Masallı Gənclər Evində "Fitrətimizdədir vətənpərvərlik" kitabının təqdimatı keçirilib. Tədbirdə rayon rəsmiləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı sakinləri, ağsaqqal və ziyalılar, şair və yazıçılar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan veteran jurnalist Əyyub Mehdiyev kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Akif Ağayevin yaradıcılığı və təqdim olunan kitab barədə məlumat verib. Bildirib ki, filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin ön söz yazdığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Fərzəlinin redaktoru olduğu kitabda I və II Qarabağ müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı ölümü gözə alan şəhid və qazilərimizin ömür yolları barədə, eləcə də vətənpərvərlik mövzusunda yazılar yer alıb.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Zakir Abbas, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Rəşad Nadirov, Şuşa şəhər sakini Rafiq Abbasov çıxışlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti ilə qazanılan böyük zəfərdən danışaraq, qələmi ilə müsəlləh əsgərə dönən yazarlarımızın rolunu, o cümlədən Akif Ağayevin qələmə aldığı yeni kitabını yüksək dəyərləndiriblər. Kitabın bədii məziyyətlərindən və ictimai-siyasi əhəmiyyətindən bəhs edən natiqlər belə nəşrlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan salnaməsində yeni tarix yazan qəhrəman oğullarımızın tanıdılmasında müstəsna rolunu qeyd ediblər. İki şəhid qardaşın - Nurlan və İntiqam Əsgərlinin anası Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb, kitabın müəllifinə, nəşrinə dəstək olanlara təşəkkürünü bildirib.
Sonda müəllif şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yazılan kitabın ərsəyə gəlməsində köməyi olan hər kəsə minnətdarlığını bildirib.
S.CAVADOV,
"Azərbaycan"