13 Yanvar 2022 02:12
2417
SİYASƏT
A- A+

Regional inkişafın İLHAM ƏLİYEV modeli

 

23 rayon, 47 səfər, 61 açılış, 41 təməlqoyma...

 

İlin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən, ötən ilə yekun vurulur, digər tərəfdən, növbəti ilin yeni məqsəd və vəzifələri hədəflənir.

Keçmiş uğurlar, bir qayda olaraq, gələcəyin daha böyük nailiyyətləri üçün möhkəm təmələ çevrilir. Həyati təcrübəyə əsaslanan bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini doğru müəyyənləşdirmək üçün yaxşı imkanlar açır.

Yüksək nailiyyətlərlə bol olan daha bir ili arxada qoyduq. İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal böhranla mübarizə dövründə belə heç bir sosial layihəsini təxirə salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi. Bununla da bir daha təsdiq olundu ki, regionlarının sürətli yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

 

Bölgələrə müntəzəm səfərlər, təxirə salınmayan layihələr, xalqa hesabat

 

Bölgələrin yüksəlişi sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin artırılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib.

Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisini, yeni yolların çəkilməsini və əsaslı bərpasını nəzərdə tutur.

Prezident İlham Əliyev hər il bu proqramların icrası ilə yerində tanış olur. Dövlət başçısı tez-tez regionlara səfər edərək həm görülən işlərlə, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemləri ilə maraqlanır. Bəzən elə olur ki, vətəndaşın probemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilir.

Prezident müxtəlif sosial-iaşə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir, müəssisənin kollektivi qarşısında geniş nitq söyləyir. Bütün çıxışlarında xalqa dövlətin gördüyü işlərlə bağlı hesabat verən Prezident həm də əhalini narahat edən məsələlərə aydınlıq gətirir. 

Yola saldığımız 2021-ci ilin son günündə - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunaraq bildirdi ki, Azərbaycanın bütün yerlərində inkişaf müşahidə olunur. Regional inkişaf proqramı uğurla icra edilir. Bu il Prezidentin bölgələrə çoxsaylı səfərləri sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərilib və bu səfərlər müntəzəm xarakter daşıyıb.

Prezident dedi ki, ötən il bölgələrə 47 dəfə səfər edib ki, bunun da 32-si işğaldan azad edilmiş torpaqlara olan səfərlərdir. Bu səfərlər zamanı Prezident onlarca müəssisənin təməlini qoyub, yeni sosial-iqtisadi obyektlərin açılışlarını edib. Bütün bunlar Azərbaycanın öz hesabına, heç kimdən, heç bir beynəlxalq təşkilatdan yardım almadan həyata keçirilib.

Yəni qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsir etdiyi dönəmdə belə, Azərbaycan öz gücünə işğaldan azad edilən torpqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır, həmçinin digər bölgələrində də dövlət proqramında əksini tapmış layihələri gerçəkləşdirir.

Ötən il Prezidentin bölgələrə ümumilikdə 47 səfəri olub. Bunlar Şuşa (7 dəfə), Füzuli (7 dəfə), Xocavənd (5 dəfə), Zəngilan (4 dəfə), Abşeron (2 dəfə), Cəbrayıl (3 dəfə), Sumqayıt (2 dəfə), Laçın (2 dəfə), Qubadlı (1 dəfə), Kəlbəcər (1 dəfə), Ağdam (1 dəfə), Tərtər (1 dəfə), Hacıqabul (1 dəfə), Naxçıvan Muxtar Respublikası (1 dəfə), Qəbələ (1 dəfə), Gəncə (1 dəfə) Daşkəsən (1 dəfə), Naftalan (1 dəfə), Goranboy (1 dəfə), Bərdə (1 dəfə), İsmayıllı (1 dəfə), Şamaxı (1 dəfə), Qubaya (1 dəfə) edilən səfərlərdir.

 

Sənayeləşmə, qeyri-neft sənayesinin inkişafı

 

Yola saldığımız 2021-ci il də ölkəmiz üçün uğurlu olub. Əgər keçən ilin statistikasına nəzər yetirsək görərik ki, il ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, sənaye müəssisələrinin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər keçirib.

Ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən - postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Prezidentin bölgələrə səfərləri çərçivəsində açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən qlobal çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq son illərdə sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir müəssisə, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Ötən il qeyri-neft sənayesinin inkişafı istiqamətində ölkəmizdə xeyli sayda yeni müəssisə fəaliyyətə başlayıb. Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt şəhərinə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin - “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib. Bu zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Sentyabrın 3-də Prezident sənaye parkının 17-ci rezidenti olan  “Azmonbat” MMC-nin istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq müəssisəsinin açılışını edib. Bu müəssisədə istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası nəticəsində propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 17-si istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir.

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir. 

Ötən ilin aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı da bu siyasətin tərkib hissəsi sayılmalıdır. Bu məhəllə çox əlverişli məkanda tikilib. Belə ki, müəssisə Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Hələki Azərbaycanda daxilindən dəmir yolu xətti keçən yeganə sənaye məhəlləsidir. Bu gün sənaye məhəlləsində, ümumilikdə, müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.

İlham Əliyev məhəllənin rezidenti olan “Azərmaş” zavodunu da işə salaraq xeyir-duasını verdi. Bu zavod 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.

Prezidentin açılışını etdiyi digər müəssisə isə “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu, Azərbaycanda ilk təcrübədir. Burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçirilir.

Sənaye məhəlləsində fəaliyyət göstərən digər zavod isə “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsidir. Bu zavodda il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək. Sənaye məhəlləsinin digər rezidenti isə ildə 600-900 ton yüngül tara istehsal edən “Plasstech” zavodudur. Dövlət başçısının açılışını etdiyi müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunur.

Kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlət başçısının aqrar siyasətinin mərkəzində duran əsas məsələlərdən biridir. Texno və aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir. İlham Əliyevin Hacıqabul səfərində açılışı olan “Azərsun Şamaxı Aqropark” və “Agro Dairy” MMC-nin aqroparkı da bu məqsədlərə xidmət edir. Birinci müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə bu ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.

İkinci müəssisə regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib. Aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksəkkeyfiyyətli məhsul almaq mümkün olur. Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir.

Prezident İlham Əliyevin mayın 10-da Naxçıvana səfəri çərçivəsində açılışını etdiyi Süni Mayalanma Mərkəzi isə muxtar respublikada iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub.

İlham Əliyevin dəstəyi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli dəyərlərimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin analoqu olmayan nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Son vaxtlarda ölkəmizin müxtəlif bölgələrində “Azərxalça”nın filiallarının artması da onu göstərir ki, tezliklə Azərbaycan xalçaları yenidən dünyada öz şöhrəti ilə tanınacaq. Artıq respublikanın əksər bölgələrində “Azərxalça”nın filialları açılıb və onların sayının 31-ə çatdırılması planlaşdırılır. Mayın 10-da Prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində açılışını etdiyi “Azərxalça” ASC-nin Naxçıvan filialı da bu sahədə növbəti uğurlu addım oldu.

Noyabrın 1-də Prezidentin Şamaxı səfəri çərçivəsində açılışı olan Üzüm Tingçilik Mərkəzi də Azərbaycanda bir ilkdir. Mərkəzin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla, 10 texniki və bir yerli Ağadayı sortu olmaqla, 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Burada istehsal edilən tinglər region və Mərkəzi Asiya ölkələrinə göndəriləcək.

Prezidentin Qubaya səfəri çərçivəsində açılışı olan “Quba ABAD Factory” təyinatını dəyişərək qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi də fəaliyyət göstərəcək. “ABAD Factory” bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

 

Yol-nəqliyyat, enerji infrastrukturu, içməli su ilə təminat

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan dövlət başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub.

Həm işğaldan azad olunan Qarabağ və Zəngəzur İqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınır. Ötən illərdə olduğu kimi, 2021-ci ildə də dövlət proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturu uğurla icra olunub. 

Ötən il Prezidentin iştirakı ilə bəzi rayon və şəhərlərdə yeni yollar istifadəyə verilib. Dövlət başçısı aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu, mayın 10-da Naxçıvanda Culfa-Ordubad magistral avtomobil yolu, mayın 15-də Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu, Qəbələ Dəmir Yolu Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu, iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu, noyabrın 1-də İsmayıllıda Basqal-Sulut avtomobil yolu və dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışlarını edib.

Ötən il əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması layihələri də uğurla icra edilib. Prezident Naxçıvana səfəri çərçivəsində “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”, Daşkəsənə səfəri zamanı isə “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması mərasimlərində iştirak edib.

Regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri də əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Son illərdə bölgələdə elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Dövlət proqramlarına uyğun olaraq əksər şəhər və rayonlarda, qəsəbə və kəndlərdə müasir yarımstansiyalar tikilib.

Prezident İlham Əliyev fevralın 1-də Abşeron rayonuna səfəri zamanı yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışlarını edib. Bu yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub.

Prezident həmçinin Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu”, Abşeronda 500/330/220 kilovoltluq “Abşeron”, “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyası, Şamaxıda “Meysəri” yarımstansiyası və Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi, Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi mərasimlərinə qatılıb.

 

Sosial infrastruktur, mədəni, dini və idman kompleksləri

 

Azərbaycan iqtisadi sahədə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin ən mühüm səciyyəvi cəhəti milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir.

İlham Əliyev respublikanın regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı fərman və sərəncamlar ölkədə qeyri-neft sektorunun inkişafının davamlı olmasına, iqtisadiyyatın diversifikasiyasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Hər il dövlət proqramlarına uyğun olaraq bölgələrdə sosial infrastrukturlar inşa edilir, mədəni, dini və idman mərkəzləri yaradılır.

Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir, onlara hərtərəfli dəstəyini əsirgəmir.

Ötən il bölgələrdə müxtəlif istiqamətli sosial, mədəni, dini, idman obyektləri açılaraq vətəndaşların istifadəsinə verilib və yeni müasir infrastrukturların təməli qoyulub.

2021-ci ildə Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının DOST Mərkəzinin, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Naftalan Mərkəzi Sanatoriyasının, Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçasının, Bərdə Peşə Liseyi, Goranboy Olimpiya İdman Kompleksinin, Sumqayıt Məhkəmə Kompleksinin, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin,  Şamaxıda Yaradıcılıq Mərkəzinin, Şamaxı şəhər stadionunun, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin, akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin açılışını edib, Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfait” MMC-nin sulfat turşusu istehsalı müəssisəsi və Hacıqabul Sənaye Məhəlləsidə “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodunun və Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin, Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. 2022-ci ildə də bölgələrin yüksəlişi naminə böyük layihələr reallaşdırılacaq. Bu da onu deməyə əsas verir ki, regionların inkişafına dair 2019-2023-cü illərə dair dövlət proqramı uğurla yekunlaşacaq.

 

Quruculuğun baş meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur

 

Göründüyü kimi, bölgələrin yüksəlişi dövlət proqramı əsasında gerçəkləşir. Lakin bu proqram qəbul edildiyi zaman Azərbaycanın əzəli torpaqları işğal altında idi. 2020-ci ilin sentyabr ayının 27-də əks-həmlə əməliyyatları ilə başlayıb noyabrın 8-də şanlı Zəfərlə bitən Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycan bununla yeni reallıqlar yaratdı.

Müzəffər Komandan kimi Qarabağı işğaldan azad edən İlham Əliyev torpaqlarımızı yenidənqurma, tikinti-quruculuq meydanına çevirdi. Özü də bunlar Azərbaycanın öz hesabına, dövlət büdcəsinə əsasən həyata keçirildi. Prezident iki iqtisadi rayon da yaratdı - Qarabağ və Şərqi Zəngəzur. Həmin rayonlarda sosial-iqtisadi layihələrin tez bir zamanda reallaşması üçün bütün potensial ortaya qoyuldu və dünyaya bir daha sübut edildi ki, Azərbaycan sülh tərəfdarıdır.

Bu gün hər iki iqtisadi rayonda çox mühüm layihələr reallaşdırılır. Başa çatan ildə Müzəffər Komandan İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru quruculuğun baş meydanına çevirdi.

Ötən il Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlər idi. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra etməyə başladı və bu gün İlham Əliyev işğaldan azad edilən torpaqlarda böyük xariqələr yaradır.

Əgər geridə qoyduğumuz 2021-ci ilə nəzər yetirsək, buna bir daha şahidlik edərik. Prezident Qarabağ və Şərqi Zəngəzura ötən il 32 səfər edib və səfərlər çərçivəsində 21 obyektin açılışını edib, 37 təməlqoyma mərasimində olub.  

Ötən il Qarabağ və Şərqi Zəngəzurda Füzuli Beynəlxalq Hava Limanı, “Zəfər yolu”, Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları, Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolu, 110/35/10 kilovoltluq- “Şuşa”, “Füzuli”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, “Güləbird” Su Elektrik Stansiyası, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları açılıb.

Şuşada “Xarıbülbül” hoteli, “Qarabağ” hoteli, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin büstü, Şuşada Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı olub.

Bundan başqa, Zəngilanda, Qubadlıda, Cəbrayılda DSX-nin hərbi hissə kompleksləri açılıb, Hadrutda “Komando Briqadası” yaradılıb.

Prezident Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Şuşa yolunun, Füzuli-Hadrut avtomobil yolunun,  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolllarının təməlini qoyub. Eləcə də Kəlbəcər-Laçın yolu üzərində yeni tunelin, Zəngilan-Horadiz, Füzuli-Ağdam avtomobil yollarının, Daşaltı kəndinin ərazisindən keçən tunelin, Ağdam Sənaye Parkının, Zəngilan Rəqəmsal Yarımstansiyasının, Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Şərqi Zəngəzurda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Zəngilan “Dost Aqropark”ının, Cəbrayılda “KamAZ” ASC və “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib.

 İlham Əliyevin təməlini qoyduğu sosial layihələrə gəlincə, onların sırasında  Şuşa Rayon Mərkəzi Xəstəxanasını, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasını, Cəbrayıl Memorial Kompleksini, Şuşa Radio-Televiziya yayım qülləsini, Zəngilan “ağıllı kənd” layihəsini göstərmək olar.

Ötən il Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət etdi, müxtəlif yeni obyektlərin təməlini qoydu, bəzilərinin hətta açılışını etdi. Ümumilikdə, 2021-ci ildə İlham Əliyev azad edilmiş torpaqlara dəfələrlə səfər edərək həyata keçirilən genişmiqyaslı bərpa işlərinə xeyir-duasını verdi və proses bu gün də uğurla davam etdirilir.

Beləliklə, 2021-ci ildə bölgələrə 47 səfər edən Prezident, ümumilikdə, 61 yeni obyektin açılışını edib, 41 təməlqoyma mərasimində iştirak edib.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video