici İşlər Nazirliyinin təkcə son bir ayda Fransaya və İrana notalar verməsi, milli maraqlarımızın təhdid edilməsi kimi uğursuz cəhdlərə adekvat reaksiya göstərməsi deyilənləri bir daha təsdiq edir. 
Prezident İlham Əliyevin Qarabağ erməniləri ilə danışıqlar mövzusunun Azərbaycanın daxili işi olduğunu qətiyyətlə bildirməsi də diplomatiyamızın effektiv əks-hücum xətti üzərində qurulduğunu təsdiqləyir. "Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox", - deyən dövlətimizin başçısı millli maraqlarımızın müdafiəsi üçün zəruri siyasi iradə nümayiş etdirir. 
Rəsmi Bakı özünə güvənli, obrazlı desək, "dişli" diplomatiyaya üstünlük verərək, ikitərəfli və çoxtərəfli münasibətlərdə yaranmış anlaşılmazlıqlara məhz beynəlxaq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri əsasında yanaşmanı zəruri hesab edir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi bu geosiyasi məkandakı ölkələrin qeyri-adekvat, ikitərəfli münasibətlərin xarakterinə zidd qərarlarına da əsaslı təsir imkanlarına malikdir. 
Dünyada müşahidə edilən yeni qlobal iqtisadi böhran dalğası - inflyasiya və qiymət artımları fonunda respublikamız iqtisadi müvazinətini qoruyub saxlayır, hökumətin sosial öhdəlikləri tam həcmdə yerinə yetirilir, zəruri layihələrin icrasında hansısa ləngimələr hiss edilmir. 2023-cü ilin dövlət büdcəsi xərclərinin ölkə tarixində ilk dəfə olaraq 33 milyardı ötməsi, strateji valyuta ehtiyatlarımızın 56 milyard dollar təşkil etməsi iqtisadi və siyasi müstəqilliyimiz üçün etibarlı "maliyyə yastığı" rolunu oynayır. Bunun nəticəsidir ki, il ərzində dünyanın bir sıra nüfuzlu maliyyə qurumları ölkəmizin iqtisadi inkişafı ilə bağlı müsbət proqnozlar səsləndiriblər. 
İş adamlarının hərtərəfli dəstəklənməsi, sahibkarlığın tərəqqisi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiqi biznes və sərmayə mühitinin liberallaşmasını təmin edir. Son illər dövlət-sahibkar münasibətlərinin inkişafı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması, biznes subyektlərinin rəqabət qabiliyyətinin, ixrac imkanlarının genişləndirilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. 
Dövlətin ciddi maliyyə vəsaiti tələb edən investisiya layihələrini reallaşdırması (yol tikintisi, su, elektrik enerjisi, mavi yanacaqla təchizatın yaxşılaşdırılması), eyni zamanda kommunal xidmətlərə çıxış imkanlarının asanlaşdırılması özəl sektorun inkişafı baxımından müsbət nəticələr verir. Yeri gəlmişkən, Milli Məclisdə müzakirə mərhələsində olan "Dövlət-özəl tərəfdaşlığı haqqında" və "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihələrinin də mikro, kiçik, orta sahibkarlıq subyektlərinin inkişafına yeni təkan verəcəyi şübhəsizdir. 
Bu günlərdə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin ikiqat artırılması nəzərdə tutulur. Dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmasına görə vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər. 
Prezident İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünə həsr olunmuş toplantıda cəmiyyətdə xoşagəlməz halların aradan qaldırılmasına xidmət edən islahatların davam etdiriləcəyini bəyan edib: "İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir".
E-hökümət quruculuğu istiqamətində atılan addımlar, tətbiq olunan innovativ xidmətlər, habelə "ASAN xidmət" konsepti də biznes mühitinin yaxşılaşmasında vacib rol oynayır. Şəffaflıq və korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri çərçivəsində reallaşdırılan tədbirlər ölkədə biznes mühitinin yaxşılaşmasına müsbət təsir göstərir. Bu konteksdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət qurumları üzərində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Hüquqazidd əməlləri ilə ictimaiyyətin dövlətə və hakimiyyətə inamına xələl gətirən məmurların vəzifəsindən kənarlaşdırılması və məsuliyyətə cəlb olunması da ölkədə şəffaf idarəçilik mexanizmlərinin formalaşdırılması istiqamətində başlanmış prosesin mühüm tərkib hissəsidir.
Müasir idarəetmə meyarlarına uyğunlaşmaq istəməyən, xəbərdarlıqlardan nəticə çıxarmayan yüksəkvəzifəli məmurlar barəsində sərt ölçülərin götürülməsi, habelə bəzilərinin cinayət məsuliyyətinə cəlb olunmaları, ilk növbədə, qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan addımlardır. Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanın Muxtar Respublikasının bəzi dövlət qurumlarında apardığı əməliyyatlar, qanunsuz əməllərə yol verən şəxslərin saxlanılması, reallaşdırılan struktur dəyişiklikləri da şəffaflığın təmini ilə bağlı ciddi siyasi iradənin mövcudluğundan xəbər verir. Bunlar həm də onu göstərir ki, dövlət başçısı İlham Əliyev vəzifəsindən, keçmişdəki xidmətlərindən asılı olmayaraq, hər bir dövlət məmurunun Vətən və xalq üçün ləyaqətlə çalışmasını, qanunlara əsaslanmasını vacib sayır.
Azərbaycan bu gün neft gəlirlərinin böyük hissəsini qeyri-neft sektorunun inkişafı, neftdənkənar ixracın genişləndirilməsi üçün istifadə edir. 2023-cü ilin dövlət büdcəsinin müzakirələri deməyə əsas verir ki, gəlirlərin 53 faizi və ya 16 milyard 297 milyon manatı neft sektorunun, 47 faizi və ya 14 milyard 423,7 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. Bu rəqəmlər aparılan islahatların səmərəliliyini bir daha təsdiq edir. 
Qlobal neqativ proseslər fonunda ölkə iqtisadiyyatının sabit inkişaf dinamikasının qorunması baxımından regional balansın təmini, iri şəhərlərlə rayonlar, kəndlər arasındakı fərqin azaldılması vacib amillərdəndir. Dövlət başçısı İlham Əliyevin son 19 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Prezident İlham Əliyevin bu günlərdə Şəki və Oğuz rayonlarına səfəri, bir sıra mühüm obyektlərin açılışında iştirak etməsi ölkədə 2003-cü ildən regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlərin uğurlu davamı və tərkib hissəsidir. Bu tədbirlər ümumən Şəki-Zaqatala iqtisadi rayonunun inkişafı baxımından geniş imkanlar açır. İqtisadiyyatın şaxələndirilməsi məqsədilə regionlarda kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin, aqrar-sənaye, emal müəssisələrinin fəaliyyətinin dövlət başçısı səviyyəsində dəstəklənməsi iş adamları tərəfindən yüksək qiymətləndirilir, onların fəaliyyətinə əlavə stimul verir. 
Qeyri-neft sektorunda istehsalyönümlü müəssisələrin açılması deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyev ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı məsələsinə mühüm məsələ kimi yanaşır. 6 dekabr 2016-cı il tarixli sərəncamla təsdiqlənmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə isə ölkənin ərzaq təhlükəsizliyinin təmini strateji hədəf kimi elan edilib və əsas prioritetlər müəyyənləşdirilib. Hazırda qlobal miqyasdakı iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaqların şoranlaşması, geosiyasi gərginliklər, münaqişə ocaqları və demoqrafik artım kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində genişmiqyaslı tədbirləri zəruri edir. Dövlət başçısı İlham Əliyev məhz bu amilləri nəzərə alaraq dövlətin kənd təsərrüfatı istehsalçıları və fermerlərə hərtərəfli dəstəyini təmin edir, onlar vergi güzəştləri, subsidiyalar və texniki yardımla əhatə olunurlar. 
Region sahibkarlarının ixrac imkanlarının genişləndirilməsi tədiyyə balansının tənzimlənməsi, habelə xaricdən valyuta axınının təmini, idxaldan asılılığın maksimum dərəcədə azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Görülən bu və digər tədbirlərin nəticəsi olaraq Azərbaycanın ixrac potensialı ilbəil yüksəlir. Şəkidə və Oğuzda açılışı olmuş layihələr göstərir ki, regionların tərəqqisində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond təkcə Bakıda deyil, regionlarda mədəni-intellektual yüksəlişə və sosial rifaha xidmət edən layihələri inamla reallaşdırır. 
Dövlət başçısı İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair Dövlət Proqramı" bu istiqamətdə görülən işlərin daha da sistemli, ardıcıl, əhatəli, konkret plan üzrə aparılmasını təmin edən konseptual əhəmiyyətli sənəd kimi dəyərləndirilə bilər. Dövlət proqramında konkret mərhələlər üzrə qarşıya qoyulan məqsədlər, görüləcək işlər, dövlət qurumlarının üzərinə düşən vəzifələr və onlara uyğun hədəf göstəriciləri, maliyyələşmə mənbələri dolğun əksini tapıb. Dövlət proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Ümumilikdə, sənəd əsasında ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili; səhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və dayanıqlı infrastruktur təminatı, müasir standartlara uyğun xidmətlərin yaradılması; məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi; məşğulluq imkanlarının artırılması; sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmini; sahibkarlıq mühitinin əlverişliliyinin artırılması; biznes fəaliyyətinin inkişafına dəstək verilməsi; ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması; dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi; turizm sektorunun inkişaf imkanlarından effektiv istifadə; ətraf mühitin etibarlı mühafizəsinin və ekoloji təhlükəsizliyi; təbii resurslardan səmərəli istifadə; "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi kimi vacib 15 hədəf önə çəkilib. 
Konseptual əhəmiyyətli dövlət proqramında diqqəti çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin dirçəldilməsi, əlverişli biznes və sərmayə mühitinin formalaşdırılması üçün nəzərdə tutulan kompleks tədbirlərdir. Sənəddə azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, resursların maya dəyərinin azaldılması, əhalinin bank, sığorta və maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə regionda maliyyə institutlarının fəaliyyətinin bərpası istiqamətində işlər görülməsi və digər tədbirlər nəzərdə tutulur. Proqramda sahibkarlıq subyektlərinə Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması, yerli və xarici investisiyanın cəlbi üçün tədbirlərin görülməsi, investisiyaların sığortalanması mexanizminin yaradılması kimi mühüm məqamlar əksini tapıb. 
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik inkişaf yoluna çıxardığı Azərbaycanı son 19 ildə ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətə çevirməyə nail olub. Bu siyasət Azərbaycanın hərtərəfli inkişafına, müstəqil dövlətçiliyini daha da gücləndirməsinə və qarşıya qoyduğu strateji hədəfləri uğurla reallaşdırmasına ən etibarlı təminatdır. 

Qüdrət KƏRİMOV, 
"Xəzər" QSC-nin sədri,  iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video