20 Avqust 2024 08:00
286
SİYASƏT
A- A+

Strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik

 

Rusiya Prezidentinin Azərbaycana səfəri münasibətlərin inkişafına müsbət impuls verdi

 

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir.
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. 
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. 
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.
İlham Əliyevin Vladimir Putinlə apardığı müzakirələr, əldə edilən nəticələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir, ölkəmizin Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Eyni zamanda o da bəlli olur ki, Rusiya kimi dünya siyasətinin nizamını müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.
İki ölkə arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Tərəflər arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.
Görüş zamanı liderlərin səmimi fikirləri də münasibətlərin yüksək səviyyəsini əks etdirir. İlham Əliyev bildirdi ki, Azərbaycan iki ölkə arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyətlə bağlı  Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər mövcuddur. İki ölkə həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edir, humanitar əlaqələrə, həmçinin bir çox digər sahəyə xüsusi diqqət yetirilir.
Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.
Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası yüksəkdir. 2023-cü ilin nəticələrinə görə, 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib. 
Vladimir Putin həmçinin Rusiyanın Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazır olduğunu bildirdi: "Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq".
Rusiya Prezidenti Bakının son illərdə daha da inkişaf etdiyini söyləyərək dedi ki, Bakı  yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir. 
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək. 
Bir sözlə, Vladimir Putinin ölkəmizə dövlət səfəri, İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu.  

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video