10 Avqust 2024 08:43
573
CƏMİYYƏT
A- A+

Yaşıl paytaxtın Ağ Şəhəri

 

Bakı müasir zəmanəmizin ciddi çağırışlarına cavab verə biləcək möhtəşəm bir tədbirə - COP29-a hazırlaşır. Şəhər sanki hər gün bir boy da böyüyüb, gözəlləşir... 
Belə bir gündə quruculuğun, inkişafın əsl ünvanı Ağ Şəhərə üz tuturuq...
Gözümüzlə gördüyümüzə inana bilmirik... 
Burada sanki möcüzə baş verib. 
İnsan zəkası ilə insan əməyinin yaratdığı xariqələr harmoniyasını görüb təəccüblənməmək mümkün deyil. Şərq arxitekturası ilə Avropa memarlığının ən nəfis elementlərini özündə birləşdirən binalar, göylərə ucalan göydələnlər, geniş yaraşıqlı küçələr, gözoxşayan yaşıllıqlar gözəlliyi ilə insanı ovsunlayır. 
Bu yerdə məşhur atalar sözünü xatırlamamaq olmur: "Ağ gün adamın üzünü ağardar"... 
Şəhərlər də insanlar kimidir, öz talelərini yaşayırlar... 

 

Qara Şəhərdən Ağ Şəhərə

 

Bir zamanlar hamımızın Qara Şəhər kimi tanıdığı indiki Ağ Şəhər sözün bütün mənalarında ağ günlərini yaşayır. 
Ulu Öndər Heydər Əliyev yarımçıq qalmış işlərini siyasi varisi Prezident İlham Əliyevin tamamlayacağına, arzularını birə-bir gerçəkləşdirəcəyinə əmin olduğu üçün illər öncə inamla  demişdir: "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir". 
İnam doğruldu, arzular həqiqət oldu. Müzəffər Komandan torpaqları azad edib əsl Qurucu Lider kimi Azərbaycanın hər tərəfini gülüstana çevirdi. Ağ Şəhər də əsl gözəllik vadisi, müasir şəhər modeli kimi formalaşdı. 
Dövlət başçısı İlham Əliyevin bu şəhərin keçmişi haqqında dediyi "biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara Şəhəri Ağ Şəhərə çevirdik" fikri bu şəhərin həm dünəni, həm də bu günədək keçdiyi yol haqqında tam təsəvvür yaradır.

 

Ağ yol

 

Qara Şəhəri qara günlərə qoyan vaxtilə adı bizim, özü bizim olmayan "qara qızıl"ımız, Bakı nefti olmuşdur. Bakının şərq hissəsində yerləşən Qara Şəhər XIX əsrin sonlarında başlayan ilk neft bumunun bizə qalan  ağır mirası idi. Təxminən 150 ildən çox əsasən neft sənayesi müəssisəsinin cəmləşdiyi bu ərazilər çirklənərək ekoloji fəlakət zonasına çevrilmişdi. 
Bu gün dünyada irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi tanınan "Ağ Şəhər" layihəsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"  barədə sərəncamı ilə təsdiq olunub.
Ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən "Ağ Şəhər" dünyanın ən iri müasir layihələrindən biridir. 1650 hektar  ərazini əhatə edən 280 000 sakinin məskunlaşması üçün nəzərdə tutulan, bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirən, ümumi sahəsi 15 milyon kvadratmetr olan tikinti sahəsində 120 000 yaşayış və xidmət obyektinin inşası nəzərdə tutulub. Bu da o deməkdir ki, layihə başa çatdıqdan sonra Ağ Şəhər 240 000 sakini iş yeri ilə təmin edəcəkdir.
2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulan "Ağ Şəhər" layihəsi uğurla həyata keçir, nəticədə bura ekoloji cəhətdən ən çirkli ərazidən ən təmiz müasir şəhər mərkəzinə çevrilməkdədir.
Onu da qeyd edək ki, Ağ Şəhərin layihələndirilməsi işinə Azərbaycan mütəxəssisləri ilə yanaşı, dünyanın bir sıra aparıcı mühəndis və memarlıq şirkətləri, o cümlədən məşhur "Atkins" şirkəti, "Fosters+Partners" memarlıq şirkəti və Amerika Birləşmiş Ştatlarının "F+A Architects" arxitektura bürosu, UNStudio, CallisonRTKL, Gensler və bir sıra digər şirkətlər cəlb edilib.
Mərhələli şəkildə inşası həyata keçirilən Ağ Şəhərin mərkəzi park rayonunda əksər binaların, ictimai yerlərin tikintisi başa çatıb, infrastruktur layihələri gerçəkləşdirilib. Müxtəlif enli və uzunluqlu küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması tamamlanıb. Əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar salınıb. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər" xidməti tərəfindən videomüşahidə kameraları, "Azərsu" və "Azərişıq" Açıq Səhmdar cəmiyyətləri, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yeraltı kommunikasiyalar, "Delta Telecom" MMC tərəfindən İT kanal sistemləri çəkilib. Onu da qeyd edək ki, layihələndirmə zamanı Ağ Şəhərdə inşası nəzərdə tutulan Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya da hazırlanıb.

 

Açıq səma altında incəsənət sərgisi

 

2017-ci ildə istifadəyə verilmiş Mərkəzi Park ərazisi gözəlliyi ilə heyranlıq yaradır. 8, 20 və 36 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış tikililərindən, ticarət və iaşə obyektlərindən, orta məktəb, ofis və inzibati binalardan ibarət bu ərazi real mənzərədən çox məşhur bir rəssamın yağlı boya ilə işlədiyi tabloya bənzəyir.
Ağ Şəhər bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Bu baxımdan Bulvar küçəsini bəxti gətirmiş hesab etmək olar. Burada yerli və xarici rəssamların incəsənət əsərləri sərgilənir. Heykəltaraş Enrike Kabreranın "La Gran Manzana" ("Böyük alma") əsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu Yorkda quraşdırılmış "Böyük alma" əsəri bu şəhərin rəmzini təcəssüm etdirir. Ağ Şəhər dünyada ikinci məkandır ki, "La Gran Manzana"nın ikinci nüsxəsi burada sərgilənir. 
Şərq təqviminə görə, 2024-cü ilin rəmzi əjdahadır. Azərbaycan MAAS incəsənət qurumunun müasir poliqonal üslubda hazırladığı, hündürlüyü 4,2 metr olan "Əjdaha" heykəli 2024-cü ilin rəmzinə həsr olunub. Cozef Klibanskinin "Mütəfəkkir" əsəri müasir insanın texnoloji inkişaf dövründən, ekoloji problemlər və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanmışdır. Cozef Klibanski 2014-cü ildə Bakının zəngin memarlığından, qədimlik və müasirliyin sintezindən ilhamlanaraq Azərbaycan paytaxtının gözəlliyini tərənnüm edən "Gözəl Bakı" əsərini yaradıb.
Ərazidə yerləşdirilmiş "Qarabağ atı" heykəli Qarabağ Atları meydanında yerləşəcək "Qarabağ atları" kompleksindəki 7 atdan biridir. Qarabağ atları Azərbaycanın rəmzlərindən biri olaraq ənənələrə sadiqliyin, eləcə də daim irəliləyişin təcəssümüdür.
"Qarabağ atları" kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleks Dallas şəhərində yerləşən "Mal-qara sürülməsi", Kaliforniya hava limanında "Con Ueyn" və digər əsərləri ilə dünyada məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir. Kompleksin təməli dövlət başçısı tərəfindən 2022-ci ilin dekabrında Ağ Şəhərdə qoyulub.

 

Ağdamdan gətirilən dağdağan ağacı

 

Ağ Şəhər layihələndirilən zaman yaşayış massivinin ərazisində yaşıl zonalar - park və xiyabanların salınmasına xüsusi diqqət verilib. Salınan bağlar arasında diqqətçəkən məqam Dağdağan bağının olmasıdır.
Azərbaycanın simvollarından biri olan dağdağan (celtis) ağacının vətəni Qarabağdır. Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin mayında işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkmişdir. Gözoxşayan bağ Ağ Şəhərə əlavə bir gözəllik qatır. Qeyd edək ki, dağdağan ağacları Ağ Şəhərə Qarabağdan, o cümlədən Ağdamdan gətirilib.

 

Ecazkar mərkəz

 

Vətən müharibəsində qələbəmizin və suverenliyimizin bərpasına həsr olunan 12 mərtəbəli "Ağ Şəhər 2020 Biznes Mərkəzi"nin inşasına 2020-ci ildə başlanılıb. Biznes mərkəzi Mərkəzi Bulvar küçəsində - şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayaraq, Fəvvarələr meydanından keçərək, 8 Noyabr prospekti üzərindəki gözoxşayan piyada körpüsü ilə dənizkənarı Ağ Şəhər bulvarına gedən ikikilometrlik gəzinti yolunda yerləşir.
Bina ətraf mühitin mühafizəsi qaydalarına tam uyğundur. Biznes mərkəzi BREEAM beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından sertifikat alıb. Bu, 2014-cü ildə istifadəyə verilmiş "Bakı Ağ Şəhər" ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan ikinci binadır. Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Biznes mərkəzində 150 ofis yerləşir. Biznes nümayəndələri fərdi soyutma sistemi, təbii havalandırma, mərkəzi istilik sistemi, eyvanları, 386 yeraltı və 62 yerüstü dayanacaqları olan 3 metr hündürlüyündə ofislərdən, parkinq yerləri üçün təbii işıqlandırma, elektrik avtomobillərinin qidalanması üçün yerlərdən, velosipedlər üçün pulsuz parkinq və sair bu kimi xidmətlərdən istifadə edə biləcəklər. Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb. Binanın texniki idarəçiliyi mərkəzləşdirilmiş müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Biznes mərkəzinin girişi bina üçün xüsusi olaraq yaradılmış bürünc medalyonla bəzədilib. Birinci  mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılıb. Eyni zamanda 24 saat ərzində piyadaların rahat keçidi üçün açıq olan geniş yaraşıqlı zalda Qara Şəhərin Ağ Şəhərə çevrilməsini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb. Foyedə həmçinin dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir binaların maketləri yerləşdirilib.
Xatırladaq ki, yeni binaların layihələndirilməsi işləri zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq BREEAM, LEED sertifikatlarına uyğunlaşdırılması məqsəd kimi qoyulub. Binanın 8-ci mərtəbəsi xüsusi dizaynla təmir edilib və burada əməkdaşlar üçün rahat iş məkanları yaradılıb. Diqqətçəkən məqamlardan biri də binada Ağ Şəhərdə görüləcək işlər və ekoloji tədbirlər haqqında stendlərin quraşdırılmasıdır.

 

Bakının yeni rəmzi olacaq körpü

 

Möhtəşəmliyi ilə Bakının yeni nişanlarından birinə çevrilməsini vəd edən Ağ Şəhərin şimal və cənubunu 8 Noyabr prospekti üzərindən birləşdirəcək piyada körpüsündə ciddi iş gedir. İnşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə "Evrascon" şirkəti tərəfindən həyata keçirilən, eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubdan ictimai mərkəzin 3-cü mərtəbəsinə, şimaldan eyni zamanda Fəvvarələr meydanı parkına, 1-ci Yaşıl Ada küçəsinə, alt qatı isə 8 Noyabr prospektində yerləşən Zaman meydanına çıxışı nəzərdə tutulub. Körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə piyadalar rahat gediş-gəliş edə biləcəklər. 
Layihələndirmə yerli mühəndislərlə bərabər, Almaniyanın Werner Sobek şirkəti, memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın UNStudio şirkəti tərəfindən işlənilmişdir. UNStudio şirkəti "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində investorların sifarişi ilə 8 Noyabr prospektinə çıxan hissədə qoşa binaların və bank binasının layihəsini də həyata keçirib. Bu şirkət memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. Körpünün layihələndirilməsinin ilkin mərhələsində Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılıb. Piyada körpüsünün altında yerləşən Zaman meydanında beynəlxalq sənətkar Konstantin Grcic tərəfindən xüsusi olaraq "Bakı Ağ Şəhər" layihəsi üçün hazırlanmış özəl dizaynlı İsveçrənin MobaTime şirkətinin istehsalı olan 7 ədəd saatdan ibarət SEVEN PUBLIC CLOCK kompozisiyası nəzərdə tutulub.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli, rahat hərəkət üçün geniş məkan və cəlbedici atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzintiyə çevirəcəkdir. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərinin sevimli məkanı edəcək.
"Bakı Ağ Şəhər" dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda "MIPIM Asia Awards 2011" müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasına, Dubayda "Cityscape Global" və bir sıra digər sərgilərdə "Ən yaxşı şəhərsalma layihəsi" kimi müxtəlif mükafatlara layiq görülüb.
Ağ Şəhərin geniş, yaraşıqlı küçələrindən keçib, əsrarəngiz gözəlliklərini görüb bu şəhərin təməlini qoyan zaman Prezident İlham Əliyevin dediyi "Ağ Şəhər nəinki Cənubi Qafqazda, yaxud da bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir" sözlərini xatırlayıb şəhərimizlə qürur duyduq...

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video