24 Avqust 2024 08:05
221
SİYASƏT
A- A+

Sevgi, inam, etimad...

 

Sərhədsiz  xeyirxahlıq, tükənməz  mərhəmət və sonu görünməyən milli təəssübkeşlik  ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.  İllərdir ki,  ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verən Mehriban xanım milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də yorulmadan çalışır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihənin müəllifi olan Mehriban xanım Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. 
O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu və irsi özəlliklərini dünyanın ən mötəbər paytaxtlarında  böyük fədakarlıqla, uğurla təbliğ edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında "Washington Times" qəzeti belə yazır: "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır".
Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir. Birinci xanımın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni, "Qızıl ürək" beynəlxalq mükafatı, Avropa Olimpiya komitələrinin Ali ordeni, Fransanın "Şərəf Legionu" ordeni, İtaliyanın "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni, Polşanın "Böyük Komandor Xaçı" ordeni, Rusiyanın "Dostluq" ordeni, UNESCO-nun "Qızıl Motsart" medalı... 
Bu, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi: "illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır".
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. "Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardır. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir" söyləyən Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərin miqyasının nə qədər böyük olduğu göz önündədir. Mehriban xanımın fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır", - Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Mehriban xanımın işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə əks etdirir.
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlərə başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm "Xarıbülbül" Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Hazırda Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir.
Bu gün muğamımızın səsi Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan dünyaya yayılır. Belə bir sevinci yaşamağımız isə təbii ki, dövlətimizin qətiyyəti, ordumuzun qüdrəti sayəsində imza atdığımız tarixi Zəfərimizlə bağlıdır. Bu qələbə Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya çatdırdı. İnformasiya cəbhəsində əldə olunan uğurlarda da Heydər Əliyev Fondunun əməyi danılmazdır. İkinci Qarabağ müharibəsinə qədər fondun müxtəlif ölkələrdə keçirdiyi təbliğat xarakterli tədbirlər, müxtəlif dillərdə çap etdirdiyi kitablar, digər əyani vəsaitlər məqsədə çatmaqda əsas rol oynadı. 
Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, maddi və qeyri-maddi mədəni irsini, milli mətbəximizi, musiqi mədəniyyətimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün meqa layihələr təşkil edir, ölkəmizi uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Mehriban xanım Əliyeva özünəxas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə üzərinə düşən hər bir vəzifənin öhdəsindən layiqincə gəlir, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Kamran BAYRAMOV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video