21 Noyabr 2023 09:50
282
SİYASƏT
A- A+

Siyasi mədəniyyət nümunələri yaradan partiya

 

Müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 
Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin - vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 
Ümummilli Liderin 1992-ci il noyabrın 21-də müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə sivil yolla gəlməyin əsl "yol xəritəsi"ni ortaya qoydu. Bununla da siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu ümumxalq partiyasında cəmiyyətin bütün təbəqələri iştirak edirlər.
YAP uğurlu inkişaf yolu keçib. Hələ yaradıldığı vaxt ərazi bütövlüyümüzün pozulması təhlükəsi ilə üz-üzə qalmışdıq. Erməni işğalçıların aramsız hücumları, cənubda "Talış Muğan Respublikası"nın elan edilməsi, şimalda "Sadval" təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin qiyam qaldırması həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 117 faizə, 1993-cü ildə isə 1080 faizə çatmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. 
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. O öz əməlləri ilə xalqın və dövlətin sonsuz sevgisini qazanmış lider kimi xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 ildə ölkəmizi uca zirvələrə yüksəldir. Xalq ona görə prezidentini sevir ki, o, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. 
Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz  zəfərimiz yeni tarixi reallıqlar yaratmış, yeni strateji vəzifələr müəyyən edilmişdir. Həmin vəzifələrin icra edilməsi üçün ölkənin siyasi sisteminin mərkəzi elementi olan YAP-ın üzərinə böyük məsuliyyət düşür. Məhz bu məsuliyyətdən irəli gələrək Prezident İlham Əliyevin rəhbərliyi altında 2021-ci il martın 5-də YAP-ın VII Qurultayı keçirildi. Qurultayın qəbul etdiyi qərarlar partiyanın yeni tarixi dövrdə çevikliyi və dinamizminin daha da artırılması, onun icra mexanizmlərinin təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir. Partiyanın yeni İdarə Heyəti formalaşdırılmışdır. Bu prosesdə şəffaflıq məsələləri çox böyük önəm kəsb edir. Cənab Prezident də həmişə vurğulayır ki, şəffaflıq hər bir dövlətin inkişafının göstəricisidir. Məsələyə bu prizmadan yanaşdıqda, partiyanın rəhbər orqanlarından biri kimi Təftiş Komissiyasının formalaşması da böyük əhəmiyyət kəsb edirdi. Həmçinin ilk dəfə olaraq partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Beləliklə, YAP-ın daha da güclənməsi mənafeyinə xidmət göstərən islahatlar həyata keçirildi.
Bu qurultayda 6 siyasi partiyanın YAP ilə birləşmək niyyətini ortaya qoyması isə bir daha göstərir ki, iqtidar partiyasının cəzbetmə əmsalı kifayət qədər böyükdür. Ayrı-ayrı siyasi partiyalar öz proqramlarında ərazi bütövlüyü məsələsini priorotet vəzifə olaraq müəyyən etmişdilər və gördükdə ki, Ali Baş Komandan, Prezident və hakim partiyanın rəhbəri olaraq cənab İlham Əliyev bu tarixi missiyanı şərəflə yerinə yetirmişdir, bu halda həmin siyasi qüvvələr gələcək talelərini məhz YAP sıralarında görməyi məqbul variant olaraq irəli sürmüşlər.
Beləliklə, Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan YAP öz müzəffər liderinin - Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək niyyətində və iqtidarındadır. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidənqurulması kimi tarixi missiyanın icrası, habelə epoxal uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksəksəviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir.

Elman NƏSİROV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video