25 Avqust 2024 10:05
390
İQTİSADİYYAT
A- A+

Sənaye məhsulları istehsalında artım dinamikası yüksəkdir

 

Hazırda dünya iqtisadiyyatı özünün çətin dövrünü yaşayır. Son statistikaya görə, ABŞ-də, Avropa İttifaqında və Çində iqtisadi artımda geriləmə müşahidə olunur. Ekspertlər bunun qlobal səviyyədə baş verən siyasi-hərbi qarşıdurmalar və onun davamı olan iqtisadi-maliyyə sanksiyaları ilə bağlı olduğunu bildirirlər.
Azərbaycan liberal iqtisadiyyata malik və  dünyaya açıq ölkədir. O üzdən dünyada baş verən bu və digər proseslər ölkəmizə təsirsiz ötüşmür. Lakin aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatının dayanıqlığını və sabitliyini təmin etməkdə, necə deyərlər, əlimizdən tutur. Cari ilin yanvar-iyul ayları üzrə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ölkə iqtisadiyyatında müsbət dinamika olduğunu göstərir. Həmin rəqəmlərdən məlum olur ki, 7 ay ərzində ölkə üzrə 37,3 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda 1,1,  qeyri-neft-qaz sektorunda 8 faiz artım deməkdir. Sənaye məhsulları istehsalının 81,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə ümumi istehsalın 89,8 faizi istehsal, 10,2 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır.
Məlumdur ki, ölkə iqtisadiyyatında neft-qaz sektoru önəmli rol oynayır. Başqa sözlə, hələlik ölkənin əsas gəlir mənbəyi bu sektorun hesabına formalaşır. Cari ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,2 milyard manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artmışdır. O cümlədən  sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 16,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 22,5 milyard kubmetr təşkil etmişdir.
Emal sektorunda da rəqəmlər müsbət dinamikadan xəbər verir. Təkcə bir fakt: hesabat dövründə ölkə üzrə emal sektorunda 10 milyard 901,1 milyon manatlıq məhsul istehsal olunmuş və ya sənaye xarakterli xidmətlər göstərilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 15,8, tütün məmulatları istehsalında 11,2, qida məhsulları istehsalında 6,2 faiz artım müşahidə olunmuşdur. Bu aylar ərzində ən yüksək artım viski (2,7 dəfə) və tütün istehsalında (2,6 dəfə) qeydə alınmışdır. Taxılçılıq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabı, kimya sənayesi və əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalında da artım müşahidə olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3, kimya sənayesi məhsullarının istehsalı 8,2 faiz artmışdır. Kimya sənayesi məhsullarından karbamid istehsalı 94, metanol istehsalı 13,2, azot istehsalı 0,9, məsaməli plastik kütlədən sair plastmaslar, lövhələr istehsalı 60,4, polietilendən kisə və çantalar istehsalı 41,9, plastmas su qabları, flakonlar və oxşar məmulatlar istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa digər plastmas kisələr və çantalar istehsalı da 3 dəfə çoxalmışdır.
İndiki halda ölkəmizdə tikinti materiallarının istehsalının artımı vacibdir. İşğaldan azad edilən ərazilərdə icra edilən nəhəng layihələrin vaxtında başa çatdırılması üçün bu sahənin məhsullarına tələbat böyükdür. Tələbatın artması isə daha çox məhsul istehsalını stimullaşdırır. Təkcə cari ilin yanvar-iyul aylarında tikinti materialları istehsalının ümumi dəyəri 779,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz çoxdur. 7 ayda sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2, beton istehsalı 31,9, betondan yığma tikinti konstruksiyaların istehsalı 25,6, sement istehsalı 12,8, tikinti gipsinin istehsalı 10,4 faiz artmışdır.
Bundan başqa, ölkəmiz üçün bir o qədər ənənəvi sahə olmayan kompüter, elektron və optik məhsullar və elektrik avadanlıqları istehsalında da artım var. 7 ay ərzində  139,7 milyon manatlıq məhsul istehsal olunmuş bu sahədə ötən ilin eyni dövrünə nisbətən kompüter, elektron və optik məhsulların istehsalı 73,6, elektrik avadanlıqlarının istehsalı 33,9 faiz, noutbukların istehsalı isə 2,2 dəfə artmışdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video