44 günlük Vətən müharibəsinin ilk günlərindən erməni qəsbkarlarına qarşı igidliklə vuruşanların sırasında əsgər Pərviz Natiq oğlu Novruzov da var idi. Onun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti düşməni əsasən Füzuli rayonu istiqamətindən geri sıxışdırırdı.
Oktyabrın 2-si - müharibənin 7-ci günü idi. Pərvizin döyüşdüyü bölüyün zabit və əsgərləri düşmənin ön mövqelərini yararaq Füzuli və Xocavənd istiqamətində xeyli irəliləmişdi. İşğalçılar onları minaatan qurğulardan atəşə tutsalar da, əsgərlərimiz qorxu bilmədən düşməni sıxışdırmağa davam edirdilər. Lakin düşmən də asanlıqla geri çəkilmək istəmirdi. Belə vəziyyətdə Pərviz özünə daha əlverişli mövqe seçmək üçün irəli atılanda yağı gülləsinə tuş gəldi.
Həkimlər onun həyatını xilas edə bilmədilər. Pərviz canından da çox sevdiyi Vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Ömür yolu yarıda qırıldı, Şuşa, Xankəndi, Xocalı və başqa bölgələr uğrunda vuruşmaq istəyi ürəyində qaldı. Pərvizin şəhid olması xəbəri zabit və əsgər yoldaşlarını da sarsıtdı.
Həmin gün Pərvizgilin evinin qapısını onun şəhid olduğu barədə acı xəbər döydü. Atası Natiq, anası Afaq və doğmaları qəm dəryasına batdılar. Yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Pərviz Novruzov oktyabrın 3-də 19 il əvvəl doğulduğu Kürdəmir rayonunun Ərəbxana kənd qəbiristanlığında torpağa tapşırıldı. İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, Pərviz Natiq oğlu Novruzov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olundu.
Pərviz 2002-ci ildə Kürdəmirin Ərəbxana kəndində dünyaya göz açmışdı. 2019-ci ildə orta təhsilini başa vurduqdan sonra Şamaxı Dövlət Regional Kollecinə qəbul olmuş, birinci kursun ilk yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdı.
Atası Natiq Novruzov oğlu haqqında göz yaşı içində danışdı. Dedi ki, Pərviz çox diribaş, gözüaçıq, hazırcavab uşaq idi: "Yaşadığı qısa ömründə heç vaxt eşitmədik ki, kiminləsə söz-söhbəti olsun. Onun balaca cüssəsində böyük hünər vardı. Tez-tez Qarabağ müharibəsindən söz açar, ermənilərin torpaqlarımızı işğal etməsindən ürəkağrısı ilə danışardı".
Anası Afaq xanım isə deyir ki, oğlum elə bil şəhid olacağını əvvəlcədən bilirmiş: "Bizi də yavaş-yavaş buna alışdırmağa çalışırdı. Pərviz futbola da böyük maraq göstərirdi. Orta məktəbdə oxuyanda kəndlərarası yarışlarda həvəslə iştirak edirdi. Onun həm də yaxşı rəqs etməyi var idi. O toy olmazdı ki, oynamasın. Oğlum ordu sıralarına 2020-ci ilin aprelində çağırılmışdı. Amma pandemiya ilə əlaqədar onu bir ay gec - mayın 7-də apardılar. Dəfələrlə ona təklif etdik ki, hərbi xidmətə kolleci bitirəndən sonra getsin. Qulaq asmadı, özünün fikirləşdiyi yolla getdi. Deyirdi ki, mənim üçün hər şeydən vacib əsgərlikdir".
Şəhid anası sözünə davam edərək onu da dedi ki, avqustun 23-də yanına getmişdik: "Bu bizim onunla son görüşümüz oldu. Bir aydan sonra müharibə başladı. Pərviz hələ uşaqlıqdan Lələtəpəni görmək istəyirdi. Onun yanına gedəndə gördüm ki, xidmətdə olduğu hərbi hissə dağların arasındadır. Soruşdum ki, ay oğul, elə hey Lələtəpə, Lələtəpə deyirdin, deyəsən arzuna çatmısan. O təkcə Lələtəpə deyil, işğal altındakı torpaqlarımızın hamısının həsrətini çəkirdi, o yerlərin azadlığı uğrunda döyüşmək istəyirdi. Oğlum bu arzusuna da çatdı, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi, Vətən uğrunda şəhid oldu".
V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"