Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİH başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən İlqar Abbasov Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. O, həmçinin ölkəmizdə, o cümlədən Şirvanda şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib.
Digər çıxış edənlər də Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından və onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən söz açıblar.
Sonra xiyabanda dəfn olunan şəhidlərin məzarları ziyarət edilib, onların xatirələri ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, şəhid Ramil Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında iştirakına, göstərdiyi igidlik və fədakarlığa görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Seyran CAVADOV,
“Azərbaycan”