24 Avqust 2024 08:15
228
SİYASƏT
A- A+

Humanizm, mərhəmət və insanpərvərlik örnəyi

 

Müstəqil Azərbaycanın humanist dəyərlərə sadiq dövlət imicinin, beynəlxalq nüfuz və mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr təkcə rəsmi səviyyəli fəaliyyətlə məhdudlaşmır və bu prizmadan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazım gəlir. Bu il yaranmasının 20-ci ildönümünü qeyd edən fond beynəlxalq miqyasda təkcə Azərbaycanın dünyaya dolğun təqdimatçısı kimi deyil, həm də sivil bəşəri dəyərlərin hamisi, insanpərvərlik və humanizm prinsiplərinin qlobal miqyasda daha möhkəm əsaslarla bərqərar olmasına xidmət edən mühüm təşəbbüslərin müəllifi kimi tanınır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzaladığı 10 mart 2004-cü il tarixli fərmanı ilə yaradılan fond Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, həmçinin milli həqiqətlərlə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması sahəsində fundamental nailiyyətlər qazanıb. Yaranması böyük hədəflərdən, nəcib məqsədlərdən qaynaqlanan, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq və aşılamaq kimi müqəddəs amallara, ideyalara xidmət edən fond ötən 20 ildə yardıma ehtiyacı olan insanların ümid ünvanına, məbədgahına çevrilib.  
Hələ 2004-cü il 10 may tarixdə Prezident İlham Əliyev fondun fəaliyyətə başlaması ilə əlaqədar fəxri qonaqlar kitabında ürək sözlərini belə ifadə etmişdi: "Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır".
Heydər Əliyev Fondu 20 illik fəaliyyəti ilə Azərbaycanın sosial, ictimai, mədəni, humanitar həyatında necə müstəsna rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyəti, miqyası və sanbalına görə ölkəmizdə analoqu olmayan əlahiddə qurum olduğunu tam sübuta yetirib. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq bu gün də fondun məqsədləri sırasında öncül yerlərdə dayanır. Azərbaycanın, azərbaycançılığın, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət, ölkəmizin beynəlxalq nüfuzunun artırılması məqsədilə silsilə tədbirlər həyata keçirmək, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq fondun genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətləri kimi xüsusi qeyd olunmalıdır. 
Yerli və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlıq, uşaq müəssisələri infrastrukturlarının, səhiyyə və tibbi təsisatların inkişafı, sağlam həyat tərzinin təbliği, Azərbaycanda və xaricdə aktual mövzulara dair konfransların, seminarların təşkili fondun fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən də layiqincə qiymətləndirilməsinə imkanlar açıb. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyalarla silahlanan, onların reallaşmasına əməldə dəstək verən, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayaraq həyata keçirən Heydər Əliyev Fondu xarici fondlarla, müxtəlif QHT-lərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığı ildən-ilə genişləndirir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olanlara kömək etmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək fondun məqsədləri sırasında öncül yerləri tutur. 
Qeyd edilənlər Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  insanlığın yüksəlişinə xidmət edən humanist təşəbbüsləri, fərqli mədəniyyətlərin dialoquna töhfələr verən nəcib layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Fondun rəhbərinin əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə yaradıcı münasibəti Ulu Öndərin adını daşıyan təşkilatın uğurlarını şərtləndirən ən mühüm amillərdən biridir. Hər bir insanda fərəh və qürur hissləri doğuran bu çoxşaxəli fəaliyyətin qayəsində bir əsas məqsəd dayanır: insanlığa yaxşılıq!
Fond ictimai həyatın ən müxtəlif sahələri üzrə fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Qarşıya qoyduğu bu və digər məqsədlər ilə cəmiyyətin mənəvi yüksəlişinə, sağlamlaşmasına çalışan fondun prezidenti nəinki respublika hüdudlarında, beynəlxalq miqyasda da böyük nüfuz qazanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatına, 2010-cu ildə Fransanın "Fəxri Legion" ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına və digər mühüm təltiflərə layiq görülməsi onun beynəlxalq nüfuzunun real təcəssümüdür. 
Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 
Obyektiv sosial-ictimai zərurət kimi 2017-ci il 21 fevral tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunan Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ötən müddətdə ölkəmizin beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edib. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən çağırışların yer alması ölkənin birinci xanımının timsalında Azərbaycan qadını haqqında da dolğun təsəvvür formalaşdırıb. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı tərənnüm etdirib. 
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban xanım Əliyeva kimi təcrübəli idarəçinin təyinatı ölkədəki sistem islahatlarının tələbindən irəli gələn, cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar idi. Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış, yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva son 7 ildə reallaşdırdığı məsuliyyətli missiya ilə də dövlət başçısının və xalqımızın etimadını doğruldub. Bu təyinat dövlət idarəetmə sisteminin modernləşdirilməsi və islahatların sürətləndirilməsi baxımından mühüm nəticələr verib. Heydər Əliyev Fonduna yüksək səviyyədə rəhbərlik edən Mehriban xanım Əliyeva cəmiyyətdəki böyük nüfuzu ilə idarəçiliyə yeni nəfəs, müasirləşmə və gəncləşmə ruhu gətirib. Birinci vitse-prezident statusundakı fəaliyyəti Azərbaycanda dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsini, yeni qlobal çağırışlara uyğunlaşdırılmasını, innovativ yeniliklərə əsaslanmasını təmin edib, çoxşaxəli islahatların səmərəliliyini yüksəldib.
Cəmiyyətin müxtəlif sahələrində nəzərəçarpacaq nailiyyətləri, təmiz imici olan, yüksək bilik və bacarıqlara, idarəetmə və menecer təfəkkürünə malik gənc kadrlara dəstək olması, onların islahatlar prosesində fəal iştiraka cəlb edilməsi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində səmərəli fəaliyyətini səciyyələndirən mühüm məqamlardandır. Müsahibələrinin birində Birinci vitse-prezident idarəetməyə islahatçı baxışını özünəməxsus şəkildə ifadə edərək rəhbər şəxsə xas vacib keyfiyyətləri belə səciyyələndirib: "Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar".
Cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar Birinci vitse-prezidentin fəaliyyətinin humanist və insanpərvər mahiyyətini təsdiqləyib. Bu statusda dövlətin sosial və humanitar siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etməklə yanaşı, situasiyaların idarə olunması prosesinə də mühüm töhfələr verib. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını genişləndirib. Müasir yanaşma tərzi, yeniliklərə açıq olması, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəldib. 
Birinci vitse-prezidentin yaxından iştirakı ilə idarəetmənin müasir və operativ əsaslarla aparılması, vətəndaş amilini önə çəkən idarəetmənin təmini qarşıya qoyulan vəzifələrin çevik icrasını təmin edib. Bu təyinatın özünü doğrultması və rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva fəaliyyətində insan amilini hər zaman önə çəkib, cəmiyyətin mövcud potensialının bu yöndə səfərbər olunmasına çalışıb. 
2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində, koronavirus pandemiyası ilə səmərəli mübarizədə Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır. 
Ali dövlət vəzifəsində ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi məsələsinə həsr etməsi bir daha göstərdi ki, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli Azərbaycanın Birinci vitse-prezidenti üçün prioritet məsələdir. 2017-ci il martın 1-də Sabunçu və Xəzər rayonlarında fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərində yaradılmış şəraitlə tanış olması bu gerçəkliyi bir daha təsdiqlədi. 
Bütün bunlar, əslində, 2004-cü ildən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin uğurlu davamı kimi dəyərləndirilməlidir. Fond humanitar və sosialyönümlü fəaliyyətində hər zaman cəmiyyətin mənəvi, mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini və ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramını qarşıya qoyub. Aztəminatlı insanların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının problemlərinin həllində dövlət basçısı ilə yanaşı, Birinci vitse-prezidentin fəaliyyəti də müstəsnalıq təşkil edir. 
Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə ötən dövrdə ölkəmizdə sosial siyasətin və xeyriyyəçilik institutunun uğurla reallaşdırılmasına töhfələrini verib. Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqəyə rast gəlinir. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər həssas sosial təbəqələrin ehtiyaclarına, problemlərinə diqqətlə yanaşır, onları himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə güdməyən dövlət əsaslı kapital qoyuluşları xüsusi çəkiyə malikdir. 
Prezident İlham Əliyev ölkədə yoxsulluğun aradan qaldırılmasını, insanları qayğılandıran sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bununla belə mövcud problemlərin həllini bütünlüklə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb, sosializmdən qalma düşüncə tərzidir. Bu mənada Heydər Əliyev Fondunun ötən 20 ildəki nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək olub. 
Fondun rəhbəri Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində də milyonlarla insanın ümid, güvənc yerinə çevrilib, ali dövlət səlahiyyətlisi simasında vətəndaşlara həssas münasibətin mükəmməl nümunəsini yaradıb. Cəmiyyət həyatı ilə bağlı məsələlərə adekvat reaksiyası, vətəndaş müraciətlərinə operativ və həssas yanaşması onun yüksək humanizminin, insanpərvərliyinin, vətəndaşlıq məsuliyyətinin bariz təcəssümüdür. Qlobal humanitar layihələrin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımının istər respublikamızda, istərsə də ölkə xaricindəki yüksək nüfuzu onun nəcib mənəvi və işgüzar keyfiyyətləri ilə şərtlənib. 
İdarəçilikdə yeni yanaşmaların vacibliyini önə çəkən Mehriban xanım Əliyevanın bu fikirləri xüsusilə təqdirəlayiqdir: "Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz həm də ən vacibi nədir? Ən vacibi əlaqədir...Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb".
Fondun milli-mənəvi dəyərlərin, azərbaycançılıq məfkurəsinin, zəngin mədəni irsin dünyada tanıdılması istiqamətindəki fəaliyyəti xüsusilə diqqət çəkir. Ötən illərdə fondun prezidentinin şəxsi səyləri ilə xalqımızın milli sərvəti sayılan muğam, aşıq musiqisi, xalçaçılıq sənəti, Novruz bayramı, Çovqan atüstü oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, "Yallı" rəqsi, miniatür sənəti və s. UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olunub. 
2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda ilk dəfə təşkil olunan və sonra xoş ənənəyə çevrilən beynəlxalq muğam festivalları Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Daha bir vacib məqam 2009-cu ildə Beynəlxalq Muğam Mərkəzinin açılışı, "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə buraxılması, onun "Gülüstan" sarayında təqdimat mərasiminin keçirilməsi olub. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, onun sirlərinə yiyələnmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. 
Abşeronda aşkar edilən arxeoloji tapıntıların qorunması məqsədilə fondun 2008-ci ildə Qala qəsəbəsində ilk Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaratması da mühüm layihələrdən olub. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, turizm mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət edib. 
Mədəniyyət sahəsində həyata keçirilmiş mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşası olub. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. 2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması isə mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltaraşlarının 800-dən çox işi toplanıb.
Heydər Əliyev Fondunun xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, milli xalçaçılığın zəngin ənənələrini yaşadan, istehsal etdiyi malları dünyaya çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənət incisinə xüsusi diqqətdən irəli gəlir.
Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı nümunəvi dövlət qismində çıxış etməsində, Qərblə Şərq, Qərblə islam dünyası arasında önəmli, etibarlı körpü rolu oynamasında, bununla bağlı dünyada yaranan müsbət düşüncənin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Fond son illərdə elmin, təhsilin, mədəniyyətin, incəsənətin, musiqinin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirib. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması deyilənlərin təsdiqidir.
Ötən illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda təşkil olunan yüksəksəviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi və s. ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil edib. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın 2012-ci ildə "Avroviziya" Beynəlxalq Musiqi Yarışmasının, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2016-cı ildən etibarən "Formula-1" yarışlarının təşkili istiqamətində nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Azərbaycan Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirib. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu il noyabr ayında ölkəmizdə keçiriləcək daha bir dünya miqyaslı tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili prosesinə sanballı töhfələrini verir. 
Ötən 20 ildə reallaşdırılan sosial layihələr çərçivəsində təhsil və səhiyyə sahələrində mövcud problemlərin həlli də xüsusi diqqət mərkəzində olub. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi - "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə istiqamətlənib. Bu layihə paytaxtla yanaşı, regionlarda da uğurla icra olunub, 500-dən çox yeni məktəb tikilərək istifadəyə verilib. 
Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə, bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfələr verir. 
Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki-mənəvi cəhətdən sağlam ruhda böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Uşaqların xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir. 
Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının daha da möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir. Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Mehriban xanım Əliyevanın 2007-2016-cı illərdə təşəbbüskarı olduğu amnistiya aktları Ümummilli Liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olub. Geniş ictimai dəstək almış bu amnistiya aktları böyük mənəvi-əxlaqi, humanist məzmunu ilə insanlarda xoş təəssüratlar doğurub. 
Heydər Əliyev Fondunun beynəlxalq münasibətlərinin genişlənməsi istiqamətində onun bir sıra xarici dövlətlərdə yaradılmış nümayəndəliklərinin də mühüm xidmətləri vardır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsində, təhsil səviyyəsinin yüksəldilməsində, sağlam nəslin böyüməsində və bu qəbildən olan digər missiyaların yerinə yetirilməsində özünəməxsus rol oynayan fondun Azərbaycanın beynəlxalq miqyasda təbliğində onun xarici ölkələrdəki nümayəndəlikləri əvəzsiz rol oynamaqdadır. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dərin məzmunlu nitqlərində hər zaman deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Bu reallıqlar fonunda əminliklə söyləmək olar ki, Azərbaycanın Birinci vitse-prezidenti təmənnasızlığa söykənən fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanıb. O, çoxşaxəli layihələrində Heydər Əliyev ideyalarını rəhbər tutmaqla yanaşı, həm də insanlığın, bəşəriyyətin nicatına xidmət edən nəcib missiyanı əzmlə həyata keçirir. Bu məsuliyyətli missiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlib.
Bütün bunlar Heydər Əliyev Fondunun prezidentinin indiyə qədərki fəaliyyətində dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etdiyini bir daha təsdiqləyir. Son 20 ildəki humanist və insanpərvər fəaliyyəti ilə cəmiyyətin ümid və pənah yerinə çevrilmiş Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti statusunda da dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. 

Qüdrət KƏRİMOV, 
"Xəzər" QSC-nin sədri, 
iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video