13 Avqust 2026 16:10
269
SİYASƏT
A- A+
“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır


Prezident İlham ƏLİYEV: “Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var”


 Tarixən Şərqin qapısı kimi tanınan Naxçıvan regionda qədimliklə müasirliyin, zəngin mədəni irslə bənzərsiz təbiətin qovuşduğu unikal məkanlardandır. Minilliklərə söykənən tarixi, qədim memarlıq ənənələri, özünəməxsus təbii-coğrafi xüsusiyyətləri və zəngin mədəni irsi bu diyarın yaxın illərdə Azərbaycanın ən cəlbedici turizm məkanlarından birinə çevrilməsi üçün geniş imkan verir. 

Mövcud potensialın tam reallaşdırılması isə yalnız tarixi abidələrin və təbii gözəlliklərin mövcudluğu ilə məhdudlaşmır. Müasir yollar, rahat nəqliyyat, keyfiyyətli kommunal xidmətlər, şəhər infrastrukturu, sosial obyektlər və əlverişli iqtisadi mühit turizmin davamlı inkişafının mühüm şərtləri kimi bu bölgədə də təmin edilir.

Son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda bölgənin sosial-iqtisadi inkişafı, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və muxtar respublikanın ölkə iqtisadiyyatına daha sıx inteqrasiyası üçün sistemli inkişaf xətti müəyyənləşdirilib. Proqramda 11 prioritet istiqamətin müəyyən edilməsi Naxçıvanda həyata keçirilən dəyişikliklərin kompleks və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu göstərir.

Bu prosesin miqyasını maliyyə göstəriciləri də təsdiqləyir. 2023-cü il iyunun 22-də imzalanmış sərəncamla Naxçıvanda infrastruktur və sosial layihələrin həyata keçirilməsinə 50 milyon manat vəsait ayrılıb. Dövlətin maliyyə dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun kreditləri və özəl investisiyalar hesabına 2023-cü ildən 2026-cı il iyulun 1-dək muxtar respublikada 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikasında dinamik inkişaf təmin olunub. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılmış, Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılmışdır. Hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.

Prezidentin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılacaq. Bu, Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsinə, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə yönəldiləcək.

Bütün bunlar Naxçıvanda iqtisadi fəallığın yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, turizm üçün də əlverişli biznes mühitinin formalaşmasına zəmin yaradır. Çünki turizmin inkişafı yalnız turistlərin səfər etdiyi tarixi və təbii məkanların sayı ilə ölçülmür, bu, həmin məkanların ətrafında xidmət sektorunun, sahibkarlığın, nəqliyyatın və digər əlaqəli sahələrin inkişafından da çox asılıdır.


Yol mədəniyyətdir


Turizm potensialının reallaşdırılmasında ən mühüm amillərdən biri nəqliyyat əlçatanlığıdır. Müasir nəqliyyat sektoru qonaqların görmək istədikləri məkana rahat, təhlükəsiz və sürətli çatmaları deməkdir. Bu baxımdan Naxçıvanda son illər həyata keçirilən yol tikintisi və təmir layihələri xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildən cari tarixədək muxtar respublikada ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Yenilənən yollar rayonlararası əlaqələri sürətləndirib, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını asanlaşdırıb və ən əsası, turizm marşrutlarına çıxış imkanlarını yaxşılaşdırıb. Müasir yol infrastrukturu turist axınının yalnız Naxçıvan şəhərində cəmləşmədən rayonların, kəndlərin və müxtəlif tarixi-mədəni məkanların da vahid turizm marşrutlarına daxil edilməsinə imkan verib. 

Onu da qeyd edək ki, Naxçıvanın turizm potensialının əsas üstünlüklərindən biri elə məhz müxtəlif turizm istiqamətlərinin bir coğrafiyada cəmləşməsidir. Tarix və memarlıq, mədəni irs, təbiət və regionların özünəməxsusluğu burada bir-birini tamamlayır. Bu potensialın səmərəli şəkildə reallaşdırılması üçün rayonlararası nəqliyyat əlaqələrinin yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır. Avtomobil yollarının əsaslı təmiri bu baxımdan nəqliyyat layihəsi olmaqla yanaşı, həm də turizm infrastrukturu layihəsidir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarının turizm imkanlarının bir-biri ilə əlaqələndirilməsi gələcək inkişaf üçün mühüm addımlardır. Yol infrastrukturu yaxşılaşdıqca turistlərin müxtəlif istiqamətlərə səfəri asanlaşır və ayrı-ayrı məkanların vahid turizm marşrutunda birləşdirilməsi üçün imkanlar genişlənir.

Naxçıvanda ictimai nəqliyyat sisteminin yenilənməsi də şəhərin müasir turizm mühitinin formalaşmasına xidmət göstərir. 2025-ci il martın 4-də imzalanmış sərəncamla Naxçıvan şəhərində sərnişin daşımalarının yalnız elektriklə işləyən  avtomobillərlə təşkili üçün 60 elektrik mühərrikli avtobusun alınması, enerjidoldurma cihazlarının quraşdırılması və depo-qaraj infrastrukturunun təkmilləşdirilməsi üçün 33,5 milyon manat vəsait ayrılıb. Layihənin əsas məqsədlərindən biri şəhərdə hava mühitinin yaxşılaşdırılması və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Beləliklə, Naxçıvan şəhərinin nəqliyyat sistemi tədricən daha müasir, ekoloji və turistlər üçün rahat şəhər mühitinin mühüm elementinə çevrilir. Prezidenr İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsəndə bu məsələyə xüsusi toxundu: “Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır”.


Tarixi irs - Naxçıvan turizminin əsas sərvəti


Naxçıvanın turizm potensialından söhbət açarkən onun ən mühüm üstünlüklərindən olan tarixi-mədəni irsi xüsusi qeyd etmək lazımdır. Minilliklərə söykənən Naxçıvan tarixinin, regionun zəngin memarlıq məktəbinin və mədəni irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Son illər bu sahədə atılan addımlar Naxçıvanın mədəni turizm imkanlarını daha da genişləndirib. Muxtar respublikanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması da bu diyarın tarixinin və müasir inkişaf yolunun diqqət mərkəzinə gətirilməsi baxımından əhəmiyyətli hadisə idi.

2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması xüsusilə diqqətəlayiq addımdır. Qoruq statusu Ordubadın tarixi-mədəni simasının qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı, onun turizm imkanlarının sistemli şəkildə inkişaf etdirilməsi üçün də yeni perspektivlər açır. Dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri bu siyasətin mühüm nümunəsidir. Abidənin bərpası üçün 2025-ci ildə ilkin olaraq 1 milyon, işlərin davam etdirilməsi üçün 2026-cı ildə əlavə 9,6 milyon manat vəsait ayrılıb. Eyni zamanda, Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və görkəmli memarın 900 illik yubileyinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib.

Bu layihələrin əhəmiyyəti yalnız ayrı-ayrı abidələrin fiziki vəziyyətinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Onlar Naxçıvanın tarixi-mədəni kimliyinin qorunmasına, şəhərin və rayonların turizm brendinin gücləndirilməsinə, mədəni turizm marşrutlarının zənginləşdirilməsinə xidmət edən çox əhəmiyyətli işlərdir.

Prezident İlham Əliyev qeyd etdiyimiz müsahibəsində bildirdi ki, Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması səfəriniin proqramında ən vacib sahədir. “Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir.

Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.

Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir” – deyə dövlətimizin başçısı bildirmişdir.

 Müasir turizm üçün fasiləsiz enerji, keyfiyyətli içməli su və digər kommunal xidmətlərin də mühüm əhəmiyyəti var. Uzun illər blokada şəraitində yaşamış Naxçıvanda bu gün enerji təhlükəsizliyi tam təmin olunub. 2025-ci il martın 5-də istifadəyə verilmiş İğdır–Naxçıvan təbii qaz boru kəməri isə muxtar respublikanın enerji təminatının şaxələndirilməsi baxımından mühüm layihədir.

Muxtar Respublikada su təsərrüfatının yenilənməsi istiqamətində nəzərdə tutulan genişmiqyaslı tədbirlər bölgədə yaşayış və iqtisadi mühitin daha dayanıqlı olmasına xidmət edir. 2026–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər çərçivəsində nasos stansiyalarının və kanalların yenidən qurulması, suvarma sistemlərinin yaradılması, sutəmizləyici qurğuların yenilənməsi və yaşayış məntəqələrinin su və kanalizasiya şəbəkələri ilə təmin olunması planlaşdırılır.


Yeni xidmət ekosistemi


Naxçıvanda aparılan quruculuq işlərinin digər mühüm nəticəsi iqtisadi fəallığın genişlənməsidir. 2023–2025-ci illərdə muxtar respublikanın ÜDM-i real ifadədə 7,6, sənaye istehsalı 4,6, nəqliyyat və anbar təsərrüfatı 25,7 faiz artıb. Əsas kapitala yatırılan investisiyalar isə 2023-cü illə müqayisədə 2,5 dəfə yüksəlib. 

Turizm də məhz belə çoxşaxəli iqtisadi mühitdə inkişaf edir. Yeni xidmət sahələrinin yaradılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların artması mehmanxana, ictimai iaşə, nəqliyyat, əyləncə, bələdçilik və digər xidmət istiqamətlərinin inkişafına təkan verir. Bununla belə, görülməli işlər də var. Azərbaycan Prezidenti müsahibəsində bu barədə demişdir: “Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq. Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək”. 

Bir faktı da qeyd edək ki, Naxçıvanın strateji coğrafi mövqeyi də onun turizm potensialını artıran mühüm amillərdəndir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı proseslər xüsusi əhəmiyyət daşıyır. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisinin tamamlanması gələcəkdə muxtar respublikanın nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Layihənin reallaşması Naxçıvanın ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə etməsinə, tranzit, logistika və ticarət imkanlarının artmasına şərait yaradacaq. Bu imkanların turizm baxımından çox mühüm nəticələri olacaq. Nəqliyyat əlçatanlığının artması Naxçıvana səfərlərin asanlaşmasına, yeni turist marşrutlarının açılmasına və muxtar respublikanın regional turizm xəritəsində mövqeyinin möhkəmlənməsinə imkan verəcək.


Müasir Naxçıvanın insan və yaşayış mühiti


İstənilən ölkədə aparılan abadlıq və quruculuq siyasətinin ali məqsədi insanların həyat keyfiyyətinin yüksəldilməsi olmalıdır. Bu məqsəd muxtar respublikada həyata keçirilən inkişaf siyasətində də qorunur. Naxçıvanda “ASAN xidmət” və Naxçıvan Regional DOST mərkəzlərinin açılması, müxtəlif rayonlarda yeni məktəblərin, məktəbdənkənar təhsil müəssisələrinin və STEAM Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi sosial infrastrukturun yenilənməsinin miqyasını göstərir. Turizm isə məhz belə mühitin üzərində inkişaf edə bilər.

2023–2026-cı illərdə həyata keçirilən tədbirlər Naxçıvanın inkişafında yeni mərhələnin başladığını göstərir. Bu mənzərədə Naxçıvanın turizm potensialı ayrıca və təcrid olunmuş sahə kimi yox, ümumi inkişaf strategiyasının mühüm istiqaməti kimi nəzərdən keçirilməlidir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun, sahibkarlığın inkişafı ilə nəqliyyat imkanlarının, şəhərsalma ilə turizm perspektivlərinin bir araya gəlməsi Naxçıvanın yeni inkişaf modelinin mühüm xüsusiyyətləridir. “Şərqin qapısı”nın yeni inkişaf salnaməsi məhz bu mənzərə reallığında yazılır və bölgənin tərəqqisi üçün yeni imkanlar açır.


İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TRIPP layihəsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək

16:55
13 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:50
13 Avqust

Naxçıvan regionun vacib geoiqtisadi mərkəzlərindən birinə çevrilməkdədir 

16:45
13 Avqust

Muxtar respublikada 322 milyon manatdan çox sənaye məhsulu istehsal edilib

16:40
13 Avqust

Qarabağ Universiteti ilə İTÜ-nün ikili diplom proqramı üzrə qəbul başlayır

16:35
13 Avqust

Birinci qrupda bəzi ixtisaslar üzrə minimum bal tələbləri fərqlənir

16:30
13 Avqust

Naxçıvanın iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar formalaşır

16:25
13 Avqust

Həyata keçirilən sosial-iqtisadi layihələr Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb

16:20
13 Avqust

Ədalət Turan: Diasporumuz “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, iki qardaş ölkə arasında körpü rolunu oynayır

16:15
13 Avqust

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

16:10
13 Avqust

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!