08 Noyabr 2025 16:26
758
SİYASƏT
A- A+
Şərəf, qürur və inam günü

Şərəf, qürur və inam günü

1988-ci ildə başlanan Qarabağ hadisələri və erməni millətçilərinin “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyaları nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal edildi, kəndlər və şəhərlər dağıdıldı, minlərlə günahsız insan həlak oldu, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü. Bu işğal nəticəsində Azərbaycanın iqtisadi və mədəni irsinə ağır zərbə vuruldu, bir milyondan çox insan 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldı.

İşğal dövrü həm də beynəlxalq hüququn səmərəsizliyini nümayiş etdirdi, çünki BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələri icra olunmadı, ATƏT-in Minsk Qrupu isə münaqişəni həll etmək əvəzinə onu dondurulmuş vəziyyətdə saxladı.

Bu reallıq fonunda Azərbaycan dövləti üçün əsas prioritet işğal altındakı torpaqların azad edilməsi və bayrağımızın bütün suveren ərazilərimizdə və sərhədlərimizdə dalğalanması oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən etibarən yürütməyə başladığı məqsədyönlü və prinsipial siyasət dövlətin hərbi, diplomatik və iqtisadi qüdrətinin paralel şəkildə artırılmasına yönəldi. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətinə çevrildi, büdcədə hərbi xərclərin payı ilbəil artırıldı, ordunun döyüş qabiliyyəti yüksəldildi, yeni silah və texnikalar alındı, eyni zamanda Azərbaycanda hərbi sənaye kompleksinin formalaşması sayəsində yerli istehsal gücləndi.

İqtisadi və diplomatik müstəvidə də Azərbaycan öz mövqelərini gücləndirirdi. Ermənistanın təcrid olunduğu regional layihələr fonunda Azərbaycan transmilli enerji və nəqliyyat layihələri ilə regionun siyasi-iqtisadi xəritəsini yenidən formalaşdırdı. Bakı–Tbilisi–Ceyhan, TANAP, Bakı–Tbilisi–Qars kimi layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi güc rıçağına çevrildi. Beynəlxalq təşkilatlarla çoxşaxəli əməkdaşlıq və balanslı diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Azərbaycanın müstəqil siyasəti BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlarda dəstək qazandı və bu, gələcək qələbənin diplomatik zəmini oldu.

Uzun illər ərzində aparılan məqsədyönlü siyasət, iqtisadi sabitlik və ordu quruculuğu 2020-ci ildə öz nəticəsini verdi. 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” adlanan bu əməliyyat müasir hərbi texnologiyanın, dəqiq taktiki planlamanın və milli həmrəyliyin sintezini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəlilədi, hər gün yeni qəsəbə, kənd və strateji yüksəkliklər azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və nəhayət, Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Orduda bir nəfər də fərari qeydə alınmadı; yaralı əsgərlər yenidən döyüşlərə qayıtmaq üçün həkimlərdən xahiş edirdilər. Bu, xalqın yüksək mənəvi keyfiyyətlərinin və milli həmrəyliyin göstəricisi idi.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanan Üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiyanı qəbul etməli oldu. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil verilməsi Azərbaycanın diplomatik və hərbi balansı qorumaq bacarığını göstərdi. Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi XXI əsrin müasir döyüş konsepsiyalarını ortaya qoydu. PUA-ların, kəşfiyyat və artilleriyanın koordinasiyası, informasiya texnologiyalarının istifadəsi Azərbaycan Ordusunu dünyanın hərbi akademiyalarında öyrənilən nümunəyə çevirdi. Qərb analitik mərkəzlərində bu müharibə “yeni nəsil əməliyyatlar”ın simvolu kimi dəyərləndirildi.

Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə azad edilmiş ərazilərdə dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa quruculuq işlərinin aparılması və sosial ədalətin təmin olunması idi. Prezident İlham Əliyev tərəfindən Zəfərin əbədiləşdirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, onlarla medal təsis olundu, 8 Noyabr Zəfər Günü kimi təsdiqləndi. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin inşasına başlanıldı, 2024-cü il noyabrın 8-də Zəfər Parkının açılışı ilə bu layihə tamamlandı. Parkda 44 metrlik Zəfər tağı, memorial abidələr və “Azadlıq Bayrağı Meydanı” dövlətin suverenliyini və qələbənin simvolunu əks etdirir.

2020-ci ilin dekabrında keçirilən Zəfər paradı, həmçinin Hərbi Qənimətlər Parkının yaradılması qələbənin canlı salnaməsinə çevrildi. 5 hektarlıq ərazidə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və nəqliyyat vasitələri sərgilənir. 2 mindən çox düşmən hərbi avtomobilinin nömrə nişanlarından hazırlanmış “Qarabağ Azərbaycandır!” kompozisiyası, dinc əhaliyə qarşı raket hücumlarının və digər müharibə cinayətlərinin izahı, hətta “İsgəndər-M” raketinin qalıqları burada təqdim olunur ki, bu da gələcək nəsillər üçün həm yaddaş, həm ibrət dərsidir.

2023-cü il sentyabrın 19-20-də keçirilmiş bir günlük lokal xarakterli antiterror əməliyyatı suverenliyimizn tam bərpasında həlledici mərhələ oldu. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla suverenliyin həm hüquqi, həm əməli, həm də rəmzi ölçüləri tamamlandı.

Humanizm və ədalət prinsipləri Zəfər dövrünün sosial-siyasi xəttini də müəyyənləşdirdi. 2021-ci il 5 noyabr tarixli qərarla “Zəfər Günü münasibətilə amnistiya” elan olundu və 17267 şəxsə şamil edildi: onların 733-ü Vətən müharibəsi iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayan idi; azadlıqdan məhrumetmə yerlərində 5971 məhkuma tətbiq olundu, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxs də amnistiyadan yararlandı. Bu qərar qalib dövlətin böyüklüyünü, reinteqrasiyaya və sosial barışa yönəlik yanaşmasını göstərdi.

Suverenliyin institusionallaşdırılması istiqamətində Dövlət Suverenliyi Gününün təsis edilməsi (20 sentyabr) Zəfər Gününü tamamlayan hüquqi-siyasi qərardır: bir tərəfdən ərazi bütövlüyünün bərpası, digər tərəfdən dövlət hakimiyyətinin tam bərqərar olması ardıcıllığı tərtib olundu və illik təqvimdə möhkəmləndirildi.

Qələbədən sonra başlanmış Böyük Qayıdış prosesi Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırdı. 2022-ci ildə qəbul olunan I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin tikintisi və iqtisadi fəaliyyətin reinteqrasiyası həyata keçirildi. 2025-ci ilin oktyabrına qədər 4826 ailədən ibarət 19 mindən çox vətəndaş doğma torpaqlara qayıdıb, Qarabağ Universiteti fəaliyyətə başlayıb, “DOST” mərkəzləri və “Smart DOST” məntəqələri açılıb, minlərlə insanın məşğulluğu təmin olunub, yüzlərlə ailə biznesi qurulub. Bu proses bərpa mərhələsini sosial-iqtisadi dirçəlişlə birləşdirərək regionda dayanıqlı məskunlaşmanın təməllərini möhkəmləndirir.

8 Noyabr Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açan hadisədir: Qətiyyətli Ali Baş Komandan, güclü ordu, məqsədyönlü siyasət, effektiv diplomatiya və milli birlik sayəsində qazanılan Böyük Tarixi Qələbə təkcə işğalın sonu deyil, həm də yeni inkişaf dövrünün başlanğıcı oldu. 8 Noyabr hər bir azərbaycanlı üçün milli qürur, milli özünüdərk və gələcəyə inam günüdür. Çünki bu tarixdə Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz milli ləyaqətini, milli birliyini və gələcək nəsillər üçün güclü dövlət idealını bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Azərbaycanın quruculuq missiyası başlanır - azad edilmiş torpaqlara həyat qayıdır və bu qayıdış qalıcıdır.”

 

Vasif QAFAROV,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!