17 Avqust 2024 08:21
596
CƏMİYYƏT, COP29
A- A+

Mavi Xəzərin ağ bulvarı

 

Bakı şəhəri tarixi zənginliyin və müasir gözəlliyin harmoniyasıdır. Avropa və Şərq memarlığının gözəl inciləri sırasında olan yaraşıqlı binaları, ecazkar dəniz panoraması, füsunkar təbiəti ilə könülləri oxşayan Bakı hər zaman ona qonaq olan səyyahları, turistləri gözəlliyi ilə təəccübləndirməyi bacarıb, könülləri fəth edib.

Bakını ilk dəfə görənlər bu şəhəri əsl möcüzələr adasına bənzədirlər. Bu şəhəri təkrar görənlər isə onun hər gün dəyişən, gözəlləşən simasını möcüzə kimi dəyərləndirirlər. Bakı sözün bütün mənalarında abadlıq və quruculuğun mərkəzinə çevrilib.

 

Son illər möhtəşəm beynəlxalq tədbirlərə, idman yarışlarına evsahibliyi edən Bakı ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a hazırlaşır. Səmimiyyət və sevgi şəhəri bu  tədbirlə əlaqədar on minlərlə qonağı qəbul edəcək. Sözsüz ki, onların üz tutacağı məkanlardan biri də Ağ Şəhər  bulvarı olacaq.

Xatırladaq ki, təməli 2013-cü il mayın 25-də qoyulan Bakı Ağ Şəhər bulvarı ekoloji şəhərsalma layihəsi kimi tanınan "Ağ Şəhər" layihəsi əsasında inşa olunub. Dünyadakı ən qabaqcıl təcrübə əsasında yaradılan bulvarda işlər 2015-ci ildə I Avropa Oyunları ərəfəsində başa çatıb. Həmin il iyunun 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu möhtəşəm istirahət və sağlamlıq mərkəzinin açılışında iştirak ediblər.

Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. Ecazkar gözəlliyi ilə adamı heyran edən bulvar Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir.

 

Ağ Şəhər bulvarı həm də sağlamlıq mərkəzidir

 

Bir vaxtlar Bakının sənaye müəssisələrinin yerləşdiyi, neft tullantılarının cəmləşdiyi Qara Şəhər kimi tanınan ərazi artıq qara günlərini geridə qoyaraq yerini Ağ Şəhər adlı modern inkişaf məkanına verib. Ağ Şəhərin davamı sayılan bu bulvar da öz təkrarolunmaz cazibədarlığı ilə regionun ən gözəl paytaxt şəhəri olan Bakının yeni istirahət mərkəzinə çevrilib.

Bu gözəl məkanda hər gün minlərlə insan asudə vaxt keçirir. Burada ən müasir oturacaqlar, işıq dirəkləri quraşdırılıb, qeyri-adi görünüşlü dibçəklər yerləşdirilib, minlərlə ağac və bəzək kolu əkilib. Ərazidə insanların istirahəti üçün hər cür şərait yaradılıb. Xüsusən də idmansevərlər vaxtını daha səmərəli keçirmək üçün buraya gəlirlər, sahil boyunca qaçışla yanaşı, müasir idman qurğularından da istifadə edirlər.

Bulvarda velosiped sürmək üçün xüsusi zolaqlar yaradılıb, basketbol, voleybol və iki futbol meydançası inşa edilib. Dənizlə daha yaxından təmas qurmaq üçün estakadalar tikilib. Mövsüm zamanı balıq həvəskarları burada rahatlqla ov edə bilirlər.

Hazırda 1650 hektar ərazini əhatə edən, 10 kvartalı birləşdirən, 240 min sakinin yaşaması, 120 min yaşayış və xidmət obyektinin inşası nəzərdə tutulduğu Ağ Şəhərdə sakinlərin bulvara rahat və təhlükəsiz gedib-gəlmələri üçün 8 Noyabr prospekti üzərindən enri 14 metr, uzunluğu 237 metr olan körpü tikintisi üzərində intensiv iş gedir.

 

İnsanların sevimli istirahət məkanı

 

İnsanlar günün bütün saatlarında istirahətlərini maraqlı keçirmək üçün bu məkana üz tuturlar. Burada körpə uşaqdan tutmuş ahıl insana kimi hər kəsə rast gəlmək mümkündür. Biz bulvarda olanda Günəşin şəfəqləri mavi sulara düşüb muncuq kimi parıldayırdı. Sahildə isə qayğısız və şən uşaqların  səsi eşidilirdi. Əlindəki şarı bizə tərəfə atan dəcəl qız sanki bizi söhbətə cəlb etmək istəyir.

Yaxınlaşıb gənc ana ilə söhbət edirik. Bakı şəhər sakini Türkay Rəhimova həvəslə təəssüratlarını bölüşür: "Ağ Şəhər bulvarı bizim ailənin sevimli məkanıdır. Vaxtaşırı qızlarım İradə ilə İncini bulvara gətirirəm. Burada həm hava təmizdir, həm də sakitlikdir. Uşaqların əylənməsi üçün ödənişsiz attraksionlar da var. Şəhərin bu hissəsindən baxanda Bakı bütün əzəməti ilə görünür. Bizə bu gözəlliyi bəxş edən dövlətimizə, insanların qayğısına qalan Prezidentimizə minnətdarlığımı bildirmək istəyirəm.

Cəmi bir neçə il əvvəlki Qara Şəhərlə bugünkü Ağ Şəhəri müqayisə edəndə düşünürsən ki, burada möcüzə baş verib. Bəzən bu gözəlliyi görəndə özüm də təəccüblənirəm. Mənə elə gəlir ki, gördüklərim gerçəklik deyil, bir yuxudur. Vətənini sevən hər bir kəs bu gözəlliklə qürur duymalı, bizə bu şəraiti yaradanlara minnətdar olmalıdır. Bakıda yaşadığım, azərbaycanlı olduğum üçün qürur duyuram".

Digər həmsöhbətimiz isə Rəmzi Soltanlı oldu. Rəmzi deyir ki, bura gələndə ruhu rahatlıq tapır: "Ağ Şəhər mənim üçün quruculuğun, abadlığın, həm də düşmən üzərində qazandığımız qələbənin rəmzidir. Qənimətlər Parkını ziyarətdən sonra burada istirahət etməyin ayrı ləzzəti var. Dənizi çox sevirəm. Balıq tutmaq mənə zövq verir... Axşamlar dənizə düşən işıqlar buranı daha da gözəlləşdirir. Bura möcüzələr aləminə bənzəyir. Özümüz Sulutəpədə yaşasaq da, körpə qızım Fatmanuru da götürüb tez-tez bura gəlirik. Həkim uşağa dəniz havasının faydalı olduğunu deyib. Buranın havası çox gözəldir. Dənizin səsi qızımıza sanki lay-lay çalır. Dövlətimlə, bu gözəlliyi bizlərə ərməğan edən Prezident İlham Əliyevlə qürur duyuram. Var olsun dövlətimiz, sağ olsun Prezidentimiz".

 

Göydə uçan çərpələng yox, arzularımdır

 

Bulvarda çərpələng uçuran bir ailə diqqətimizi çəkir. Ailə başçısı Emin Mahmudovla söhbət edirik: "Yasamal rayonunda yaşasaq da, Ağ Şəhəri çox sevirik. Qismət olsa, evimizi də bura dəyişəcəyik. Ağ Şəhər əsrin möcüzəsidir. Dünyanın çox ölkəsini gəzmişik. Lakin bu gözəlliyi, doğmalığı heç yerdə görməmişik. Burada insanların ürəyi də, üzü də gülür. Bu möhtəşəm gözəllikləri görmək insana zövq verir. Uşaq vaxtı "Sehirli xalat" filminə baxanda "gələcəyə uçan" Rəşidə qibtə edirdim. Deyirdim, kaş mən də gələcəyə uça biləydim. Bura gələndə, bu gözəllikləri görəndə mənə elə gəlir ki, dövlətimiz bizi gələcəyə aparıb.

Qızım Günay, oğlum Elvin çərpələng uçurmağı çox sevirlər. Onlar çərpələng uçuranda mənim də arzularım göylərdə qanad açır. Bura mənim, ailəmin rahatlıq tapdığı ən gözəl məkandır".

Söhbətimizi təqaüdçü Əlivahid Şıxəliyevlə davam etdiririk: "Mən buranın əvvəlki günlərini də görmüşəm, ağ günlərinə də şahidlik edirəm. Bir zamanlar burada nəfəs almaq mümkün deyildi. Borulardan çıxan qara tüstülər havanı zəhərləməklə yanaşı, Günəşin də qarşısını kəsirdi. İndi dəniz durulub, su aynaya bənzəyir, hava da tərtəmizdir. Düzünü desəm, evdə oturanda darıxıram. Bundan sonrakı ömrümü belə gözəlliklər içində keçirmək istəyirəm. Var olsun dövlətimizi ki, bu cür imkan yaradıb", - deyə o bildirir.

Bakı sakini Hüseyn Qurbanov isə bunu xatırlatdı: "Cənnət görmək istəyən Azərbaycana gəlsin. Bakının gözəlliyi, Ağ Şəhər bulvarının yaradılması iqtisadi gücümüzü, qüdrətimizi dünyaya nümayiş etdirir. Qısa bir zamanda belə bir gözəllik yaratmaq asan iş deyil. Atalar gözəl deyib: "Tikdim ki, izim qala". Torpaqlarımızı düşmən işğalından azad edən, Bakını ekoloji cəhətdən təmiz "yaşıl şəhər"ə çevirən, bizə bu dünyada cənnət yaradan Prezidentimizə minnətdaram".

Günəş yavaş-yavaş görünməz olur, göydə ulduzlar parlamağa başlayırdı. Bu əsrarəngsiz mənzərə isə Ağ Şəhər bulvarı ilə möhtəşəm bir harmoniya təşkil edirdi. Mavi Xəzər isə bu gözəlliyə ayrı bir rəng qatırdı.

Bəli, Bakının inkişafı ilə onun simvolları da çoxalıb. Əminliklə deyə bilərik ki, Ağ Şəhər bulvarı da paytaxtımızın simvoluna çevrilən ünvanlardan biridir. Azərbaycanın yüksəlişinin və paytaxtımızın baş planının həyata keçirilməsi nəticəsində bundan sonra da belə cazibədar ünvanlar yaranacaq.

 

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video