13 Avqust 2026 14:45
168
SİYASƏT
A- A+
Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli


Dövlətimizin son illər həyata keçirdiyi xarici siyasətə nəzər saldıqda siyasi qərarlarla iqtisadi və geosiyasi reallıqların bir-birindən ayrılmadığı aydın  görünür. Türkiyə ilə münasibətlər bunun nümunəsidir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib. Rusiya ilə münasibətlər də Azərbaycan xarici siyasətinin çoxvektorlu xarakterini nümayiş etdirir. 2022-ci ildə imzalanmış bəyannamə iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın hüquqi-siyasi əsaslarını genişləndirib. 

Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Rusiya ilə əməkdaşlıq etdiyi halda Qərblə münasibətlərini məhdudlaşdırmır, Avropa ilə birgə enerji və nəqliyyat layihələri həyata keçirir, Türkiyə ilə müttəfiqlik münasibətlərini möhkəmləndirir. Bu, Azərbaycanın xarici siyasətində müstəqil qərarvermənin mühüm məqamıdır. 

Qeyd etdiyimiz kimi, ölkəmizin Avropa ilə münasibətlərində enerji amili xüsusi əhəmiyyət daşıyır. “Cənub qaz dəhlizi” Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını təmin edən mühüm infrastruktur layihəsidir. Azərbaycan bununla Avropaya enerji təchizatını şaxələndirməyə imkan yaradıb. Orta dəhlizin genişləndirilməsi, Xəzər üzərindən yükdaşımaların artırılması və Bakı Limanının imkanlarının gücləndirilməsi Azərbaycanın təkcə regionda yox, bütün dünyada geoiqtisadi rolunu artırır.

Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin digər mühüm istiqaməti Çinlə münasibətlərin inkişafıdır. Çin Avropa ilə Asiya arasında ticarət yollarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan isə coğrafi mövqeyinə görə bu marşrutların mühüm halqalarından biridir. Orta dəhliz məhz bu baxımdan Azərbaycanın geosiyasi imkanlarını artırır. Çindən Mərkəzi Asiyaya, oradan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan, Türkiyə və Avropaya uzanan marşrut ölkəmizi qlobal logistika sisteminin mühüm qovşaqlarından birinə çevirir. Bu layihə Azərbaycanın yalnız tranzit ölkə deyil, beynəlxalq ticarət və logistika proseslərinin fəal iştirakçısı kimi mövqeyini möhkəmləndirir.

Dövlətimizin balanslaşdırılmış xarici siyasət modelinin mahiyyətini anlamaq üçün Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Müsahibədə Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılmasının Azərbaycanın uzunmüddətli strateji məqsədi olduğu xususi vurğulanır. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, ölkəmiz regional layihələrdə yalnız başqa dövlətlərin təşəbbüslərinə reaksiya verən tərəf deyil, həm də öz strateji gündəliyini müəyyənləşdirən və həmin gündəliyin həyata keçirilməsi üçün siyasi, diplomatik və iqtisadi imkanlarını səfərbər edən dövlətdir. Zəngəzur istiqamətində nəqliyyat bağlantısı Azərbaycan üçün ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpası, Türkiyə ilə quru bağlantısının genişləndirilməsi, Orta dəhlizin yeni imkanlar qazanması və Şimal-Cənub nəqliyyat marşrutunun alternativ bağlantılarının yaranması baxımından strateji əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin həmin müsahibəsində səsləndirdiyi digər fikirlər Azərbaycanın iqtisadi imkanları ilə siyasi müstəqilliyi arasındakı əlaqəni göstərir. Naxçıvan dəmir yolunun reabilitasiyası ilə bağlı beynəlxalq tərəfdaşların iştirakına açıq olan Azərbaycan eyni zamanda belə strateji layihələrin həyata keçirilməsi üçün öz maliyyə imkanlarına da malikdir. Bu yanaşma Azərbaycanın iqtisadi baxımdan xarici tərəfdaşlardan asılı vəziyyətə düşməmək prinsipinə söykəndiyini göstərir. Dövlətin öz strateji layihələrini maliyyələşdirmək imkanının olması isə xarici siyasətdə manevr imkanlarını genişləndirir. Başqa sözlə, iqtisadi müstəqillik siyasi qərarların müstəqilliyini gücləndirir. 

Naxçıvanın gələcək geoiqtisadi rolu da bu strategiyanın mühüm istiqamətlərindəndir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi Naxçıvanın regional nəqliyyat sistemində əhəmiyyətini xeyli artırır. Naxçıvan burada yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublika kimi yox, gələcəkdə Avrasiya nəqliyyat xəritəsinin mühüm qovşaqlarından biri kimi nəzərdən keçirilir. Bu da Azərbaycanın coğrafi məhdudiyyətlərini üstünlüyə çevirmək siyasətinin bir nümunəsidir.

Məlumdur ki, Azərbaycanın açıq dənizlərə və okeanlara birbaşa çıxışı yoxdur. Lakin ölkəmizin yerləşdiyi coğrafiya bizi Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanına çevirib. Azərbaycan bu üstünlükdən elə istifadə etməyə çalışır ki, müxtəlif istiqamətlər üzrə beynəlxalq yükdaşımaların mühüm hissəsi ölkəmiz üzərindən keçsin. Bu yanaşma bizim geoiqtisadi əhəmiyyətimizi artırmaqla yanaşı, xarici siyasətdə manevr imkanlarımızı da genişləndirir.

Balanslaşdırılmış xarici siyasətinin  mühüm istiqamətlərindən biri də Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhə nail olunması ilə bağlıdır. Bu gün ölkəmizin təklif etdiyi sülh gündəliyi yalnız iki dövlət arasındakı münasibətlərlə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazın iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, kommunikasiyaların açılmasını və region dövlətlərin qarşılıqlı iqtisadi maraqlarının artırılmasını da nəzərdə tutur. Sülh həm də sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və region xalqları arasında düşmənçilik mühitinin tədricən aradan qaldırılmasıdır. Bu baxımdan Azərbaycan özünü Cənubi Qafqazda sülhün və yeni regional əməkdaşlığın əsas təşəbbüsçülərindən biri kimi təqdim edir.

Cənubi Qafqazda müxtəlif güc mərkəzlərinin maraqları bir-birindən fərqlənir. Rusiya regionda öz təhlükəsizlik və iqtisadi maraqlarını qorumağa çalışır. Avropa İttifaqı enerji təhlükəsizliyinin şaxələndirilməsində və yeni nəqliyyat marşrutlarının inkişafında maraqlıdır. ABŞ regional təhlükəsizlik, enerji və nəqliyyat layihələri, həmçinin Azərbaycan-Ermənistan sülh prosesində rolunu artırmağa çalışır. Çin Avropa-Asiya ticarət bağlantılarının şaxələndirilməsinə və Orta dəhlizin inkişafına dəstək vermək istəyir. Türkiyə isə Azərbaycanla müttəfiqlik münasibətlərinə əsaslanaraq regional nəqliyyat və enerji əlaqələrinin inkişafında mühüm rol oynayır. İran da Azərbaycanla qonşuluq münasibətləri, nəqliyyat və tranzit imkanları baxımından regionun mühüm aktorlarından biri kimi çıxış etməyə çalışır. Azərbaycanın siyasətinin üstünlüyü ondadır ki, Bakı bu maraqların heç birini öz xarici siyasətinin müəyyənedici amilinə çevirmədən həmin tərəflərin hamısı ilə əməkdaşlıq edir, lakin strateji qərarların əsas meyarı milli maraq olaraq qalır.

Məhz bu zaman Prezident İlham Əliyevin xarici siyasət modelinin əsas xüsusiyyəti üzə çıxır: tərəfdaşların çoxluğu siyasi asılılığın azalmasına, Azərbaycanın geosiyasi manevr imkanlarının genişlənməsinə xidmət edir. Azərbaycan Rusiya ilə əməkdaşlıq edə bilər, amma bu, onun Çinlə münasibətlər qurmasına mane olmur. Azərbaycan Türkiyə ilə müttəfiq ola bilər, amma bu, Avropa ilə enerji və iqtisadi əməkdaşlığı məhdudlaşdırmır. Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşı ola bilər, amma bu, onun İran və digər qonşu dövlətlərlə münasibətlər saxlamasına maneə yaratmır. Azərbaycan Çinlə strateji tərəfdaşlıq qura bilər, amma bu, digər istiqamətlərdə əməkdaşlığı istisna etmir. Məhz bu çoxşaxəlilik balanslaşdırılmış xarici siyasətin əsas güc mənbəyidir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi müsahibədə Zəngəzur istiqamətindəki nəqliyyat layihəsi ilə bağlı səsləndirdiyi fikirlər bu siyasətin praktiki mahiyyətini bir daha göstərdi. Azərbaycan heç bir güc mərkəzinə qarşı düşmənçilik siyasəti aparmadan, heç bir güc mərkəzindən asılı vəziyyətə düşmədən bütün tərəflərlə öz milli maraqları əsasında əməkdaşlıq edir. Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması, Orta dəhlizin inkişafı, Şimal-Cənub marşrutunun genişləndirilməsi və enerji təhlükəsizliyinə töhfə Azərbaycanın bu siyasətinin nəticələridir.

Ölkəmizin qarşısında duran əsas məqsəd regionu böyük güclərin rəqabət meydanından əməkdaşlıq məkanına çevirməkdir. Bu baxımdan Azərbaycan təkcə öz təhlükəsizliyini və iqtisadi maraqlarını qoruyan dövlət deyil, Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq arxitekturasının formalaşmasını təmin edən əsas dövlətdir. 


Elşən QƏNİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

16:10
13 Avqust

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!