09 Avqust 2024 08:00
725
SİYASƏT
A- A+

Seçki prosesinin əsas mərhələsi başladı

 

Bu gündən deputatlığa namizədlərin təşviqat kampaniyası start götürür

 

Öz axarı ilə davam edən Milli Məclisə növbədənkənar seçki prosesi yeni mərhələyə qədəm qoydu. Belə ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına əsasən bu gündən deputatlığa namizədlərin təşviqat kampaniyası start götürdü. Qarşıdakı günlərdə namizədlər özlərinin təşviqatı ilə məşğul olacaqlar.
İndiyədək 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Öncə onu qeyd edək ki, bir həftə əvvəl, avqustun 2-də deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddət yekunlaşıb. Bununla da seçki kampaniyasının ilkin mərhələsi seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə başa çatıb. 
Bu mərhələdə Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. Onlardan 1462 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər imza vərəqələrini qaytarıb, 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Milli Məclisə növbədənkənar seçkilərin müşahidə edilməsinə də maraq kifayət qədər böyükdür və bunu qeydiyyatdan keçmiş müşahidəçilərin sayı da təsdiq edir. Belə ki, indiyədək ümumilikdə 38 min 744 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 5621 nəfəri Mərkəzi Seçki Komissiyasında, 33 min 123 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib. 
O cümlədən beynəlxalq müşahidəçilərin də sayı getdikcə artır. Artıq qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərin sayı 228 nəfərə çatıb. Onlar 24 beynəlxalq qurumu və 43 ölkəni təmsil edirlər.

 

Seçicilərlə görüş üçün yerlər müəyyən olunub

Seçkilər zamanı namizədlər və ya siyasi partiyalar üçün proqram və təbliğat platformalarının təqdim edilməsi əsasında seçici dəstəyinin əldə olunması əsas məsələlərdən biridir. Bu baxımdan seçkiqabağı təşviqat proesi seçki prosesinin əsas mərhələlərindən hesab olunur. Seçki kampaniyasının məhz bu hissəsində namizədliyini irəli sürənlər və prosesdə iştirak edən siyasi partiyalar birbaşa seçicilərlə təmasa girirlər. Başqa cür desək, seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, deputatlığa namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri  tərəfindən aparılır.
Təşviqat  kütləvi informasiya vasitələri, vətəndaşlarla görüşlər və qanunla qadağan edilməyən digər üsullarla da aparıla bilər.
Qeyd etdiyimiz kimi, bu gündən deputatlığa namizədlərin təşviqat kampaniyası start götürür. Artıq Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərin siyahısını da açıqlayıb. Məlumata əsasən, bu məqsədlə 3259 açıq və 1854 qapalı görüş yeri müəyyən olunub.

Qarşıdan gələn seçkilər Qarabağ və Şərqi Zəngəzurda təşkil olunan birinci parlament seçkisi, ümumilikdə isə ikinci seçki olacaq. Bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçicilər işğaldan azad edilmiş ərazilər üzrə 26 daimi seçki məntəqəsində səs vermişdilər. İndi isə işğaldan azad edilmiş ərazilərdəki daimi seçki məntəqələrinin sayı 34-ə çatdırılıb və bu, Qarabağ və Şərqi Zəngəzura sürətli qayıdışın göstəricisidir.
O cümlədən işğaldan azad edilmiş ərazilərdə seçicilərlə görüş üçün açıq və qapalı yerlər də müəyyən olunub. Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi, Laçın şəhərində "Cinema" kino klubunun qarşısı və bulvar ərazisi, Zabux və Sus kənd orta məktəblərinin qarşısı, Xankəndi şəhərində "Dəmir yumruq" küçəsində quraşdırılmış çadır, Kəlbəcər şəhərinin mərkəzində yerləşən "Bakı Abadlıq Xidməti" MMC-nin kampının qarşısı, Şuşa şəhərində "Xan qızı" bağı, Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin həyəti və Ağalı kəndindəki Fəvvarələr meydanı seçicilərlə görüş üçün açıq yerlər, Ağalı kənd tam orta məktəbinin akt zalı, Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbin akt zalı, Laçın şəhərində "Cinema" kino klubu və Lasinema Kino Mərkəzi, Zabux və Sus orta məktəblərinin akt zalları, Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin akt zalı, Xocalı rayon Kosalar kənd mədəniyyət evinin akt zalı qapalı yerlər kimi müəyyən olunub. 

 

Seçkiqabağı təşviqat 23 gün davam edəcək

Onu da qeyd edək ki, respublikamızda keçirilən hər bir seçkidə siyasi partiyalara və namizədlərə seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər təbliğat və təşviqat imkanları yaradılıb. O cümlədən 60-dan çox seçki dairəsində namizədini irəli sürən siyasi partiyalara və onların bloklarına televiziya kanallarında pulsuz efir vaxtı verilib, bütün namizədlərə öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün imkan yaradılıb,  kütləvi informasiya vasitələrində ödənişsiz dərc üçün yer ayrılıb. Bundan başqa KİV-də ödənişli təşviqat aparılması da qanunvericiliklə təsbit olunub. Beynəlxalq və yerli müşahidəçilər də hər bir seçki zamanı siyasi partiyalar, siyasi partiya blokları və müstəqil namizədlər üçün lazımi şəraitin yaradıldığını qeyd ediblər. 
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə də seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılıb. Habelə namizədlər kütləvi-informasiya vasitələrində ödənişli əsaslarla da təşviqat apara biləcəklər.
Azərbaycanın seçki qanunvericiliyinə əsasən, səsvermə gününə 23 gün qalmış başlanan seçkiqabağı təşviqatın aparılması səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, sentyabrın 1-ə təyin edilmiş parlament seçkilərində seçkiqabağı təşviqatın aparılması avqustun 31-i səhər saat 8:00-da başa çatacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video