24 Avqust 2024 20:22
93
COP29
A- A+

COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib  

 

 

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən “PAŞA Holdinq” və “Trendyol” şirkətlərinin dəstəyi ilə media üçün effektiv kommunikasiya strategiyalarına həsr olunmuş seminar təşkil edilib. Seminar yerli medianı COP29 prosesləri ilə daha yaxından tanış etmək və bu mühüm iqlim fəaliyyətinin işıqlandırılması xüsusunda mətbuat nümayəndələrinin peşəkar potensialının artırılması məqsədi daşıyıb.

AZƏRTAC xəbər verir ki, tədbir qarşıdan gələn COP29 tədbirinə hazırlıq çərçivəsində medianın cəlb edilməsinin vacibliyini vurğulayan əsas maraqlı tərəflərin salamlama çıxışları ilə başlayıb. “COP nədir?” adlı qısa videoçarxın nümayişindən sonra UNFCCC Katibliyinin Kommunikasiyalar üzrə rəhbəri Aleksandr Sayer UNFCCC prosesi və COP29 üzrə gözləntilərlə bağlı təqdimatla çıxış edib.

Panel müzakirəsi zamanı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan prioritetləri, bu istiqamətdə qoyulan hədəflərin reallığa çevrilməsi üçün atılmalı olan addımlar ətrafında geniş müzakirələr aparıblar. İqlim müzakirələri çərçivəsində səmərəli nəticələrin əldə edilməsinə ev sahibi ölkənin töhfələri, eləcə də COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycan üçün yaratdığı imkanlar da panel sessiyasının müzakirə mövzularından olub.


Moderatorun suallarını cavablandıran Y.Rəfiyev dövlətlərin COP29 danışıqlar prosesinə yanaşmasının kifayət qədər konstruktiv olduğunu və uğurlu nəticələrə inamı artırdığını qeyd edib. O, həmçinin bildirib ki, iqlim maliyyəsi mövzusunun gündəmdə olması danışıqlar prosesini müəyyən mənada mürəkkəbləşdirsə də, COP29 danışıqçılar qrupu həm rəsmi, həm də qeyri-rəsmi platformalar vasitəsilə dövlətləri ortaq mövqelərə gətirməyə uğurla davam edir.

N.Carçalova Azərbaycanda COP29-un təşkili üçün digər ölkələrlə müqayisədə daha qısa zaman ayrıldığına baxmayaraq, konfransın qüsursuz və müvəffəqiyyətlə keçirilməsi üçün işlərin planlı şəkildə icrasının davam etdiyini bildirib. O, hazırlıq prosesinin gedişatı, eləcə də COP29 konfransının Yaşıl və Mavi zonalarının fəaliyyəti haqqında jurnalistlərə geniş məlumat verib.

Medianın iqlim böhranının həllində mühüm rol oynadığını qeyd edən V.Andreyeva media hekayələrinin məlumatlandırmaq, həvəsləndirmək və təcili tədbirlər görməyə təkan vermək gücünə malik olduğunu xüsusi vurğulayıb. O əlavə edib ki, jurnalistlər COP prosesində iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalanların səslərinə səs verməklə, onların təcrübələrinin, həll yollarının eşidilməsi və həyata keçirilməsini təmin etməkdə səfərbər olmalıdırlar.

Medianın COP29-da səmərəli iştirakçılığı mövzusunda çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP prosesinin mahiyyətinin ətraf mühit və iqlim məsələləri ilə məhdudlaşmayaraq, ümumilikdə gələcəyin iqtisadi modelini müəyyənləşdirdiyini deyib. Bu baxımdan müfəssəl ictimai rəyin formalaşdırılmasında medianın üzərinə düşən məsuliyyət və onun əvəzsiz rolunu, COP29-un gündəmə gətirdiyi mövzuların dəqiq və ətraflı işıqlandırılmasının vacibliyinə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva “Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu” mövzusunda çıxış edərək, baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumat verib. C.Əliyeva böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.


COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü, mətbuat katibi Ayan Nəcəf COP29 zamanı Yaşıl və Mavi zonalarda fəaliyyət göstərəcək media xidmətləri və infrastrukturu haqqında ətraflı məlumat verərək, media nümayəndələrinin konfransda iştirakı üçün yaradılan infrastruktur və imkanlar, eləcə də zəruri prosedur və icazələrdən bəhs edib.


Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən COP29-a hazırlıq çərçivəsində keçirilən “29 iqlim müzakirəsi: COP29-a gedən yol” təşəbbüsünün 19-cu tədbiri olan bu seminar “PAŞA Holdinq”lə tərəfdaşlıq çərçivəsində reallaşdırılan üçüncü tədbirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video