24 Avqust 2024 08:00
191
CƏMİYYƏT
A- A+

"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."

 

Zabux sakinləri doğum gününü onlarla birgə qeyd edən Birinci vitse-prezidentə alqış edirlər

 

Səhər yenicə açılır, gecənin qaranlığı yerini işıqlı sabaha təhvil verir... 
Havada qatı duman olduğundan ətraf o qədər də aydın görünmür...
Avtomobilimiz dağların arası ilə irəlilədikcə duman çəkilir və yamyaşıl örpəyə bürünən əsrarəngiz mənzərəyə şahidlik edirik...
Gözəlliklər diyarı, həsrətin bitdiyi, xoşbəxtliyin ünvanı, yurda qayıdışın möhtəşəmlik simvolu Zabux kəndindəyik.... 
Uca dağların yaşıl yamaclarında məskən salan Zabuxu möcüzələr adasına da bənzətmək olar, xoşbəxtlik diyarına da... Hətta insan əli ilə yaranan cənnətə də...
Bir sözlə, ruhun cismə qovuşduğu, nəyin möcüzə, nəyin gerçək olduğu bilinməyən bir məkanda, Zabuxdayıq...

 

Qəribə taleli Qəribə nənə...

 

Zabuxun ən yaşlı sakininin evinin qapısını döyürük. Qapını üzümüzə nur üzlü Qəribə nənənin özü açır. Kimliyimizi soruşmadan, sorğu-sualsız  bizi evə dəvət edir. Təəccübümüzü görüb tez də izahat verir: 
- Ay başınıza dönüm, keçin içəri, qapıda durmayın, bir "istəkan" çay için. 
Mənzilə daxil oluruq və Qəribə nənə ilə söhbətləşməyə başlayırıq. 
- Qurban olum İlham oğluma, əsgərlərimizə... Torpaqlarımızı düşməndən yaxşı təmizlədilər. Qapı döyüləndə də narahat olmuruq, bu torpaqlarda düşmən yaşamır, bilirik ki, qapını döyən dost olacaq.
Qəribə Həsənova yaşlı olmasına baxmayaraq, çox gümrah görünür. Bizə yer göstərib tez də mətbəxə keçir. Qısa zamanda süfrələrin bəzəyi olan çay və gilas mürəbbəsi ilə geri dönür:
- Qadan alım, çay için, yorğunluğunuz çıxsın. 84 yaşım var, dünyanın hər üzünü görmüşəm. Bala, qaçqınlıq həyatı bizə çox şey öyrətdi... 
Sözünün ardını gətirə bilmir. Kövrəlir... Yaylığının ucu ilə göz yaşlarını silir. Gözləri yol çəkir... 
Xəyalı onu 1992-ci il mayın 18-nə aparır:
- Getsin o günlər bir də geri dönməsin. Biz Zabuxdan çıxanda hər tərəf od tutub yanırdı. Göy üzünü tüstü örtmüşdü. Elə bilirdim ki, tüstü yanan Zabuxdan yox, mənim başımdan çıxırdı. Bir də bu cənnət yurdumuza qayıdacağımıza heç gümanımız yox idi. Sahibsiz idik. Yiyəmiz, başçımız yox idi... 
Başımıza gələnlər də yiyəsizlikdən oldu...
Amma Vətən müharibəsindən sonra ümidim artdı. Dedim, vallah, deyəsən, mən  Laçını görməmiş bu dünyadan getməyəcəyəm. 2022-ci il sentyabrın 21-də televizorda  İlham oğlumun Laçında bayrağımızı qaldırmasını gördüm. Sevincimdən hönkürüb ağladım. Dedim ki, bala, sənin o bayraq qaldıran əlin heç zaval görməsin. Nəvələrimi başıma yığıb dedim ki, Prezidentimiz bizi Laçına qaytaracaq. 
Çox intizarın çəkmişdim yurdumun, yuvamın... Üstündən nə keçdi ki? Bir də gördüm dedilər, yığış gedirik Zabuxa...

 

"İlham oğlum göstəriş verdi, o dəqiqə xahişim yerinə yetirildi"

 

Qəribə nənə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərini də sevə-sevə xatırlayır. Öz şirin şivəsində, ləhcəsində ağızdolusu danışır.
- Bizə dedilər ki, Prezident Mehriban xanımla Zabuxa gəlib, evlərinizin açarını  özləri verəcək. Çayın kənarına "Ceyran"ın yanına yığışmışdıq. Vallah, baxırdım ki, dağlar o dağlardı, amma Zabux o Zabux deyildi. Toba, Allaha and olsun, buraları tanımadım. Dedim başımı xarab etməyin, bura Zabux deyil, bura cənnətdir. Biz ömrümüzdə belə ev-eşik, küçə görməmişdik. Belə səliqə-sahmanı, belə yaraşığı ağlımızdan keçirməmişik. Baxın, adam doqqaza çıxanda gözəlliyi görüb evə qayıtmaq istəmir. Evdəki rahatlığı da görüb küçəyə çıxmaq istəmirsən... 
Prezidenti, Mehriban xanımı görəndə həyəcanlandım. Həyəcandan tir-tir əsirdim. Ömrümdə ağlımdan keçməzdi ki, Prezidentlə, Mehriban xanımla belə yaxın duracam, söhbət edəcəm. 
Başına dönüm, bala, bunlar nə qədər sadə insanlarmış...
Allaha and olsun, nəvələrimlə belə ərklə danışa bilmirdim. Mehriban qızım məni dəfən-dəfən öpüb bağrına basdı. Arzularımı öyrəndi. Ay Toba, fürsətcil deyiləm. Dedim başınıza dönərəm, elə edin ki, rəhmətə gedən oğlumun balaları da yaxınıma düşsünlər. İlham oğlum göstəriş verdi, o dəqiqə xahişim yerinə yetirildi. 
Öz-özümə dedim, Qəribə, Allah səni bekara yaşatmırmış. Sənin taleyində qaçqınlıq, köçkünlük zülümün çəkmək də varmış, Prezidentlə söhbət etmək də...
Bala, öyrəndim ki, biz evimizə köçdüyümüz gün Mehriban xanımın anadan olduğu gün imiş. Belə bir gündə doğum gününü gəlib bizimlə keçirib. 
Mehriban xanıma canımı da qurban edərəm. Qəzetiniz vasitəsilə dualarımı ona çatdırmağınızı xahiş edirəm. Qəribənin evi də, malı da, canı da Mehriban xanıma qurban olsun. Allah onu yaşatsın ki, kimsəsizə, kasıba, evsizə arxa, dayaq olsun. Mehriban, qızım, Allah ömrünü uzun, canını sağ eləsin!
Yəqin ki, çoxlarınız Qəribə nənənin Prezident və Mehriban xanımla dialoquna şahildik etmisiniz. Gəlin, bir daha həmin anı xatırlayaq:  
Qəribə nənə: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.
Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.
Sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.
Prezident İlham Əliyev: Gəlsinlər buraya?
Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.
Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.
Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?
Qəribə nənə: Xırdalanda.
Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni bütün zabuxlular gələcək. Eviniz necədir, rahatdır?
Sakinlər: Rahatdır. Hər şey yaxşıdır.
Prezident İlham Əliyev: Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.

 

"Gözləmirdim ki, Prezidentlə Mehriban xanım evimizə gələrlər..."

 

Prezidentin qonaq getdiyi digər bir evdə də oluruq. Doğum günündə Mehriban xanım Əliyeva ilə səmimi söhbət edən 65 yaşlı Zabux kənd sakini Rahilə Əliyeva ötən il yaşananları həyatının ən xoş anları kimi xatırlayır:
- Qaçqınlıq həyatında çox sıxıntılar görmüşük. Kim torpağını, evini kefindən qoyub qaçar? Canımızı götürüb çıxmışdıq Zabuxdan. Ötən günləri yaddaşımdan silməyə, xatırlamamağa çalışıram. O qədər qulağımız eşidə-eşidə deyiblər ki, atalarınızın qəbrini qoyub qaçmazdınız, qalıb öz torpağınızda ölərdiniz... 
Prezidentimiz torpaqlarımızı azad etməklə üzümüzü ağ etdi. Bizləri də tənədən qurtardı... Başımıza gələnlər  yiyəsizlikdən olmuşdu... Şükür Allaha... Artıq onlar acı da olsa, uzaq keçmişdə qaldı. İndi biz Zabuxda, doğma torpağımızda, öz evimizdəyik.
Hesab edin ki, 26 avqust, doğma yurda qayıtdığımız gün biz zabuxluların yeni doğum tarixidir. Səmimi danışacağam, görmədiklərimizi, hətta xəyal etmədiklərimizi də Zabuxda gördük. Bura əsl möcüzələr adasına bənzəyir. İnanmaq olmurdu ki, bu gözəlliklər, bu rahatçılıq cəmi bir ildən də az müddətdə yaradılıb. Bundan gözəl insan nə istəyə bilər ki? Belə şeyləri yalnız nağıllar aləmində görmək olardı. Başını salmağa yeri olmayan Rahilə bir gün gözün açır ki, Zabuxda gözəl təmirli 5 otaqlı, güllə, çiçəklə əhatələnmiş bir malikanədə yaşayır. Vallah, adam sevincdən, fərəhdən az qalır ki, dəli olsun. 
Hələ bu azmış kimi, bir də görürsən ki, qapın döyülür, Prezidentlə Birinci vitse-prezident sənin evinə qonaq gəlib. Öz-özümə dedim, Rahilə möhkəm dur, sevincdən ürəyin partlamasın. Düzünü deyəcəm, çox həyəcanlı idim. Qəti gözləmirdim ki, Prezidentlə Mehriban xanım evimizə gələlər... 
Çox şükür, gəldi, çox doğma adam kimi söhbət etdik. Mehriban xanım elə mühit yaratdı ki, beş dəqiqədən sonra ağlımıza elə gəldi ki, illərin yaxın rəfiqələri olmuşuq.
Özümü çox xoşbəxt sanıram. Belə bir cənnətməkan yerdə gözəl evimiz var. Dərd-sər bizdən uzaqdır.
Bizə bu şəraiti yaradan Prezidentimizə, Mehriban xanıma minnətdarıq. Baxın, evimizin baş köşəsinə İlham Əliyevlə Mehriban xanımın portretini asmışıq. Ən əsası da odur ki, onlar ürəyimizdə məskən salıblar.
Hərdən oturub düşünürəm, qısa müddətdə insan ağlına gəlməyən hadisələr baş verdi. 44 gün müddətinə torpaqlar işğaldan azad edildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Qaçqınların yurda qayıdışı başlandı. Üstəlik xarabalığa dönmüş yurdumuz cənnətə döndü. Məndən soruşan olsa ki, harada yaşayırsan, heç çəkinmədən "cənnət"də yaşayıram" cavabını verərəm.
Bu torpaqları xilas edən Prezidentə alqış deyirik. Bu gözəlliyi yaradanlara dua edirik...

 

"Mehriban xanım hər zaman ürəyimizdədir"

 

Rahilə Əliyeva deyir ki, əvvəllər televizorda görüb Birinci vitse-prezidenti, çox səmimi insan olduğuna qəlbən inanıb. Zabuxda Mehriban xanımla görüşəndə isə buna bir daha canlı şahidlik edib. 
- Fikir verin, Mehriban xanım öz doğum gününü bizim evdə keçirdi. İndi bu ev bizim  doğma evimiz  olmaqdan başqa, həm də Mehriban xanımın ad gününü keçirdiyi bir məkan kimi gözümüzdə daha qiymətli, tarixi ünvandır. Bütün zabuxlular qürur duyurlar ki, Mehriban xanım üçün qiymətli olan bir gündə - doğum günündə Prezidentimiz bizim qaçqınlıq həyatımıza son qoydu, doğma yurdumuzu qaytarıb evlə təmin etdi. 
Bu əziz gündə biz də birinci xanımı təbrik edirik. 26 avqust bütün zabuxluların ən əziz günü, doğma yurda qayıtdığı gündür. Bu gün bizə həm də ona görə əzizdir ki, 26 avqust bizim sevimli Birinci vitse-prezidentin, Mehriban xanımın doğum günüdür. Həmin gün evimizdə qazanlar qaynayacaq. Əmin edirəm ki, o gün bütün zabuxlular Mehiban xanımın doğum gününü qeyd edib ona, ailəsinə dualar edəcəklər. Mehriban xanım hər zaman ürəyimizdədir...

 

"Bir həyat dərsini də Mehriban xanımdan aldım"

 

Söhbəti Rahilə xanımın  gəlini Günel Əliyeva ilə davam etdiririk. O da həmin günü Mehriban xanım Əliyeva ilə ünsiyyətdə olub. 
- Əlimiz hər şeydən üzülmüşdü. Artıq ümidimiz də itmək üzrə idi. Belə bir məqamda Vətən müharibəsi başladı. Adətən müharibə ölüm, fəlakət, ayrılıq  gətirsə də, bu dəfə bizim ümidimizi qaytardı. Cənab Prezidentin sentyabrın 26-da xalqa müraciətini eşidəndə səsindəki qətiyyəti duyduq. Ölmək üzrə olan ümidimiz birdən-birə qələbə ruhuna kökləndi. İçimizdə qəribə bir inam yarandı. Əmin olduq ki, bu yumruq elə belə düyünlənməyib. Bu bizi Zəfərə aparacaq. Biz torpaqlarımıza qayıdacağıq...
İnanın öz doğma torpağımızda çadırda yaşamağa belə razı idik. Bizi əsl cənnətə qaytardılar. Səhər yuxudan durub Zabuxun bu gözəl mənzərəsini seyr edəndə fərəhdən, qürurdan gözlərim yaşarır. Axşamlar parkdan qəhqəhə, musiqi səsi kəsilmir. Bəlkə də dünyanın hər yerindən bura turistlər axışıb gəlir. Övladlarım Tuncayla Tunay soruşurlar ki, "bura haradır?" Cavab verirəm ki, bura cənnədir. Təkrar soruşurlar ki, "biz niyə indiyə kimi cənnətdə yaşamamışıq". Deyirəm ki, Allaha şükür edin ki, Prezidentimiz bizi cənnətlə mükafatlandırdı.
26 avqust həyatımızın ən gözəl günüdür. Bu, təkcə bu gözəl evə, Zabuxa qayıtdığımıza görə bizim üçün tarix deyil. 26 avqust yaddaşımızda Birinci vitse-prezident Mehriban xanımın öz doğum gününü Zabuxda qeyd etdiyi gün kimi tarixləşdi. Ali təhsilliyəm. Çox insanlar görmüşəm. Alimlərdən, professorlardan dərs almışam. Bir həyat dərsini də Mehriban xanımdan aldım. İnsan nə qədər sadə, səmimi olarmış. Anladım ki, səmimi insanlar Allahın dostları ola bilirlər...
Bir yetimin, kasıbın başını sığallamaqdan, qəlbini sevindirməkdən gözəl iş yoxdur. Mehriban xanım uşaqların başını sığallayıb, üzlərindən öpür, qayğılarını çəkirdi. 
Bir də baxıb gördük ki, Mehriban xanım yanımızdadır. İllərin yaxın adamı kimi bizi qucaqlayır, təbrik edir, şəkil çəkdirir... 
Gördüm ki, insan yalnız vəzifənin zirvəsinə yox, insanlığın, sadəliyin zirvəsinə ucala bilir. 
Prezidentin evimizə gələcəyini bilmirdik. İnanın, Prezidenti, Mehriban xanımı həyətimizdə görəndə həm sevindik, həm də çox təəccübləndik. Öz münasibətləri, səmimi söhbətləri ilə illərdir çəkilən əzabları bizə unutdurdular. Həyatımızda yeni, gözəl, xoşbəxt səhifənin başlandığını hiss etdik.
İndi məndən soruşan olur ki, Zabux necə yerdir? Çəkinmədən deyirəm, bura xoşbəxtlik adasıdır. Bura cənnətdir. Bura böyük qələbənin rəmzidir. Qarşı tərəf erməni kəndləridir. Yəqin ki, indi onlar da burada yaradılan gözəllikləri görürlər. Əgər azacıq vicdanları olsa, 30 il viranə qoyduqları torpaqlarda yaradılan gözəllikləri, şəraiti görüb utanarlar...
Avqustun 26-sı Mehriban xanımın doğum günüdür. Bu, keçən il evimizə köçdüyümüz gün idi. Hazırlığımız yox idi. Bu il gəlsə, ayağının altında qurbanlar kəsərik. Sevgimizi göstərərik... 
Deyərik ki, Mehriban xanım, biz sizi çox sevir, gördüyünüz işlərlə qürur duyuruq!

 

"Mehriban xanım ad gününü mənim evimdə, şəhid ailəsinin evində qeyd etdi"

 

Zabuxda olarkən kənd sakini Qərənfil Məmmədovanın də qonağı olduq. Qərənfil xanımın ömür-gün yoldaşı Ədalət Məmmədov Birinci Qarabağ savaşında Qoçaz dağında gedən döyüşlərdə şəhid olub. Bu fədakar xanım Vətənə yadigar iki övladı - Ziyadxan və Gülnarəni qaçqınçılıq həyatı yaşayaraq tək böyüdüb. Qərənfil xanım bizimlə söhbətdə dedi:
- 31 illik qaçqınlıq həyatında çəkmədiyim zülm, görmədiyimiz çətinlik qalmadı. Bunlar artıq tarixdir. Keçmişdə qalıb. İndi həyatımın ən gözəl günlərini yaşayıram. Laçında, doğma kəndimdə, öz evimdəyəm. Mən sizə bir həqiqəti deyim, nə qədər çətin həyat yaşasaq da, ümidsiz olmadıq. Prezidentimizə olan inamımız bizi yaşatdı. Torpaqlarımıza qayıdacağımıza inanırdım. Düşünürdüm ki,  İlham Əliyev kimi bir şəxsiyyət, sözübütöv bir insan bizə elə belə söz verməz. Şükür ki, düşmənə layiq olduğu cavabı verdi. Şəhidlərimizin qanı yerdə qalmadı... Üstümüzdən ləkə götürüldü.
Özümü əvvəllər dünyanın ən dərdli insanı sanırdım. İndi çəkinmədən deyə bilərəm ki, "dünyanın xoşbəxti mənəm dünyada". Evimiz, cənnətə bənzər kəndimiz, qüdrətli dövlətimiz var.  Elə bir məkanda yaşayırıq ki, dünyanın hər yerindən insanlar axışıb Zabuxu görməyə gəlir.
Biz gerçəkdən əsl cənnətin sakinləriyik. Bizə bu gözəlliyi bəxş edən dövlətə, bu dövləti qüdrətləndirib bu vəziyyətə gətirən, müharibədə qələbəni təmin edib yurdumuza qaytaran Prezidentimizə minnətdarıq.
Artıq bir ildir ki, evli-eşikli olmuşuq. Düşünürəm ki, bu gözəlliklər 31 illik əzabımızın mükafatıdır. İndi bizim bu vəziyyətimizi, xoşbəxt həyatımızı görən Ədalətin də ruhu şaddır.  
Keçən il Prezidentimiz, Birinci vitse-prezident Mehriban xanım bu evdə olanda da mən onlara dedim ki, bizi xoşbəxt, qalib xalqın nümayəndəsi etdiyiniz üçün sizə ömür boyu minnətdarıq.
Xalqın gözü tərəzidir. Hər şeyi görür, qiymətləndirir. Prezidentimiz də, Mehriban xanım da həmişə öz doğum günlərini sadə adamlarla, kasıblarla birlikdə keçirirlər. Xalqdan güc alıb, xalqa dəstək olurlar. Özlərini bizlərdən biri hesab edib, bizim kimi sadə həyat yaşayırlar. Allah da mükafatlarını verir.
Mehriban xanım keçən il ad gününü mənim evimdə, şəhid ailəsinin evində qeyd etdi. Allah bütün muradına çatdırsın onu...
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım xalqın ürəyində elə bir saray tikib, elə möhtəşəm dövlət qurublar ki, min il də bundan sonra tarixdə yaşayacaqlar. Mən Mehriban xanıma bu gözəl gündə uzun ömür, cansağlığı arzulayıram...

 

"Bəxtəvərik ki, Mehriban xanım doğum gününü bizimlə Zabuxda keçirib"

 

Zabux sakini Lalə Əliyeva ilə də həmsöhbət oluruq. O da Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ilə səmimi söhbət edənlərdən biridir. Və bu hadisəni həyatının ən mənalı günü kimi xatırlayır:    
Atalar  "pis günün ömrü az olar"  deyiblər. Bizim pis günümüz uzunömürlü oldu. Elə bilirdik ki, daha hər şey bitib. Çox şükür ki, bu günü yaşamağı da Allah bizə nəsib etdi. Bu günü də gördük. Yaxşı gün pisi unutdurarmış. İnanın, keçmişi heç xatırlamaq belə istəmirəm. 
Mənim həyatım keçən ilin 26 avqustundan, Zabuxa yenidən qayıtdığımız gündən başlayıb. Bura gələndən yalnız şad xəbərlər alırıq. Sevincimiz birə min olub. Oğlum Sənanın Alin adlı ay parçası kimi gözəl bir qızı dünyaya gəlib. 3 otaqlı, belə gözəl şəraitli evdə yaşayırıq. Qaçqınlıq həyatı elə idi ki, bəzən qapını üzümüzə açmırdılar. 
Xoşbəxtəm ki, evimizin ilk qonağı Prezidentimiz və Birinci xanım Mehriban Əliyeva olub. İnanclarımıza görə, rəhbəri yuxuda görənin ruzisi, bərəkəti artar, həyatında dəyişiklik olar. Zabuxlular hamılıqla ona görə xoşbəxtdirlər ki, evlərini də, evlərin açarlarını da Prezidentimiz verib. Gör nə qədər bəxtli insanlarıq ki, Prezidentimiz öz ailəsi ilə evimizin qonağı olub. Mehriban xanım doğum gününü burada, Zabuxda keçirib.
Biz "Ceyran" bulağının yanında toplaşmışdıq. Qəti gözləmirdik, ağlımızdan keçirmirdik ki, Mehriban xanım bizə yaxın gələcək, bizimlə görüşəcək. Bir də gördük ki, yanımızdadır. Hamı ilə fərdi qaydada görüşüb, problemlərimizlə maraqlanır. Hər birimizə diqqət ayırır. Düzünü desəm, özümüzü qınadım da... Bizə yaradılan bu şərait bir yana, bu boyda işlə bizə vaxt ayırsın, bu qədər səmimi davransın... 
Bu, hər adamın bacardığı iş deyil. Mehriban xanım o qədər sadə insandır ki, mənə elə gəldi biz illərdir yaxın münasibətdə olan rəfiqələrik. Ürəyimi açıb hər sözümü danışmaq istəyirdim. 
Bu gün imkandan istifadə edib deyirəm, Mehriban xanım, sizlər bizi yenidən vətənli, evli-eşikli, isti yuvalı, laçınlı,  zabuxlu etdiniz. Allah da Sizi qorusun. Var olun!

 

"26 avqust cənnətin sahibi olduğumuz gündür"

 

Digər həmsöhbətimiz isə 64 yaşlı Zabux kənd sakini Zeynəb Hüseynovadır. Zeynəb xanım uzun illər bağça müəllimi işləyib. Zabuxa qayıdan ilk ailələrdən biri də onlar olub. Nəvəsi Ayan da onlarla birlikdə Zabuxda yaşayır. Zeynəb müəllimə söhbət zamanı deyir:
- Ataların belə bir sözü var: "Kiminin əvvəli, kiminin də axırı gətirər". Çox şükür ki, bizə də ömrümüzün ahıl çağını xoşbəxt yaşamaq nəsib oldu. Allah dövlətimizi var etsin. Bu dövləti belə qüdrətli edən Prezidentimizə ömür versin. Elə bilirdim ki, həyatımızı zülm, zillət içində başa vuracağıq. Düz-əməlli məzarlığımız da olmayacaq. Gör nələr düşünürdük, nələr gördük? 
Sizdən xahiş edirəm deməyin ki, gedib Laçın rayonunun Zabux kəndini görüb, zabuxlularla söhbət etdik. Yazın ki, cənnətin xoşbəxt, bəxtəvər sakinləri ilə görüşdük. Cənnəti görüb gəldik...
Bu torpağı bir güllə atmadan azad edənə, bu torpağı cənnətə döndərib bizə verənlərə min alqış. Bundan sonra ölsəm, vəsiyyət edəcəm: başdaşıma yazsınlar ki, burada uyuyan Zabuxun ən xoşbəxt sakini Zeynəbdir...
Biz buradan çıxanda ermənilər Zabuxu oda qalamışdılar. Əslinə qalsa, burada bu yaraşıqlıqda ev, bu gözəllikdə kənd qoyub çıxmamışdıq. Qayıdıb gələndə bu gözəlliyi görəndə gözlərimə inanmadım. Öz-özümə deyirdim ki, belə gözəl evi, bu gözəllikdə kəndi bizə verməzlər. Amma Prezidentimiz öz əli ilə açarları verəndə inandım ki, bundan sonra biz də gün görüb, xoşbəxt yaşayacağıq...
Xoşbəxtəm. Vətənim düşməndən azad olduğuna görə. Həm də bu torpaqlar qan tökülmədən, şəhid verilmədən azad olduğuna görə... 
Düşmənlə sərhəddə bu gözəlliklər yaradıldığına görə... 
Evlərin yox, bu cənnət mülkün açarını bizə dövlətimizin başçısı təqdim etdiyinə görə...
Açığını deyim ki, ömrümü bağça müəllimi işləməklə keçirmişəm. Özümüzdən vəzifəcə bir pillə yuxarı olan kiminsə yanına sıxıla-sıxıla getmişik. Utanmışıq, hətta qorxumuşuq da...
Ötən il Prezidentimiz evlərimizin açarını bizə Mehriban xanımla birgə verdi. Mənimlə də şəkil çəkdirdi. Söhbət etdik. Vallah elə bildim ən əziz, ən doğma bacımla söhbət etdim. İnsan adama nə qədər qayğı göstərər, bizim sevincimizə bizdən çox sevinirdi. Bizə yurdumuzda, evimizdə xoşbəxtlik arzuladı... 
Bu il mən də bacardığımı edəcəm. Geniş bir süfrə açıb, bu gözəl evimdə Mehriban xanımın doğum gününü qeyd edəcəyik. Bu dəqiqə turistlərin ən çox gəldiyi yer Zabuxdur. Küçəyə çıxıb turistlərdən də evimə dəvət edəcəm, qoy bizim rəhbərimizə olan sevgimizə şahid olsunlar...
Fürsətdən istifadə edib, "Azərbaycan" qəzeti vasitəsilə əzizimiz Mehriban xanımı təbrik edib, uzun ömür arzulayıram. Qoy bilsin ki, bütün zabuxlular onun doğum gününü öz evlərində qeyd edəcəklər. 26 avqust həm də bizim təkcə yenidən dünyaya gəldiyimiz yox, cənnətin sahibi olduğumuz gündür. Bizi bu cənnət diyara qaytaranlar sağ olsunlar.
Zabux sakinlərinin arzularını, diləklərini eşitmək bizdə də xoş təəssürat yaradır. Zabuxun bugünkü mənzərəsi isə tam başqa aləmdir. Bura gələn geri dönmək istəmir. Cənnətməkandan daha bir reportajımızı yekunlaşdırıb geri qayıdırıq...    

Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan" 

Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video