14 Avqust 2026 08:00
376
SİYASƏT
A- A+
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 


XX əsrin ortalarında islam dünyasında yeni bir dövlətin - Pakistanın yaranması Cənubi Asiyanın siyasi xəritəsini dəyişməklə beynəlxalq münasibətlər sistemində mühüm hadisə oldu. Pakistan yarım əsrdən sonra sosial-iqtisadi və hərbi-siyasi təlatümlərə sinə gərərək müsəlman aləmində yeganə rəsmi nüvə dövləti oldu. Bu dövlət Cənubi Asiya, Mərkəzi Asiya, Yaxın Şərq və Çini birləşdirən strateji əhəmiyyət kəsb edən bir regionda yerləşir. Region Çin-Pakistan İqtisadi Dəhlizi vasitəsilə Çinin Hind okeanına (Qvadar limanı) çıxışını təmin edir və dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün ən qısa tranzit marşrutudur. 

Pakistan Çinin ən yaxın strateji müttəfiqi olmaqla yanaşı, ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyə ilə də dərin hərbi-siyasi əlaqələrə malikdir. Bu, ona böyük dövlətlərin diplomatiyasında balanslaşdırıcı vasitə olmaq imkanı verir. O, həmçinin regionun ən böyük və təcrübəli ordularından birinə sahib olmaqla Cənubi Asiyada güclər balansı baxımından həlledici rol oynayır.

2025-2026-cı illərdə Pakistan dünyanın ən çox əhaliyə malik beşinci ölkəsi (259 milyon nəfər) olaraq qalır, ümumi daxili məhsulun artımı 3,7 faiz təşkil edir, inflyasiya isə sərt monetar siyasət nəticəsində tək rəqəmli səviyyələrə (illik təqribən 7,2-9,2 faiz) enmişdir. Pakistanın ümumi valyuta ehtiyatları 22,47 milyard dollar təşkil etmişdir. 

Pakistanda son illər iqtisadiyyatın modernləşdirilməsi və xarici investisiyaların cəlb edilməsi məqsədilə xüsusi sahələrin inkişafına üstünlük verilir. Hazırda ölkədə sürətlə böyüyən və dinamik inkişaf edən bir sıra iqtisadi sahələr mövcuddur. Belə ki, Pakistan informasiya texnologiyaları və rəqəmsal xidmətlər, proqram təminatı sahəsində regional mərkəzlərdən birinə çevrilməkdədir. Xarici investisiyaların cəlb edilməsi, tranzit-nəqliyyat qovşağına çevrilmək (Mərkəzi Asiyanı dənizə bağlamaq) və BMT, ŞƏT kimi beynəlxalq platformalarda iqtisadi maraqları irəli sürmək əsas hədəflər hesab olunur.

Pakistanın xarici siyasəti, əsasən, onun geostrateji mövqeyi, milli təhlükəsizlik prioritetləri və regional balans amilləri əsasında formalaşmışdır. Onun ən mühüm və prioritet istiqaməti ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunmasıdır. Əsas geosiyasi rəqibi olan Hindistanla münasibətlərin mərkəzində Cammu və Kəşmir problemi dayanır. Pakistan bu ərazinin gələcəyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq plebisit (xalq səsverməsi) yolu ilə həll olunmasını tələb edir. Başqa sözlə desək, BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsini istəyir. Hindistan ilə strateji balansı saxlamaq məqsədilə Pakistan öz nüvə proqramını xarici və təhlükəsizlik siyasətinin əsas zəmanəti hesab edir. 

İslamabad Çin-Pakistan İqtisadi Dəhlizi çərçivəsində Pekinlə strateji əməkdaşlığını davam etdirir. Çin Pakistanın xarici siyasətində ən yaxın strateji, hərbi və iqtisadi müttəfiqidir. Çin-Pakistan iqtisadi dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün flaqman layihəsidir. Bu, Qvadar limanı vasitəsilə Çinin Ərəb dənizinə çıxışını təmin edir və Pakistana milyardlarla dollar investisiya gətirir. 

Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Təsadüfi deyil ki, bu iki qardaş dövlət arasında əlaqələr zəngin tarixi köklərə, ortaq mənəvi dəyərlərə və hazırda güclü diplomatik tərəfdaşlığa dayanır. Hər iki xalqı birləşdirən əsas amillərdən biri islam irsi, ortaq mənəvi dəyərlər və Şərq mədəniyyətinə mənsubluqdur. Cənubi Asiya ilə Qafqaz arasında ticarət və mədəniyyət mübadiləsi hələ böyük İpək yolu dövründən mövcud olmuşdur. Bakıdakı Atəşgah məbədində yerləşən və multani (Pakistanın Multan şəhərindən olan) tacirlərə aid tarixi yazılar bu əlaqələrin bariz nümunəsidir.

2025-2026-cı illərdə Azərbaycan və Pakistan arasında siyasi münasibətlər strateji müttəfiqlik və qardaşlıq ruhunda yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı yüksəksəviyyəli səfərlər, hərbi-siyasi həmrəylik və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqla yadda qalmışdır. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında indiyədək 60-dan çox ikitərəfli sənəd (müqavilə, saziş, Anlaşma Memorandumu və protokol) imzalanmışdır.

Yüksəksəviyyəli qarşılıqlı əlaqələr və görüşlər münasibətlərin digər sahələrinə müsbət təsir edən mühüm amil olmuşdur. 2025-ci ilin fevralında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmiş, iki ölkə arasında enerji və nəqliyyat sahələrini əhatə edən mühüm sənədlər və Anlaşma memorandumları imzalanmışdır. May ayında isə Baş nazir Şahbaz Şərif regional səfər çərçivəsində yenidən Azərbaycana gələrək ikitərəfli əməkdaşlığın şaxələndirilməsini müzakirə etmişdir. Həmin ilin noyabrında Pakistanın Baş naziri Bakıda Azərbaycanın Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə suverenlik və ərazi bütövlüyünə qarşılıqlı qəti dəstək bir daha təsdiqlənmişdir. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçıları arasında şəxsi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə əməkdaşlığın inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün mühüm rol oynamışdır. 

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı vasitəsilə regional sabitlik, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün ciddi səylər göstərilmişdir. Nüvə dövləti olan Pakistan, NATO-nun aparıcı ordularından birinə sahib Türkiyə və Cənubi Qafqazın lideri Azərbaycanın birliyi regionda sabitliyin ən böyük təminatçısıdır. Həmçinin üçtərəfli parlament əməkdaşlığı çərçivəsində rəqəmsal təhdidlər, hibrid müharibələr və regional terrorizmə qarşı birgə qanunvericilik mexanizmləri işlənib hazırlanır.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əlaqələr 2025-2026-cı illərdə strateji tərəfdaşlıq, ikitərəfli investisiya layihələri və ticarət dövriyyəsinin artırılması istiqamətində dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illər müntəzəm olaraq hökumətlərarası komissiyaların, ticarət, sərmayə və kənd təsərrüfatı sahəsində işçi qruplarının görüşləri keçirilmişdir. 2026-cı ilin ortalarında Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun növbəti iclasları keçirilmiş, tekstil, turizm, kiçik və orta biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsi müzakirə olunmuşdur. 

Azərbaycan eyni zamanda Pakistan ilə BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq edir. Azərbaycan 2024-cü ilin sonlarında inkişaf etməkdə olan ölkələri birləşdirən D-8-ə üzv qəbul edildikdən sonra təşkilatın səhiyyə üzrə işçi qruplarında, xüsusilə də rəqəmsal səhiyyə və iqlim dəyişikliyinin əhalinin sağlamlığına təsirləri ilə mübarizə istiqamətlərində Pakistan və digər üzv ölkələrlə birgə təşəbbüslərdə yer alır.   

İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi və ticarət əlaqələrinin bu potensiala uyğunlaşdırılması sahəsində hazırda ciddi işlər görülür. 2025-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 26 milyon 48 min dollar təşkil etmişdir. Bunun 80 min dolları ixrac, 25,9 milyon dolları isə idxalın payına düşmüşdür. Hər iki ölkənin qanunverici və icraedici orqanları Preferensial Ticarət Sazişinin tam gücü ilə işləməsi sayəsində ticarət dövriyyəsini mərhələli şəkildə 2030-cu ildə 2 milyard dollara çatdırmağı hədəfləyir. 2026-cı ilin iyulunda keçirilən ticarət üzrə birgə işçi qrupunun iclasında tekstil, turizm, enerji və kiçik-orta biznes investisiyalarının artırılması üçün yeni hüquqi protokollar imzalanmışdır. 2025-2026-cı illərdə Azərbaycan ilə Pakistan arasında ticarət-iqtisadi əlaqələr strateji tərəfdaşlığın dərinləşdirilməsi, tranzit-logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması xətti ilə inkişaf etmişdir. Siyasi müstəvidəki yüksəksəviyyəli dostluq münasibətləri iqtisadi sahədə ticarət dövriyyəsini nəzərdə tutulmuş həddə çatdırmaq məqsədilə dəstəklənir.  

Son zamanlar iqtisadi və investisiya əməkdaşlığı sahəsində canlanma müşahidə olunur.   Hər iki ölkə enerji, infrastruktur, mineral resurslar, geologiya və rəqəmsal texnologiyalar sahəsində ilkin investisiya və birgə layihələrin həyata keçirilməsi istiqamətində addımlar atırlar. Güzəştli ticarət sazişləri və razılaşmalar ticarət dövriyyəsinin durmadan artmasına təkan verir. Preferensial ticarət sazişləri və tranzit ticarət sazişləri çərçivəsində müəyyən məhsul növləri üzrə tariflər endirilmiş, vergi və gömrük imtiyazları tətbiq olunmuşdur. Enerji sahəsində də müsbət addımlar atılıb. 

Azərbaycan-Pakistan ticarət dövriyyəsi tarixi olaraq Azərbaycanın idxalyönümlü strukturuna malikdir, lakin enerji və sənaye məhsulları ilə bu balansın bərabərləşdirilməsi hədəflənir.  Pakistandan Azərbaycana düyü (Super Basmati), əczaçılıq və digər tibb məhsulları, toxuculuq və tekstil, gübrələr göndərilir. Azərbaycan Prezidentinin müvafiq qərarı ilə Pakistandan idxal edilən düyü məhsulları üçün 15 faizlik idxal gömrük rüsumu ləğv edilmişdir. Bu birtərəfli tarif güzəşti Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr 2027-ci ilə qədər qüvvədədir və Pakistan düyüsünün Azərbaycan bazarında rəqabət qabiliyyətini kəskin artırmışdır. Tətbiq edilən Preferensial Ticarət Sazişi çərçivəsində tərəflər qarşılıqlı olaraq müxtəlif çeşidli mallar - xüsusilə tekstil, idman malları, tibb ləvazimatları və kənd təsərrüfatı məhsulları üzrə gömrük tariflərinin endirilməsi və ya tamamilə sıfırlanmasını təmin etmişlər. 

Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq iki ölkə arasındakı strateji tərəfdaşlığın və qardaşlıq münasibətlərinin ən mühüm sütunlarından biridir. Bu əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də Türkiyənin iştirakı ilə üçtərəfli formatda dinamik şəkildə inkişaf edir.  Pakistan Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq bu ölkəni müstəqil dövlət kimi tanımayan azsaylı ölkələrdəndir. Vətən müharibəsi dövründə və sonrakı mərhələlərdə Pakistan Azərbaycana tam mənəvi və siyasi dəstək nümayiş etdirmişdir. İki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair ilk sazişlər 2000-ci illərin əvvəllərindən imzalanmağa başlamış, 2014-cü ildə hərbi-texniki əməkdaşlıq haqqında saziş və sonrakı strateji tərəfdaşlıq bəyannamələri ilə möhkəmləndirilmişdir.

Səhiyyə sahəsində intensiv əlaqələr davam edir,  universitetlər arasında əməkdaşlıq genişlənir. Azərbaycan Tibb Universiteti ilə Pakistanın Rifah Beynəlxalq Universiteti arasında tibb təhsili və akademik mübadilə sahəsində fəal tərəfdaşlıq mövcuddur. Birgə elmi konfranslar, distant təlimlər və mütəxəssis mübadiləsi proqramları həyata keçirilir. Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının qərarlarına əsasən, səhiyyə üzrə işçi qrupu çərçivəsində tərəflər əczaçılıq məhsullarının qarşılıqlı tanınması, tibbi avadanlıq və dərman vasitələrinin təchizatı sahəsində ticarət dövriyyəsinin artırılmasını planlaşdırır. 

Heydər Əliyev Fondu Pakistanda genişmiqyaslı mədəni-humanitar layihələr həyata keçirir. Fond tərəfindən Muzaffarabad şəhərində qızlar üçün məktəbin inşası, səhiyyə ocaqlarının bərpası və müxtəlif mədəni tədbirlərin təşkili Pakistan ictimaiyyətində böyük rəğbət qazanmışdır. Bakı ilə İslamabad, eləcə də Gəncə ilə Multan şəhərləri arasında qardaşlaşma əlaqələri mövcuddur. Bu status şəhərlərarası mədəni mübadiləni və birgə tədbirlərin keçirilməsini stimullaşdırır. 

Həm Bakıda, həm də İslamabadda mütəmadi olaraq "Azərbaycan Mədəniyyəti Günləri" və "Pakistan Mədəniyyəti Günləri" təşkil olunur. Bu tədbirlərdə xalq tətbiqi sənəti, milli geyimlər, miniatür sənəti və fotosərgilər nümayiş etdirilir. Pakistanın Qəzzali musiqi ənənəsi ilə Azərbaycan Muğam sənəti arasında mənəvi yaxınlıq var. İki ölkənin musiqiçiləri müxtəlif beynəlxalq festivallarda (məsələn, Xarıbülbül Musiqi Festivalı) birgə çıxışlar edirlər. 

Böyük inamla qeyd edə bilərik ki, Pakistan-Azərbaycan strateji tərəfdaşlığı hər iki ölkənin maraqlarının təmin edilməsi ilə yanaşı, həmsərhəd və region ölkələrinin də mehriban qonşuluq şəraitində yaşamasına müsbət zəmin yaradır. Çünki, bu tərəfdaşlıq heç bir üçüncü dövlətə qarşı çevrilməyib, yalnız iqtisadi əməkdaşlığın genişləndirilməsi və iqtisadi dəhlizlərin müntəzəm fəaliyyəti üçün təhlükəsiz, sabit bir mühitin yaradılmasına yönəlib. 


Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı civəli termometr bərpa edilib

09:00
14 Avqust

Adına və andına sadiq qaldı

08:50
14 Avqust

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

08:40
14 Avqust

Zəfər davam edir

08:30
14 Avqust

İqlim və insan amilləri qlobal ərzaq böhranına səbəb ola bilər

08:20
14 Avqust

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

08:10
14 Avqust

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

08:00
14 Avqust

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!