21 Avqust 2024 08:45
165
CƏMİYYƏT
A- A+

"Mehriban xanım bizə anamızı əvəz edir"

 

Uşaq evlərinin sakinləri özlərini kimsəsiz hiss etmirlər

 

O, ağlıkəsəndən hər il ad gününü böyük səbirsizliklə gözləyir. 26 avqusta hələ aylar qalmışdan o günün xoş həyəcanına bürünür, bu barədə rəfiqələri, müəllimləri ilə danışır... 
Bilir ki, həmin gün Mehriban xanım ona qəşəng hədiyyələr göndərəcək. Elə ötənilki ad günündə də belə olmuşdu, Mehriban xanım ona çoxlu oyuncaqlar, don, tort... yollamışdı. 
Ana nəvazişinə həsrət qalan daha bir uşağın nisgilli ürəyinə sevinc bəxş etmişdi... 
Haqqında danışdığımız 13 yaşlı Qənirə körpə yaşlarından uşaq evinə verildiyi üçün valideyn qayğısının, ana nəvazişinin nə olduğunu bilmədən böyüyüb. Amma deyir ki, Mehriban xanımın bütün uşaq evinin sakinləri kimi, ona da göstərdiyi şəxsi diqqəti, qayğısı sayəsində heç zaman özünü kimsəsiz hiss etməyib: "Mehriban xanım bizə anamızı əvəz edir. Onun isti münasibəti, şəfqəti sayəsində biz də atalı-analı uşaqlar kimi ürəkli oluruq..." 
Sosial Xidmətlər Agentliyinin nəzdində 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində söhbətləşdiyimiz Qənirə söyləyir ki, Mehriban xanım heç zaman onları unutmur...
Bəli, ictimai, siyasi işlərinin həddindən çox, dövlət idarəçiliyi fəaliyyətinin gərgin  olmasına baxmayaraq, Mehriban xanım Əliyeva uşaq evlərinin sakinlərini yaddan çıxarmır, onlarla bağlı ən kiçik məsələyə də böyük həssaslıqla yanaşır. Hətta öz ad günündə belə bu uşaqlar haqda, onları sevindirmək barədə düşünür... 
Əslində, bir çoxlarımız üçün təəccüblü görünən bu hal, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva üçün adi həyat tərzidir. Çünki "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır" şüarını həyat amalına çevirən Mehriban xanım daim kimsəsizlərə böyük himayədarlıq edir...

 

Ümid yeri

 

Atılmış, tərk edilmiş, imtina olunmuş uşaqların ümid yeri olan bu evə daxil olanda tam fərqli bir aura bürüyür insanı. Bir-birindən yaraşıqlı, gözəl, müxtəlifyaşlı oğlan və qızların sənə tuşlanmış sual və maraq dolu baxışlarından tutmuş, onların böyük həvəslə ərsəyə gətirdikləri, hər biri fərqli duyğunun - sevginin, həsrətin, sevincin tərənnümü olan rəngarəng əl işlərinə qədər hər şey, insanı qüssəqarışıq hisslərə kökləyir. Bura elə bir məkandır ki, insanın gözlərindən kədər və sevinc yaşları eyni anda süzülə bilər... 
Biz də elə bu qarmaqarışıq əhvaldaydıq. Bu evin balaca sakinlərinə sual verməyə belə çəkinirdik, birdən hansısa sözümüzlə qəlblərinə toxunarıq deyə... Eləcə kənardan onlara tamaşa edirdik... Durna kimi qatarlaşıb rəqs otağına necə həvəslə getdiklərinə, "Bayram suitası"nın, "Nəlbəki" rəqsinin sədaları altında necə süzdüklərinə valeh olurduq. Bu istedadlı uşaqların hərəsinin öz arzusu var: Şəbnəm böyüyəndə hüquqşünas, Dərya həkim, Adəm rəssam, Ayxan idman müəllimi olmaq istəyir...
Öyrənirik ki, uşaqlara rəqsin sirlərini öyrədən gənc müəllim Azər Azərsoy da buranın yetirməsidir. Mədəniyyət və İncəsənət Universitetini bitirən Azər artıq beş ildir ki, bu uşaq evinin "Azəri" rəqs ansamblının bədii rəhbəri, xoreoqrafı kimi çalışır. Uşaqlarla birgə rəqs kompozisiyaları ilə yanaşı, tərbiyəvi, vətənpərvərlik mövzularında müxtəlif tamaşalar hazırlayır: "Uşaqlarımız çox bacarıqlıdırlar və hər gün onlarla işlədiyimiz üçün istənilən tapşırığı rahat, səlis qavrayırlar. Ümumiyyətlə, uşaqların burada hansısa peşə haqqında biliklərə yiyələnmələri gələcəkdə onların əllərindən tutacaq, necə deyərlər, onlara çörək verəcək". 
Azər müəllim vurğulayır ki, özü də 2 yaşından dövlətin, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın diqqəti, qayğısı ilə bu uşaq evində böyüyüb: "Bizə göstərilən qayğı o qədər doğmalıq hissi verir ki, heç zaman düşünmürük ki, ata-anamız, valideynlərimiz yoxdur. Şəxsən öz adımdan deyirəm ki, mən belə düşüncələrə qapılmamışam. Burada böyümüşəm, rəqsi öyrənmişəm, tamaşalarda iştirak edə-edə qastrol səfərlərinə getmişəm, dünyanı gəzmişəm... Bütün bunlar mənə böyük motivasiya olub. Bu gün də hər uğurlu addımımda Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, Leyla xanıma böyük minnətdarlıq hissi duyuram". 

 

Onlar özlərini evlərindəki kimi hiss etsinlər deyə...

 

Hazırda 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 2-22 yaş aralığında 90 sakini var. Həmin uşaqların təhsili ailələrdə böyüyən uşaqlardan heç nə ilə fərqlənmir. Onlar yaxınlıqda yerləşən 210 nömrəli orta məktəbdə və 220 nömrəli məktəb-liseydə təhsil alırlar. Bu uşaqlar arasında yüksək nəticələr göstərərək yerli, eləcə də beynəlxalq nüfuzlu universitetlərə qəbul olunanlar da çoxdur. Məsələn, uşaq evinin məzunları Həmid Kazımov və İlkin Hüseynov Moskvada Prezident Yanında İdarəçilik Akademiyasını bitiriblər. Həmid Rusiyada, İlkin isə Türkiyədə magistratura pilləsini də başa vurub. Bu gənclərin təhsil haqqı və digər xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilib.
Gələn ay sosial xidmət müssisəsindən 10 uşaq birinci sinfə gedəcək. Artıq indidən onların bütün sənədləri, geyimləri, dərs ləvazimatları hazırlanıb. Bu ilin birinciləri ilə 2-ci qrupun dərs və məşğuliyyət otağında tanış olduq, parta arxasında həvəslə əyləşən bu balacalarla söhbət etdik, gələcək arzularını dinlədik... 
1-ci qrupdakı uşaqlar isə 3-5 yaş aralığındadır. Bu şip-şirin balaların təlim-tərbiyəsi ilə məşğul olan Tərminə Əhmədova onlara məşğələlər keçir, açıq havada yaşlarına uyğun oyunlar təşkil edir, nağıl, şeir danışır... Bir sözlə, uşaqların günlərinin əyləncəli və maraqlı keçməsi, ən əsası darıxmamaları üçün əlindən gələni edir... 
Psixoloq Nərgiz Dadaşova bildirir ki, burada uşaqlarla həm fərdi, həm də qrup şəklində məşğul olur. Yeni gələn uşaqlara isə digər uşaqlarla uyğunlaşmaları üçün daha çox diqqət ayırır: "İlk öncə uşaqda mənliyi, kimliyi, həm də müəssisəyə adaptasiyanı formalaşdırırıq. Bunları uşağı həvəsləndirərək, onu tərifləyərək, maraqlandıraraq edirik. Ümumiyyətlə, bütün kollektiv uşaqlara öz sevgisini verir ki, onlar da həmin məhəbbətə, istiqanlığa, mehribanlığa tutunaraq özlərini yad yox, evlərindəki kimi hiss etsinlər... " 

 

Bu əl işlərinə hərəsi öz kiçik ürəyini qoyub 

 

Uşaq evini gəzə-gəzə sözün əsl mənasında, xəzinə adlandırılacaq bir guşəyə gəlib çıxırıq - fərqli illərdə müxtəlifyaşlı uşaqlar tərəfindən yaradılan möhtəşəm sənət əsərlərinin sərgiləndiyi qoşa otaqlara... Bu otaqların birində dekorativ işlər, xalçalar, mütəkkələr, qobelenlər, toxumalar, quramalar, muncuqlarla işlər saysız-hesabsızdır... Üzərində uşaqların hərəsinin öz adını həkk etdiyi bu rəngarəng işlərə baxanda hiss edirsən ki, bu naxışlara, tikmələrə hərəsi öz balaca ürəyini qoyub... 
Rəsm işlərinin sərgiləndiyi otaq isə bambaşqa bir aləmdir. Uşaqlar ağ kağıza öz dünyalarını, yaşadıqları duyğu və düşüncələrini köçürüblər. Molbertlərin üzərində, divarlarda sıralanmış şəkillərə baxırıq. Vətənpərvərlik mövzusunda, bayramlarımıza həsr olunmuş, dünyanı əks etdirən maraqlı, dəyərli, diqqətçəkən şəkillər var burada. Amma onların içərisində biri var ki, biz bu şəkli "insanlığa çağırış" adlandırardıq... 
Bu şəkildə uşaq evinin yetirməsi olan Nahid Sarıyev ana bətnində körpəni o qədər mükəmməl, ən incə detallarına qədər təsvir edib ki, elə bilirsən o canlıdır... Bu şəkil bir uşağın ana qayğısına necə ehtiyacı olmasının sözsüz ifadəsidir. Və bu şəkil sanki üzünü valideynlərə tutub deyir ki, uşaqlarınızı atmayın, onların heç nəyə yox, bir tək isti ana qucağına ehtiyacı var... 

 

Böyük himayədar

 

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 1950-ci illərdə tikilmiş və uzun illər təmir edilmədiyindən yararsız hala düşmüş binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb və Mehriban Əliyevanın iştirakı ilə açılışı həyata keçirilib. Ötən ilin yay mövsümündə fond tərəfindən burada yenidən yüksək səviyyədə təmir həyata keçirilib. 
1 saylı Uşaq Evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir. Belə ki, 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən inşa olunan bu düşərgə 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. 2023-cü ilin yayında bu düşərgədə yenidən fond tərəfindən təmir işləri həyata keçirilib. 
Sosial xidmət müəssisəsində uşaqlara peşə qabiliyyətinin öyrədilməsi və əl işləri ilə bağlı inkişaf etmələri üçün hər cür şərait yaradılıb. Xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan verir. Fondun dəstəyi ilə uşaqların əl işləri mütəmadi olaraq sərgilənir və bu, uşaqlar üçün böyük motivasiya olur
Müasir İncəsənət Muzeyində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib və orada 500 adda əl işi sərgilənib. Əvvəlcədən sərginin 3 gün davam etməsi planlaşdırılsa da, Mehriban xanım Əliyeva baxışdan sonra, uşaqların əl işlərinin daha 15 gün də sərgilənməsini tapşırıb. 
"Bütün bu işlər Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Ümumiyyətlə, fondun bütün uşaq evlərinə himayədarlığı, orada yaşayan uşaqlara qayğısı yüksək səviyyədədir. Demək olar ki, hər gün bizimlə maraqlanırlar, nə lazım olduğunu soruşurlar, ən xırda məsələyə belə çox həssaslıqla yanaşıb onun həllinə çalışırlar", - deyən 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru Nərminə Zöhrabova vurğulayır ki, onlar daim Mehriban xanımın nəzarətində, şəxsi himayəsindədirlər. 
Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva 2004-cü ildən etibarən dəfələrlə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsini ziyarət edib, öz gəlişi ilə valideyn nisgilli uşaqları sevindirib. 2006-cı ildə isə Prezident İlham Əliyev bu sosial xidmət müəssisəsində məxmərəyə qarşı peyvənd kampanıyasında iştirak edib. 
Direktor bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq uşaqların görüşünə gəlir, onlarla söhbət edir, hər birinin istək və arzusunu dinləyərək böyük səylə onların yerinə yetirilməsinə çalışır: "Leyla xanım üçün o uşaqların istəkləri, arzuları çox önəmlidir". 
 Fondun dəstəyi ilə xeyli sayda uşaq müxtəlif tibbi əməliyyatlardan keçib. Ötən il 15 yaşlı Aydan Əliyeva onurğa sütunundan əməliyyat olunub. İndi o özünü yaxşı hiss edir. Sağlamlığına qovuşduğuna görə çox sevindiyini söyləyən Aydan dedi ki, Mehriban xanıma, Leyla xanıma böyük minnətdarlıq hissi duyur...
Öyrəndik ki, hər iki valideynini itirmiş uşaqlar məzun olduqdan sonra evlə təmin edilirlər. Hər həftənin bazar günü isə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində "görüş günü" keçirilir. Uşaqların ata-anaları, yaxınları gəlib onlarla görüşürlər. 
Direktor məlumat verdi ki, indiyə qədər qanunauyğun şəkildə uşaqlardan bir çoxu öz bioloji anasına qaytarılıb, himayədar ailəyə verilib, övladlığa götürülüb.

 

Ən böyük arzu

 

Artıq günortaya yaxınlaşırdı və biz yavaş-yavaş reportajımızı bitirərək redaksiyaya, uşaqlar isə iştahaçıcı xörəklərin ətri gələn mətbəxə tələsirdilər... Bu gün onların nahar yeməyində pomidor-xiyar salatı, meyvə şirəsi, borş, ətli qarabaşaq var idi... 
Beləcə, bir neçə saat ərzində sakinləri uşaqlardan ibarət olan bu evin qonağı olduq. Burada valideyn himayəsindən məhrum uşaqların mənəvi sıxıntı keçirməmələri, heç nədən korluq çəkməmələri üçün dövlətimizin, Heydər Əliyev Fondunun hərtərəfli addımlar atdığına şahidlik etdik. Axı yalnız yaradılan hərtərəfli şərait, onlara göstərilən diqqət, mehriban və qayğıkeş münasibət, şəfqətli davranış həmin uşaqların ata-anasızlıq dərdini azalda bilər. Amma təəssüfedici gerçəklikdir ki, tam yox edə bilməz... Çünki dünyada varmı elə bir nəsnə ki, ana qucağını, onun verdiyi ruhi, mənəvi xoşbəxtliyi əvəz edə bilsin?! Təbii ki, yox!
Elə buna görə də ən böyük arzumuzdur ki, qoy uşaq evlərində bir uşaq da qalmasın, onların hər birinin öz ailəsi, isti yuvası olsun...

Yasəmən MUSAYEVA, 
İlham BABAYEV (foto), 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video