Azərbaycan dövləti və xalqı daim bütün dünyada siyasi təzyiq və haqsızlıqlardan, müharibə alovlarından, təbii fəlakətlərdən, ikili standartlardan, sosial bərabərsizliklərdən əziyyət çəkən insanların yanındadır.
Bu, ölkəmizin istinad etdiyi humanizm prinsiplərinə, bəşəri dəyərlərə yüksək qiymət verməsi ilə yanaşı, həm də dəfələrlə belə neqativ hallarla rastlaşması, torpaq ilhaqı və soyqırımları acıları yaşaması ilə bağlıdır.
Münaqişə zonalarında yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılması, günahsız mülki əhaliyə dəstək dövlətimizin sözügedən istiqamətdə həyata keçirdiyi siyasətinin prioritet istiqamətlərindəndir. Ukraynada müharibənin acısını yaşayan uşaqlara sosial-tibbi kömək və qayğı göstərmək də bu qəbildəndir. Bir neçə gün öncə müalicə və reabilitasiya məqsədilə ölkəmizə daha 30 ukraynalı uşaq gətirilmişdi. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olundular. Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil edildi. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində azyaşlıların asudə vaxtlarının səmərəli təşkili, əyləncəli idman yarışları, həmçinin Qəbələdəki tarixi yerlərə, muzeylərə ekskursiyalar da yaddan çıxmadı.
Müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi 2021-ci ilin dekabr ayında istifadəyə verilib. Mərkəz tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpası və onların cəmiyyətə inteqrasiyası ilə məşğul olur. Müasir tələblərə uyğun şəraitin yaradıldığı 25 çarpayılıq mərkəzdə peşəkar tibbi personal çalışır. Bu günə qədər müəssisədə 1000-dən çox uşağa ambulator və stasionar xidmətlər göstərilib.
Q.MƏMMƏDOV,
"Azərbaycan"