Rusiya Moskvada keçiriləcək 9 may paradı üçün xarici jurnalistlərə verilən akkreditasiyaları ləğv edib. Ləğv edilən media təmsilçiləri arasında Almaniya, ABŞ, İtaliya və Yaponiya jurnalistləri də var.
Rusiya hakimiyyəti xarici jurnalistlərə göndərilən Qırmızı Meydandakı 9 May paradına dəvətnamələri ləğv edib. Almaniyanın dpa agentliyi və həftəlik “Der Spiegel” qəzeti Rusiya prezident administrasiyasına istinadən xəbər verib ki, yalnız bir neçə yerli media orqanının nümayəndələrinin tədbirdə iştirakına icazə veriləcək.
Rusiya hökumət rəsmiləri jurnalistlərə bildiriblər ki, "mövcud vəziyyətlə əlaqədar olaraq paradı işıqlandırmaq formatı dəyişdirilib. Buna görə də, indiyədək akkreditasiyadan keçmiş xarici media orqanlarına artıq paradda iştirak etməyə icazə verilməyəcək". Xüsusilə, “Der Spiegel” əməkdaşlarının, ARD, ZDF (Almaniya) və Sky (Böyük Britaniya) media şirkətləri, AFP (Fransa) xəbər agentliyi, eləcə də İtaliya və Yaponiya yayımçıları Rai və NHK-nin dəvətnamələri ləğv edilib.
Məlum olduğu kimi, bir müddət əvvəl Rusiya hakimiyyəti Qərb jurnalistlərinin akkreditasiyasını təsdiqləyib və onlara 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbə Gününü qeyd etmək üçün Moskvanın mərkəzində tədbirlər cədvəli göndərib. Daha sonra bu qərar ləğv edilib. "Der Spiegel" qəzetinin məlumatına görə, parad Rusiyada keçiriləndən bəri ilk dəfə belə bir hal baş verib. Dəvətnamələrin göndərildiyi və ləğv edildiyi dəqiq tarixlər göstərilməyib.
Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, bu il Rusiya xarici qonaqları parada məxsusi olaraq dəvət etməyib. O, bu qərarın səbəbini açıqlamayıb, lakin qeyd edib ki, Qələbə Gününün 80 illiyi qeyd olunan 2025-ci ildə parada çoxlu sayda əcnəbi qatılıb. Uşakov həmçinin bir sıra xarici liderlərin parada qatılmaq istəklərini bildirib. Xüsusilə, qondarma Abxaziya və Cənubi Osetiyanın, eləcə də Belarus, Laosun liderləri, Slovakiyanın Baş naziri, Malayziya Kralı və Serb Respublikası rəhbərliyi Rusiyaya səfər edəcək. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan parada qatılmaqdan imtina edib. News.am portalının məlumatına görə, o, aprelin 1-də Rusiyaya səfəri zamanı mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak etməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putini məlumatlandırıb. Paşinyan qərarının səbəbi kimi iyunun 7-də Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı seçki kampaniyasında şəxsən iştirak etmək zərurətini göstərib. Seçkilər ölkənin yeni baş nazirini müəyyən edəcək.
2007-ci ildən bəri ilk dəfə olaraq Qırmızı Meydandakı hazırkı parad hərbi texnika olmadan keçiriləcək. Bundan əlavə, Rusiya hakimiyyəti Suvorov və Naximov hərbi məktəblərinin, eləcə də kadet korpusunun tələbələrinin iştirakına icazə verməyib. Rusiya Müdafiə Nazirliyi bu qərarı "mövcud əməliyyat vəziyyəti"nə istinadən izah edib.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynadan gələn "terror təhlükəsi" səbəbindən şənliklərdə avadanlıqlardan istifadə olunmayacağını bildirib.
Bundan əlavə, Rusiyanın bəzi bölgələrində Qələbə Gününü qeyd edən kütləvi tədbirlər ləğv edilir. Beləliklə, Perm, Nijni Novqorod, Saratov, Çuvaşiya və Kaluqa vilayətində paradlar keçirilməyəcək. Voronej, Kursk, Bryansk və Belqorod vilayətlərində atəşfəşanlıq ləğv edilib. Yerli "Fontanka" onlayn nəşrinin məlumatına görə, Sankt-Peterburqdakı paradda hərbi texnika da qadağan ediləcək.
9 May şənliklərində dəyişikliklər qismən Ukraynanın Rusiyanın müxtəlif şəhərlərində hədəflərə hücumlarının artması ilə əlaqədar edilib. Məsələn, may ayının əvvəlində Moskvanın Mosfilmovskaya küçəsindəki çoxmərtəbəli binaya pilotsuz təyyarə zərbə endirib. Bölgə qubernatorunun sözlərinə görə, mayın 7-də Perm bölgəsindəki "sənaye müəssisələrindən biri" Ukraynaya məxsus pilotsuz təyyarə ilə vurulub. Medianın məlumatına görə, sözügedən “müəssisə” Permdəki "Lukoyl-Permnefteorgsintez" (PNOS) neft emalı zavodudur. Neft emalı zavoduna daha bir hücum ötən ayın sonlarında baş verib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”