Xalqımız düşməni döyüş meydanında cəzalandırmaqla soyqırımı qurbanlarının da qanını yerdə qoymadı
"Düşməndən qisasımızı döyüş meydanında aldıq.
...Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, cəmi üç il ərzində elə bir Zəfər çaldıq ki, onun mahiyyəti, miqyası nəinki indiki, yüz illərin o üzündəki müstəqil Azərbaycanın da dünyadakı mühüm mövqeyini müəyyən etdi. Cənubi Qafqazda reallıqları tamamilə dəyişən, onilliklərdir oturuşmuş beynəlxalq güc mərkəzlərini yerindən oynadan Şuşa, Xankəndi qələbələri xalqımızın taleyində də tamamilə yeni, inkişafa, tərəqqiyə hesablanmış parlaq bir dövr açdı.
2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 8-də, eyni zamanda da 2023-cü il sentyabrın 19-da başlayıb həmin ayın 20-də ildırım sürəti ilə bitən və dünya erməniçiliyinin, onlara havadarlıq edən xarici qüvvələrin başına sarsıdıcı zərbə endirən "dəmir yumruq" əməliyyatları Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, tarixi torpaqlarımızdakı quldur yuvasını darmadağın etdi, separatçıları Azərbaycan xalqının qarşısında baş əyməyə, diz çökməyə, yalvarmağa məcbur etdi...
Bu parlaq zəfərlərlə ana torpağımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin, 1905-ci, 1918-ci illər də daxil olmaqla XX əsrin müxtəlif vaxtlarında, o cümlədən Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə və daha neçə-neçə şəhər və rayonlarımızda erməni vəhşilərinin soyqırımı ilə üzləşən günahsız insanlarımızın qanı yerdə qalmadı, döyüş meydanında faşist xislətli düşməndən qisasımız layiqincə alındı.
Erməni millətçiləri "böyük imperiya" xülyasına qapılaraq iki əsrdir ki, türk xalqlarına qənim kəsilib, onlara qarşı dəhşətli soyqırımı siyasəti yeridiblər. Türk millətini yer üzündən silmək kimi murdar prinsiplə yaşayan şovinistlər bunun üçün ən iyrənc yollardan istifadə edərək dünyada bənzərinə rastlanmayan faciələr, qırğınlar, soyqırımları törədiblər. XIX əsrin ikinci yarısından başlayaraq Anadoluda saysız insanı qətl edən erməni quldurları, XX əsrin əvvəllərindən etibarən Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətl ediblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımına məruz qoyublar.
Mənbələrdə göstərilir ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər quldur Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılıb, sakinlərin bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları talan olunub, evləri isə yerlə yeksan edilib.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscidlər dağıdılıb, qəbiristanlıqlar viran edilib.
Erməni faşizminin qanlı əməlləri
1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma "Dağlıq Qarabağ" problemi də Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqımız həmin vaxt azadlıq hərəkatına başlayaraq Bakının küçələrinə və meydanlarına çıxıb öz haqlı etirazını bildirirdi. Amma 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 147 nəfər insan amansızcasına öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Erməni faşizminin qanlı əməlləri bununla da bitmədi. İşğalçılıq siyasəti aparan Ermənistan Qarabağın dağlıq hissəsində və ətraf rayonlarda yaşayan yüz minlərlə insanı öz yurdundan didərgin saldı. 1992-ci il fevralın 26-da Xocalı sakinlərini qətliama, soyqırımına məruz qoydu. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub.
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.
Hələ Xocalı soyqırımına qədər Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
1992-ci ildə erməni vəhşiləri Kəlbəcərin Ağdaban, 1993-cü ilin aprelində Başlıbel kəndlərində amansızlıqla insanlarımıza divan tutublar.
Torpaqlarımız işğaldan azad ediləndən sonra aşkara çıxarılan kütləvi məzarlıqlar erməni qatillərinin qanlı əməllərini gün üzünə çıxarıb, günahsız vətəndaşlarımızın necə amansız işgəncələrlə öldürüldüyünü ortaya qoyub.
2020-ci il 44 günlük müharibə dövründə də vandal erməni silahlıları həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutdular, nəticədə içərisində azyaşlıların, qoca və qadınların da olduğu xeyli mülki şəxsimiz yaralandı, həlak oldu.
Bütün bu vəhşilikləri törətməkdə erməni faşistləri yalnız bir məqsəd güdürdülər, xalqımızın iradəsini qırmaq və bizi torpaqlarımızın işğalı ilə barışmağa məcbur etmək.
Dünya bu soyqırımlarına hüquqi qiymət verməlidir
Ötən müddətdə dövlətimiz son iki əsrin müxtəlif dövrlərində erməni qatilləri tərəfindən xalqımıza qarşı törədilən soyqırımlarına beynəlxalq hüquqi qiymətin verilməsi üçün böyük fəaliyyət aparıb.
Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb. Bu sərəncamın imzalanması erməni quldurlarının ötən əsrin əvvəllərində törətdiyi soyqırımı aktlarına siyasi-hüquqi qiymətin verilməsi, o cümlədən də bu qırğınlar barədə həqiqətlərin dünyaya çatdırılması üçün mühüm önəmi oldu. Ulu Öndər 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur".
Bu baxımdan Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasının da böyük əhəmiyyəti var. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılışı həyata keçirilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Təəssüf ki, dünya ictimaiyyəti 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətə hələ də ədalətli mövqe bildirməyib.
İlahi ədalət
Azərbaycan xalqı heç zaman qan yaddaşını unutmadı, ölkəmizin dörd bir yanında salınmış müqəddəs şəhid məzarlıqlarında and içdi ki, düşməndən qisasını alacaq, günahsız insanlarımızın qanını yerdə qoymayacaq.
Azərbaycanın parlaq Zəfəri ilə yekunlaşan Şuşa, Xankəndi zəfərləri ilə tarixin müxtəlif dövrlərində erməni faşizminin qurbanına çevrilən, soyqırımına məruz qalan soydaşlarımızın intiqamı layiqincə alındı.
Milli kimliyimizə düşmən kəsilərək xalqımızın qanına susayan, onlara qarşı cinayət əməlləri törədən qatil ermənilər - Arayik Harutyunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... kimi ünsürlər bir-bir tutularaq qandallandılar.
Bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən bu canilər Azərbaycan qanunları ilə öz cəzalarını alacaqlar.
Bu siyahıda Xocalı qatili Serj Sarkisyanın, Robert Köçəryanın da adları olacaq...
Azərbaycan xalqı olaraq faşist xislətli separatçılardan əsrlərin intiqamını aldığımız qürurlu günlər yaşayırıq.
Qisasımız qiyamətə qalmadı!
Yasəmən MUSAYEVA,
"Azərbaycan"